top of page

Dinşünaslıq

İlahiyyat və ateizm təlimlərindən fərqli olaraq dinşünaslığın tarixi qədim deyildir. Özünün ilkin formalarında  o, XVIII-XIX əsrdə ateizmin tərkib hissəsi kimi ortaya çıxmışdır. Elmi ateizm təlimində dinşünaslıq ateizmin dörd tərkib hissəsindən (dinşünaslıq, ateizm təliminin tarixi, dini dünyagörüşün tənqidi, dinin aradan qaldırılması problemləri) biri hesab olunurdu. Bu təlimdə dinşünaslıq “nəzəri dinşünaslıq” və “tarixi dinşünaslıq” adı altın­da iki bölməyə ayrılırdı. Nəzəri dinşünaslıq dinin öyrənilməsinin fəlsəfi, sosioloji və psixoloji problemlərini, tarixi dinşünaslıq isə dinin müxtəlif formalarının yaranması və təka­mülü xüsu­siyyətlərini tədqiq edirdi. Yuxarıda qeyd edildiyi kimi, elmi ate­izmin tərkib hissəsi kimi, klassik və ya ənənəvi dinşünaslığın əsas məqsədi Din və onun formalarını tənqid etmək, onların aradan götürülməsi yollarını araşdırmaq idi.

Elmi ateizmdən fərqli olaraq, ənənəvi dinşünaslığın qərb ölkələrində XVIII-XIX əsrlərdə yaranmış formalarında, yaxşı halda onun dinə və ateizmə münasibətdə mütləq neytrallıq (yəni dini təlimləri ədalət naminə proporsional şəkildə tərifləmək və tənqid etmək) mövqeyində durmasına, əksər hallarda isə dinin formalarını bəzən açıq, bəzən də örtülü şəkildə xristian təəs­sübkeşliyi möv­qeyindən öyrənilməsinə və tənqidinə üstünlük verilirdi.

Dinşünaslığın məqsədi  dinlərin teoloji əsaslarının, yayılmasının, tarixi və digər cəhətlərinin öyrənilməsi ilə məhdudlaşırdı. Müasir dövrdə də bu təlim dini dözümlülüyün formalaşmasına yardım etmək, insanlara başqa dini etiqadlara ehtiram göstərməyi öyrətmək və bununla da, cəmiyyətdə Bir Ümumi Din və ya Dinlərin Əzəli Birliyi konsepsiyasını formalaşdırmaq ideyasını qəbul etmir və bu ideyanı mütləq neytrallıq prinsipinə zidd hesab edir.

Bu gün dinşünaslığın predmeti, məqsəd və vəzifələri haqqında baxışlar özünün formalaşma mərhələsindədir. Elmi ateizm çərçivəsində mövcud olmuş dinşünaslıq öz “tarixi missiyasını” başa vurduqdan sonra, onun yerinə gəlmiş  dinşünaslıq haqqında baxışları iki qrupa bölmək mümkündür:

1. Qərbdə Yayılmış “ənənəvi dinşünaslıq” məktəblərinin prinsipinə  uyğun olaraq  müasir dinşünaslığı mütləq neytrallıq mövqeyində görən baxışlar;

2. Dinşünasılığın məqsəd və vəzifələrinı açıq və örtülü şəkildə ilahiyyata (hər hansı bir dinə üstünlük verən təlim)  bağlayan və ya ona xidmətdə görən baxışlar. Məsələn, məşhur tədqiqatçı dinşünas alim və ilahiyyatçı Aleksandr Men dinlərin tarixini Xristianlığa gedən yolda mərhələlər adlandırmışdır;

Dinşünaslığa bu iki baxış cəmiyyətdə Bir Ümumi Din konsepsiyasının yaradılmasına, şübhəsiz ki, xidmət edə bilməz. İndi də müasir Dinşünaslığın məqsədlərini müəyyənləşdirməyə çalışaq. Bunlar bizim nəzərimizcə aşağıdakılardan ibarətdir:

1. Dinşünaslığın məqsədi –insanlara, dövlət və cəmiyyətə din və onun müxtəlif formaları (dinlər, dini məzhəblər, cərəyanlar və başqa inanclar), onların teoloji əsasları, tarixi və formalaşma mərhələləri, yayılması, təşkilatı və s. haqqında “bərabər ölçülərdə” vahid anlayışlardan istifadə etməklə obyektiv məlumat verməkdir;

2. Dinşünaslığın  məqsədi – elmi və teoloji araşdırmalar vasitəsi ilə dinlər və dini məzhəbləri biri-birindən ayıran cəhətləri deyil, onları birləşdirən, onlarda ümumi ruhani həqiqətləri, cəhətləri ortaya çıxarmaqdır;

3. Dinşünaslığın məqsədi - insanların düşüncə və baxışlarında dini dözümlülüyün formalaşmasına yardım etmək, onlara başqa dini etiqadlara ehtiram göstərməyi öyrətmək və beləliklə də, cəmiyyətdə və insanların düşüncəsində Bir Ümumi Din konsepsiyasını formalaşdırmaqdır;

4. Dinşünaslığın məqsədi - Bir Ümumi Din konsepsiyasından çıxış edərək, dinlər, dini məzhəblər arasında dostluq, əməkdaşlıq və birliyin, həmçinin dövlətlə dini icmalar arasında harmonik müna­sibətlərin yaradılması yollarını müəyyənləşdirmək və cəmiyyətdə tətbiqinə nail olmaqdır.

Öz məqsədlərinə çatmaqdan ötrü Dinşünaslıq da ilahiyyat və elmi ateizm kimi Müqəddəs Yazılara, söhbətlərə (rəvayətlər, hə­dislər, qissələr və s.), təbiət və cəmiyyət hadisələrinin rasional və ya mistik izahına, həmçinin təbiətşünaslıq, sosioloji, psixoloji və digər araşdırmalara müraciət etməlidir. Lakin onlardan istifadə etməklə Dinşünaslıq din və məzhəbləri biri-birindən ayıran, qarşı-qarşıya qoyan cəhətləri deyil, onları birləşdirən cəhətləri üzə çıxarmalı, möhkəm dəlillər əsasında Dinlərin Əzəli Birliyi – Bir Ümumi Din konsepsiyasını sübut etməyə və cəmiyyətə çatdırmağa çalışmalıdır.

İlahiyyat sistemlərinin mürtəce xarakteri, onların dinlər, məzhəblər və təriqətlər arasında ayrılma və yadlaşma səddi kimi oynadığı rol hələ qədimlərdən mütəfəkkir insanların, həqiqət axtarıcılarının etiraz və tənqidinə məruz qalmışdır. Zaman-zaman ayrı-ayrı müstəqil dinlərdən, məzhəb və təriqətlərdən və ya onların ilahiyyat sistemlərindən “simbioz təlim” və ya “vahid din” yaratmaq və yaxud din daxilində mövcud təriqətləri barışdırmaq və birləşdirmək cəhdləri dünya tarixində dəfələrlə olsa da, onların təcrübəsi uğursuzluqla nəticələnmişdir; İranda V əsrdə zərdüşti və xristian təlimləri əsasında manilik təlimini yaratmaq istəyi, XVI əsrdə Hindistanda İslam, brahmanizm, sufilik, xristianlıq, zərdüştilik əsasında Əkbərin (Babur sülaləsinin üçüncü hökm­darı) sinkretizmi, XVI əsrdə (1596-cı il) Ukraynada pravoslav və katolik kilsələrinin zorla birləşdirilməsi – Brest kilsə uniyası, XVIII əsrdə Nadir şahın İranda şiəliklə sünniliyi birləşdirmək cəhdi, XX əsrin əvvələrində protestantlıqda xristian kilsələrinin birləşdirilməsi uğrunda meydana gəlmiş hərəkat - ekumenikçilik ilahiyyat sistemlərinin dinlər və məzhəblər arasında yaratdığı sədləri uçurmaq üçün edilmiş uğursuz cəhdlər silsiləsi idi.

Bu gün də dinləri, dini məzhəb və təriqətləri bir-birindən ayıran sədlərin dağıdılması, onları ayıran deyil, əksinə birləş­dirən ruhani həqiqətlərin üzə çıxardılması daha çox əhəmiyyət kəsb edir. Bu gün də bu istiqamətdə cəhdlər edilməkdədir. Bu problem dinlərarası hərəkatın və müasir dinşünaslığın nail olmağa çalışdığı məqsədlərdən biridir.

Müasir cəmiyyətdə Din və onun ayrı-ayrı formalarının öy­rənilməsinin, onlar haqqında obyektiv informasiyanın əldə edil­məsinin istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət və dövlət üçün böyük əhəmiyyəti vardır. Respublikamızda müxtəlif dinlərə və dini məzhəblərə mənsub dini icmalar fəaliyyət göstərir və müxtəlif dini əqidələrə mənsub insanlar yaşayırlar. Bəzən Azərbaycan cəmiyyətində dini məzhəblərə və onların daşıyıcılarına münasibət birmənalı olmur. Elə dini məzhəblər də vardır ki, onların ardıcıllarının yaşadıqları cəmiyyətə münasibəti müsbət deyil­dir. Dinlərin Əzəli Birliyi konsepsiyası ilə silahlanmış Din­şü­naslığın həmin insanların etiqad etdiyi dinlər haqqında ver­diyi obyektiv informasiya, əvvəla, onlara qarşı cəmiyyətdə tolerant münasibətin yaranmasına köməklik göstərə bilər. Digər tə­rəfdən özünütəcridə can atan, müstəsnalığa iddia edən, fanatizm mövqeyindən çıxış edən və ya müasir cəmiyyətin qaydalarına qarşı çıxan inanc sahiblərinin mövqeyinin yumşal­dıl­masında müasir Dinşünaslığın maarifləndirici rolu böyük ola bilər.

Dinşünaslığın müasir cəmiyyət üçün əhəmiyyət kəsb edən bəzi prinsipləri bizim nəzərimizcə aşağıdakılardan ibarət olmalıdır:

  • dinşünaslıq dinin dövlətdən ayrı olması və dinin siyasətə qoşulmaması prinsipini qəbul edir;

  • dinşünaslıq bütün dini etiqadların qanun qarşısında bəra­bərliyini, hər kəsin vicdan azadlığını, hər kəsin dinə mü­na­sibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibət ilə bağlı əlaqəsini ifadə etmək və yaymaq hüququnu tanıyır;

  • dinşünaslıq dini müstəsnalığı, dini dözümsüzlüyü, fana­tizmi təbliğ edən, insanlar arasında dini mənsubiyyətinə görə ayrı- seçkilik salan dini təlimləri ictimai şüurun primitiv forması kimi qiymətləndirir və bu təlimlərin qlo­bal proseslərin təsiri altında tarixin səhifəsindən silinə­cəyinə inanır;

  • dinşünaslıq din pərdəsi altında insanları qeyri-insani dav­ranışlara, düşüncə və həyat tərzinə təhrik edən, terrorizmi təbliğ edən, mövcud siyasi rejimləri zorakı vasitələrlə devirməyə və totalitar teokratik hakimiyyət qurmağa can atan dini qruplaşmaları, hərəkatları, cərəyanları və inanc­ları Dinə aidiyyatı olmayan siyasi, ictimai, psixi hal kimi qiymətləndirərək onları öyrənmir;

  • dinşünaslığın əsas prinsipi - fəal neytrallıq  prinsipidir. Bu prinsipin mahiyyəti, mütləq neytrallıq prinsipindən fərqli olaraq, bu və ya digər din və ya dini məzhəbin xey­rinə və ya əleyhinə sübutlar və inandırma  sistemindən imtina etməkdən ibarətdir. Dinşünaslıq “Allahın Dini sevgi və birlik üçündür, Onu düşmənçilik və ya nifaq vasitəsinə çevirməyin” prinsipindən çıxış etdiyi üçün din və onun formalarına qarşı açıq və örtülü formada da olsa tənqidə yol vermir. Dinşünaslıq  üçün dünyada mövcud dinlərin “səmavi” və ya “qeyri-səmavi”, “ənənəvi” və ya “qeyri-ənənəvi”, “həqiqi” və ya “uydurma” olması an­layışı mövcud deyildir. O, bütün dinlərə, dini məzhəblərə eyni prizmadan baxır və onları ayıran deyil, birləşdirən məqamları tapmağa çalışır.

  • dinşünaslıq Allahın Birliyi (Vahidliyi), bəşəriyyətin birliyi və Dinlərin əzəli Birliyi prinsipindən çıxış edir. O, cəmiyyətdə dini dözümlülüyün yaradılmasına kömək edir, Dinlər və dini məzhəblərin dialoquna çalışır, onlar arasında əməkdaşlıq, dostluq və nəhayət Bir Ümumi Din anlayışının yaradılmasında bilavasitə iştirak edir. Dinşü­naslıq üçün dünyada Bir Ümumi Din mövcuddur, mö­vcud dinlər isə onun müxtəlif təzahürləridir. Bu təlimə görə ən yüksək ruhani səviyyədə bütün dünya dinləri arasında  tam harmoniya mövcuddur. Fərq özünü yalnız  sosial səviyyədə, dini mərasim və ayinlərdə, qanun və sərəncamlarda göstərir. O, dinlərin İlahi əsaslarını öyrən­mək və müqayisəli təhlil etməklə onların Əzəli Birliyini sübut edir və bununla da müxtəlif dini əqidəli insanlar arasında  birliyin yaranmasına nail olur.

 

Həzrət Əbdül-Bəha buyurur:

“Allah –Vahiddir. Allahın nuru da Vahiddir və bəşəriyyət bütövlükdə Vahid Allahın təəbələrindən ibarətdir. Lakin biz insanlar Allahın istək və xoş məramına zidd hərəkət etmişik. Biz düşmənçilik və ayrılığın səbəbi olmuşuq. Biz bir-birimizdən uzaqlaşmışıq və bir-birimizə qarşı qarşıdurma və mübarizəyə qalxmışıq. Ən dəhşətlisi odur ki, uydurduğumuz fərqləri və ziddiyyətləri Dinin adına çıxarırıq, düşünürük ki, əsas dini borcumuz ayrılmaq, bir-birimizdən qaçmaq və bir-birimizə səhv yolda olan və kafir kimi baxmaqdır. Əslində bütün İlahi Dinlərin əsası birdir. Fərqlər isə ehkamlara kor-koranə təqliddən və ayin və mərasim formalarına bağlılıqdan törəyir”.

 

Dinlərin Əzəli Birliyi və Bir Ümumi Din konsepsiyası ilə silahlanmış Dinşünaslığın təhsil sisteminə daxil edilməsi müxtəlif dini və qeyri-dini dünyagörüşlərin nümayəndələri ara­sında insani münasibətlərin harmonizasiyasına, qarşılıqlı anlaş­manın ruhani mühitini yaratmağa, cəmiyyətdə vətəndaş razılaş­masının və sosial sabitliyi formalaşdırmağa yardım edəcəkdir.

bottom of page