Dinlərin Əzəli Birliyi və
Bir Vahid Din Konsepsiyası
Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər! -Həzrət Əbdül-Bəha
Dinşünaslığın ən əhəmiyyətli problemlərindən biri Dinlərin Əzəli Birliyi və Bir Ümumi Din konsepsiyasını həm elmi, həm də teoloji faktlarla sübuta yetirməkdir. Şübhə yoxdur ki, Dünyada hazırda mövcud olan dinlər İlahi mənşəyə malikdirlər və Bir Mənbədən qaynaqlanırlar. Buradan belə bir nəticəyə gəlmək olar ki, Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər bu Dinin tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmək yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Tövrət, Avesta, İncil, Qurani-Kərim, Kitabi–Əqdəs) isə bir İlahi Kitabın səhifələridir. Bu Din cansız deyildir. Əksinə, o daim inkişafdadır. Həzrət Krişna və Musanın təlimində tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Tumurcuq və çiçək töküldükləri üçün faydasız sayılmamalıdırlar. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Əslində “tökülən” dinin zahiri (sosial qaydalar, mərasimlər və s) cəhətləridir. Onun ruhani əsasları qalır və növbəti dinə “ötürülür”. Həzrət Bəhaullah yazır: “Bu, Allahın dəyişməz Dinidir, keçmişdə əzəli, gələcəkdə əbədi”.
Beləliklə, Peyğəmbərlərin gətirdikləri təlimlərin xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Belə söyləmək olar ki, onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur. Allahın dini yerdə təkamül etdikcə, onun cəmiyyətin sosial quruluşu, insanlararası münasibətlər və digər sosial qanunlarla bağlı qaydaları da dəyişir, kamilləşir və insanın ruhani mahiyyətinə, maddi və mənəvi ehtiyaclarına daha çox cavab verir.
Bir Ümumi Din konsepsiyasının təhlilinə keçməzdən öncə biz “Əhd” anlayışı üzərində bir qədər düşünməliyik. “Əhd” anlayışı bütün dinlərdə, xüsusən də İbrahimi dinlərdə ön planda görünür. Bibliya və Qurani-Kərim mətnlərinə istinad etsək, Əhd – iki tərəfin, Allah və insanın (bəşəriyyətin) öz üzərlərinə götürdükləri öhdəliklərdən ibarət razılaşma və ya müqavilədir. Allah Yaradan, Qüdrətli və Müdrik olub, Əhdin müəllifidir. O, Əhdin şərtlərini insanın köməyi olmadan müəyyən etmişdir. Əhdə Allahın rolu insanınkından fərqlənir. Allah həyatın həyatverici qüvvələrini və Vəhyi azad edir, insan isə onları könüllü surətdə qəbul edir və sidq-ürəklə Onun Əhdinin arxasınca gedir. Əhdin şərtlərinə görə Allah yerdə və Göydəki sərvətləri insanın sərəncamına verməklə onun fiziki tələbatını ödəməli, digər tərəfdən isə Öz Peyğəmbərlərini (Zühurlarını) göndərməklə onun ruhani inkişafını təmin etməlidir.
Beləliklə, Əhdin şərtlərinə uyğun olaraq, Allah insanın həm maddi rifahını təmin edəcəyinə, həm də Peyğəmbərləri vasitəsilə onu ruhani kamilliyə çatdıracağına zəmanət verir. İnsanlar isə öz növbəsində iki şərtə əməl edəcəklərinə, birincisi, təlimlərini qəbul etməklə İlahi Zühurları tanımağa və ikincisi, Onların qanun və hökmlərinə uyğun olaraq öz həyatlarını qurmağa söz verirlər.
Allahın təyin etdiyi bu iki şərtə əməl etməklə insanlıq özünün ruhani inkişafına və həqiqi maddi tərəqqiyə nail olur. Demək, Əhddə Allahın ali məqsədi bəşəriyyəti ən yüksək kamilliyə çatdırmaqdır. Kamilləşmənin yeganə yolu isə “Bəşəriyyətin Müəllimləri” vəzifəsini yerinə yetirən Peyğəmbərlərin insanlara çatdırdıqları Müqəddəs Yazılara əməl etməkdir.
Əhdlə bağlı diqqəti cəlb edən cəhət, Allahın insanlar tərəfindən Peyğəmbərlərin qəbul edilməsi məsələsinə çox böyük tələbkarlıqla yanaşmasıdır. Bu şərtə görə Elçilərini tanımaqla insanlar Allahın özünü tanımış olurlar. “Kitabi-Əqdəsdə” (Bəhai Dini) buyurulur:
“Allahın bəndələr üçün yazdığı birinci vəzifə - Onun Vəhyinin məşriqini və Əmrinin Şəfəqini (yəni Onun göndərdiyi Peyğəmbərləri – qeyd müəlliflər) tanımaqdır ki, bu Kəs əmr və xilqət aləmlərində Onun Özü məqamındadaır. Buna nail olan kəs bütün xeyirlərə yetişər, bundan məhrum olan kəs isə bütün yaxşı əməllərə sahib olsa belə, yolunu azmışlardan sayılar. Bu yüksək məqama və uca üfüqə yetişən hər bir kəs Məqsud tərəfindən əmr edilənlərə tabe olmalıdır. Bu iki vəzifə bir-birindən ayrılmazdır və biri digərsiz qəbul olunmaz. İlham mənbəyinin hökmü belədir...”
Allahın insan üzərinə qoyduğu bu hökm Qurani-Kərim və İncil Yazılarında da aşkar görünür:
“Mənim tərəfimdən sizə doğru bir yol göstərən gəldiyi zaman Mənim yol göstərənimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar” (Əl-Bəqərə, 38) .“O kəslər ki, Allahla Əhd bağladıqdan sonra onu pozur, məhz belələri ziyana uğrayanlardır” (Əl-Bəqərə, 27) .“Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur” (Ən-Nisa, 80).“Mənə iman edən, Mənə yox, Məni Göndərənə iman edir” (Yəhya Müjdəsi, 12:44)
Əhdin şərtlərinə uyğun olaraq, Allah Öz Peyğəmbərlərini bir-birinin ardınca yerə göndərərək, Onların vasitəçiliyi ilə insanlarla Əhd (“İbrahim Əhdi”, “Musa Əhdi”, “İsa Əhdi”, “Məhəmməd Əhdi”, “Bəhaullah Əhdi” və s.) bağlayaraq, bəşəriyyəti sonu görünməyən gələcəyə doğru aparır. Əhd haqqında Tövrət, İncil və Qurani-Kərim Yazılarında da məlumat verilmişdir. Qurani-Kərimdə deyilir:
“Xatırla ki, Biz bir zaman Peyğəmbərlərdən Əhd almışdıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da. Biz Onlardan möhkəm bir Əhd almışdıq”(Əl-Əhzab,7)
Allahın Tövrətdə Nuh, İbrahim, Musa və başqa peyğəmbərlər, İncildə isə İsa Məsih ilə bağladığı Əhddən danışılır. Nuh Əhdində bütün canlıları məhv etmiş daşqın qurtardıqdan sonra Allah Nuha və Onun oğullarına xeyir-dua verib deyir:
“Mən sizinlə və sizdən sonra gələn nəslinizlə sabit bir Əhd kəsirəm; bir daha tufanla bütün canlılar məhv edilməyəcək, yer üzünü viran qoyan tufan olmayacaqdır. Mən göy qurşağımı buludların arasına qoyuram və o, Mənimlə yer arasındakı Əhdin bir rəmzi olacaqdır. Mən ona baxıb, yer üzündə yaşayan bütün canlılarla kəsdiyim əbədi Əhdi xatırlayacağam. Budur, mənim yer üzündəki bütün canlılarla kəsdiyim Əhdin rəmzi” ( Varlıq, 8:18-22).
Allah Elçilərinin gətirdikləri Əhdlər dörd əsas tərkib hissədən ibarətdir:
I. Yeni İlahi Əhdin məqsədlərini insanlara bəyan etmək və öncə göndərilmiş Peyğəmbərlərin və Müqəddəs Kitabların həqiqiliyini təsdiq etmək;
II. Unudulmuş Allah həqiqətlərini və ruhani prinsipləri bərpa etmək, insanları yeni İlahi biliklərlə zənginləşdirmək və Dinin dövrün tələblərinə cavab verməyən sosial qanunlarını yeniləri ilə əvəzləmək;
III. Gələcək Peyğəmbərin müjdəsini insanlara çatdırmaq;
IV. Peyğəmbərin öz canişinin təyin etməsi, yəni Kiçik Əhdi bağlanması;
İstənilən Əhdin bu tərkibdə insanlara çatdırılması bütün Vəhy dövrlərində olmuş və gələcəkdə də belə olacaqdır. Əhdin ən əhəmiyyətli tərkib hissəsi və ya İlahi Zühura tapşırılmış ən məsul vəzifə- gələcək Peyğəmbər və ya Zühur haqda müjdənin insanlara çatdırılmasıdır. Həzrət Bab yazır:
“Aləmlərin Rəbbi olan Allah bütün insanlarla qabaqcadan Əhd bağlamadan, onları növbəti Vəhyi və növbəti Kitabı qəbul etməyə çağırmadan öz tərəfindən Peyğəmbər göndərməmiş və Kitab açmamışdır”.
Həzrət Babın sitatından məlum olur ki, İlahi Zühurların özlərindən sonrakı Zühurların gəlişini müjdələməsi Əhdin ən əsas şərtidir. Həzrət Əbdül-Bəha bu haqda yazır:
“Həzrət İbrahim Həzrət Musa haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini gətirdi. Həzrət Musa Vəd olunmuş Həzrət İsa Məsih haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş xəbərini dünyaya çatdırdı. Həzrət İsa Məsih Həzrət Məhəmməd ə.s. haqqında Əhdi təyin etdi və Onun Zühurunu xəbər etdi. Həzrət Məhəmməd ə.s. Həzrət Bab haqqında Əhdi təyin etdiyi üçün Həzrət Bab Həzrət Məhəmmədin Vəd etdiyi Kəsdir, çünki Həzrət Məhəmməd ə.s. Onun haqqında xəbər gətirmişdi. Həzrət Bab Həzrət Bəhaullah haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini verdi, çünki Həzrət Bəhaullah Həzrət Babın Vəd etdiyidir. Həzrət Bəhaullah min və ya çox min illər sonra Zühur edəcək Kəs haqqında xəbəri çatdırdı. Bu Zühur Həzrət Bəhaullahın Vəd etdiyi Kəs olacaq və O, min və ya çox min illər sonra gələcək...” .
“Bəhaullah Əhdi” də Onun Öz sözlərinə görə Bəşəriyyətin ruhani təkamül prosesində yekunlaşdırıcı və yaxud sonuncu mərhələ deyildir. Həzrət Bəhaullah bildirir ki, Allah Elçilərinin ardıcıl sırası dünya durduqca davam edəcəkdir:
“Allah öz Müjdəçilərini Musa və İsanın ardınca getməyə göndərmişdir və bu Onun tərəfindən sonu olmayanın sonunadək davam edəcəkdir...”.
Allah Elçisinin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermiş yalnız bir neçə İlahi Zühurun adı məlumdur: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd, Bəhaullah. Onlar bəşəriyyətin həqiqi müəllimləri idilər. Onların məqsədi insanları bir-birinə yaxınlaşdırmaq, insan sivilizasiyasının tərəqqisinə nail olmaq idi. Əgər Allah dünyanı vahid Vəhy konsepsiyası əsasında idarə edirsə və vaxtaşırı yerə peyğəmbərlər göndərməklə Bəşəriyyəti gələcəyə doğru aparırsa, bəs nə üçün Dini təlimlər bu qədər bir-birindən fərqlənir və bəzən tamam ziddiyyət təşkil edir ? Bunu bir qədər araşdırmağa çalışaq.
Hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dünya dinləri arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial səviyyədə müşahidə edilir. Bu özünü dini mərasim və ayinlərdə, qanun və sərəncamlarda göstərir. Dinin sosial cəhətləri əbədi ola bilməz, dövrdən dövrə cəmiyyət dəyişdikcə, onlar da dəyişməlidirlər. Həzrət Əbdül-Bəha yazır:
“Hər İlahi Vəhy iki hissədən ibarətdir. Birincisi əsas olub əbədidir. O İlahi həqiqətlərin və başlıca prinsiplərin şərhidir. O, bütün dinlərdə vahid və dəyişməzdir. İkinci hissə praktiki həyata, qarşılıqlı və işgüzar münasibətlərə aid olub, onun məzmunu insanın təkamülünə və Peyğəmbərin dövrünün tələblərinə uyğun şəkildə dəyişir. Məsələn, Həzrət Musanın dövründə ən adi oğurluğa görə əli kəsirdilər. Lakin bu qanunlar İsanın dövrünə uyğun gəlmirdi və O onları ləğv etdi. Eynilə boşanmaların geniş hal alması, nigah qanununun laxlaması səbəbindən İsa boşanmanı da qadağan etdi.
Dövrünün tələblərinə uyğun olaraq Musa ağır cinayətlərə görə “On qanun” müəyyən etdi. O zamanlar bu kəskin qanunlar olmadan icmanı müdafiə etmək, onun ictimai təhlükəsizliyini qorumaq mümkün deyildi, çünki İsrail övladları Tih səhrasında yaşayırdılar. Orada nə məhkəmə, nə də həbsxanalar var idi. Lakin İsanın dövründə bu qanunlara ehtiyac olmadı. Beləliklə, yerin və zamanın adət-ənənələrinə aid edilən dinin ikinci hissəsi o qədər də əhəmiyyətli deyildir, lakin Allah Dininin əsasını təşkil edən birinci hissə isə vahiddir və Həzrət Bəhaullah onu bərpa etdi...”
Dinlər arasında fərq insanların İlahi təlimlərə süni əlavələr etməsi nəticəsində də yaranır. Beləliklə, təlimlərin saflığı ardıcılları tərəfindən zaman - zaman təhrif olunur. Hər dinin zahiri, maddi cəhətləri - yaranma, yüksəlmə və tənəzzül mərhələlərindən keçir. Zaman keçdikcə insanlar dinin ruhaniyyətilə bağlı hissəsini unudub, onun zahiri, maddi cəhətlərindən (ayin, mərasim və s.) möhkəm yapışır, onları mütləq həqiqətə çevirirlər. Lakin insan cəmiyyəti bir yerdə durmur, o daim inkişafdadır. Biliklər artdıqca və ictimai-iqtisadi münasibətlər təkmilləşdikcə, insanların dünyagörüşü dəyişir və kamilləşir. Bu zaman inkişaf etmiş cəmiyyət dinin dondurulmuş sosial qanunlarına sığmır. Bu da fərdlərin və bütövlükdə cəmiyyətin dindən uzaqlaşmasına, ruhaniyyətin və əxlaqın aşağı düşməsinə səbəb olur. Tənəzzül mərhələsi yüksək həddə çatanda Allah Yerə yeni Peyğəmbər göndərir, insanların ürəyinə yeni inam toxumu atılır, unudulmuş ruhani prinsiplər yenidən bərpa edilir, inkişaf etmiş yeni cəmiyyətin tələblərinə uyğun qanun və hökmlər elan edilir və bununla da növbəti yüksəliş başlayır. Həzrət Bəhaullah yazır:
“Yenə də dinlərin mahiyyəti barədə yazmışdınız. Müdriklər dünyanı insan bədəninə bənzətmişlər. İnsan bədəninə geyim lazım olduğu kimi, dünyanın bədəninə də ədalət və bilik libası gərəkdir. Deməli, Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur..”
Həzrət Krişna “Bhaqavat-Qita”da deyir:
“Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm zahir oluram... Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm”.
Beləliklə, Dini yaranma, yüksəliş və tənəzzül mərhələlərindən keçən, yəni təkamül həyatını yaşayan istənilən maddi obyekt və ya proseslə müqayisə etmək mümkündür. Dinləri tədqiq edərkən onların müxtəlif inkişaf mərhələlərində yaranma, yüksəliş və ya tənəzzülə uyğun olaraq onun müəyyən cəhətlərinin üzə çıxmasının şahidi oluruq. Əgər dinin yaranma mərhələsində ruhani cəhətlər–birlik, qardaşlıq, əxlaq və mınıviyyat, xeyirxahlıqlar daha çox qabarırsa (bu mərhələdə əksər dinlərdə ayinçilik demək olar ki, nəzərə çarpmır), yüksəliş mərhələsində fəlsəfi, mədəniyyət yaradıcılıq (incəsənət, memarlıq və s.) cəhətləri, sönmə mərhələsində ayinçilik, mərasimçilik, möcüzə axtarışına və mistikaya meyillilik özünü daha çox göstərir.
Bütün Peyğəmbərlər bir Dinə xidmət etdir və bir İlahi Planı mərhələ - mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir. Ona görə də dinləri bir-birindən ayırıb qarşı-qarşıya qoymaq, birini həqiqi, saf, digərini səhv və natəmiz hesab etmək səhvdir. Bütün dinlər və Müqəddəs Yazılar öz əsaslarında həqiqidirlər və bütün Peyğəmbərlər isə Allahın zühurlarıdırlar. Həzrət Bəhaullah yazır:
“Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.
Qurani-Kərimdə deyilir: “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər, “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər – bütün bunlar, həqiqətən, kafirdirlər. Biz kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq ! Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Öz mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir !” (Ən-Nisa, 150-152)
Hər dəfə Peyğəmbər gələndə, Ondan əvvəlkilər tərəfindən başlanmış təlimin qurulması prosesi davam etdirilir, yeni Müjdə gətirilir və gələcək Zühurun gəlişi üçün əsas qoyulur. Peyğəmbərlər Öz mahiyyətlərinə görə bir-birindən fərqlənmirlər. Lakin Allahın Onlara tapşırdığı vəzifələrdən, İlahi yükün ağırlığından və məsuliyyətindən asılı olaraq onlar fərdi məqamlara malikdirlər. Həzrət Bəhaullah yazır:
“Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləridirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəmməlliyini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaqlığı fərqləndirir”.
Bir Ümumi Din konsepsiyasının əleyhinə səslənən arqumentlərdən biri də odur ki, Vəhylə gəlmiş dinlər arasındakı fərqlər o qədər fundamentaldır ki, onları həqiqətin vahid bir sisteminin mərhələləri kimi təqdim etmək faktlara zidd görünə bilər. Göstərilən faktlar ayin və ehkam kateqoriyalarına aiddir. Həzrət Bəhaullah təsdiq edir:
“Bu prinsiplər və qanunlar, bu möhkəm bərqərar olmuş və qüdrətli sistemlər, bir Mənbədən gəlmişdir və bir İşığın şüalarıdır. Onların birinin digərindən fərqlənməsi onların bəyan edildikləri dövrün müxtəlif tələbatlarına görədir.”
Ona görə də, tənzimləyici qaydaların, ayinlərin və başqa dini ibadətlərin fərqlərinin, nazil olmuş dinlərin mahiyyət etibarilə birliyinə əhəmiyyətli bir əks arqument olmasını sübut etməyə çalışmaq, bu qanunların xidmət etdiyi məqsədi yaddan çıxarmaq deməkdir. Bu cür baxış dinin funksiyasının əbədi və müvəqqəti elementləri arasındakı fundamental fərqləri nəzərə almır. Dinin əsl missiyası dəyişməzdir. Bu, Həzrət Bəhaullahın sözləri ilə desək,
“Allahın dəyişməz dinidir, keçmişdə əzəli və gələcəkdə əbədi”.
Dinin sosial rolunu başa düşmək üçün bu prinsip çox fundamental prinsipdir. Həzrət Bəhaullah göstərir: “
Dünyanın bu günkü xəstəlikləri üçün lazım olan dərman heç vaxt sonrakı dövrün tələb etdiyi ilə eyni ola bilməz,” “Yaşadığınız dövrün ehtiyaclarının qayğısına qalın, öz fikirlərinizi onun kəskin ehtiyacları və tələbləri üzərində cəmləşdirin.”
Bu mənada, bütün yazılar bir səslə danışır: dinin hədəfi bəşərin “bir yerə toplanacağı”, “bir sürü, bir çoban” olacağı günə çatmaqdır.
Şübhəsiz ki, Allahın hər bir Zühurunun işi hər hansı qiymətləndirmədən yüksəkdə duran müstəqilliyə və səlahiyyətə malikdir. Hər Allah Elçisinin gəlişi Gerçəkliyin sonsuz açılışının bir mərhələsidir. Bu proses sadəcə təkrarlama deyil, hər dəfə artan istiqamətdə gedir və yalnız bu kontekstdə baxıldıqda tam başa düşülə bilər.
İnsan irqi bütün müxtəlifliyinə rəğmən vahid növ olduğu üçün, Allahın müdaxiləsi də vahid bir prosesdir. Bu prosesin bütün qəhrəmanları və övliyaları bu mübarizənin bütün mərhələlərinin qəhrəmanları və müqəddəsləridir. Geniş mənada, bəşəriyyətin geniş dini tarixi salnaməsi “Əhd”in yerinə yetməsini göstərir.
Dinlərin birliyindən danışmaq vacibdir, lakin bu anlayışın başa düşülməsi daha mühümdür. Ən dərin səviyyədə, Həzrət Bəhaullahın vurğuladığı kimi, Yer kürəsində ancaq Bir Ümumi Din var.