Azər Cəfərov
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
İmadəddin Nəsimi

Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!

Allaha doğru gedən yol və mən nə üçün Bəhai oldum
Uşaqlıq illəri və ya “nənələr vadisi”
1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışam. Bütün həyatım Yasamalda keçib. Elə indi də orada yaşayıram. Anadan ateist olmuşam! Çünki yadıma gəlmir ki, nə vaxtsa, uşaqlıq və ya yeniyetməlik dövründə Allaha, cinə, şeytana və ya hansısa fövqəlqüvvəyə inanım. Çox qəribə uşaq idim, nağıllara elə “nağıl”, uydurma hadisə kimi baxırdım. Baxmayaraq ki, mənə dayəlik etmiş və tərbiyə vermiş əsli-nəcabəti İçərişəhərdən, öz sözləri ilə desək, “Bakının göbəyindən” olan ana nənəm Səkinəxanım qatı şiə, çox dindar və mövhumatçı qadın idi.

Donuz Ətin Məqami
Sovet dövlətinin “mənəm-mənəm” dediyi zamanlarda nənəm çadrasını atmamışdı, orucu, namazı, zikri və təsbehi də öz yerində idi. Uşaq vaxtı hər dəfə ona, "Nənə, Allah yoxdur - deyəndə, cavabı belə olardı: "A bala, elə demə, dilin-ağzın quruyar!"
Beşinci mərtəbədə bir rus ailəsi yaşıyırdı; Valiya nənə və evdə qalıb qarımış qızı – Toma xala. Anam hər Novruzda şəkərburadan, paxlavadan onlara verərdi. Valiyə nənə də hər dəfə pasxada qapımızı döyüb, bişirdiklərindən bizi qonaq edərdi. Hər dəfə də nənəm ona “spasibo” deyib, gətirdiklərini qapıdan alıb, mətbəxdəki zibil qabına atardı. Sonra da gedib, əllərini yuyardı. Nənəmdən niyə belə etdiyini soruşanda cavabı belə oldu:
- O rusdur, murdardır... Onlar donuz əti yeyirlər.



Kiçik Azər bir illik iki illik dörd illik
Uşaq Yeyən Yəhudi
Nənəm mənə həmişə nəql edərdi ki, “cühudlar (yəhudilər) müsəlman uşaqlarını oğurlayıb, it kimi zəncirləyirlər. Sonra da bayramlarında onları soyundurub, bədənlərinə iynə batırıb qan çıxarır, xəmirə qatıb çörək bişirirlər”. Fikirləşirdim görəsən cühudlar bizə niyə bu qədər nifrət edirlər... 7-8 yaşlarında olardım. Yay tətili idi. Havalar çox isti keçirdi, evdə oturmaq olmurdu. Axşamdan xeyli keçməsinə baxmayaraq, arvad-uşaq hələ də həyətdə idi. Məhəllə uşaqları ilə qaranlığa çəkilib, bir-birimizə sıxlaşıb, qorxulu hadisələr nəql ediridk. Bu dəfə cühudların uşaqları oğurlamalarından danışırdıq. Hərdən də qorxa-qorxa ətrafa baxırdıq, sanki hardansa cühud peyda olub, bizi oğurlayacaqdı. Ağızları söhbətə qızışmış analarımızı yaxınlıqda görüb, ürəklə söhbətimizə davam edirdik...

Binamızın birinci mərtəbəsində bir yəhudi ailəsi yaşayırdı – Alik əmi, Sveta xala, oğlanları Yefraim, Artur, Ruslan və qızları Yeva. Pəncərələrinin altından keçəndə, xüsusən də yayda qapı-pəncərənin açıq olduğu vaxtlarda, evlərindən ya balıq, ya da sarımsaq iyi gələrdi, həmişə də bundan urəyim bulanardı. Nənəm deyərdi ki, onların pəncərəsinin altından keçəndə burnunu tut keç. Elə də edirdim. Bu məndə vərdişə çevrilmişdi. İy gəldi-gəlmədi burnumu tutub keçərdim.


Təssübkışlıyı Tərgitmək icbarı
Təssübkışlık insanın bir xəstəliyin növudir və əgər evdə bu xəstəliyi kökdən çəkməsin böyük bir aqaca çevirər və onun meyvəsi nifrətdir. Anam bu vərdişi mənə məcburən tərgitdi. Anam müəllimə idi və xurafatlardan uzaq idi və bir gün o mənə dedi:
- Qaqaş, elə etmə, ayıbdır, görüb inciyərlər. Sveta xala hər şeydən inciyəndir. Onlar da bizim kimi insandırlar. Alik əmi yaxşı adamdır. Qonşuların işıq və ya su ilə problemi olanda tez gedib təmir edir və heç kimdən də pul almır. Sveta xala da qonşulara pulsuz iynə vurur. Onlar cühudur, ağıllıdırlar. Bilirlər ki, balıq və sarımsaq xeyirli qida məhsullarıdır və ona görə də hər gün yeyirlər.
Yefraim bizimlə həmyaşıd olardı, bəlkə də 1-2 yaş balaca idi, indi artıq yadımda deyil. Rus bölməsinə getsə də Azərbaycan dilində bizim kimi danışırdı. Evdə isə öz dillərində danışırdılar. Yefraim də həyətdə idi. Uşaqlardan biri:
- Yefraim, bura gəl! – deyə onu çağırdı. Yefraim bizim yanımıza gəldi.
- Yefraim, de görüm, nə üçün cühudlar müsəlman uşaqlarının oğurlayıb, qanını içirlər?
Yefraim and-aman etdi ki, bu yalandı.
- And iç ki, cühudlar müsəlman qanı içmirlər... - dostumuz davam etdi.
Yefraim:
- Allah haqqı yəhudilər müsəlman qanı içmirlər, Ətağanın cəddi, Həzrət Abbas haqqı yalandır...


Kinli və Qəddar Allah
Yay tətillərində çox vaxt Fizuli rayonunun Horadiz kəndinə ata nənəm Leylanın yanına gedərdim. O da çox dindar və mövhumatçı qadın idi. Özünün dediyinə görə seyid idi. Əlini qonum-qonşunun boğazına, qarnına, belinə çəkib ağrıları götürərdi. Özüm neçə dəfə bunun şahidi olmuşdum. Hər dəfə də kəndə gələndə məni “imama” (pirə) aparıb, ordakı divarları, daşları öpdürərdi.
Ona deyəndi ki, - Nənə, Allah yoxdur... Cavabı belə olardı:
- Kəs səsini, axmaq oğlu axmaq...
Bir gün nənəm mənə kəndlərində baş vermiş bir hadisə haqqında danışdı: kəndlərində Allahsız bir kişi varmış, bir gün inəyi bala doğur. Buzov səhərə kimi böyürüb, kişini yatmağa qoymur, kişi də bıçağı götürüb, inəyin gözü qarşısında buzovun dilini kəsir və buzov qanaxmadan ölür.
- Sonra bilirsən nə oldu?... - nənəm dedi - üç uşağı anadan lal doğuldu, 5-6 yaşlarında analarının gözləri qarşısında öldülər.... Sənsə deyirsən Allah yoxdur.. Gör hələ Allah öləndən sonra etdiyi zülmə görə Cəhənnəmdə onun başına nə oyunlar gətirəcək. Hər gün onu qır qazanında yandırıb, öldürəcək, sonra dirildib, təzədən yandıracaq. Allah Ədldir (yəni Ədalətlidir), edilən zülmləri yerdə qoymur...
Bu hadisə məni çox heyrətləndirdi, deyərdim ki, sarsıtdı, qorxdum, səhərə kimi yata bilmədim; bəlkə doğrudan da Allah var? Əgər o doğrudan da varsa, necə də kinli və qəddardır....


Nənəmgilin kəndində Qədir adında oğlan yaşıyırdı. Qədir yeddinci sinifə keçmişdi. Mənimlə yaşıd idi, 12-13 yaşları olardı. Ayaqyalın qara, arıq kənd uşağı idi. Səhərdən axşama kimi günün altında kəndi ələk-vələk edərdi. Çəpərləri aşıb, həyətdən həyətə keçərdi. Kənddəki bütün hadisələrdən xəbərdar idi. Həyətlərdəki bütün itlər onu tanıyırdılar, ona hürmürdülər. Hər gün günorta vaxtı çəpəri aşıb, bizim həyətə keçərdi (heç vaxt qapıdan girməzdi). Özü də həmişə yemək vaxtı gələrdi, nənəm onu da süfrəyə otuzdurardı. Nənəmə “Leylan mama” deyərdi. Yeməkdən sonra məni kəndin oğlanları ilə oynamağa aparardı. Biz də uşaqlarla ya arxda çimməyə, ya da kəndin ətrafındakı dərələrdə “raqatka” ilə quş vurmağa gedərdik.

Nənəmin söhbəti məni çox düşündürmüşdü. Bir gün nənəmin dediklərini Qədirə danışdım. Qədir çiynini çəkib, “eşitməmişəm” – dedi - “Namaz babamdan soruşaram”. İki gün sonra Qədir məni özü ilə eşşək arabasında ot gətirməyə apardı. Yolda o mənə dedi ki, bu əhvalatı Namaz babasından soruşub.
- Namaz baba dedi ki, bu hadisə bizim kənddə deyil, Yeddiçinar kəndində olub, həm də o kişinin uşaqlarının hamısı deyil, yalnız biri anadan lal olub, həm də lal övladı deyil, normal övladı ölüb. Buzovun dilini lal övladı anadan olandan əvvəl yox, sonra kəsib......
Bu xəbər məni əvvəlki halətimə qaytardı. Heç bir möcüzə baş verməmişdi. Hər şey gün kimi aydın idi; nənəm faktların yerini dəyişib, öz əlavələrini artırıb, onlardan nağıl düzəltmişdi. Bütün dinlər bu cür yalançı nağıllar əsasında yaradılırlar. Namaz babanın dediklərini nənəmə danışdım, onu yalan məlumat verməkdə ittiham etdim. Nənəm dedi:
- Nə olsun ki...Allah bilirdi ki, o kişi nə vaxtsa inəyin balasının dilini kəsəcək, onu bu işdən yayındırmaqdan ötrü ona lal övlad vermişdi və övladının birini öldürmüşdü ki, övlad itkisinin ağrısını dadsın, heyvanlara zülm etməsin.. Çünki Allah hər şeyi əvvəlcədən bilir...
Əlbəttə onun dedikləri məni qane etmədi, öz fikirimdə qaldım: Allah yoxdur!! ....

Anaburdum Yasamal
Yasamal rayonunda 52 saylı məktəbdə oxumuşam. 10-cu sinifdə “İctimaiyyət” adlı fənn keçirdik. Həmin fənni bizə Əkbər müəllim tədris edirdi. 50-55 yaşlarında olardı. O fənni çox sevirdim. Fənn şagirdlərdə materialist və ateist dünyagörüşün formaşdırılmasına və sovet quruluşuna məhəbbətin yaradılmasına xidmət edirdi. Kitabda yazılanlar mənim dünyagörüşümlə üstü-üstə düşürdü, hər cümləsi ürəyimə yağ kimi yayılırdı. Hər dəfə dərsdə əlimi qaldırıb, cavab verməyə və öz biliyimi nümayiş etdirməyə çalışırdım. Bu da “İctimaiyyət” fənnindən zəhlələri gedən sinif yoldaşlarımı, xüsusən də qızları qıcıqlandırırdı. O dövrdə oxuduğum bədii əsərlərin təsiri altında idim. Pavel Korçagini və Ovodu özümə kumir etmişdim. Hər ikisi inqilabçı və “döyüşkən ateist” idi.


Dindar Kommunist
Əkbər müəllim öz izahatları ilə fənnin konsepsiyasını şübhə altına alır, hər mövzunu sonda fənnin ruhuna zidd olaraq, gətirib Allahın varlığına bağlayırdı. Siyasi baxışlarında əsl “antisovetçilik idi”. Hətta bir dəfə cuşa gəlib, dedi ki, Kommunist Partiyasının XX qurultayından (1956-cı ildə) sonra əsl sovet hökumətini “saxta sovet hökuməti” əvəz edib, xalqın əsl düşməni yoldaş Stalin deyil, Xruşov idi. Mircəfər Bağırov əsl kişi adam olub, müharibə vaxtı azərbaycanlı əsgərləri incitdiyinə görə neçə-neçə rus generalını özü şəxsən güllələyib. Bu cür söhbətlər məni dilxor edirdi. Əkbər müəllimi “kommunizmin düşməni” hesab edirdim. Əmin idim ki, “Stalinin şəxsiyyətinə pərəstiş” bəşəriyyətin kommunizmə doğru hərəkətini ləngidib, bəlkə də 50-100 il dala atıbdır. Səkinəxanım nənəm həmişə deyərdi ki, “o bığlı (Stalin) ilə o dördgöz (Mircəfər Bağırov) çox papaqları boş qoyublar, gorbagor olsunlar, alçaqlar”. Nənənim sovet hökuməti ilə düşmənçiliyinin şəxsi motivləri var idi. Özünün dediyənə görə “Şura hökuməti” onun atasının gəmilərini, anbarlarını, dükanlarını, hətta neçə-neçə mülklərini əlindən alıb, özlərini dillənçi vəziyyətinə salıb, hətta anasının boynundan, barmaqlarından qızıl əşyalarını da götürüblər. Bundan sonra hər ikisi dözməyib cavan ölüblər. Dayıları, əmiləri, bibiləri İrana qaçıb. Nənəmi xalası götürüb saxlayıb.


Zalım Oğlu
Əkbər müəllim kommunist partiyasının üzvi idi, deməyəsən həm də məktəbin parktomu (Partiya Komitəsinin sədri) idi, tarix və ictimaiyyət kimi “siyasi fənləri” tədris edirdi. Amma əslində sovet hökumətinin ayağının altını qazmaqla məşğul idi. Əkbər müəllimin söhbətləri, xüsusən Allahın varlığı haqqında dedikləri uşaqların, xüsusən də qızların ürəyindən idi. O danışdıqca qızlar mənə baxıb, qımışırdılar. Gözlərimi Əkbər müəllimə dikib, sifətimdə laqeydlik ifadəsi yarada bilsəm də, yanaqlarımın və qulaqlarımın qızarmasının qarşısını heç cür ala bilmirdim. Zalım oğlu dərs danışanda da gözlərini həmişə mənə dikərdi, sanki sinifdə məndən başqa şagird yox idi. Gərginlikdən az qala nəfəsim kəsilirdi. Əkbər müəllimin dediklərindən çox, qızların qımışması məni özümdən çıxarırdı.
Bir gün Əkbər müəllim mənə dərsdən sonra qalmağı xahiş etdi. Söhbətin məğzi mənə məlum idi, ürəyimə dammışdı. Uzun illərdən (təqribən 40 il) sonra həmin söhbətin bütün detalları əlbəttə yadımda deyil. Amma bəzi dediklərini unutmamışam, çünki məndə çox güclü təəssürat yaratmışdı. O, dedi:
- Oğul, sənin dünyagörüşünə hörmət edirəm, dildə deməsən də, baxışından hiss edirəm ki, mənim dediklərimlə razı deyilsən. Bizim hökumətimiz də, partiyamız da istəyir ki, sən o cür düşünəsən... Düz edirsən, yaxşı edirsən, afərin sənə... Partiyanın, hökumətin istədiklərini etmək lazımdır. Həmişə sənə əla yazmışam, bundan sonra cavab verməsən belə, heç dərsimə gəlməsən belə yenə əla yazacağam. Sən o biri uşaqlardan hər cəhətdən fərqlənirsən - savadınla, geyiminlə, mədəniyyətinlə.. Başqa cür ola da bilməz, müəllim ailəsindənsən, bu dağlı balalarından fərqlənməlisən, axı. Sənə böyük hörmətim var... Oğul, dərsi qoyuram bir kənara, bu həyatda o qədər şeylər görmüşəm ki, danışmaqla qurtaran deyil. Müharibə vaxtı kənddə jmıx da yemişik, açından uşaqların necə şişdiklərilərini də görmüşəm.. Həyatımda hər cür insanlar olub, o qədər insanların əvvəlini və sonunu görmüşəm ki.. Bir şeyə bu həyatda əmin olmuşam: Allah var.....
Tələbəlik illəri, İran inqilabı
və ya “çaşqınlıq vadisi”


İmam Xomeyni 1979-də İranın Kralı Şahənşah
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin III kursunda oxuyurdum. 19 yaşım var idi. O dövrün əksər gəncləri kimi beynəlxalq vəziyyətlə çox maraqlanırdım. “Pravda”, “Zarubejom”, “Komsolskaya Pravda” qəzetlərinin bir nömrəsini belə buraxmırdım. 1979-cu ilin fevral -mart ayları idi. İranda xalq ayağa qalxıb, şahənşahı taxtdan salmışdı. İranda baş verənləri diqqətlə izləyirdim. Sovet KİV-lərinin məlumatları məni qane etmirdi. Gecələr “Azadlıq”, “Amerikanın səsi” radiostansiyalarına qulaq asırdım.
Düşünürdüm ki, İran xalqı monarxiyanı devirib, imperialistləri ölkədən qovubsa, atacağı növbəti addım sosialist ölkələrinin (yaxşı olardı ki, Sovetlər İttifaqının) modelində dövlət yaratmaqdır. Bir qədər əvvəl Əfqanıstanda da belə olmuşdu. Yoldaş Nur Məhəmməd Tərəqinin rəhbərlik etdiyi Əfqanıstan Kommunist Partiyası çevriliş edib, ölkədə “sovet hakimiyyətini” qurmuşdu, indi də ölkədə sosializm cəmiyyətini yaratmaqla məşğul idi. Başqa cür ola da bilməzdi. Axı dünyada inkişafın bir yolu var – bütün ölkələrin tədricən kapitalizmdən sosializmə keçməsi və sosializm bütün dünyada qələbə çaldıqdan sonra bütün planetdə KOMMUNİZMİN qələbə çalması. Marks da, Lenin də bu haqda yazmışdılar. Amma indi gözlədiyimin əksinə olaraq, İranda deyəsən MOLLA HÖKUMƏTİ qurmaq, ölkəni orta əsrlərin İSLAM ŞƏRİƏTİ əsasında idarə etmək istəyirdilər. Bu əsl cəhalət, tənəzzül, orta əsrlərə qayıdış idi. Nə baş verirdi?...


İran İslam Dövləti İranın Kralı Şahənşah və Fərəh
İran İslam Dövləti
Bu sualın cavabını beynimdə formalaşdırmışdım. Bu məsələdə tarixi materializmi bilməyim mənə kömək etdi: insan cəmiyyətində inkişaf düz xətt üzrə deyil, spiral xətt (yəni qalxma-enmə ilə, amma hər qalxma əvvəlki qalxmadan daha yüksək nöqtəyə çatmaqla) üzrə baş verir. Əvvəllər də belə hallar olub. Avropada Antik mədəniyyəti V əsrdə Orta Əsrlərin “tənəzzül mədəniyyəti” tutmuşdu. Amma bu geriləmə İntibah və sonradan sənayeləşmə dövrünün gəlişinin qarşısını ala bilmədi. Düzdür arada 1000 il itsə də, hər halda ictimai tərəqqi baş verdi.
Zənnimcə, İranda da belə olmalıydı. Mollaların hakimiyyətə gəlməsi, gələcəkdə bu ölkədə sosializmin qələbəsinin qarşısını ala bilməzdi. Düşünürdüm ki, yaxın 10-15 ildə xalq cəhalət yuxusundan ayılıb, mollaları hakimiyyətdən qovacaq və Tudə partiyasının (İran Kommunist Partiyasının) rəhbərliyi altında ölkədə sosializm cəmiyyətini quracaq. İnanırdım ki, planetimizdə sosializmin, sonda isə KOMMUNİZMİN qələbəsi qaçılmazdır, dünyada ictimai proseslər bu istiqamətdə inkişaf edir. Çünki cəmiyyətin obyektiv qanunları bunu tələb edir. Kommunizm ƏDALƏT, QARDAŞLIQ, BƏRABƏRLİK cəmiyyətidir, o sosial tərəqqinin son dayanacağıdır. Bu mütləq həqiqətdir. Heç kim bunu inklar edə bilməz....






Bəşəriyyətin Gələcəyi
Gələcək haqqında təsəvvürlərimdə elmi-fantastik elementlər güclü idi. Çünki elmi-fantastik əsərlərin fanatı idim. İ.V.Yefremovun “Andromeda dumanlığı” əsəri stolüstü kitabım idi. Kitab gələcək Kommunizm cəmiyyətindən bəhs edirdi. Orada hər şey necə də gözəl idi:... Artıq Kommunizm bütün dünyada qələbə çalıb... dövlətlər və sərhədlər mövcud deyil, pul, varlı-kasıb, xəstəliklər, müharibələr yox olub gedib, millətlər və irqlər də yoxdur. İnsanlar Vahid Kommunist millətində və irqində birləşiblər. Kommunizm cəmiyyətinin insanları nəhəng kosmik gəmilərdə (uçan şəhərlərdə) Qallaktikaları bir-birinin ardınca fəth edirlər. Onların yalnız bir problemi var: məkan və zaman. Artıq onu da həll etmək ərəfəsindədirlər...
O zaman mənim sosial baxışlarım, Bəşəriyyətin gələcəyi ilə bağlı dünyagörüşüm belə idi..
Tələbəlik illərində təbiət elmlərini də çox sevirdim. Astronomiya, biologiya, geologiya, paleontologiya, populyar fizikaya dair ədəbiyyatları çox böyük həvəslə oxuyurdum. Coğrafiyanın adını çəkmirəm, çünki o öz ixtisasım idi. Bu həvəs orta məktəbdə məni içinə almışdı və tələbəlik dövründə daha da güclənmişdi. Fəlsəfə, xüsusən də “Tarixi materializm”in, “Elmi ateizm”, “Siyasi iqtisad”, “Etika” və “Estetika” fənlərinin aşiqi idim.
Allaha Yer Yoxdir
Kainat, canlı aləm və insanın yaranması haqqında baxışlarım DİALEKTİK MATERİALİZMƏ və Təkamül Nəzəriyyəsinə - Darvinizmə əsaslanırdı. Burada hər şey tam məntiqə uyğun idi. Hərəkətin, inkişafın, təkamülün arxasında əsas hərəkətverici qüvvə - əksiklərin vəhdəti və mübarizəsi qanunu dururdu. Bu “mühərrik” hər mərhələdə materiyada kəmiyyətin keyfiyyətə keçməsini təmin edir, ibtidaidən aliyə, sadədən mürəkkəb doğru (məsələn, tək hüceyrəli orqanizmdən insana kimi) inkişafı törədirdi. Bu da sonda materiyanı inikas edən (əks etdirən), dərk edən və onu dəyişdirən ŞÜURUN yaranması ilə başa çatıbdır. Şüurun mövcudluğu materiyada yeni hərəkət formasını - sosial hərəkətin yaranmasına zəmin yaradırdı. Bu isə İbtidai icma quruluşundan (formasiyasından) Kommunizm cəmiyyətinə (formasiyasına) doğru təkamül deməkdir. Hər şey məntiqli, gözəl, mükəmməl və ağlabatan idi. Ən əsası isə orada Allaha yer yox idi...
Ateistin Məlumat Kitabı
İranda baş verənlər, bu ölkəyə olan marağımı daha da artırdı. Bu ölkə ilə bağlı ədəbiyyat mənbələrini araşdırmağa başladım. Paralel olaraq İslamı da öyrənmək istəyirdim. 1980-ci ildə A.Massenin “İslam”, “Ateistin məlumat kitabı”, “İslam (qısa məlumat kitabı) ”, sovet tədqiqatçısı M.Nikolayevin “Oçerki istorii İrana” və başqa kitablar əlimə keçdi.
A.Massenin kitabı Azərbaycan dilində, qalanları rus dilində idi. İlk dəfə Bab və babilər hərəkatı haqqında A.Massenin kitabından məlumat aldım. 250-300 səhifəlik kitabda cəmi yarım səhifə ona həsr olunmuşdu. Sonra M.Nikolayevin kitabını oxudum, orada hərəkat haqqında daha ətraflı yazılmışdı. Babın İslamın ehkamlarını sarsıdan cəsarətli ideyaları, xüsusən də Onun yeganə qadın şagirdi Tahirənin 1848-ci ildə çadrasını atması və qadın –kişi bərabərliyini bəyan etməsi məni yaman heyrətləndirdi. Hərəkat mənə çox mütərəqqi göründü. Dini hərəkat olsa da özümdə ona qarşı böyük rəğbət hiss etdim.



Həmin İnsanların Nəvə-nəticələri
Qəribə də olsa, o zaman yüz minlərlə insan Babın arxasınca getmişdi. Hərəkat qan içində boğulmuşdu. İran kimi güclü İslam ənənələri olan ölkədə, özü də XIX əsrin ortalarında, özündən din uydurub, yüz minlərlə insanları necə aldatmaq olardı? Çünki TV-də İranda milyonlarla insanın imam Xomeyninin şəkilləri əllərində “Allah-Əkbər” deyib, yürüş etmələrini, özlərini tankın, topun-tüfəngin qabağına atmalarını göstərən kadrları görmüşdüm. Məgər bu insanların 140 il əvvəl yaşamış ulu babalarını aldatmaq olardımı?
Belə görünürdü ki, İranda babilər hərəkatı zamanı (1844-1852) insanlar inqilab edib, mollalara və rəsmi dini qaydalara qarşı çıxdıqları halda, 140 il sonra həmin insanların nəvə-nəticələri üsyan edib, əksinə mollaları hakimiyyətə gətirirdilər. Paradoks bunda idi ki, İslam inqilabından sonra dini qaydalar daha ağır formada Yaxın Şərqin ən müasir, ən Avropasayağı ölkəsi olan İran cəmiyyətinə daxil olmaqda idi. Nə baş verirdi: insan cəmiyyətinin tənəzzülü? Təbiətdən fərqli olaraq, insan cəmiyyətində təkamülün əks istiqamətdə hərəkəti mümkün idi.
Haşiyə: 2011-ci ildə mən AMEA Fəlsəfə institutunun əməkdaşı, fəlsəfə doktoru Yasəmən Qaraqoyunluya Nəbil Zərəndinin babilər hərəkatının tarixindən bəhs edən “Dan Yerinin Şəfəqləri” kitabını hədiyyə etdim. Bir ay sonra Yasəmən xanımı Akademiyanın qarşısında gördüm və ondan soruşdum: “Yasəmən xanım, kitabı oxuduzmu?”... Onun cavabı doğrudan da filosofa yaraşan bir cavab idi: “Babilər hərəkatı o zaman İranda qələbə çalsa idi, dünya indikindən dəfələrlə fərqli və dəfələrlə yaxşı bir dünya olardı... Heyf ki, hərəkat qan içində boğuldu”.....

Allah Olmasa da Onu Uydurmaq Lazımdır
“İslam (qısa məlumat kitabı)” nı 1980-ci ildə oxudum, qəribə də olsa, bu kitab mənim kommunust-ateist günyagörüşümü möhkəmləndirmək əvəzinə, əksinə sınağa çəkdi, hətta bir balaca silkələdi. Orada ilk dəfə olaraq “Bəhailik” ifadəsinə rast gəldim. Kitabda Bəhai dini “bəşəri birlik”, “dinlərin birliyi”, “dünya dövləti”, “dünya vətəndaşlığı”, “tərki-silah və dünya sülhü” kimi “qosmopolit mürtəce ideyaların daşıyıcısı” kimi göstərilirdi. Deyilirdi ki, “bəhailik – çürüməkdə olan kapitalizm cəmiyyəti şəraitində ölməkdə olan Dini yaşatmaqdan ötrü onu rasional ideyalarla gözəlləşdirmək, müasir cəmiyyətin tələblərinə uyğunlaşdırmaq cəhdindən başqa bir şey deyildir”.
- Axı Bəhailikdəki bu ideyaların nəyi pisdir?” – deyə özümə sual verirdim.. -Məgər bu dinin prinsipləri kommunizmin məqsədləri ilə eyni deyilmi?.. Orta əsrlərin və daha qədim dövrlərin ideologiyaları olan İslam, Xristianlıq, Yəhudilik, Buddizm və s. kimi “xalq üçün tiryrək” olan mürtəce dinlərdənsə Bəhailik kimi müasir din daha çox məqsədə uyğundur, onsuz da Allah yoxdur, qoy insanlar normal, ziyansız, təhlükəsiz və ən əsası isə gözəl ideyalarla bəzədilmiş dinə inansınlar. Onsuz da dinlərdən bu tezlikdə canımızı qurtaran deyilik.
Deyənsən, J.Jak Russo demişdi: “Allah olmasa da onu uydurmaq lazımdır, din yoxdursa onu yaratmaq lazımdır”....
Hərbi xidmət və
“ümidsizlik vadisi”

Böyük Itkilər
1982-ci ildə Bakı Dövlət Universitetini bitirib, sovet ordusunun zabiti qismində Sibir hərbi dairəsində iki illik hərbi xidmətə yollandım. Əsl imtahanlarım, həm həyatı, həm də ideoloji, o zaman başladı. Həyatımda ilk dəfə idi ki, sovet həyatının, dövlətinin və ordusunun həqiqi reallıqları ilə üzləşirdim: dedovşina, əsgərlər arasında milli zəmində qruplaşmalar (ruslar, çeçenlər, orta aziyalılar, pribaltikalılar, azərbaycanlılar, gürcülər və ermənilər), ordu əmlakının talan edilməsi, rüşvətxorluq, əyyaşlıq və s. Əkbər müəllim deyəsən haqlı idi. Sovet quruluşu çökməkdə idi. Gördüklərim kitablarda oxuduqlarım ilə uyğun gəlmirdi. “Andromeda dumanlığının” qoxusu belə yox idi.
Xidmətimin ikinci ili baş leytinant rütbəsində batolyonda siyasi dərslərin aparılması mənə həvalə olundu. O zaman ilk dəfə hiss etdim ki, öz danışdıqlarıma özüm də inanmıram. Sovet quruluşu və onun şanlı ordusunu tərifləyən hazır yazıları əsgərlərə boğazdan yuxarı oxuyurdum. Həmin dövrdə Əfqanıstanda şiddətli döyüşlər gedirdi. Sovet ordusu böyük itkilər verirdi. Zabit dostlarımızı və praporşikləri təmtaraqla Əfqanıstana yola salır, 1-2 həftə sonra metal tabutlarda meyidlərini qarşılayırdıq. İçimdə hiss edirdim ki, dünyagürüşümlə reallıq arasında böyük ziddiyyət var və o getdikcə uçuruma çevrilməkdədir. Daxili aləmimdə boşluq hiss edirdim. Sanki mənə məlum olmayan, anlaya bilmədiyim hal ilə üzləşmişdim. Bütün ideallarım gözümün qabağında alt-üst olurdu. Sovet quruluşunun prespektivliyə, təkcə ona yox, “müqəddəslər müqəddəsi” Kommunizmin haqq olmasına şübhələr yaranmışdı.




Kökündən Səhv İdeologi
Uşaq vaxtı Allaha, cinlərə və şeytana inanlara gülürdüm və onları elmsiz, avam və sadəlövh hesab edirdim. İndi özümü, vaxtilə nağıllara inanmış, lakin günlərin bir günü bunların yalan olduğunu aşkar etmiş bir uşaq kimi hiss edirdim. Bəlkə Əkbər müəllimin dediyi kimi bizi doğrudan da “saxta sovet hökuməti” idarə edirdi. Əgər problem Sovetlər İttifaqında və onun Kommunist Partiyasındadırsa, bəs Çin nə üçün sosializmdən uşaqlaşdı və sürətlə kapitalizmin elmentlərini iqtisadiyyatına daxil edirdi. Nə üçün Əfqanıstanda xalq “Kommunst Partiyasına” qarşı üsyan edir və bizim əsgər və zabitləri öldürürlər. 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslavakiyada sovetləşməyə qarşı üsyanlar nə idi? Demək, marksizm-leninizm ideologiyası kökündən səhv idi.
Ey Allah Varmısan
Hərbi təlimlər çox ağır keçirdi, xüsusən də qışda mənfi 10-15 dərəcə şaxtada gecə təlimləri bəzən dözülməz olurdu. Əsgərləri itaətdə saxlamaq, idarə etmək, texnika və silahlardan istifadəni nəzarətdə saxlamaq çətinliklə başa gəlirdi. Batalyon və polk komandirləri həmin vaxtlarda adətən bütün vaxtı içkili və kobud olurdular, işlər lazımı qaydada getməyəndə əsgərləri və kiçik rütbəli zabitləri nalayiq ana söyüşlərilə yaxşıca bəzəyirdilər. Belə anlarda nənələrim yadıma düşür və özümdən asılı olmayaraq deyirdim: “Ey Allah əgər varsansa, özün mənə kömək ol ki, bütün bunlara dözə bilim”...


Deizm və ya
“Axtarış Vadisi”nə
daxil oluram
Orduya Ateist-leninçi kimi getmişdim, oradan 1984-cü ildə DEİST kimi qayıtdım (siyasi baxışlarım hələ dumanlı idi). Tam səmimiyyətlə bildirirəm ki, içimdə Allahın varlığına inamın yaranması mənim Kommunizmə olan inamımın sarsılması ilə bağlı deyildi. Bu mənim son yeddi ildə təbiətşünaslığı daha dərindən öyrənməyimin məntiqi nəticəsi idi.
Təkamülçü materialst dünyagörüşüm yerində idi, lakin onun yanında “Allah” deyilən varlıq da var idi. Allah anlayışı, dinlərin inandığı Allahdan çox, alman filosofu Hegelin “Mütləq İdeya”, “Mütləq Şüur” anlayışına daha çox oxşayırdı. Mənim nəzərimcə, Allah materiyanın canına “hopmuş” fövqəlqüvvə idi. Allah maddi dünyanı sistemə salır və təkamül yolu ilə inkişaf etdirirdi. Kvant zərrəciklərindən tutmuş sonsuz Kainata kimi nizama salınmış materiya öz-özünə yarana bilməzdi. Həmçinin tək hüceyrəli orqanimzdən, məsələn, amöbdan insana kimi canlıların təkamül yolu ilə inkişafı öz-özünə baş verə bilməzdi. Hətta hüceyrə kimi ən “bəsit” canlı struktur, o qədər nizamlı və mürəkkəb strukturlu idi ki, onun nə vaxtsa kimyəvi elementlərin mexaniki birləşməsi nəticəsində öz-özünə yaranması ehtimalı olduqca az idi, demək olar ki, mümkünsüz idi.
Özümü Peyğəmbər Sayıram
Allah bəlkə də o ilkin substansiya idi ki, maddi dünyanın özəyində oturmuşdu. Təkamülçi idim, lakin artıq dialektik materializmin, yəni “öz-özünə yaranmanın” tərəfdarı deyildim. Kainat, həyat, insan öz-özünə, təkcə əksiklərin vəhdəti və mübarizəsi və ya təbii seçmə yolu ilə əmələ gələ bilməzdi. Əlbəttə kainatda, biosferdə və insan cəmiyyətində qeyri-üzvi, bioloji və sosial hərəkətləri törədən hansısa dialektik mexanizmlər mövcud idi, lakin bu mexanizmlərin arxasında Mütləq Şüur - Allah var idi. Mən Allaha materiyanın ideya müəllifi, memarı, layihəçisi, təkanvericisi kimi baxırdım. Mənim düşüncəmdəki Allah heç bir dinə bağlı deyildi. Elmdə buna DEİZM deyilir. Mən belə düşünürdüm.
Bəs onda Din nə idi? Din - Allahın varlığını intuitiv şəkildə duyan insanın həmin gerçəkliyi ifadəetmə formasıdır. Bəs “Müqəddəs Yazılar”, Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Quran nə idi? Allahın varlığından ilhamlanmış insanların (peyğəmbərlərin) öz şəxsi yazıları idi. Necə ki, şairlər təbiətin gözəlliyindən ilhama gəlib gözəl sözlər uydurduğu kimi, peyğəmbərlər də Allahı duyub, Onun qüdrətindən ilhama gəlib, Onu uyğun sözlərlə vəsf etməyi bacaran şəxslər idi. Şairin təbiətlə fiziki bağlılığı, rabitəsi olmadığı kimi, peyğəmbərlərin də Allahla heç bir əlaqəsi ola bilməzdi. Əgər mən də Allahın ətrafda yaratdıqlarını görüb, duya bilmişəmsə və bundan heyrətlənmişəmsə demək mən də özümü Peyğəmbər saya bilərəm.
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
İmadəddin Nəsimi
Allah Materiyanı Yaradıb
O zaman P.T.Şardenin və V.İ.Vernadskinin noosfer nəzəriyyəsini araşdırırdım. Katolik keşiş Pyer Teyar de Şarden və əsərləri haqqında hərbidə olarkən kitabxanada “Voprosu filisofii” jurnalından oxumuşdum. Onun “Fenomen çeloveka” əsəri ilə 1989-cu ildə, başqa əsərləri ilə 90-cı illərin əvvələrində tanış oldum. Mən də Pyer kimi təkamül nəzəriyyəsini qəbul edirdim, lakin onun arxasında Mütləq Şüurun, Allahın durduğuna inanırdım. Pyer katolizmdən, yəni teizmdə təkamülçülüyə gəlmişdi, mən isə əksinə materializmdən, təkamülçülükdən teizmə doğru hərəkət edirdim (hələ yolda idim). Ona görə də baxışlarımız tam üst-üstə düşməyəcəkdi. Pyerə görə Allah materiyanı yaradıb, onu təkamül yolu ilə inkişaf etdirir, sonda bu proses İsa Məsihin – “Kəsin” (insanda təcəlli olmuş Allahın) varlığında özünün ən yüksək səviyyəsinə çatırdı. Mənim nəzərimcə Allah “Kəs” deyil, sadəcə varlıq dünyasının əsasında oturmuş “Mütləq İdeya” və ya “substansiya” idi.



Ivan Antonovich Yefremov Pyer Teyer de Şarden Nikolai Semenovich Kardashev
Leninizmə və Kommunizmə artıq inanmırdım. Bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərim hələ dumanlı idi. Bu da məni narahat edirdi. Düşüncələrimi, futuroloji baxışlarımı qaydaya salmaq istəyirdim. Ona görə də gecə-gündüz kitabların içindən çıxmırdım. Fantastik əsərlərin böyük həvəskarı olduğuma görə Bəşəriyyətin gələcəyini elmi-texniki tərəqqi ilə əlaqələndirirdim. Lakin mənim düşüncələrimin elmi nəzəriyyələr vasitəsilə təsdiqinə ehtiyac var idi. Fantastların deyil, ciddi alimlərin fikirlərini bilmək istəyirdim. Düşdüyüm vəziyyətdən məni akademik N.S.Kardaşev, daha doğrusu onun “Sivilizasiyaların tipi” nəzəriyyəsi çıxartdı.

Dörd Sivilizasiya Tapdım
Müəllifin ideyası ondan ibarət idi ki, insan cəmiyyəti Kainatda sonsuz inkişaf prespektivinə malikdir. Müəllif, təbii resurslardan istifadənin səviyyəsinə və enerjinin həcminə görə sivilizasiyanın dörd tipini ayırırdı (o bunu Kainatdakı bütün güman olunan bütün sivilizasiyalara aid edirdi): birinci tip sivilizasiya - yalnız Yer planetinin təbii və enerji resurslarından istifadə edən sivilizasiya, o bizim indiki XX əsr insan cəmiyyətinə daha çox uyğun idi; ikinci tip sivilizasiya - Günəş sisteminin başqa planetlərində və fəzada məskunlaşmaqla onların təbii resurslarından istifadə edirdi (çox güman ki, XXI əsrdə); üçüncü tip sivilizasiya - bizim Qalaktikanın (“Süd yolu”nun) maddi və enerji resurslarından istifadə etmək qüdrətində olan sivilizasiya idi. Bu sivilizasiya “hipotetik xarakter” daşıyırdı, yəni müəllifin sözlərinə görə onun sosial quruluşunu, texnoloji imkanlarını və mənəvi mədəniyyətini insanlığın indiki mövqeyindən görmək mümkün deyildi; dördüncü tip sivilizasiya – bütün Kainatın maddi və enerji resurslarından istifadə edir və o da hipotetik xarakter daşıyırdı. Müəllifin nəzərincə O, Kainatdakı proseslərə müdaxilə etmək qüdrətində (yəni Günəşləri yandırıb – söndürmək, yaşayış üçün əlverişli olan planetlər sistemi yaratmaq, məkan və zamanı idarə etmək və s.) olmalı idi.
Bu çox cəzbedici və gözəl nəzəriyyə idi, çünki burada bəşəriyyətin gələcəyini Kommunizm deyil, ELM müəyyən edirdi. Heç bir siyasi ideologiya deyil, ELM və TEXNOLOGİYALAR insanlığı BƏRABƏRLİK, AZADLIQ və QARDAŞLIQ cəmiyyətinə gətirəcəkdi. Bu bəlkə də Allah dediyimiz həmin Mütləq Şüurun, Mütləq İdeyanın insan cəmiyyəti üçün böyük layihəsi idi. Kardaşov nəzəriyyəsi məndə belə bir fikir yaratdı ki, əgər Allah qüdrətli “Kosmik Sivilizasiyaların” yaradılması mexanizmini törədirsə, o təkcə “substansiya” ola bilməzdi. “Allah” deyilən varlığını mahiyyətində sifətləri, atributları və məziyyətləri olan dərkedilməz “Kəs” durur. Bu artıq TEİZM idi.

Teizm və ya
“İman Vadisi”
Havada Söz, Mətbuat, Əqidə Azadlığının Qoxusu Gəlirdi
Sovet dövləti dağılırdı. Ortaya “Perestroyka” (Yenidənqurma), “Qlastnost” (Aşkarlıq), “Uskareniya” (Sürətlənmə) kimi sözlər atıb, sistemi birtəhər saxlamaq istəyirdilər, amma alınmadı, dağıldı. Respublikamız müstəqillik əldə etdi.
Havada söz, mətbuat, əqidə azadlığının qoxusu gəlirdi. Din haqqında açıq danışmağa başlamışdılar. Kitab dükanlarında hər dinə və məzhəbə məxsus dini kitablar satılırdı və ya ictimai yerlərdə pullu və pulsuz paylanırdı, o vaxt indiki kimi din üzərində dövlətin ciddi nəzarəti yox idi.
Astroloqlar, ekstrasenslər, falçılar, cinçıxaranlar, şəfavericilər həyatımıza və televiziya ekranlarına daxil olurdular. Cahalət, xurafatlar və mövhumatlar xərçəng xəstəliyi kimi Azərbaycan cəmiyyətində metazstaz verməyə başlamışdı. Eşidirdik ki, hansısa öncəgörənin, falçının qəbuluna düşməkdən ötrü adamlar saatlarla onun evinin qapısında növbələr tuturlar və s.
“Krişna Şüuru” cəmiyyətinin fədailəri, “Yahova şahidləri” və digər dini cəmiyyətlər küçədə adamları saxlayıb, kitablar və ya panfiletlər təklif edirdilər. Divarlarda insanın diqqətini özünə cəlb edən elanlar vururdular, “Ölümdən sonra həyat varmı?” “Ölümsüzlüyə gedən yol”, “Allahla söhbət etmək istəyirsənmi?” və s. Gedib görürdün ki, hansısa xristian məzhəbinin təbliğat xarakterli tədbiridir. Şəhərdə qısa balaq, uzun saqqal şəxslər görünməyə başlamışdı. Kimlərsə Türkiyədən gəlib, evlərdə dini qruplar yaradırdılar, kurslar, məktəblər açırdılar. İran molları və ya həmin dövlətə xidmət edən bizim mollalar gəncləri tovlayıb, Quma və İranın digər şəhərlərinə dini təhsil almağa göndərirdilər. Evlərdə (deyilənə görə bəzi məscidlərdə) Xomeynin və Xamneyinin şəkilləri asılırdı. Pirlər, ocaqlar, müxtəlif məzhəblərə məxsus məscidlər yağışdan sonra göbələk kimi ildırım sürəti ilə çoxalırdı. Bir sözlə Azərbaycan cəmiyyəti alabəzək cəmiyyətə çevrilməkdə idi. Sovet vaxtı hər şey “boz rəngdə” idi. Bir ideologiya var idi – Kommunist ideologiyası və hər şey də onun ətrafında fırlanırdı. İndi vəziyyət başqa idi.
Bu informasiya axını içində itib batmaq olardı. Mən bunu özüm üçün demirəm. Artıq xeyli vaxt idi ki, müxtəlif dinlərin və məzhəblərin teoloji əsaslarını əsaslı şəkildə öyrənirdim. Yarı teist (Allah Kəs kimi varlığına inanan), yarı “dinşünas” idim. Müqəddəs Yazıları - “Bhaqavat-Qita”, “Müqəddəs Kitab” (Bibliya), “Quran”ı diqqətlə oxuyub, müqayisəli şəkildə təhlil edir, fikirlərimi konspektləşdirirdim. Dinləri və Müqəddəs Yazıları təhlil edən ədəbiyyatlar da kifayət qədər idi. Bəziləri bir-birini inkar etsə də oxumağa dəyərdi. Din haqqında kitab yazmağa hazırlaşırdım, ona görə də əlimə nə keçirdisə oxuyurdum. Allahın varlığı şübhəsiz idi. Bu mənim düşüncəmdə özünə yer eləmişdi. Mənim nəzərimcə, Allah təkcə materiyanın yaradıcısı, hərəkətəgətirəni, “təkanverici substansiyası” deyildi, O həm də insan cəmiyyətini sonu yalnız özünə məlum olan Plan üzrə harasa istiqamətləndirən (mənim nəzərimcə Kardaşovun dördüncü tip sivilizasiyaya doğru aparan) Kəs idi. Bəs Peyğəmbərlər kimdir? Allahın Özü (Krişna, İsa) və ya Onunla canlı danışığa girmiş, Ondan müxtəlif yollarla informasiya, Vəhy almış kəslər (Musa, Məhəmməd, Zərdüşt və s.). Aşkar görünürdü ki, bütün mədəniyyətlərin əsasında din dururdu. Din iqtisadiyyatdan, elm və texnologiyalardan da öncə idi.
Bütün Müqəddəs Yazılar eyni zamanda təsdiq edirdi ki, Allah vaxtaşırı insanlar arasında zühur edib, onlara öz iradəsini çatdırıb. Araşdırmalar göstərirdi ki, insan sivilizasiyaları (Avropa, Yaxın Şərq, Uzaq şərq, Hindistan və s.) konkret hansısa dindən qaynaqlanırdı, hətta sonradan dindən imtina etsələr də, məsələn, bəzi Avropa ölkələri kimi, Çin və ya Kuba kimi, yenə də dolayısı ilə ona bağlı idilər. Belə çıxırdı ki, mədəniyyətlər, əxlaq, etika, estetika, incəsənət, adi insan davranışları da dinə bağlı idi.
Pyer de Şarden haqlı imiş, Allah təkcə substansiya deyildi, o həm də “Kəs” idi. Onun həm bütöv insan cəmiyyətləri, həm də hər bir konkret insanla münasibətlər sistemi var idi. Əgər Allah Kəsdirsə, demək onda hansısa sifətlər, məziyyətlər, atributlar olmalı idi. İslam bu məsələni “Allahın adları və sifətləri” altında izahını yaxşı verirdi. Bu sifətləri hardasa göydə axtarmaq lazım deyildi, Xristianların dediyi kimi, onların bəziləri bizim özümüzdə, daxilimizdə idi. İnsan Allahın oxşarında və bənzərində yaradılmış yeganə varlıq idi. Əgər Allah öz sifətlərini və məziyyətlərini insanda cəmləşdiribsə, bunun bir vasitəsi olmalı idi. Bu məni insan ruhunun varlığı anlayışına gətib çıxartdı. Bütün dinlər təsdiq edirdilər ki, bizdə Allahın cövhəri, mənim sözümlə desək, “orqanı” var. Məntiqlə götürsək, əgər Allah əbədi, əzəli və ölməzdirsə, demək, insanın ruhu da, yəni həmin zərrəcik də əbədi və ölməz olmalı idi. Belə bir prespektiv ürəyimcə idi.
Əgər Allah bəşəriyyət ilə Pəyğəmbərlər vasitəsilə danışıbsa, bu söhbətin əvvəlini tapmaq lazım idi. Əlbəttə, bütün dinlər arasında ən qədim Allah Kəlamı “Krişna Şüuru” cəmiyyətinin əlində olan Veda ədəbiyyatı, o cümlədən “Bhaqavat-Qita” idi. Bunu həm özləri, həm də Hinduizmin köklərini tədqiq edən dinşünas alimlər deyirdilər. Allahın həm “Kəs”, həm də hər varlığın içində olan substansiya kimi təsviri həmin kitabda ətraflı açıqlanıbdır.
Bütün təqsirlər din xadimlərində
Mənim nəzərimcə, Müqəddəs Yazıların mətnlərində çoxlu ziddiyyətli məqamlar var idi. İnsan əlavələri və artırılmalar da həmçinin həddən çox idi. Bu mənim gəldiyim qənaət idi. Görən Müqəddəs Yazlardakı Allah Kəlamını insan əlavələrindən necə ayırmaq olardı? Dinlər və onların Peyğəmbərlərinin yazıları arasında da kəskin ziddiyyətlər var idi. Veda təlimi ət yeməyi qadağan edir, inəyi az qala müqəddəslik məqamına qaldırır, Quranı –Kərimin əl-Bəqərə surəsində əksinə qurbanlıq dananın əlmətlərinə (rəngi, yaşı və s.), necə kəsilməsinə dair tövsiyələr verilirdi. İncil İsanın çarmıxa çəkildiyini və öləndən sonra dirilib, Göyə qalxdığını söyləyirdi, Quranı-Kərim isə İsanın ümumiyyətlə çarmıxa çəkilmədiyini, onun yerinə başqasının öldürüldüyünü iddia edirdi. Dinlər arasında bu cür ziddiyyətlər yüzlərlə idi. Hamı da Allahdan olduğunu, hamı da öz Yazılarını həqiqətin ən son instansiyası olduğunu söyləyirdi. Düşünürdüm ki, bütün bəlaların, müharibələrin, münaqişələrin, fanatizm və cəhalətlərin kökü bunda idi. Şübhəsiz ki, bütün təqsirlər din xadimlərində idi. Çünki qədimlərdə Müqəddəs Yazılar və dini təlimlər onların əlində olub. Yazılardakı bu dolaşıqlıqları da onlar törətmişdi.
Qiyamətdə hər şey məhv olar
Bütün dinlər bir ağızdan deyirdilər ki, Allah bəşəriyyəti “Qiyamətə”, “Zamanın sonuna doğru”, yəni məhvə doğru aparır. Qeyri-müəyyən vaxtda “Günəş qaralacaq”, “Ay işığını verməyəcək”, “ulduzlar yerə töküləcək” və “ölülər yatdıqları qəbirlərdən ayağa qalxacaqlar”. Mən əlbəttə bununla razı deyildim. Çünki hiss edirdim ki, insan cəmiyyəti daha böyük məqsədlərdən ötrü yaradılıb, o Kainat miqyasında hansısa əhəmiyyətli missiyanı yerinə yetirməlidir. Onun gələcəyə doğru sürətli inkişafı beləcə qəfildən qırıla bilməz. Şübhəsiz ki, akademik N.S.Kardaşev, K.E.Siolkovski, V.İ.Vernadski kimi alimlərin nəzəriyyələri düşüncələrimdə özünə möhkəm yer etmişdi....
Mənim Bibil Dərslərim İsanın Diriltməri
Müxtəlif xristian icmalarının tədbirlərində iştirak edirdim. Adi vətəndaşlara bütün xristian təriqətləri bir sifətdə görünsə də, qarşımdakı həmsöhbətim ağzını açan kimi onun provoslav, lüteran, katolik, babtist, əllinci, adventist və ya yahovaçı olduğunu o dəqiqə müəyyən edirdim. Bu təriqətlər arasındakı fərqləri yaxşı öyrənmişdim. Roma-katolik kilsəsinin kitabxanasına üzv olmuşdum. Vaxtaşırı, onların xidmətindən istifadə edirdim. Bir xristian icmasının Bibliya kurslarına yazılmışdım. Dərslərdə o qədər canfəşanlıq etdim ki, məni artıq xristian hesab edib, icma üzvlərinin siyahısına yazmışdılar. Pastora dedim ki, etiraz etmirəm, İsanı sevirəm və bütün dediklərini qəbul edirəm, insan ruhunun ölməzliyinə inanıram. Amma İsanın ölüləri diriltməyinə inanmıram, ölü dirilə bilməz. Soruşdu nəyə inanmırsan?: “İsanın ölünü diriltməyinə”, yoxsa “ölünün dirilməyinə”? Axı hamı görüb ki, İsa məqbərəyə girdi və 40 gün əvvəl ölmüş Lazarı ordan sağ-salamat çıxartdı. Quranda da yüzlərlə ayədə ölülərin dirilməsindən söz açılır (pastor savadlı adam idi). Dedim Quranda yazılanlarla tanışam, dediklərinizi təsdiq edirəm. Orada da yazılan bəzi şeyləri, o cümlədən ölülərin dirilməsini qəbul etmirəm. Pastora “Qiyamət”lə və “Zamanının sonu” ilə bağlı fikirlərimi bildirdim...
Nəzakətli Adamlar günki insanlığını “nağıllara” və “ibarətamiz hekayələrə” ehtiyacı yoxdur.
İnsafla deyim ki, həm xristianlar, həm də krişnaçılar (onlarla da söhbətlərim çox olub) mədəni, tolerant insanlar idi. Səbrlə iradları dinləyib, nəzakətlə izahat verməyə çalışırdılar. Öz-özümə düşünürdüm ki, Müqəddəs Yazılardakı bu “qorxunc səhnələri” bəlkə də təbii qəbul etmək lazımdır. O dövrün insanlarına nəyisə başa salmaqdan ötrü, görünür Peyğəmbərlər tərəfindən bu cür ibrətamiz qorxunc hekayələrin Müqqəddəs Yazılara daxil edilməsinə ehtiyac var idi. Həm də insanlar “möcüzəyə” inanmağa meyillidirlər. Məgər biz az yaşlı uşaqlara hansısa həyat həqiqətlərini başa salmaq istəyəndə qorxunc nağıllardan və ya əsatirlərdən istifadə etmirikmi? Əgər bu gün Allah bəşəriyyətlə danışmaq istəsə, məncə, daha ənənəvi metodlardan istifadə etməyəcəkdi. Çünki insan cəmiyyəti kifayət qədər kamildir. Bu günki insanlığın “nağıllara” və “ibarətamiz hekayələrə” ehtiyacı yoxdur.
Ağsaqqal alim
İslamçılarla nəyisə müzakirə etmək müəyyən çətinliklərlə bağlı idi. Bəziləri yad fikirliliyə qarşı həddiz dərəcədə dözümsüz idi. Ona görə də mən qatı dindarlarla deyil, islamı öyrənən filosoflarla, tədqiqatçılarla diskusiya aparmağa çalışırdım. 90-cı illərdə dəfələrlə belə söhbətlərdə iştirak etmişəm. Əlbəttə, onlara da “Qiyamət”, “Zamanın sonu”, “ölülərin dirilməsi” və ümumiyyətlə, İslamın bütün ehkamları ilə bağlı şübhələrimi bildirirdim. Bir gün həmsöhbətim ağsaqqal alim (AMEA-nın işçisi idi) mənə dedi:
-Bilirsənmi, İslam bir fəlsəfədir, Məhəmməd ə.s. Allahın sonuncu peyğəmbəri, Quran da Allahın sonuncu kitabıdır. Qiyamətin və ölülərin dirilməsinin elmi izahı yoxdur. Bu bir mənalıdır. Biz onu Allahın mütləq həqiqəti kimi qəbul etməliyik. İmanlı ilə imansızın fərqi elə bundadır. İslamın gözəlliyi də elə bundadır.
Mən ona:
-Mən bəşəriyyət üçün belə bir prespektivlə razı deyiləm, çünki insan cəmiyyəti öz inkişafında məntiqi sonluğuna gəlib çatmayıb, Kainatın hələ çox açılmamış sirləri var, dünya hələ birləşməyib, dünya qlobal problemlər içində əziyyət çəkir.. –yumşaq şəkildə etiraz etmək istədim. – dünya birləşib, bu qlobal problemləri həll etməli, Kainatı fəth etməlidir...
Ağsaqqal alim:
-Qlobal problemlər – Qiyamətin əlamətləridir. O getdikcə kəskinləşəcək, sonda Qiyamətlə, dünyanın dağılması ilə başa çatacaq. Məad hadisəsi baş verəcək, ruhlarla bədənlər birləşəcək. Adəmdən bəri bütün ölmüş insanlar əllərində əməl kitabları qəbirlərdən qalxacaq, kimi Cənnətə gedəcək, kimisi də Cəhənnəmə vasil olacaq. İslamın digər gözəlliklərindən biri də budur...
Alim dostum qəti şəkildə təkamülü inkar edir
Sonra söhbətimiz təkamüldən və insanın yaranmasından getdi. Alim dostum qəti şəkildə təkamülü inkar edir, insanın meymunabənzər varlıqlardan yaranmasını qəti şəkildə rədd edirdi. Onun sözlərinə görə əksinə meymunlar insandan əmələ gəlibdir və Qurani –Kərimdə bir ümmətin itaətsizlik etdiyinə görə Allahın onları meymuna çevirməsinə dair faktlar var.
Ona dedim ki, o yazıdan xəbərim var.. Lakin o ayəni meymunun insandan əmələ gəlməsini göstərən elmi fakt kimi qəbul edə bilmərik, biz əsl elmin gəldiyi nəticələrə əsaslanmalıyıq.. O əlbəttə mənimlə razı olmadı və əsl elmin Quran olduğunu söylədi və Quran ayələrinin möcüzələrindən danışdı. “İki dənizin birləşməməsi möcücəsindən və fransız alimin bundan təsirlənib, İslamı qəbul etməsindən”, “amerikalı astronavtın Ayda azan eşitməsindən”, “Avropa və Amerika alimlərinin Quranı oxuyub, bütün elmi kəşfləri ordan götürdüklərini” söylədi....
inamsızlığın” əlamətlərini
Sonra deyəsən mənim sifətimdə “inamsızlığın” əlamətlərini görüb, “Cəhənnəm əzabının” dəhşətlərindən və İslamı qəbul etməyənləri gözləyən dəhşətlərdən danışdı. Axırda dözməyib ona bu sözləri dedim:
-Mən şəxsən Allah olsaydım dünyanı Quranda yazılanlar kimi yaratmazdım. Həyatı təkamül əsasında yaradardım, elə insanı da təkamül vasitəsilə ortaya gətirərdim. Bəşəriyyətin inkişafını yarımçıq qoymazdım, “ölüləri qəbirlərdən qaldırmazdım”. Bəşəriyyəti əbədi edərdim, insanlara birləşməyin yollarını göstərərdim. Onlara elm və texnologiyaların köməyi ilə qlobal problemləri həll etmək və sonsuz Kainatı fəth etmək imkanı verərdim. Hətta bizim günəş systemi dağılsa belə, insanlara nəhəng kosmik gəmilərdə başqa qallaktikalara uçub, oralarda məskunlaşmaq imkanı yaradardım. Tibbin və sağlamlığın sirlərini açardım, insan ömrünü 2000 il edərdim. Günahkarların milyon illər ərzində qır qazanında bişdiyi “Cəhənnəmi” yaratmazdım. Bu cür cəza metodları Allaha yaraşan bir iş deyil. “Cənnəti” huri-qılmanların “diskotekası” deyil, böyük kitabxanaya çevirərdim. Dünyanı məhəbbət, birlik, mərhəmət və biliklərlə doldurardım. İnsanlara dinindən, irqindən, millətindən asılı olmayaraq, başqalarını sevməyi, ümumiyyətlə təbiəti, kainatı sevməyi öyrədərdim. Ruhani və elmi biliklərin qabağını kəsməzdim. Peyğəmbərlərin daimi gəlişi sistemini yaradardım ki, insanlara bu dünyanı cənnətə çevirməyin yollarını öyrətsinlər..”
Həmin alimlə daha bir-iki dəfə görüşüb söhbət etdik. Kəskin fikir ayrılıqlarımıza baxmayaraq, biz dost kimi ayrıldıq. Hər halda Azərbaycan alimi idi, İran mollası deyildi.
dini təlimlərdə çoxlu dolaşıq və məntiqə sığmaz ehkamlar vardır
Müxtəlif dinlərin tədqiqi və İslamçı alim dostumla vaxtaşırı söhbətlərimiz məndə belə bir fikir yaratdı ki, dini təlimlərdə çoxlu dolaşıq və məntiqə sığmaz ehkamlar vardır və mən onları heç cür qəbul edə bilmərəm. Tam əmin idim ki, həmin dolaşıq məsələlər din xadimlərinin bilərəkdən və ya bilmədən Yazılara etdikləri əlavələr idi. Lakin 35 yaşım vardı və artıq Allah, dünya, həyat və insan haqqında düşüncələrimi bu mərhələdə yekunlaşdırmalıydım. Gəldiyim bəzi nəticələr rəsmi dini konsepsiyalara uyğun olmasa da aşağıdakılardan ibarət idi:
Muxtəlif dini kitablarından nəticələr
-
Allah materiyanın layihəçisi və qurucusudur, hətta məkan, zaman kimi anlayışların yaradıcısı da Odur. Təkamül, hətta dialektikanın qanunları da Allahın yaratdığı mexanizmlərdir;
-
Allah biosferi və insanı milyon illər ərzində təkamül vasitəsilə indiki formaya salıb. İnsan ruhu Allahın oxşarında və ya bənzərində yaradılıb. Hər bir insan öz ruhunun keyfiyyətlərinə görə sanki Allahın kiçildilmiş modelidir;
-
Allahın hər bir insan üçün ayrılıqda və bəşəriyyət üçün bütövlükdə planı vardır.
-
Allah Yerə Peyğəmbərlər göndərir, insanlara Öz Böyük Planının müəyyən dövr üçün məqsəd və vəzifələrini açıqlayır. Sivilizasiyanın inkişafı Peyğəmbərlərin gəlişi ilə bağlıdır. Allah peyğəmbərlər silsiləsi vasitəsi ilə Bəşəriyyəti gələcəyə doğru aparır. Bu sonsuz bir prosesdir. Peyğəmbərlər həmişə gəlib və həmişə də gələcəklər.
-
Tərərəqqinin və insan sivilizasiyasının inkişafının sonu yoxdur. İnsan Qallaktikaların həqiqi sahibi kimi yaradılıbdır.
-
Növbəti peyğəmbər mütləq gəlməlidir. Onun təlimi əsasında İnsanlıq birləşməlidir: sərhədlər, dövlətlər yox olmaldır, dünya tərki-silah olmalıdır. Millətlər, dinlər və irqlər birləşməlidir. Dünyada Ədalət, Qardaşlıq və Məhəbbət bərqərar olmalıdır. Mərhəmət Erası gəlməlidir və insan Sivilizasiyası ilə birgə bütün Kainata yayılmalıdır.
Bu mənim 1995-ci ildə gəldiyim son nəticə idi.
Əkka məhbusu və mən
“Heyranlıq Vadisinə”
daxil oluram

Bütün dinlərin təlimlərində “Zamanın sonu”nda, yəni “Qiyamət”dən əvvəl Bəşəriyyəti bəlalardan (qlobal problemlərdən) qurtaracaq, millətləri və dinləri birləşdirəcək və Yerdə 1000 illik İlahi Səltənət quracaq “Xilaskarın” gəlişindən danışılırdı. Hətta deyirdilər ki, həmin Kəsin zamanında qurdla quzu, şahinlə bildirçin, aslanla cüyür bir yerdə, əmin amanlıqda yaşacaqlar.
Veda təlimində bu Krişnanın yeni avatarı, Buddizmdə Buddanın, Xristianlıqda İsanın yeni zühuru, Zərdüştülükdə Bəhramşahın, Yəhudilikdə Maşiaxın, İslamda qoşa zühurun Mehdinin (sahib- əz-zamanın) və İsanın gəlişi idi. Mən isə düşünürdüm ki, həmin Kəs heç bir dinə bağlı olmamalıdır, yəni o nə müsəlmandır, nə xristian, nə də buddist. Ümumiyyətlə, O, din adamı, molla, keşiş, kahin və s. deyil. O, tam başqa bir mühitdən gəlməlidir. Güman edirdim ki, o ya alim, ya da müəllimdir. Bəs Vədolunmuş Kəs nə vaxt gələcək? Bu sualın cavabını bilmirdim. O gələndə biz onu tanıya biləcəyikmi? Bu sualın da cavabı yox idi.
Həzrət Krişna “Bhaqavat-Qita”da buyururdu: “Din tənəzzülə uğrayanda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm nazil oluram. Mömünləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm.”
Krişna deyir ki, O, 1000 ildən bir zühur edir. Amma Məhəmməd Peyğəmbərin zühurundan 1400 ildən çox keçirdi, amma gələn yox idi. Bəs nə oldu, niyə O – Vədolunmuş Kəs gəlib çıxmadı?. Nənələrim-Səkinəxanım və Leylan hər dəfə namazın sonunda “Fərəc” duasını oxuyub, Allahdan Vədolunmuş Kəsin gəlişini sürətləndirməyi xahiş edərdi...
İsa Məsih deyirdi ki, “o gecə gələn oğru kimi gələcək”, yəni adamlar bundan xəbərsiz olacaq. Quranı-Kərimin “Ət-Tariq” – “Gecə gələn” surəsində deyilirdi: “And olsun göyə və gecə gələnə! Sən nə bilirsən ki, gecə gələn nədir?!”
Bəlkə Vədolunmuş Kəs gəlib, heç xabərimiz olmayıb?.Əgər gəlibsə, O kimdir?... İmadəddin Nəsimi, Qandi, Mandela...? Lakin onların öz xalqları üçün etdikləri böyük işlərə baxmayaraq, bəşəriyyət üçün qeyri-adi nəsə etməmişdilər, dünyanın gələcəyi və qlobal problemlərin həlli ilə onların bağlı proqramları yox idi, həm də öz dinlərinə bağlı idilər. Ən əsası isə Yeni İlahi Təlimi gətirməmişdilər və buna iddialı deyildilər.
“Siz ağacı meyvəsindən tanıyacaqsınız” – İsa Məsih deyirdi.
1995-ci ilin may-iyun aylarında Elmlər Akademiyasının kitabxanasında C.B.Esslemontun “Bəhaullah və Yeni Era” kitabını tapdım. Kitabı sifariş edib, götürdüm. Metroda kitabın gah əvvəlindən, gah axırından bəzi yerləri nəzərdən keçirməyə başladım. Əvvəlində “Əkka məhbusundan” danışılırdı. Həmin Kəs həbsdə ikən dünyanın hökmdarlarına məktub yazıb, onları nazil etdiyi Yeni Dinə iman gətirməyə çağırırdı. “Bu kimdir belə? Hansı dindən söhbət gedir?” –deyə özümə sual verdim. Növbəti səhifələrdə söhbətin “Bəhai Dinindən” getdiyini başa düşdüm.
“Bilirəm, onun haqqında oxumuşam” – özlüyümdə fikirləşdim.
Amma həmin Kəsin adını birinci dəfə idi ki, oxuyurdum: “Bəhaullah” (ərəb. “Allahın Cəlalı”). Bəhai dininin Babiliklə əlaqəsini bilirdim. Bu haqda həm A.Masse, həm də başqaları yazmışdı. Amma həmin mənbələrdə Babın (ərəbcə “Qapı”) şiələrin gözlədiyi Mehdi olduğu göstərilirdi. Babiliyin sonradan Bəhai dininə necə çevrilməsi haqqında açıqlama verilmirdi. C.E.Esslemont isə ingilis şərqşünaslarına məxsus səliqə-sahmanla aram-aram hər şeyin izahatını verirdi. Kitab məni əməlli-başlı çaş-baş saldı...
Axı mən niyə 18 il əvvəl “Bəhai dini”nə rast gələndə o zaman onu niyə axıra kimi araşdırmadım?. Bu qədər vaxt itirməyə dəyərdimi? Birinci oxunuşu iki günə başa vurdum, desəm ki, kitabı su kimi içdim, səhv etmərəm. Sonra isə onu ikinci dəfə oxudum və tərcüməsinə başladım. Mən uzun illərdən sonra ilk dəfə bu sözləri dedim: “axtardığımı tapmışam”. Məni narahat edən bütün sualların cavabı burada, yəni Həzrət Bəhaullahın gətirdiyi yeni İlahiTəlimdə -Bəhai dinində idi.
Bab və Bəhaullah – Bəhai Dinini nazil etmiş Qoşa zühur idi. Bab həm Bəhaullahın Müjdəçisi, həm də Babi Dininin Peyğəmbəri idi (A.Massenin dediyindən fərqli olaraq). Onlar İlahi Vəhy prosesində (9 il zaman kəsimində) ardıcıl silsilə və Vahid Vəhj prosesinin mərhələləri idilər. “Görən bu nə dindir ki, Allah onu İKİ QOŞA PEYĞƏMBƏR vasitəsilə insanlara çatdırmışdır?” –özlüyümdə fikirləşirdim. Həzrət Bəhaullah yazırdı: Bu ali vә fövqәladә Vәhyi Mәnim әvvәlki Vәhyimdәn (Babın Vəhyindən) ayıran qisa zaman mәsafәsi bir sirrdir; belә ki, onu heç bir insan açıqlaya bilmәz; o elә gizlidir ki, heç bir ağıl onu dәrk edә bilmәz. Onun müddәti qabaqcadan müәyyәnlәşdirilmişdi vә heç kim onun sәbәbini dәrk edә bilmәz, ancaq Mәnim Gizli Kitabımın mәzmununu anladıqdan sonra onu başa düşә bilәr.
Əlbəttə, XIX əsr bəşər tarixində dönüş əsri idi. Bəşəriyyət yeni ideyaların axtarışına çıxmışdı. Elmi biliklər və texnologiyalar sürətlə yayılırdı. Böyük coğrafi kəşflərdən sonra dünyada inteqrasiya prosesləri başlamışdı. Mədəniyyətlərin toqquşması və dialoqu özünə yer edirdi. Qlobal problemlər – dünya müharibələrinin başlanması təhlükəsi, aclıq, dini, milii, irqi zəmində parçalanmalar, ekoloji fəlakətlər, fanatizm, pandemiyalar və s. dünyanı bürüməkdə idi. Getdikcə mürəkkəbləşən insan cəmiyyətinə qüdrətli İlahi Vəhy lazım idi ki, onu düşdüyü vəziyyətdən çıxartsın, parçalanıb dağılamaqda olan insan sivilizasiyasını birləşdirsin və onu Kainatı idarəetmək qüdrətində olan İlahi Sivilizasiyaya çevirsin (burada yadıma fantast-alim İ.Yefremov və akademik N.S.Kardaşev düşdü). Bunu yalnız Qoşa Zühurun gətirdiyi İlahi Təlim edə bilərdi.
Belə çıxırdı ki, XIX əsrin ortlarında İranda baş vermiş babilər hərəkatı adi dini hərəkat deyildi. O, İnsan cəmiyyətinin milyon illik tarixində dönüş nöqtəsi idi. 124 min peyğəmbər və əlavə olaraq Həzrət Bab bəşəriyyəti “Allahın aşkar edəcəyi Kəsi”- Həzrət Bəhaullahı qarşılamağa hazırlamaqdan ötrü gəlmişdilər. O isə gecə gələn oğru kimi gəlməli idi, yəni insanların bundan xəbəri olmamalı idi. Doğrudan da “And olsun göyə və gecə gələnə! Sən nə bilirsən ki, gecə gələn nədir?!”
İnanılmazdır!! Bəşəriyyət min illərdir Həzrət Bəhaullahın gəlişinə hazırlaşırdı. O gələndə isə Onu döydülər, söydülər, zəncirlədilər... sürgün olundu və 42 il həbsdə qaldı. Həzrət Bəhaullah yazırdı: Əzəli Camal zəncirlərlə qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki, bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsunlar və şadlıqla dolsunlar. Bu, sənin Rəhman və Rəhim Rəbbinin mərhəmətindədir. Ey tövhid əhli, Biz zilləti qəbul etdik ki, siz izzətə çatasınız və hər cür məşəqqətlərə razı olduq ki, siz rifaha yetişəsiniz. Baxın, bütün dünyanı yenidən qurmaq üçün gəlmiş Kəsi müşrüklər ən xaraba şəhərdə necə məskun etmişlər.
Həzrət Bəhaullah məni çoxdan narahat edən bütün sualların cavabını verirdi: “Qiyamət”, “Zamanının sonu”, “Ulduzların tökülməsi” və “ ölülərin qəbirlərdən qalxması”..Bunlar rəmzi anlayışlardır. Qiyamətdə “Günəşin qaralması”, əslində həqiqət günəşlərinin – İlahi Təlimlərin “sönməsi”dir, “ulduzların tökülməsi” – dini rəhbərlərin nüfuzdan düşməsi, cəmiyyətdə mövqelərinin itirməsidir. “Ölülərin qəbirlərdən qalxması”- insanların cəhalət və materializm qəbirlərindən qalxması, imana gəlməsi, dövrünün Peyğəmbərini qəbul etməsi anlamındadır, burada fiziki dirilmədən söhbət getmir. Qısası, hər dəfə din xurafatlarla yüklənəndə, mövhumatlara və cəhalətə qərq olanda ilahi gücünü itirir, işıq saçmır və insanlara yol göstərmir. Belə bir “dinə” xidmət edən ruhanilər – mollalar, keşişlər, kahinlər və s. maddiyata bağlanır, siyasətə qoşulur, dinin ruhani əsaslarını unudub, dövrünü başa vurmuş ayin və mərasimlərindən yapışırlar və nəticədə nüfuzdan düşüb, “yerə tökülürlər”.
“Zamanın sonu” bütün zamanların sonu deyil – bir zühur dövrünün sonu deməkdir. Hər bir peyğəmbər “Axır zaman Peyğəmbəridir”, çünki onunla müəyyən dövr üçün Vəhy tsikli başa çatır. Yeni peyğəmbərin gəlişi ilə “Yeni Zaman”, yeni Vəhy tsikli başlayır. Başqa dinlərdə, mənim qəbul etmədiyim, “şeytan”, “ibliz”, “cin” kimi varlıqların mövcudluğuna inam var...Bəhai təliminə görə Kainatda bir fövqəlqüvvə var, o da Allahdır. “şeytan”, “iblis”, “cin” rəmzi məna daşıyır, insanın nəfsi və fiziki istəkləri ilə bağlı anlayışlardır. Cənnət və cəhənnəm nədir? cənnət Allaha yaxınlıq, cəhənnəm – ondan uzaq düşməkdir. Bu hal həm bu dünyda insana, həm də həm də ölümdən sonra ruhun o dünyadakı halına aiddir.
İnsan necə yaranıb? Bunun da cavabı var idi. Təbiətdəki digər canlılar kimi insan növü də Allahın İradəsi ilə milyon-milyon illər ərzində çox bəsit formadan inkişaf edərək mürəkkəbləşib və müasir insan formasına düşüb. İnsan embrionu ana bətnində, özünün ilkin inkişaf mərhələlərində balıq və ya sürünən canlının əlamətlərini daşısa da, o, balıq və ya sürünən deyil, insan olduğu kimi, insan növü də miyon-milyon illər ərzində inkişafının müxtəlif dövrlərində zahirən başqa canlılara, o cümlədən meymuna bənzəsə də, Allahın İradəsi ilə anlaşılmaz gizli qüvvəyə malik xüsusi növ idi. Bəhai təlimindəki bu müddəa Darvinin insanın təbii seçmə yolu ilə meymundan yaranması nəzəriyyəsindən əsaslı şəkildə fərqlənir.
Bəs bu İlahi Təlimin başqa “meyvələri” nə idi?
Birinci meyvə - Bəşəriyyətin Birliyi. Həzrət Bəhaullah deyir ki, insanlar “hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar”. Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, sonradan bu qruplar tayfa və qəbilələrə çevrilmiş, daha sonralar şəhər-dövlətlər və xalqlar, nəhayət XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Həzrət Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi insan cəmiyyətinin kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd insanların bu birliyini yaratmaqdır. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik.” İndi bəşəriyyət birləşmək və qlobal problemləri birlikdə aradan qaldırmaqdan ötrü lazımi imkanlara malikdir.
Həzrət Əbdül-Bəha (Bəhaullahın varisi, Bəhai dinində üçüncü böyük şəxs) yazır: “Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur...”
Bəhaullaha görə Bəşəri Birlik insan Sivilizasiyanın inkişafı üçün ağlagəlməz imkanlar açacaqdı. Əbdül-Bəha buyurur: “Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.
Bəşəri Birliyin əsası ruhani olsa da, Bəhai təlimində dünya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da göstərilmişdir. Bunlar aşağıdakılardır:
-
Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların ümumi mənafeyini qorumaq, planetdə əmin-amanlığı və sülhü təmin etmək məqsədilə Dünya Parlamentinin və Dünya Federativ Dövlətinin yaradılması, Dünya vətəndaşlığının təsis edilməsi;
-
Dünyanın təbii sərvətlərindən Dünya Federativ Dövlətinin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;
-
Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;
-
Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;
-
Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.
Əvvəlki dinlərdən fərqli olaraq, Bəhai Dini bəşəriyyətə sonsuz tərəqqi və əbədi kamilləşmə prespektivi vəd edirdi. Həzrət Bəhaullah yazırdı: “Əbədi, əzəli və qədim Səltənətə sahib olacaqsan... Kainatı başdan-başa gəzəcəksən..”. Bu lap mənim ürəyimdən oldu....!!!!
İkinci meyvə - Dinlərin əzəli birliyi. İlahi Dinlərin hamısı müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Allahın Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır və Bəşəriyyət durduqca bu rəhbərlik də davam edəcəkdir. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani –Kərim, Bəyan, Kitabi-Əqdəs və s.) isə bir İlahi Kitabın səhifələridir. Həzrət Musanın təlimində tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Həzrət Bəhaullah yazır: “Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur...”
Peyğəmbərlərin gətirdikləri təlimlərin xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir. Allah bəşəriyyəti Peyğəmbərlərin gətirdikləri İlahi Təlimlər vasitəsilə istiqamətləndirir. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Bütün Peyğəmbərlər bir Dinə xidmət etmiş və Bir İlahi Planı mərhələ-mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir.
Allah Kainatı Nəhəng Vəhy Tsikllərı vasitəsilə idarə edir. Artıq bir tsikl (“Adəm” tsiklı) başa çatmış, ikinci tsikl (“Bəha” tsikli) Həzrət Bəhaullahın zühuru ilə Öz tarixi missiyasına başlamışdır. “Adəm” tsikli Adəm Peyğəmbərin zühuru ilə başlamış və Həzrət Məhəmməd (s) ilə sona yetmişdir. Bu dövr ərzində Yerə çoxlu sayda (124 min) Peyğəmbərlər (nəbilər və rəsullar) göndərilmiş, Müqəddəs Kitablar nazil olmuşdur. Bu tsikl dövründə Bəşəriyyət bir-birilə rəqabət aparan dinlərə, millətlərə, dövlətlərə parçalanmışdır.
“Bəha” tsikli Həzrət Bab və Bəhaullahın zühuru ilə başlamışdır. Bu tsikldə, 500 min il ərzində çoxlu sayda Peyğəmbərlərin gəlişi gözlənilir. Həzrət Bəhaullah Ondan sonrakı növbəti Peyğəmbərin 1000 ildən tez olmayaraq gələcəyini müjdələyir. “Bəha” tsiklinda Yerdə İlahi Sivilizasiya – ƏDALƏT, QARDAŞLIQ VƏ MƏHƏBBƏT cəmiyyəti qurulacaq. İnsan cəmiyyətində dərin ruhani, ictimai, siyasi, iqtisadi, mədəni və psixoloji dəyişikliklər baş verəcək.
Üçüncü meyvə - Elm və Dinin vəhdəti. Həzrət Bəhaullah öyrədir ki, dinlə elm arasında vəhdət mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir. "Din və elm – insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o sürətlə xurafat bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir." Həqiqi sivilizasiya yalnız insanlar tərəfindən həm dinin, həm də elmin zəruriliyi dərk edildikdən sonra mümkün olacaqdır. Həzrət Əbdül-Bəha yazır: “Din və elm birlikdə addımlayır və elmə zidd olan istənilən din həqiqi deyildir”.
Həzrət Bəhaullahın “səbətində” başqa meyvələr də var idi: qadın-kişi bərabərli, həqiqətin müstəqil axtarışı, icbari təhsil və s. Mən artıq bilirdim ki, mən kiməm və nə istəyiriəm: Mən Bəhai idim və Kainat miqyasında fəaliyyət göstərəcək - İlahi Sivilizasiyanın qurulmasında mən də iştirak etmək istəyirdim.
-Azər Cəfərov
Sən Ey Mehriban Allah! Bütün insanları birləşdir. Qoy dinlər razılığa nail olsunlar,
millətləri bir millət eylə, ta ki, onlar bir-birlərinə bir ailə kimi baxsınlar
və bütün yer üzünü bir vətən saysınlar. Qoy onların hamısı ən mükəmməl
uyğunluq içərisində birgə yaşasınlar. Ey Allah! Bəşərin birlik bayrağını
ucalt. Ey Allah! Ən Böyük Sülhü bərqərar elə. Ey Allah!
Ürəkləri bir-birinə möhkəm bağla.
-Həzrət Əbdül-Bəha
Bu kitab 2011-de Tehsil Chapxanada chap olmushdi!
Bakı -2011
Elmi redaktor:
Robert Mobili (Alban-Udi kilsəsi)
Məsləhətçilər:
Ramil Əliyev (Krişna Şüuru cəmiyyəti)
Şahlar Quliyev (“Nehemiya” əllincilər xristian icması)
Dilarə Əliyeva (xilaskar Evangelik- Lüteran icması)
Yazan: Azər Cəfərov.
Kitabin Adi: Azərbaycanda dinlər və məzhəblər Bir ümumi din işığında.
Bakı, «Тəhsil» НПМ, 2011, 184 сящ.
Writer: Azer Jafarov.
Name of the book: Azerbijan's Religions and Sect all under One Common Faith
Baku, Tahsil HTM, 2011, 184 CYS
Kitabda ilahiyyat, elmi ateizm və dinşünaslığın əsasları təhlil edilmiş, “Bir Ümumi Din” konsepsiyasına əsaslanan müasir dinşünaslığın prinsipləri irəli sürülmüşdür.Dinlərin mövcud təsnifat sistemi təhlil edilmiş, Azərbaycanda fəaliyyət göstərən dinlər və məzhəblər haqqında ətraflı məlumat verilmişdir. Kitabda həmçinin Bir Ümumi Din konsepsiyası açıqlanmış, onun “tolerantlıq” anlayışından daha yüksəkdə durduğu və bu konsepsiyanın dövlət və cəmiyyət tərəfindən qəbulunun vacibliyi vurğulanmışdır.
© «Тəhsil» НПМ, 2011.