top of page

Azərbaycanda Dinlər və Dini Məzhəblərin

Bir Vahid Din Prizmasından Təsnifatı

Allahın bizim mədəni əsrimizə olan hədiyyəsi bəşəriyyətin birliyi və dinlərin əzəli birliyi  haqqında bilikdir.                  -Həzrət Əbdül-Bəha 

Nə vaxtsa dindən tamamilə məhrum olmuş xalq tarixə hələ ki, məlum deyildir. Bütün zamanlarda dini hiss insanın daxili aləminə hakim olmuşdur. İnsan ruhu, onu daşıyanın irqindən, dilindən, mədəni səviyyəsindən, peşəsindən asılı olmayaraq, həmişə gözəlliyə, xeyirxahlığa və pərəstişə layiq Yüksək olana can atmışdır. İnsan bədəni maddi dünyaya bağlı olduğu kimi, onun ruhu da Gözəgörünməz Reallığa bağlıdır. Çünki bütün Dinlərin Müqəddəs Yazılarında bildirildiyi kimi, Bəşəriyyət – öz Yaradanını tanımaq, Ona ibadət etmək və Onun Ali məqsədinə xidmət etmək üçün yaradılmışdır. Özünün ən yüksək ifadə formasında, bu məqsədə cavab vermək üçün insanda olan daxili impuls sitayiş formasını alır, belə bir vəziyyət ki, insan özünü büsbütün bir qüvvəyə təslim edir, elə bir qüvvə ki, belə bir sitayişi haqq edir

Allah da hər zaman insanların istəyini cavabsız qoymamış, Öz zühurları - peyğəmbərləri vasitəsi ilə insan ruhuna rahatlıq gətirən, onun ruhani və fiziki tələblərinə cavab verən ilahi təlimləri - Dinləri insanlara çatdırmışdır. Dinlərin hamısı müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyacına uyğun olaraq Allahın Vəhyi vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır və Bəşəriyyət durduqca göndəriləcək peyğəmbərlərin ardıcıl sırası vasitəsilə bu rəhbərlik də davam edəcəkdir. Allah Bəşəriyyəti bu formada xəlq etmiş və insan sivilizasiyasını Öz böyük Planı əsasında sonu görünməyən gələcəyə doğru aparmaqdadır. Təkamülün, inkişafın bu formasında Din başlıca hərəkətverici qüvvə kimi çıxış etdiyindən, insan cəmiyyətini onsuz təsəvvür etmək mümkün deyildir. Həzrət Bəhaullah buyurur: 

“Bütün insanlar tərəqqi edən sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar. Allahın insanlara Peyğəmbər göndərməkdə məqsədi ikidir. Birincisi, insan övladını cəhalət qaranlığından azad etmək və onları irfan işığına doğru yönəltməkdir, ikincisi, Bəşəriyyətin sülh və əminamanlığına zəmanət vermək və onları yaradıcılığı üçün vasitələrlə təmin etməkdir”.

Deyilənlərdən aydın olur ki, Allahın yerdə yalnız Bir Dini mövcuddur. Mövcud dinlər isə onun tarixi mərhələləri və yaxud onun məkan və zamandan asılı olaraq təzahür formalarıdır. Bir Ümumi Din – Dinlərin əzəli birliyi mövqeyindən mövcud dinlərə yanaşılma və yaxud onların bir mənbədən olması konsepsiyası onlar arasında “qohumluq”, “oxşarlıq”, “yaxınlıq” və “ardıcıllıq” əlaqələrinin aşkarlanmasını, onları ayıran deyil, məhz birləşdirən məqamları üzə çıxarmağı tələb edir. Dinlə bağlı aparılmış tədqiqatlarda bu məsələ ilə bağlı müxtəlif baxışlar mövcud olmuşdur. Ona görə də Dinşünaslıqda ən əhəmiyyətli məsələlərdən biri  Azərbaycanda mövcud din və dini məzhəblərin Bir Ümumi Din –Dinlərin Əzəli Birliyi konsepsiyası mövqeyindən təsnifləşdirilməsi məsələsidir. Hazırda dinlərin təsnifləşdirilməsi ilə bağlı bir neçə yanaşma mövcuddur. Bu yanaşmaları araşdırmağa çalışaq.

Dinlər və Dini Məzhəblərin Xronoloji Təsnifatı 

Ənənəvi olaraq bu təsnifat əsasında dünya dinləri zaman baxımından yaranma ardıcıllığına görə və ya xronologiya üzrə qruplaşdırılırlar. Hazırda dünyada mövcud on üç əsas “canlı” dindən yalnız İslam (VII əsr), Sihhizm (XVI əsr) və Bəhai Dininin (XIX əsr) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduizm, Krişna Şüuru, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, Yəhudilik və Xristianlığın tarixi isə min illiklərlə ölçülür. Azərbaycanda on üç “canlı” dindən yalnız beşi (Krişna Şüiri, Yəhudilik, Xristianlıq, İslam, Bəhai dini) mövcuddur. Dünyanın 200 – dən çox ölkəsində, o cümlədən Azərbaycanda ardıcılları olan Krişna şüuru Cəmiyyəti (bu kitabda monoteist xarakterinə və ona məxsus teoloji əsaslarına görə müstəqil din kimi verilmişdir) təşkilatı baxımdan 1966-cı ildə təşəkkül tapsa da, Qədim Veda dini təliminə və miladdan 5000 il əvvəl zühur etmiş Həzrət Krişnanın nazil etdiyi kitablara istinad etdiyi üçün qədim din hesab edilə bilər. Beləliklə, yalnız Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (174 il). Onun formalaşmasında sonuncu tarixi mərhələ yalnız 1963-cü ildə Bəhai dininin ruhani və inzibati mərkəzi olan Uca Ədalət Evinin qurulması ilə sona çatıbdır. 

Dinlərin xronoloji təsnifatı sistemindən dinlərin tarixi ilə bağlı ədəbiyyatlarda daha çox istifadə olunur. Bu kitabın III fəslində Respublikamızda mövcud dinlər, dini məzhəblər haqqında məlumat verilərkən bu təsnifat sistemindən istifadə olunmuşdur. Yəni Azərbaycanda “qədimliyinə” görə Krişna Şüuru Cəmiyyəti, “cavanlığına” görə isə Bəhai dini bu sıranın əvvəlini və sonunu təşkil etmişdir. Əlbəttə, söhbət burada bu dinlərin Azərbaycana gəlmə tarixindən getmir. Çünki, belə olan halda ən qədim din “Azərbaycan meyarları” ilə “ən cavan” dinlərdən birinə çevrilərdi. Məhz Krişna Şüuru hərəkatı o dinlərdəndir ki, XX əsrin 80-ci illərinin sonuna kimi Azərbaycanda onun ardıcılları olmamışdır. İkincisi, bu cür yanaşma bizi Azərbaycanda dinlər və dini məzhəblərin, mahiyyətinə görə ədalətsiz qruplaşması olan, “ənənəvi və qeyri-ənənəvi dinlər” bölgüsünə gətirib çıxarardı. Halbuki yuxarıda qeyd edildiyi kimi, Bir Ümumi Din konsepsiyasına istinad edən Dinşünaslıq dinlər və dini məzhəblərin bu cür bölgüsünü qəbul etmir və bu cür bölgüdə ayrı-seçkilik və müstəsnalıq təzahürlərini görür.

Hazırda Azərbaycanda dinlərin “ənənəvi”-“qeyri-ənənəvi” qruplaşdırılması ədəbiyyatlarda və mətbuat səhifələrində daha çox işlədildiyindən onun üzərində bir qədər ətraflı dayanaq. 

Bu anlayışı ortaya atan və onu dəstəkləyən kəslərin nəzərincə, “ənənəvi din” anlayışı, həmin dinin Azərbaycan ərazisində tarixi dövrdən, yəni əvvəldən mövcud olduğunu, “qeyri-ənənəvi din”in Azərbaycan ərazisində tarixi dövrdən mövcud olmadığını, sonralar, çox güman ki, “missioner” təşkilatlar vasitəsilə gətirildiyini göstərir. 

Sual olunur: rəsmən Azərbaycanda hansı dinlər və dini məzhəblər “ənənəvi”, hansılar isə “qeyri-ənənəvi” hesab olunur? Bu sualın cavabı aşağıdakı kimidir: İslam (onun Azərbaycanda əvvəldən olmuş sünni və şiə məzhəbləri), Rus provaslav və bütün yəhudi məzhəbləri, Roma katolik kilsəsi (son illər bu məzhəb ənənəvi dinlər sırasına daxil edilmişdir) “ənənəvi”, qalan dinlər isə “qeyri-ənənəvi”dir. Bu sırada nədənsə Alban-Udi kilsəsi ənənəvi dini məzhəb kimi unudulubdur. Çünki heç bir yazılı mənbədə onun adı ənənəvi dinlər sırasında yoxdur.

   Azərbaycanda din və dini məzhəblərin “ənənəvi və qeyri-ənənəvi” bölgüsü ilə yanaşı, onların ikinci bölgü sistemi də mövcuddur. Bu sistemlə dinlər və dini məzhəblər iki qrupa bölünürlər: “səmavi” və “qeyri-səmavi”. Bu bölgü hətta orta məktəb şagirdləri üçün əlavə oxu vəsaiti kimi nəzərdə tutulmuş “Din əxlaqa aparan yol” (Bakı, 2004) kitabında da verilmişdir. Burada da İslam, Rus pravoslav, Roma katolik və yəhudi məzhəbləri səmavi, Allahdan nazil olmuş, həqiqi din, qalan dinlər və dini məzhəblər isə qeyri-səmavi, Allahdan nazil olmamış, bəşər övladının uydurması kimi təqdim olunur. Heç bir obyektiv dəlillərə istinad olunmadan bu cür bölgü dini ayrı-seçkiliyin kobud təzahürü olub, Azərbaycan Konstitutsiyasına və Dini Etiqad haqqında qanuna zidd olmaqla yanaşı, Respublikamızda dinlərin, dini məzhəblərin dostluq, əməkdaşlıq və birliyinə xidmət edə bilməz. Çünki bu bölgü ilə dinlərin Bərabərliyi və Əzəli Birliyi prinsipi pozulmuşdur. Digər tərəfdən, bu bölgü ümumiyyətlə, öz əsaslarına və arqumentlərinə görə səhvdir. Bu cür bölgü yeni kəşf olunmuş materik və adalarda missioner-müstəmləkəçilərin apardığı bölgüyə - “həqiqi” və “uydurma” dinlər təsnifatına daha çox oxşardır.

Əgər nəzəri baxımdan xronologiyanı əsas götürməklə dinlərin “ənənəvi” və “qeyri-ənənəvi” qruplara bölünməsini qəbul etsək Azərbaycanda hansı dinlər “ənənəvi”, hansılar “qeyri-ənənəvi” hesab edilə bilər? Əgər bu bölgü tarixlə bağlıdırsa, onda xronologiyanın tarixi hansı vaxtdan götürülməlidir? Bu sualın cavabını tapmağa çalışaq. Bundan ötrü Azərbaycanın son iki yüzillik tarixinin üç əlamətdar hadisəsini xronoloji bölgünün başlanğıc nöqtəsi, tarixi meyarı kimi götürək və onları tarixi hadisələrin adı ilə işarələyək. Bunlar aşağıdakılardır:

1. Türkmənçay müqaviləsi. Əgər xronologiya Türkmənçay müqaviləsindən (1828-ci ildən), yəni Azərbaycanın Rusiyanın tərkibinə daxil edildiyi vaxtdan götürülürsə, həmin dövrə qədər Azərbaycan ərazisində İslam (ənənəvi sünnilik və şiəlik), Alban kilsəsi (1836-cı ildə xüsusi fərmanla ləğv edilib), yəhudilik (söhbət burada ortodoks yəhudilikdən – dağ yəhudilərindən gedir, çünki islah edilmiş yəhudilik və digər məzhəblər hələ Azərbaycana gəlməmişdi), Zərdüştilik (o dövrdə bu dinin ardıcılları çox kiçik qruplar şəklində hələ mövcud idi) var idi. Qalan dinlər, o cümlədən Rus provaslav, Roma katolik kilsəsi, lüteranlıq və baptist məzhəblər Azərbaycan ərazisində öz fəaliyyətini hələ qurmamışdı. Əlincilər, adventistlər, yahovaçılar, Krişna şuru və Bəhai dinindən söhbət belə gedə bilməzdi, çünki bu dinlər və məzhəblər hələ “dünyaya gəlməmişdilər”. Nəzərə alsaq ki, hazırda Zərdüştilik artıq Azərbaycanı tərk edib, rəsmən yalnız üç din - İslam (ənənəvi sünnilik və şiəlik), Alban-Udi kilsəsi və ortodoks yəhudilik “ənənəvi”, qalan dinlər isə “qeyri-ənənəvi” hesab edilməlidir;

 

2. Azərbaycanda Sovet hakimiyyətinin qurulması. Əgər bu tarix 1920-ci ilin aprelindən, yəni Azərbaycanın ikinci dəfə Rusiyanın tərkibinə daxil edilməsindən götürülürsə, həmin dövrə qədər də Azərbaycanda hazırda mövcud olan dinlərin böyük əksəriyyəti, o cümlədən rus provaslav, Roma –katolik, protestant təmayüllü bütün cərəyanlar (“Yahova Şahidləri”cəmiyyətindən başqa), Bəhai dini icması fəaliyyət göstərirdi. Yalnız vəhhabilik, Krişna şüuru Cəmiyyəti (bu din 1963-cü ildə yaranıbdır) və “Yahova şahidləri” Azərbaycanda hələ məlum deyildi. Demək, bu sonuncular “qeyri-ənənəvi”, qalanları isə “ənənəvi” hesab olunmalıdırlar;

 

3. Azərbaycanın müstəqillik əldə etməsi. Əgər bu tarix 1991-ci ildən, yəni Azərbaycanın müstəqilliyə qədəm qoyduğu ildən götürülürsə, həmin ilə kimi respublikamızda nurçuluqdan başqa qalan bütün dinlər, dini məzhəb və cərəyanlar artıq mövcud idi. Demək, yalnız bir dini məzhəb – nurçuluq “qeyri-ənənvi”, qalan dinlər, dini məzhəblər və cərəyanlar “ənənəvi” hesab edilməlidir. 

Yuxarıdakı təhlildən göründüyü kimi, Azərbaycanda din və dini məzhəblərin “ənənəvi” və “qeyri-ənənəvi” bölgüsü heç bir obyektiv dəlillərə əsaslanmır. Bu cür bölgünün törətdiyi fəsad odur ki, Azərbaycanda bütün dinlər və dini məzhəblər dövlət və cəmiyyətin onlara olan münasibətinə görə üç qrupa bölünürlər: 

1) mövcudluğunu və fəaliyyətini dövlətin və cəmiyyətin alqışladığı dinlər və dini məzhəblər (ənənəvi şiəlik və sünnülik, yəhudi məzhəbləri, rus pravoslav kilsəsi);

2) mövcudluğuna və fəaliyyətinə yol verilə bilən (dözülən) dinlər və dini məzhəblər (katoliklik, lüteranlıq, əllincilik, bəhailik, krişna şüuru, yeddinci günün adventistləri, baptizm, alban-udi), 

 

3) mövcudluğuna və fəaliyyətinə dözülməz yanaşılan dinlər və dini məzhəblər (vəhhabilik, yahova şahidləri, nurçuluq, munçuluq və s.). 

 

Lakin müşahidələr göstərir ki, bu bölgü də sabit deyildir. Bir sıra səbəblərdən yerdəyişmələrin baş verməsi mümkündür. Məsələn, Roma papasının Azərbaycana səfərindən və Vatikanla Azərbaycan arasında diplomatik əlaqələr yarandıqdan sonra katoliklik ikinci qrupdan çıxarılıb birinci qrupa daxil edilmişdir. Yeddinci günün adventistləri, baptistlər, nurçular, yahova şahidləri ölkədə siyasi, ictimai, psixoloji durumdan asılı olaraq vaxtaşırı ikinci və üçüncü bəndlər arasında daim yerdəyişmələr edirlər.

Dinlər və Dini Məzhəblərin Coğrafi Yayılmasına Görə Təsnifatı

Bu təsnifata görə mövcud dinlər coğrafi yayılmasına və əhatə etdiyi xalqların, millətlərin və etnik qrupların sayına görə iki qrupa bölünür: 

  • - milli dinlər;

  • - dünya dinləri. 

 

Milli dinlərə Yəhudilik, Hinduizm, Sihhizm, Caynizm, Daosizm, Konfusiçilık, Zərdüştilik, Sintoizm aid edilir. Bu dinlərin səciyyəvi cəhəti odur ki, onlar, bir qayda olaraq, müəyyən etnik qrupdan xaricə çıxmır. Onlardan bəzilərinin (məsələn, Hinduizm, Daosizm, Konfusiçilık) yüz milyonlarla tərəfdarı olmasına baxmayaraq, bir və ya bir neçə xalq və etnik qrupu əhatə etdiyinə görə milli dinlər siyahısına salınmışdır. Azərbaycanda milli dinlərdən yəhudiliyin müxtəlif məzhəbləri yayılmışdır. Azərbaycanda yaranmış xristian məzhəbi Alban – Udi kilsəsi də bir etnik qrupu əhatə etdiyinə görə milli dinlər kateqoriyasına aiddir.

Dünya dinləri həm sayına, həm də əhatə dairəsinə görə milli dinlərdən fərqlənir. Bu dinlər yüzlərlə xalq, millət və etnik qrupu əhatə edir. Dinşünaslığa dair müasir ədəbiyyatlarda yalnız üç din – Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur.  

Adətən, dinlər milli din kimi yaransalar da zaman-zaman yeni xalqları və etnik qrupları əhatə edərək dünya dinlərinə çevrilirlər. Hətta yüz milyonlarla insanı əhatə edən Xristianlıq, İslam, Buddizm kimi nəhəng dinlər əvvəlcə “yəhudilərin”, “ərəblərin”, “hindlilərin” (Buddizm Hindistanda nazil olmuşdur) milli dini kimi ortaya çıxmış və sonradan yüzlərlə millət, xalq və etnik qrupu əhatə edən dünya dinlərinə çevrilmişlər. Vaxtilə dünya dini statusu qazanmış Zərdüştilik (VI-VII əsrlərə kimi Yaxın və Mərkəzi Asiyada ən nəhəng dinlərdən biri) İslamın Yaxın Şərqdə və Mərkəzi Asiyada yayılması nəticəsində öz mövqeyini əldən verərək az saylı milli dinlərdən birinə çevrilmişdir. 

Oxucuya təqdim edilən bu kitabda Azərbaycanda fəaliyyət göstərən daha iki dini təlim – Krişna Şüuru Cəmiyyəti və Bəhai dini dünya dinləri kimi təqdim edilmiş və əsaslandırılmışdır.  

Hinduizm Krişnaizmin yarandığı əsas dini-mədəni mühit, Hindistan isə bu dini təlimin vətəni olmasına və nəhayət, hər iki dini təlimin çoxlu oxşar cəhətlərinə baxmayaraq, bir-birindən tamamilə fərqlidirlər. Hinduizn milli din olub yalnız hindli mənşəli insanlara yönəlibdir. Bu dində çoxallahlılıq qəbul olunmuşdur. Hinduizmdən fərqli olaraq, Krişna Şüuru hərəkatı (cəmiyyəti), tanrıçaların və digər fövqəltəbii varlıqların mövcudluğunu qəbul etsə də yalnız Tək Allahın – Krişnanın Xaliqliyini təsdiq edir və öz sıralarına bütün millətlərdən olan insanları dəvət edir. Ona görə də bu cəmiyyətin yerli icmaları 200 – dən çox ölkədə olmaqla yüzlərlə xalq və etnik qrupu əhatə edir.

Eynilə, Bəhai dini də bütün dinlər kimi Şərqdə, İranda yaransa da, o ayrıca götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və yaxud hansısa bir mədəniyyətlə məhdudlaşmır. Heç kim Xristianlığı yəhudi mühitində yarandığına görə “yəhudi milli dini” və ya İslamı ərəblər arasında formalaşdığına görə “ərəblərin dini” adlandırmır. İlk ardıcılları iranlılar olduğuna görə Bəhai dinini də “iranlıların dini” hesab etmək düzgün deyildir. Bunu bu dinin banisi Həzrət Bəhaullahın yazısından da görmək mümkündür:

“Bizim qaldırdığımız bu nida və bu müraciət heç vaxt bir ölkə və ya bir xalqın faydalanması məqsədi daşımamışdır. Bütün bəşər ona nazil olanlardan və lütf edilənlərdən möhkəm yapışmalıdır”.

Hazırda Bəhai dininin 6 milyon ardıcılı arasında iranlılar çox az hissə təşkil edir. Bəhai dini icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində 2100-dən çox millət, xalq və etnik qrupu əhatə edir (cədvəl 1).

Bəhailərin Ali inzibati və Ruhani orqanı - Uca Ədalət Evi 1963-cü ildə qurulduqdan sonra Bəhai dini Asiya, Afrika, Cənubi Amerika və Okeaniya adaları ölkələrində sürətlə yayılmaqdadır.“Britanika” ensklopediyasının məlumatına görə, Bəhai dini 60-80-ci illərdə dünyada ən sürətlə yayılan din olmuşdur. Bu dinin ardıcıllarının sayı qısa vaxt ərzində 400 min nəfərdən (1963) 6 milyona (2003)  çatmışdır.

Dinlər və Dini Məzhəblərin Teoloji Əsaslarının Oxşarlığına Görə Təsnifatı 

Bir Ümumi Din konsepsiyasına əsaslanan dinşünaslıq öz tədqiqatında o mövqedən çıxış edir ki, hansısa dini təlimin  müstəqil olması onun boş yerdə yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin teoloji əsasları üzərində yaranması və yaxud özündən sonra gələn dinlər üçün teoloji əsas olması bütün dinlər üçün ümumi  qanunauyğunluqdur.

 Buddizmin ənənəvi Hinduizmin (Brahmanizmin) teoloji əsasları üzərində yaranması və bu təlimin artıq müstəqil din şəkilində Tibet, Çin, Yaponiya, Cənubi-Şərqi Asiyaya yayılaraq, bu ölkələrin xalqları üçün çox güclü mədəni amilə çevrilməsi buna əyani misal ola bilər. Eynilə Hinduizm özündən əvvəl nazil olmuş Brahmanizmin, o isə daha qədim din olan Veda inancının teoloji əsasları üzərində formalaşmışdır. Cavan dinlər hesab edilən Caynizm və Sihhizim isə Hinduizmin artıq formalaşmış teoloji əsasları üzərində yaranmışdır. Yalnız Krişna şüuru cəmiyyəti son on illiklərin (XX əsr) hadisəsi olmasına baxmayaraq, Buddizm, Hinduizm və Brahmanizmi inkar edərək yenidən Veda təliminin teoloji əsaslarına qayıtmışdır. 

İlkin xristianlıq dövründə də (I-II əsrlər) İsa Məsihin şagirdləri və ardıcılları Onun dini təlimini Yəhudilik çərçivəsində təbliğ edirdilər və təqribən iki əsr ərzində müasirləri Xristianlığa yəhudilikdən ayrılmış qol kimi baxmışdır. Xristianlıq yalnız Müqəddəs Yazıları (İncil), təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan və nəhayət, qeyri-semit mənşəyli xalqlar və etnik qruplar bu təlimi qəbul etdikdən sonra müstəqil din kimi tanınmışdır. 

Hər bir dinin Allah və fövqəltəbii varlıqlar, İlahi Vəhy, dünyanın yaradılışı və sonu, insanın yaradılışı, insanın ruhu və axirət həyatı, Əhd (Allahla insan arasında razılaşma), Müqəddəs kitablar və peyğəmbərlər, Cənnət və Cəhənnəm, Qiyamət və axır-zaman və digər təsəvvür və anlayışlarlardan ibarət ruhani biliklər sistemi və ya teoloji əsasları vardır. Teoloji əsaslarının oxşarlığına görə dünyada mövcud dinləri dörd qrupa bölmək mümkündür:

  • – İbrahimi (Yəhudilik, Xristianlıq, İslam) dinlər;

  • – Brahmani (Hinduizm, Buddizm, Caynizm  və  Sihhizm, Krişna Şüuru) dinlər;

  • – Şərqi Asiya (Daosizm, Konfusiçilik, Sintoizm) dinləri;

  • – Zərdüştilik;

  • – Bəhai dini;

Bu qruplaşmada iki qrupun – “Zərdüştilik” və “Bəhai dini” qruplarının hər biri yalnız bir dinlə (Zədüştilik və Bəhai dini) təmsil olunmuşlar. Respublikamızda bu beş qrupdan        dördü, biri tarixi (Zərdüştilik), üçü müasirlik (İbrahimi – Yəhudilik, Xristianlıq və İslam; Brahmani – Krişna şüuru;         Bəhai dini) baxımından mövcuddur. Azərbaycanda Zərdüştilik hazırda mövcud olmadığına görə bu kitabda ona xüsusi yer ayrılmamışdır.

İbrahimi dinlər məzhəb baxımından Respublikamızda daha geniş təmsil olunmuşdur. Bu haqda sonrakı bölmələrdə daha ətraflı məlumat veriləcəkdir. İbrahim Əhdində Allah İbrahim peyğəmbərə çoxlu sayda xalqların atası olacağını vəd edir. Tövrətdə oxuyuruq:

“Durduğun yerdən şimala və cənuba, şərqə və qərbə bax. Gördüyün bütün torpaqları əbədi olaraq sənə və sənin nəslinə verəcəyəm. Səndən xalqlar və şahlar törədəcəyəm. Özümlə sənin və səndən sonra sənin nəslin və onların nəsli arasında Əhd qoyuram...” ( Varlıq, 13:14-16, 15:1-69, 17:15-16).

 

Hazırda məlumdur ki, qeyd edilən Əhd təkcə yəhudilərə və xristianlara (yəni İbrahimin birinci arvadı Saradan olan oğlu İshaqın nəslindən) deyil, İbrahim Peyğəmbərin Həcər və Hetturadan olan övladlarının nəslinə də aiddir. Belə ki, Həzrət Məhəmməd (s) Həzrət İbrahimin Həcərdən olan oğlu İsmayılın nəslindən olduğu üçün müsəlmanlar özlərini İbrahim Əhdinin həmvarisi hesab edirlər. Eynilə Həzrət Bəhaullah da İbrahimin üçüncü arvadı Hetturanın övladının nəslindən olduğu üçün bəhailər də özlərini bu Əhdə bağlı görürlər. Beləliklə, İbrahim Əhdi Allahın beş nəhəng Elçisinin zühur etməsinə təkan vermişdir: Musa, İsa, Məhəmməd (s), Bab (Seyid Əli Məhəmməd Həzrət Məhəmmədin (s) nəslindəndir) və Bəhaullah. Qurani-Kərimdə deyilir:

“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat üzərində seçilmiş etdi” ( Ali-İmran, 33).

İbrahimi dinlər bəzi fərqli cəhətlərinə baxmayaraq, çox oxşar teoloji əsasa malikdirlər. Bu Allahın maddi dünyanı (materiyanı) altı gündə yoxluqdan yaratması, Adəm və Həvva, Cənnət və Cəhənnəm, mələklərlə bağlı hekayətlər, Allahın insanları Tövhidə və əməlisalehliyə dəvət edən Peyğəmbərlər göndərməsi (hər üç dində İbrahim peyğəmbərin məqamı xüsusi vurğulandığına görə İbrahimi dinlər adlanırlar), axır-zaman Peyğəmbərinin (yəhudilikdə-Musa, xristianlıqda-İsa Məsih, İslamda-Məhəmməd) və Xilaskarın (yəhudilikdə-Maşiax, xristianlıqda-İsanın ikinci zühuru, İslamda-Mehdinin) gəlişi, Qiyamət ilə bağlı fövqəlhadisələrin (Günəşin qaralması, Ayın parçalanması, ulduzların yerə tökülməsi, ölülərin qəbirlərdən qalxması və s.) baş verməsi, insanların əməllərinə görə bir qisminin Cənnətə, digər qisminin isə Cəhənnəmə göndərilməsi ilə bağlı təsəvvürlərdir.

Bəhai dini öz teoloji köklərində İbrahim Əhdinə bağlı olsa da İbrahimi dinlərdə - Yəhudilik, Xristianlıq və İslamdakı anlayışlar (dünya və insanının yaradılması, fövqəltəbii varlıqlar, Cənnət və Cəhənnəm, Qiyamət, axır-zaman və s.) burada tamam başqa məna kəsb edir. 

Müsəlman ölkəsi İranda yaranmasına baxmayaraq, Xristianlıq İudaizmdən və ya İslam Xristianlıqdan fərqləndiyi kimi, Bəhai dini də İslam və digər İbrahimi dinlərdən fərqlənir. Hələ yüz il əvvəl ingilis tədqiqatçısı Edvard Braun Bəhai dininin müstəqil dini təlim olması fikrini söyləmişdir. Şübhəsiz, Bəhai dini İslamın teoloji bazisində formalaşmış dini təlimdir. Onun İslamın ruhani və mədəni mühitində yaranması, bir çox cəhətlərinə - tarix, terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar (Mirzə Kazımbəy, A. Masse) onu yanlış olaraq İslam təriqətləri sırasına daxil etmişlər. Bununla belə, teoloji mahiyyətinə görə Bəhai dinini nə İslamın, nə də başqa İbrahimi dinlərin məzhəb və təriqətlərinə aid etmək mümkün deyildir. Bu müddəanı, yəni Bəhai təliminin İslam təriqəti deyil, müstəqil din olmasını və müstəqil qrup yaratmasını şərtləndirən bəzi cəhətlər aşağıdakılardır:

I. Bu təlim, bəzi tədqiqatçıların (A.Masse, 1963) təkidinə baxmayaraq, İslamı inkişaf etdirmək və ya onu müasirləşdirməyi bir məqsəd kimi qarşısına qoymamışdır. Ona görə də Bəhai təlimini Martin Lüterin “Reformasiya hərəkatı” (XVI əsr) ilə eyniləşdirmək və yaxud onu İslam daxilində reformasiya hərəkatı kimi təqdim etmək obyektivlikdən uzaqdır. Bəhai dinində ruhanilərin (molla, axund, keşiş və s.) olmaması, bu təlimin yalnız ona məxsus bir sıra anlayışlar və başqa dinlərdə analoqu olmayan nadir İnzibati Sistem və digər əlamətlərdən ibarət teoloji əsaslar ilə ortaya çıxması, onun İslamda hansısa dəyişikliklər etmək və ya ona hansısa yeniliklər gətirmək marağında olmadığını, əksinə, Bəhai təliminin bütövlükdə din anlayışında və insanların dini baxışlarında köklü dəyişiklər etmək istədiyini göstərir. 

II. Bəhailər Quranı-Kərimi Allahın nazil etdiyi Müqəddəs Vəhy kitabı hesab etsələr də, O, Bəhai dini üçün qanunlar mənbəyi deyildir. Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Həzrət Bəhaullahın nazil etdiyi Vəhy Kitabı (Kitabi-Əqdəs) və digər Müqəddəs Yazılar təşkil edir. Bəhai dini təliminə görə, Həzrət Məhəmməd (s) Əhdinin zamanı hicri tarixi ilə 1260-cı ildə (miladi 1844-cü il) bitmiş, Həzrət Bəhaullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era başlamışdır. Hələ 1848-ci il Bədəşt konfransında bu yeni təlimin tərəfdarları yeni Vəhyin mahiyyətini dərk edərək İslam qanunlarının ləğv edildiyini bəyan etmişdilər (Azərbaycanın tanınmış şairə qadını Tahirə xanımın konfransa cadrasız gəlməsi buna bariz nümunədir). Beləliklə İslamın ən böyük ehkamı -  Məhəmməd (s) Əhdinin bəşəriyyət üçün sonuncu olması - bəhailər tərəfindən qəbul edilmir. Ona görə də Bəhai dinində mərkəzi mövqedə Həzrət Məhəmməd (s) deyil, Həzrət Bəhaullah durur. Beləliklə, Həzrət Bəhaullahın vasitəçiliyi ilə yeni İlahi Əhdin (Bəhaullah Əhdinin) bağlanması və Bəhai dini ardıcıllarının öz  inanclarını hansısa din daxilində təriqət deyil, müstəqil din, özlərini isə Yeni Əhdin sazişçisi hesab etməsi bəhai inamının əsasını təşkil edir; 

III. Bu dinə məxsus xüsusi təqvimin (19 gün və 19 aydan ibarət) və vaxt hesabının (tarix 1844-cü ildən hesablanır və həmin il Bəhai Erasınin başlanma ili hesab edilir), müqəddəs yerlərin, bayramların, həmçinin özünəməxsus kəbin və dəfn qaydalarının olması;

 

IV. Namaz, oruc və digər ibadət qaydalarının İslamdan fərqli şəkildə icra edilməsi. Namaz zamanı üzün qiblə kimi xüsusi səmtə (İsrail ərazisində yerləşmiş Bəxçiyə-Həzrət Bəhaullahın bu dünyada sonuncu Vəhy məkanına) yönəldilməsi;

 

V. Bütün dinlərin teoloji əsaslarını təşkil edən Dünya və insanın yaradılışı, fövqəltəbii varlıqlar, Vəhy konsepsiyası və peyğəmbərlərin gəlişi, “Zamanın sonu”, “Qiyamət”, “Dirilmə” və digər anlayışların Bəhai dini təlimində tamamilə fərqli mənada anlaşılması (bax: “§ 9.Bəhai Dini”).

Bütün bu deyilənlər Bəhai dininin İbrahimi dinlərin teoloji əsasları üzərində yaranmış, lakin müstəqil qrup daxildə müstəqil din kimi formalaşdığını iddia etməyə imkan verir.

bottom of page