top of page

Ateizm

...azadlıqdan isti­fadə edib, hətta İradə Azadlığının mənbəyi olan Allahın Özünü inkar etmək hüququna malikdir. Lakin Allahın mövcudluğunun bir mənalı şəkildə inkarı fərdlər səviyyəsində mütləq formada insan düşüncəsində özünə yer eləməsi mümkünsüzdür. Çünki Allahı tanımaq, Ona inanmaq, Onu sevmək hissi və Ona etiqad etmək istəyi bütün insanların fitrətinə Allah tərəfindən qoyul­duğundan, fərdin bir mənalı şəkildə Mütləq olana inamsızlığı mümkün deyildir. Bu inam insanın həyatı müddətində nə vaxtsa ortaya çıxmalı və onun, hətta son nəfəsində belə, ruhuna hakim kəsilməlidir. Adları tarixə qatı ateistlər, Allahı inkar edənlər kimi düşmüş insanların həyatlarının son illərində və ya anlarında imana gəlmələri haqqında yüzlərlə faktlar vardır. Beləliklə, ictimai şüurun forması kimi ateizmin uzun ömürlü olması və ya cəmiyyətdə hakim mövqe tutması mümkün olsa da, fərd səviyyəsində o, mütləq və ya qəti qərarlaşmış formada deyildir.  Həzrət Bəhaullah buyurur:

“O (yəni imanlı insan- qeyd  müəlliflər), günahkarların günahı üzərindən əfv qələmi çəkməli və onlara həqarətlə bax­mamalıdır, çünki heç kəsin aqibəti məlum deyildir. Nə çox günahkarlar ölüm anında iman çövhərinə yetişib əbədiyyət şərabını içər və Uca Mələkuta tərəf pərvaz edər...”

İkincisi, bizim nəzərimizcə, Ateizm, istər fərdi, istərsə də ictimai formalarında, Allahın mövhumat və xurafatlara batmış və ruhanilər zümrəsinin inhizarına keçmiş dini təlimlərlə mübarizə silahıdır. Bu cür yanaşma oxucuya bir qədər qəribə görünə bilər: Allah ateizmdən Özünün yerə göndərdiyi dinlərə qarşı necə silah kimi istifadə edə bilər? Bu məsələyə məntiqlə yanaşaq: hər bir çay başlanğıc götürdüyü bulaqda saf və şəffaf, sağlamlıq və şəfa, lakin dənizə töküldüyü yerdə bulanlıq və xəstəlik mənbəyidir. Allahın yerə göndərdiyi dinlər də belədir; başlanğıcda cəmiyyətə və fərdə mayak, yol göstərən, hidayət edən, sonda xurafat və mövhumatlar çirkabına bulaşmış, cəmiyyəti inkişafdan saxlayan, onu çaşdıran. Hər bir din yaranma, yüksəlmə və tənəzzül mərhələlərindən keçir. Zaman keçdikcə insanlar dinin mənəviyyatla bağlı hissəsini unudub, onun zahiri, maddi cəhətlərindən (ayin, mərasim və s.) möhkəm yapışırlar. Lakin insan cəmiyyəti daim inkişafdadır. Biliklər artdıqca və ictimai-iqtisadi münasibətlər təkmilləşdikcə, insanların dünyagörüşü dəyişir və kamilləşir. Bu zaman inkişaf etmiş cəmiyyət dinin dondurulmuş sosial qanunlarına sığmır. Bu da fərdlərin və bütövlükdə cəmiyyətin dindən uzaqlaşmasına səbəb olur. Tənəzzül mərhələsi son həddə çatanda Allah Yerə yeni Peyğəmbər göndərir və unudulmuş ruhani prinsiplər yenidən bərpa edilir, inkişaf etmiş yeni cəmiyyətin tələblərinə uyğun qanunlar elan edilir və bununla da Dinin başqa ad altında növbəti yüksəlişi başlayır. Həzrət Bəhaullah yazır:

“Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir.  Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur..”

Həzrət Krişna “Bhaqavat-Qita”da buyurur:

“Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm zahir oluram... dini prinsipləri bərpa etmək üçün...”

 

Əgər dinin yaranma mərhələsində ruhani və mənəvi məsələlər daha çox qabarırsa, yüksəliş dövründə fəlsəfə, incəsənət, memarlıq, tənəzzül mərhələsində isə ayinçilik, xurafat və mövhumatlar ortaya çıxır. Belə olan halda Allah nə etməlidir? Cavab məlumdur, insanlara yeni Peyğəmbər və yeni dini təlim göndərməlidir. Lakin Allah bilir ki, ruhanilərin təsiri altında olan insanlar Onun Elçisini rahatlıqla qəbul etməyəcək, əsrlərlə qəlblərində bəslədikləri “köhnə din”dən asanlıqla əl çək­məyə­cəklər. Əlbəttə, Allahın əlində Peyğəmbərlərin yolunu təmizlə­məyin, ruhanilərin nüfuzunu sarsıtmağın və insanların düşüncəsini köhnəlmiş ehkam və baxışlardan azad etməyin müxtəlif üsulları vardır. Onlardan biri də azadfikirlilik və ateizmdir.

İlahiyyat kimi ictimai şüurun forması olan ateizmin də tarixi qədimdir. Əslində ateizm zaman-zaman cəmiyyətdə ruhani kasadlığın, mənəvi tənəzzülün və ənənəvi ilahiyyat sistemlərinin böhranı zamanı ortaya çıxır. Bu hal keçmiş dövrlərdə də olmuş və indi də belədir. Artıq sivilizasiyanın ilkin mərhələlərində biz dinin tənqidi, onun ayrı-ayrı ehkam və müddəalarını şübhə altına almaq və inanmamaq halları ilə rastlaşırıq. Dünyada hökm sürən zülm və ədalətsizliklər, ruhanilərin riyakarlığı allahların qüdrətini şübhə altına alır, allahlamübarizçilik əhvali-ruhiyyəsinə, rəsmi ayin və mərasimlərinə tənqidi yanaşmaya, sonralar isə Allahın inkarına təkan verirdi.

Müxtəlif dövrlərdə ateizmin çoxçeşidli formaları olmuşdur. Hələ Qədim Misir, Şumer, Hind və Antik mədəniyyətlərdə bəzi azad düşüncə sahibləri, filosoflar dinə qarşı ateizm ruhunda kifayət qədər kəskin fikirlər söyləmişlər. Yeni dövrdə ateizm burjua inqilablarının baş verməsi və təbiətşünaslığın yaranması ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Fransız materialistləri, Didro, Holbax, Helvesiy din və kilsəyə despotizm və istibdadın dayağı kimi baxırdılar. Onlar dini təlimləri bəşəriyyəti nadanlığa və köləliyə sürükləyən xurafat və mövhumatların mənbəyi, cəhalətin təcəssümü sayırdılar. Onlar dini əxlaqi riyakarlıq, dini elm və sağlam düşüncə ilə bir araya sığmaz hesab edirdilər. Lakin burada da tənqidin əsas obyekti əsasən cəmiyyətdə təşəkkül tapmış dini mövhumat və xurafatlar, hakim dairələrlə daim sövdələşmədə olan dini təsisatlar, ruhanilər, kilsə və məbədlər idi. Holbax yazır: “Gözünü açmaq kifayətdir ki, ruhanilərin bəşəriyyət üçün nə qədər böyük təhlükə olduğunu görəsən. Ruhanilər insan ruhunu əsarət altına almağa can atırlar, ona görə də elm və əqlə müharibə elan etmişlər. Ruhanilər bəşəriyyətin düşmənləridir, öz həmvətənlərini itaətdə saxlamaqdan ötrü onları cəhalət və ehtiyacda saxlayırlar. Onlar xalqın mənəviyyatını pozur, onun istedadını və hərəkət etmək qabiliyyətini məhv edirlər. Onlar insanların sadəlövh­lüyündən istifadə edib, zənginləşirlər. Ona görə də kilsə dünyəvi hakimiyyətdən məhrum edilməlidir”.

Ateizm XVI-XVIII əsrlərdə geniş yayılmağa başlamış sekulyarizasiya prosesinin – incəsənət, hüquq, elm, fəlsəfə və siyasətin kilsənin nəzarətindən və dini ehkamların diktatından azad olmasına yardım etmişdir. Qərbi Avropada İntibah dövründə qüvvə toplayan, XVI və XVIII əsrlərdə sürətlə inkişaf edən ateizm, nəhayət, XIX –XX əsrlərdə marksizm fəlsəfəsində və elmi ateizmdə özünün ən yüksək zirvəsinə çatmışdır. Ona görə də bu kitabda sonrakı sətirlərdə ictimai şüurun forması kimi ateizm haqqında danışarkən marksist ateizmə, yəni “elmi ateizmə” istinad edilmişdir.

Elmi ateizmin məqsədi Allahın mövcud olmadığını, bütün dinlərin yanlış və ya uydurma olduğunu, yalnız öz tədqiqatında elmi metodlara, sosial, qnoseoloji, psixoloji, təbii və ictimai dəlillərə istinad edən materializmin və elmi ateizmin haqq olması fikrini insanlarda aşılamaqdır. Elmi ateizm də ilahiyyat və dinşünaslıq kimi insanlara Din haqqında məlumat verir. Lakin bu məlumat onun üçün vasitə olub, məqsəd insanlarda bütövlüktə Dinə və ya onun hər hansı formasına (yəhudiliyə, xristianlığa, islama, buddizm və s.) qarşı mənfi münasibət yaratmaqdan və ondan uzaqlaşdırmaqdan ibarətdir.

Elmi ateizm materialist dünyagörüşünün mühüm tərəf­lərindən birini təşkil edir. Bu təlimə görə din gerçəkliyin saxta, fantastik inikası, ayrı-ayrı adamlar (peyğəmbərlər) tərəfindən düşü­n­ülmüş bir ideologiyadır. Bu münasibət elmi ateizmin banilərindən F.Engelsin aşağıdakı tərifində daha aşkar görünür: “Hər bir din, insanların gündəlik həyatında onlara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından, yer üzə­rindəki qüvvələrin səma qüvvələri şəkli aldığı inikasından başqa bir şey deyildir”.

Beləliklə, elmi ateizm nəzəriyyəsinə görə, dinin yaranması insanın təbiət və cəmiyyətin kortəbii qüvvələri qarşısında acizliyi və bu qüvvələrin insan düşüncəsində fantastik inikası səbəbindən baş verir. Tarixi inkişafın gedişində insanlar bu qüvvələrin təsir dairəsindən çıxdıqca din də bir tarixi kateqoriya kimi tədricən aradan gedəcəkdir. Lakin elmi ateizm etiraf edir ki, obyektiv qanunlarla qabaqcadan müəyyən edilmiş “dinin ölüb getməsi” prosesi kortəbii surətdə baş verməyəcəkdir. Burada ateizm tərbiyəsi həlledici amil kimi çıxış edir. K. Marks yazmışdır: “...bizim fikrimiz belədir: sosializmin inkişaf dərəcəsinə uyğun olaraq din də yox olub aradan çıxacaqdır. Dinin yox olması tərbiyəyə çox böyük rol veridiyi ictimai inkişaf nəticəsində baş verəcəkdir”. Bu təlimdə daha bir yanlış fikir, insanların dindən uzaqlaşdırılmasında, onlarda ateizm əqidəsinin formalaşmasında əsas vasitə onların fəal istehsalat və ictimai fəaliyyətə cəlb edilməsi ideyasıdır.

Elmi ateizm üçün ilahiyyatdan fərqli olaraq, “haqq din” və ya “səmavi din” anlayışı mövcud deyildir. Onun üçün bütün dinlər eyni mövqedədir. Onun üçün yaxşı halda “ənənəvi və qeyri-ənənəvi” və ya “dünya və milli” dinlər mövcuddur. Elmi ateizm də öz məqsədinə çatmaqdan ötrü Dinlərin Müqəddəs Yazılarına, dini söhbətlərə, hədislərə, müqəddəs rəvayətlərə, təbiət və cəmiyyət hadisələrinin elmi təhlilinə və həmçinin ona məxsus bir sıra tədqiqat metodlarına istinad edir. Lakin onun əldə etdiyi nəticələr İlahiyyatın əldə etdiyi nəticələrin tam əksidir, yəni din uydurma, fantaziya, insanın təbiət və cəmiyyət hadisələri qarşısında acizliyindən doğan ictimai şüur forması, mövhumat və xurafatların mənbəyi, tərəqqinin düşməni, istismarçı siniflərin istismar olunan siniflər üzərində hakimiyyətini əbədiləşdirməkdən ötrü xalq kütlələrini sakitləşdirən, onları “yuxuya verən tiryəkdir” və s.

Beləliklə, ateist olmaqla insan nə qazanır? Bu suala dövrümüzün ateistləri aşağıdakı cavabı verirlər:

1.  Ateizm Hər Bir İnsana Öz Şəxsi Həyatını İstədiyi Kimi Yaşamaq Azadlığı Verir: Dinlərin çoxu öz tərəfdarlarından onların qoyduqları tələblərə uyğun davranış tələb edirlər. Dinlər həmçinin öz tərəfdarlarının istəklərini nəzərə almadan onlara kimi dinləməli, nə cür geyinməli, hətta “nəyi yeməli” kimi məhdudiyyətlər qoyurlar. Bununla müqayisədə ateizmdə belə yasaqlar yoxdur. Ateizmin əsas mahiyyəti hər bir şəxsə azad seçim verməkdir. Əlbəttə bu o demək deyil ki, ateist istədiyi hərəkəti edib, başqalarına ədəbsizlik edə bilər – heç kim əxlaq prinsiplərindən istisna ola bilməz. Əksinə, bu o deməkdir ki, ateist həyatda öz məqsədini seçməkdə tamamilə azaddır.

2. Ateizm Hər Bir İnsana Öz Qərarında Azadlıq Verir: Adətən dinlərin çoxu öz tərəfdarlarına nə haqda və necə düşünməkləri ilə yanaşı hansı sualı soruşub soruşmamaq kimi məhdudiyyətlər qoyurlar. Ateizm bu qadağalar fonunda hər bir insana istədiyi kimi düşünmək, inanmaq və istədiyi sualı soruşmaq azadlığı verir. Ateist üçün qadağan olunmuş bilik, kitablar və ya sual vermək məhdu­diyyəti yoxdur. Dinlərdən fərqli olaraq ateistlər bütün mövzuları öyrənməkdə və istədikləri şeylərə inanmaqda tamamilə azaddırlar.

3.  Ateizm Fərqli Düşünən İnsanlara Qarşı Dözümlülük Deməkdir: Dinlərin çoxu öz tərəfdarlarının düşüncələrinə, həyatdakı məqsədlərinə nəzarət etməklə yanaşı, onlara fərqli düşünən insanlarla ünsiyyət qurmağı və ya dostluq etməyi yasaqlayırlar. Məsələn, Bibliyada xristianlara qeyri-xristianlardan ayrı yaşamaq əmr edilir; eyni şey İslamda da var. Quran müsəlmanları ancaq müsəlmanlarla dostluq etməyə və qeyri müsəlmanlardan hətta, ata və ya qardaşı olsa belə uzaq durmağı tələb edir. Ateizmdə isə əksinə belə qadağalar yoxdur. Ateist istədiyi və özü seçdiyi insanla dinindən, irqindən və düşüncəsindən asılı olmayaraq dostluq etməkdə tamamilə azaddır.

4. Ateizm Bütün İnsanlara Özlərini Digərləri İlə Bərabər Görmək İmkanı Verir: Dinlərin çoxunda bərabərliyə zidd bəzi qanunlar var. Onlardan biri də istər qadın-kişi münasibət­lərində, istərsə də digər sosial qrup və təbəqələrə qarşı mövcud olan bərabər­sizlikdir. Bəzi dinlərin (İslam, Yəhudi) tərəfdarları onların Allah tərəfindən seçilmiş və başqalarından üstün olduqlarını vurğulayır, öz  Dinlərini haqq, digərlərini yanlışlıq­da ittiham edirlər. Ateizm isə bu növ mövhumatdan uzaq olub, bütün insanların bərabər olduğunu iddia edir. Ateizm dinlərin insanlar arasında yaydığı nifrəti aradan qaldırır və dindarlardan fərqli olaraq ateist bir insan digərlərinə günahkar və ya yolunu azmış kimi baxmır. Ateist üçün nə “o biri dünyada vəd olunmuş nemətlərə” çatmaq yolunda terror törədərək şəhid olma zirvəsi, nə də ki fərqli düşünənlərə qarşı elan edilən müqəddəs müharibə anlayışı yoxdur. Əksinə ateistlərin başlıca vəzifəsi insanlar arasında bütün bu dini ayrı-seçkiliyə son qoymaq və bəşəriyyətə sülh gətirməkdir.

5. Ateizm Tənqidi Düşüncəyə Sahib Olmaq Deməkdir: Dinlər öz tərəfdarlarını skeptik və tənqidi düşüncə prin­siplərindən uzaqlaşdırır, əvəzində kor-koranə inanmağı təklif edirlər. Öz tərəfdarlarından həqiqəti ancaq onların müqəddəs saydıqları kitablardan öyrənməyi və bunu da yalnız, şübhəsiz və sorğusuz həyata keçirməyi tələb edirlər. Sual vermək və şübhə etmək dinlərdə böyük günah sayılır.Ate­ist­lər isə əksinə, bütün dəlilsiz iddialara skeptik yanaşır, şübhə edir və həqiqəti öyrənirlər. Sirr deyil ki bəşəriyyət məhz kor-koranə inananların deyil, şübhə edən insanların hesabına inkişaf edir. Hətta inanclı elm adamları belə öz elmi sahələrində ateist olurlar. Çünki, bu insanlar dini kitablarda yazılanlarla kifayətlənmir və onları qəbul etmirlər. Onlar elmi axtarışlarda Allahı yox, baş verən təbiət hadisələrinin təbii səbəblərini axtarır və tapırlar. Allah məfhumu isə həmişə elmi kəşflərin qarşısında böyük maneə olmuşdur.

Elmi ateizmə dair ədəbiyyatlarda Qədim Dünya və Orta əsrlər dövrü üçün səciyyəvi olan azadfikirlilik yanlış olaraq ateizmin sələfi kimi qiymətləndirilir: “Azadfikirlilik – zəkanın dinin müddəalarını azad tənqidi şəkildə nəzərdən keçirmək, həmçinin bizi əhatə edən dünyanı dindən asılı olmadan tədqiq etmək hüququnu elan edən ideya cərəyanıdır”. Lakin azad­fikirliliyin müxtəlif növlərinin təhlili göstərir ki, onların ha­mısının arxasında heç də Allahın inkar edilməsi durmur. Şüb­həsiz ki, həqiqət axtarıcılıq yolunda təfəkkürün keçdiyi mərhə­lələrdən biri də azadfikirlilikdir. Azadfikirliliyin yaranması qa­nunauyğun prosesdir. Onun ortaya çıxmasında qarşılıqlı əlaqə olan iki proses iştirak edir:

1. İnsan tərəfindən maddi dünyanın dərk edilməsi və bu baxışın ilahiyyat sistemlərinin təklif etdiyi dünyagörüş ilə ziddiyyət təşkil etməsi;

2. İlahiyyat sistemlərinin tənəzzülü və dinin sonuncu, tənəzzül mərhələsinə qədəm qoyması ilə öz dövrünü başa vurmuş dini təlimlərin cəmiyyətin sosial, iqtisadi, mədəni, ən əsası isə ruhani tələblərinə cavab verə bilməməsi.

Dinə tənqidi münasibət dini təlimlərin xurafat və möv­humatlarla hədsiz yükləndiyi, dini rəhbərlərin və təsisatların nüfuzdan düşdüyü, siyasət və maddiyyata qoşulduğu dövrlərdə özünü daha qabarıq şəkildə göstərir.Tarix azadfikirlilik və ateizmin təkcə yüksəliş deyil, zəifləmə dövrlərinin də şahidi olmuşdur. Allahdan yeni din nazil olanda, insanlar onları narahat edən sualların cavabını onda tapanda dinin tənqidi, adətən, zəifləməyə doğru gedir.

Ədəbiyyatlarda azadfikirliliyin müxtəlif formalarının adı çəkilmişdir: allahlamübarizçilik, skeptizim, antilerikalizm, indifferentizm, panteizm, deizm, niqilizm, aqnostisizm və s. Burada biz onun bəzi növlərinin yaranma səbəbləri üzərində ətraflı dayanacağıq. Onların hər birinin həm fərdin, həm də cəmiyyətin ruhani axtarışında öz yeri və rolu vardır.

Allahlamübarizçilik – azadfikirliliyin fərdi və ictimai formalarının ən erkən və zəif formasıdır. Allahlamübarizçi Al­lahın varlığını inkar etmir, lakin Onun yaratdığı dünyanı amansız və ədalətsiz hesab edir. Allahlamübarizçilik sosial ədalətsizlikdən, ümidsizlikdən, qəfil bəlalardan, ruhanilərin ri­yakarlığını müşahidə edən insanların düşdüyü vəziyyətdən, şəx­si taledən narazılıqdan törəyir. Yerdəki bəlalar, allahla mü­barizçiyə görə Allahın ali mərhəmət ideyasına uyğun gəlmir, o, Allaha amansız və ədalətsiz və ya ədalətsizliklərə laqeyd yanaşan varlıq kimi baxır. Allahlamübarizçilər Xristianlıq təlimində Adəm və Həvvanın ilkin günahını onların deyil, Al­lahın öz səhvi olduğunu düşünürlər. Müasir dövrdə də Allah­lamübarizçiliyin fərdi və ictimai formalarına rast gəlmək mümkündür. Bu forma ruhanilərin nüfuzdan düşdüyü, dinin ruhani əsaslarının unudulduğu və zahiri cəhətlərinin – ayin və mərasimlərin qabardıldığı, ilahiyyatçılığın böhran mərhələsinə qədəm qoyduğu zamanlarda kütləvi hal kimi ortaya çıxır. O, insanın düşdüyü ruhani vəziyyətdir. Lakin o, dönərli prosesdir və onun ateizmə çevrilməsi mütləq deyildir. 

Skeptizm (yun.skeptikos – nəzərdən keçirən, tədqiq edən) – dini və ya onun ayrı-ayrı müddəalarını şübhə altına almaqdır. Azadfikirliliyin bu formasında da Allahın inkarı əsas deyildir. Şübhə dərketmənin metodoloji prinsipi kimi – həqiqətə çatmaq üçün vasitədir. Dinin skeptizm mövqeyindən tənqidinə artıq qədim cəmiyyətlərin mədəniyyətində görmək mümkün idi. Şərqdə - Misir, Babil və Fələstində o özünü axirət dünyasına, dini ayinlərin təsirliliyinə inamsızlıqda göstərirdi. Qədim Yunanıstanda sofistlər və filosoflar allahlarla bağlı əfsanələrin həqiqiliyini şübhə altına alırdılar. Skeptizmin də fərdi və ictimai formaları mövcuddur. Orta əsrlərdə skeptizm ictimai formaları folklor nümunələrində, bədii ədəbiyyat və fəlsəfədə, həmçinin ikonoborçuluqda (xristianlıqda ikonolara, müqəddəs cəsədlərə sitayişi rədd edən hərəkat) təzahür edirdi. X-XII əsrlərdə Bolqarıstanda boqomillərin, XI-XIII əsrlərdə Fransa və İtaliyada katarların və albiqoyçuların, XIV əsrdə Rusiyada Markian “küfrü” skeptizmə aid edilir. Skeptizm də dini təlimlərin və ilahiyyat sistemlərinin böhranlı dövrlərində üzə çıxır.

Antiklerikalizm (lat.anti-əleyhinə, clericalis – kilsə) - kilsə və ruhani təbəqənin cəmiyyətdə hakimiyyət iddiasına qarşı çevrilmiş ideya və sosial hərəkatdır. Orta əsrlər Avropasında antiklerikalizm ruhani hakimiyyətin dünyəvi hakimiyyət üzərində üstünlüyü barədə xristian kilsəsi tərəfindən yayılan ideyaya qarşı mübarizənin forması olmuşdur. Antifeodal burjua inqilabları ideologiyasında antiklerikalizm zəruri element kimi çıxış etmişdir. Antiklerikalizm bütövlükdə kütləvi, lakin yek­cins olmayan hərəkatdır. Antiklerikalizm hərəkatında müxtəlif fəlsəfi, siyasi, dini əqidədə olan adamlar iştirak edirlər. Özünün istiqamətinə və nəticələrinə görə antiklerikalizm dünyəvi və dini ola bilər. Məsələn, XIX əsrin ortalarında Haribaldinin İtaliyada Roma papasının hakimiyyətini məhdudlaşdırması və ya elə həmin əsrdə Almaniyada Bismarkın katolik kilsəsinə qarşı apardığı mübarizə, XX əsrin 20-30-cu illərində Türkiyədə və SSRİ-də, 50-60-cı illərdə bir sıra sosialist dövlətlərində dini təsisatlara və ruhanilərə qarşı aparılan mübarizə dünyəvi antiklerikalizmə bariz nümunədir. İntibah dövründə Yan Qus, Martin Lüter və digər din xadimlərinin fəaliyyəti katolik kilsə­nin, ruhanilərin və dini təsisatların hakimiyyətini məhdud­laşdırılmaq şüarı altında keçmişdir. Bunlar isə dini antik­lerikalizmə aiddir. Dünyəvi antiklerikalizmin arxasında allah­sız­lığın durmasını iddia etmək çətindir. Onu həyata keçirən şəxslərin niyyətində (kommunist ideoloqlar burada istisna olmaqla), şübhəsiz ki, dini cəmiyyətdən silib atmaq deyil, dini təsisatları sarsıtmaq, onların siyasi və iqtisadi imkanlarını ələ keçirmək məqsədi durur.

İndifferentizm (lat.indifferens- etinasızlıq) – din və onun ayrı-ayrı ideyalarına etinadsızlıq, laqeydlikdir. Sekulyar cəmiy­yətlərdə fərdi və ictimai şüur formasında ədəbiyyat, incəsənət və ictimai həyatın müxtəlif sahələrində, insanların həyata baxışlarında, dünyagörüşlərində özünü göstərir. İndifferen­tizmə sekulyar cəmiyyətlərdə və ya dinin tənəzzül mərhələsinə qədəm qoyduğu tarixi dövrlərdə ruhun allahlamübarizçiliklə ateizm arasında düşdüyü aralıq vəziyyət kimi də baxmaq mümkündür. Fərdi və ictimai formalarda o da dönərlidir. İnsan ürəyinə iman toxumunun düşməsi onun dinə qayıtmasına səbəb ola bilər.

Panteizm (yun.pan – hər şey, theos- allah) - Allah və dünyanı bərabərləşdirən, onların vəhdətini elan edən azadfikirliliyin formasıdır. İlk dəfə panteizm yaxud panteist termini ingilis dilində 1705-ci ildə irland yazıçısı John Toland tərəfindən işlədilmişdir. O, bu sözdən Spinozanın ideyalarını izah etmək üçün istifadə etmişdir. Orta əsrlərdə panteizmin geniş yayılmış formalarından biri təbiət və insan ruhlarının Allahda fane olması haqqında təsəvvürlər idi. Məsələn, hüru­filikdə və İslami məzhəb olan İsmailikdə də panteist baxışları sezmək mümkündür. Panteizmin digər forması təbiət və Allahı bir vəhdətdə, vahid substansiyada birləşdirən naturalist panteiz­midir. Bu nəzəriyyəyə görə Allahın ilkin olması rədd edilir, O, təbiətin bir hissəsi, təbiətin ruhu kimi qəbul edilir. Bu cür baxış İntibah dövrünün və yeni dövrün bir sıra filosofları üçün səciyyəvi idi. Teizm və panteizmi birləşdirməyə çalışan Panen­teizm (yun.panentheos- hər şey Allahladır) nəzəriyyəsinə görə isə dünya Allahın daxilindədir, Allah isə özünü dünyada təzahür etdirir.

Həzrət Bəhaullah buyurur: 

“Tövhid – bütün şeylərdə Əbədi Haqqın təzahürünün əlamətini görməkdir, xilqəti Xaliqə bərabər tutmaq deyil”.

 

Həzrət Əbdül-Bəha yazır:

“Allah nə enir, nə də ki, özünü parlayan cisimlərə çevirir; O, şeylərin xüsusiyyətləri və fərdiyyəti vasitəsilə onların matriyasından təzahür etmir; Əzəli Mövcudluq fani təzahürə çevrilmir; müstəqil zənginlik zəncirlənmiş yoxsulluğa çevrilmir; tam kamillik mütləq qeyri-kamillik olmur”.

Panteizm təzahürlərinin fərdi formalarını da müşahidə etmək mümkündür. Birinci halda, O, özünü ateizm mövqeyindən Allaha dönüş istiqamətində fərdin keçdiyi mərhələlərdən biri kimi göstərir. Mütləqin mövcudluğu inkar etməkdə aciz olduğunu dərk edən, lakin Allahı maddi və ruhani dünyaların fövqündə görməyə hələ gücü çatmayan fərdin, Onu öz xəyalında təbiətlə eyniləşdirməsi təbii hal kimi qəbul edilməlidir. Panteizmin fərdi forması uzun illər ateizm mövqeyində olmuş, lakin həyatının müəyyən dövründə allahaxtarıcılıq yoluna düşmüş təbiətşünas alimlər və filosoflar üçün səciyyəvidir. Bu keçici mərhələ olub, Allaha və Dinə gedən yolda fərdin irəli atdığı bir addımdır. İkinci halda, panteizm əvvəlcə dinə bağlı olub, lakin sonradan müxtəlif səbəblərdən imanı sarsılmış fərdin bu dəfə ateizm istiqamətində hərəkəti zamanı düşdüyü vəziyyətdir. Bu proses də dönərlidir.

Deizm  (lat.deus-allah) - materiyanın inkişafına təkan vermiş hansısa qüvvənin mövcudluğunu tanısa da, fövqəltəbii qüvvələrin təbiət və cəmiyyətin işlərinə qarışdığını inkar edir. Deizmə görə Allah təbiətdən kənar şəxssiz şüur, ilkin təkanvericidir. O, materiyaya təkan, hərəkət, qanunlar vermişdir. Lakin O, indi təbiətin və cəmiyyətin işlərinə qarışmır. Dünya insan əqlinin dərk etmək qabiliyyətində olduğu ciddi qanunlar əsasında inkişaf edir. İnsan Allahın iradəsindən asılı deyildir. O, sərbəst olmaq və fəallıq göstərmək hüququna malikdir. Lakin elə deistlər də olmuşdur ki, Allahın hələ də hadisələrə müdaxilə etdiyini, lakin onu bütövlükdə idarə etmədiyini düşünürdülər. Deizm, təkamül nəzəriyyəsinə qarşı deyil. Deizmə görə insan, Allahın meydana gətirdiyi qaydalar çərçivəsində, ibtidai canlıların təkamülü nəticəsində meydana gəlmişdir.

Deizm orta əsrlərdə ortaya çıxsa da, onun ən yüksək inkişaf dövrü XVII-XVIII əsrlərdə, Kainatı hərəkətə gətirmiş ilkin mexaniki hərəkətin mövcudluğunu iddia edən mexanikanın inkişafı ilə bağlı olmuşdur. Deizmin yaradıcısı Herbert Çerberi (1583—1648) hesab edilir. Onun çiçəklənməsi "Maariflənmə dövrü"nə təsadüf edir (18-ci əsr). Yayılmasında İllüminatlar (lat. İlluminati - ziyalılar, biliklilər və s.) ordeninin böyük xidməti olmuşdur.

Deizm İlahi Vəhy ideyasını inkar edir, dini ehkamçılığı və ayinçiliyin zəruriliyini şübhə altına alır. Deizm Tövrat, İncil, Quran və digər dini kitabların ilahiliyini inkar etsə də Allahın mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.

 Deizmin daxilində çoxlu cərəyanlar olmuşdur. Deizmin sərt qanunları olmadığına görə onun sərhədlərini də müəyyən etmək çətindir. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Allahı və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Deistlər tarix ərzində dini dözümlülüyü və etiqad azadlığını alqışlamışlar. Onlar elm və fəlsəfəni dini təsisatların təsirindən, zəkanı xurafat və mövhumatlar toplusundan ibarət “etiqad”dan azad etməyə çalış­mışlar. Deizm  öz xüsusiyyətlərinə görə Panteizm və Allahlamüba­riz­çiliyə oxşardır. Deizm də fərdi formalarında dəyişkən və dö­nərlidir. Ona da ateizmin məngənəsindən qopub, Allahaxtarıcılq yoluna düşmüş fərdin düşdüyü ruhani vəziyyət kimi baxmaq lazımdır. Bəzi tədqiqatçılar deizmə dinlə təbiətşünaslıq arasında saziş forması kimi baxırlar.

Azadfikirliliyin müxtəlif formalarının təhlilindən göründüyü kimi, onların bəziləri istər ictimai, istərsə də fərdi formalarında (allahlamübarizçilik, antiklerkalizm) Allah və Dinə qarşı deyil, ilk öncə dini təsisatlara (iri torpaq və mülkiyyət sahiblərinə çevrilmiş məbədlərə, kilsələrə), din xadimlərinə (kahinlər, ruhanilər və s.), dində uzun illər ərzində, zaman-zaman toplanmış mövhumatlara, xurafatlara və cəhalətə qarşı çevrilmişdir. Digər formaları (panteizm, deizm)  isə Allahı özlərinə məxsus şəkildə dərk etmiş, dinin cəmiyyətdə funksiyalarını ruhanilərin insanlara çatdırdıqlarından fərqli şəkildə görmüşlər: Şərq azadfikirli­liyinin görkəmli nümayəndəsi Əbu-Reyhan Biruni (973-1048) Allahı varlığın ilk səbəbi kimi qəbul etmiş, lakin müsəlman ruhanilərinin təbliğ etdiyi mövhumatlara qarşı mübarizə aparmışdır. Əli İbn –Sina (980-1037) elmin dindən ayrı olma­sını tələb etmiş, Ömər Xəyyam (1040-1123) öz rübailərində Həqiqi Dinlə əlaqəsi olmayan dini ehkamları müdrikliklə tənqid etmişdir.

İlahiyyat kimi elmi ateizm də bu gün dərin böhran içindədir. Bu həmin təlimin istinad etdiyi marksizm-leninizm fəlsəfəsinin öz tarixi missiyasını uğursuz başa çatdırması, Allah, xəlqetmə və fövqəldünyanın mövcudluğuna dair istər rasional, istərsə də mistik üsullarla inkar edilməz dəlillərin əldə edilməsi və nəhayət son on illiklərdə Dinin dünyanın ictimai-siyasi proseslərində daha fəal amil kimi ortaya çıxmasıdır. Kommunizmin dünya miqyasında sarsılması bir çoxları tərəfindən təkcə “elmi ateizmin” sonu kimi deyil, şürun istənilən qeyri-dini formasının məhvi kimi qəbul edilmişdir. Lakin bölmənin əvvəlində deyildiyi kimi, ateizmin kökləri Allah tərəfindən insanın ruhunda iradə azadlığı formasında əbədi qoyulduğundan onun hər zaman əlverişli şəraitdə (dinin böhran mərhələsində) özünü ateizm formasında göstərməsi mümkündür.

Həm ilahiyyat, həm də ateizm insanlara din haqqında bir-birinə zidd məlumatlar versələr də onlarda bəzi oxşar cəhətlər görmək mümkündür. Hər iki təlimdə (müasir ateizm bunu inkar etsə də) açıq, bəzən isə örtülü formada yadfikirliliyə, başqa təlimlərə qarşı dözümsüzlük, inkarçılıq, bəzən isə fanatizm və düşmənçilik təzahürləri vardır.

bottom of page