top of page

İlahiyyat

Hər dinin (məzhəb və ya təriqətin) öz ilahiyyat sistemi vardır. İlahiyyat sisteminə Allah haqqında (Onun sifətləri, keyfiyyətləri və atributları haqqında) təlim, Peyğəmbərlərin gətirdiyi Müqəddəs Yazıların şərhi (məsələn, yəhudilikdə Talmud və ya İslamda Quran təfsirləri və s.), dini təlim və qaydaları izah edən müxtəlif biliklər toplusu daxildir. Burada dindarların və ruhanilərin həyat tərzini dini əxlaqi və davranış baxımından müəyyən edilmiş qayda və normaları, dini hüquq məsələləri (məsələn, İslamda fiqh), təsərrüfat həyatını, ayin və mərasimləri, həmçinin əlamətdar günləri (bayramlar, mövlud və süud günləri) tənzim edən qanun və göstərişlər və s. vahid sistem halında birləşdirilmişdir. İstənilən dində istər gündəlik dünyəvi məsələlər, istərsə də dini məsələlər həmin dinin ilahiyyat sisteminə uyğun olaraq həll edilir.

İlahiyyat Müqəddəs Yazıların öyrənilməsi, söhbətlərin (rəvayətlər, hədislər, qissələr və  s.), təbiət və cəmiyyət hadisələrinin rasional və ya mistik izahı  əsasında insanlarda yalnız bir dini təlimə inam yaratmaqla onun digər dini etiqadlardan üstün olduğunu sübut etməyə çalışır.

 Din və ilahiyyat sistemləri eyni vaxtda yaranmamışlar. Müqəddəs Kitabları nazil etmiş Peyğəmbərlər və Onların təyin etdiyi canişinlər (şagirdlər, həvarilər, imamlar və eyni zamanda Müqəddəs Yazıların səlahiyyətli şərhçiləri və s.) bu dünyanı tərk etdikdən sonra ruhanilər Müqəddəs Yazıların şərh və təfsir mə­sələlərini öz əllərinə alaraq mövcud ilahiyyat məktəblərini yaratmışlar. Beləliklə, vaxt keçdikcə, ruhanilər böyük dinlərdən hər birinin içərisində onun əsaslandığı nazil olmuş təlimlərə paralel, hətta bəzən ruhuna zidd olan bir hakimiyyət qurmuşlar.

Hər bir dinin daxilində müxtəlif ilahiyyat məktəbləri mövcuddur. Bir çox dinlərdə parçalanmalar, məzhəb və təriqətlərə ayrılmalar ilahiyyat məktəbləri arasındakı fikir ayrılıqlarından törəmişdir. Araşdırmalar göstərir ki, bu fikir ayrılıqları, parçalanmalar əsasən, dinin zahiri məsələləri (canişinlik, ayinlər, mərasimlər, ibadət qaydaları, dinin atributları və rəmzləri, sosial məsələlər, dinin bu və ya digər hökmlərinin – şəriət qaydalarının izahı) ilə bağlı olmuşdur. Yəhudilikdə ortodoksal yəhudilik, karaimlik, xasidizm, islahedilmiş yəhudilik, Xristianlıqda katolisizm, pravoslavlıq, protestantlıq (protestantlıq daxilində daha 28 məzhəbin ilahiyyat məktəbləri), İslamda şiəlik, sünnilik (İslamın bu məzhəbləri də öz daxillərində çoxsaylı ilahiyyat məktəblərinə parçalanmışdır), ismailik, Buddizmdə Hinayama və Mahaya məzhəblərinin ilahiyyat sistemləri bir-birindən fərqlənirlər. Bütün Müqəddəs Kitablar kimi Qurani -Kərimdə də bu cür parçalanma və ayrılmaları pisləmişdir:

“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir !” (əl-Ənam, 159).

“Amma insanlar din barəsində öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar” (əl-Ənbiya, 93).

Bəzi ilahiyyat sistemlərində dini məzhəbin modernist və ya təməlçi yönümlü olmasından asılı olaraq, dini təlimin əsaslandırılmasının rasional üsul və vasitələri, digərində isə mistik üsul və vasitələri üstünlük təşkil edə bilər; birində köhnəlmiş anlayış və təsəvvürlərin yenidən liberal şəkildə mənalandırılmasına, digərində isə ortodoksal ənənəyə əməl edilməsinə üstünlük verilə bilər. Üsul və vasitələrindən asılı olmayaraq, əksər dini təlimlərdə ehkamçı ilahiyyatçılığın dərin kök atması, həmin təlimlərə məxsus həqiqətlərin zaman daxilində və bir sıra obraz və şərhlərdə dondurulması dinlər və dini məzhəblər arasında ayrılma və konflikt divarlarına çevrilmişdir. Məhz bu kontekstdə Həzrət Bəhaullah ehkamçı ilahiyyatı Allahın İradəsini başa düşmək istəyənlərin yolunda yaradılmış ən böyük maneə olduğunu söyləmişdir:

“Ey din başçıları! Allahın Kitabını sizin aranızda olan me­yarlar və elmlərlə  çəkməyin, zira Kitabın özü insanlar arasında qurulmuş qüsursuz Tərəzidir.”

Göründüyü kimi, ilahiyyat sistemləri arasında mövcud ziddiyyətlər keçmişlərdə olduğu kimi, müasir dövrdə də Dinlərin Əzəli Birliyinin tanınması  və son nəticədə Bəşəri Birliyin yaranması yolunda olduqca çətin keçilən maneəyə çevrilmişdir. Həzrət Şövqi Əfəndi yazır:

“Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənarda qalmalıdır? Axı, hüquqi standartlar, iqtisadi və siyası nəzəriyyələr yalnız Bəşəriyyətin bütövlükdə maraqlarını gözləməkdən ötrü təsis edilmişdir, ona görə də ayrı-ayrı qanun və ya ehkamların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir”.

İlahiyyat sistemlərinin mürtəce xarakteri, onların dinlər, məzhəblər və təriqətlər arasında ayrılma və yadlaşma səddi kimi oynadığı rol hələ qədimlərdən mütəfəkkir insanların, həqiqət axtarıcılarının etiraz və tənqidinə məruz qalmışdır. Zaman-zaman ayrı-ayrı müstəqil dinlərdən, məzhəb və təriqətlərdən və ya onların ilahiyyat sistemlərindən “simbioz təlim” və ya “vahid din” yaratmaq və yaxud din daxilində mövcud təriqətləri barışdırmaq və birləşdirmək cəhdləri dünya tarixində dəfələrlə olsa da, onların təcrübəsi uğursuzluqla nəticələnmişdir; İranda V əsrdə zərdüşti və xristian təlimləri əsasında manilik təlimini yaratmaq istəyi, XVI əsrdə Hindistanda İslam, brahmanizm, sufilik, xristianlıq, zərdüştilik əsasında Əkbərin (Babur sülaləsinin üçüncü hökm­darı) sinkretizmi, XVI əsrdə (1596-cı il) Ukraynada pravoslav və katolik kilsələrinin zorla birləşdirilməsi – Brest kilsə uniyası, XVIII əsrdə Nadir şahın İranda şiəliklə sünniliyi birləşdirmək cəhdi, XX əsrin əvvələrində protestantlıqda xristian kilsələrinin birləşdirilməsi uğrunda meydana gəlmiş hərəkat - ekumenikçilik ilahiyyat sistemlərinin dinlər və məzhəblər arasında yaratdığı sədləri uçurmaq üçün edilmiş uğursuz cəhdlər silsiləsi idi.

Bu gün də dinləri, dini məzhəb və təriqətləri bir-birindən ayıran sədlərin dağıdılması, onları ayıran deyil, əksinə birləş­dirən ruhani həqiqətlərin üzə çıxardılması daha çox əhəmiyyət kəsb edir. Bu gün də bu istiqamətdə cəhdlər edilməkdədir. Bu problem dinlərarası hərəkatın və müasir dinşünaslığın nail olmağa çalışdığı məqsədlərdən biridir.

Din və onun ilahiyyat sistemi dəyişilməz qaldığı halda, ictimai həyat və insanın özü, onun təcrübəsi dəyişir. Nəticədə din və onun ilahiyyat sistemi insan üçün yad, onun suallarına, maraqlarına və tələblərinə cavab verməyən düşüncə formasına çevrilir. Özü ilə dəyişməkdə olan dünya arasında getdikcə yüksəlməkdə “yadlaşma divarını” aşmaqdan ötrü ilahiyyat sis­temləri güzəştə getməyə, dəyişmiş şəraitə uyğunlaşmağa, təlimində, sosial və etik doktirinalarında, təşkilatı quruluşunda və fəaliyyətində dəyişiklilklər etməyə məcburdur. İlahiyyat bu dəyişiklikləri ya modernizmə, ya da təməlçiliyə əsaslanaraq həyata keçirməyə çalışır. Bu proseslər dövrümüz üçün daha çox səciyyəvidir. Qlobal tərəqqinin təsiri altında dini təlimlərdəki ilahiyyat sistemləri dərin böhran keçirməkdədir. Bu özünü külli miqdarda ziddiyətli teoloji konsepsiyaların meydana gəlməsində, bəzi ənənəvi təsəvvürlərdən imtina edilməsində və ya müasir elmi nəzəriyyələri və kəşfləri Müqəddəs Yazılara uyğunlaşdırmaq və ya bu yazılarda elmi həqiqətləri axtarmaq cəhdlərində göstərir. Buna dində modernizm hərəkatı, yəni ilahiyyat sistemlərini dövrün tələb­lərinə uyğunlaşdırılması deyilir. Yeni dövrdə bütün ortodoks dinlərdə modernizm təzahürlərini görmək mümkündür.

Başqa dinlərdə olduğu kimi müasir İslamda da moder­nizmə meyl güclənməkdədir. İslamda bütün istiqamətlərdə - ehkamçılıq, sosial doktrinalar, ayin və şəriət qaydalarlında müxtəlif xarakterli arxaik elementlərdən, hədsiz məhdudiyyət və qadağalardan qurtulmaq istiqamətində müəyyən addımlar atmağa cəhdlər edilir. Modernistlər reformalar, “yeniləş­dir­mək”, Qurani-Kərim və Sünnəni yenidən mənalandırmaq yolu ilə İslamın təkamülünə nail olmağa cəhdlər edirlər. Onlar din və elmin barışdırılmasını təklif edir, elmi və texniki yenilik­lərdən İslam cəmiyyətində geniş istifadə edilməsini alqış­layırlar. Müasir modernistlər Qurani-Kərimi elm dəryası, bilik və texniki yeniliklərin mənbəyi kimi təqdim edirlər. Moder­nistlər iddia edirlər ki, Qurani-Kərimdə bəşəriyyətin maddi-texnoloji inkişafı üçün gərəkli ola bilən bütün elmi kəşflər haqqında məlumat əldə etmək mümkündür.

İlahiyyat sistemlərini sürətlə dəyişən dünyaya uyğunlaş­dırmaq bəzən özünü dinin bəzi arxaik, əhəmiyyətini itirmiş və müasir dövrün tələbləri ilə uzlaşmayan hökmlərinin, adət və ənənələrinin dirçəldilməsində və zorla cəmiyyətə qəbul etdiril­məsi yollarının axtarılmasında göstərir. Bu cür yanaşma ilahiy­yatda təməlçilik (fundamentalizm) olub, bəzən dini fanatizm və onun daha ağır forması olan dini qəddarlıqterrorizm üçün ideoloji zəmin yaradır. Bu özünü “həqiqi dinin” ətrafdakı insanlara zorla qəbul etdirilməsində, başqa dinlərin nümayən­dələrinə nifrətin qızışdırılmasında, “dini müharibələrə” hazır­lıq­da, “kafirlərə”, “mürtədlərə”, ateistlərə, alimlərə, dünyəvi cəmiyyətin adamlarına divan tutulmasında göstərir.

 

Tarixi baxımdan götürdükdə ilahiyyatda vaxtaşırı mo­der­nizmin və təməlçiliyin baş qaldırması dinlərin ana buda­ğında yeni təlimlərin, yeni ilahiyyat məktəblərinin yaranmasına gətirib çıxarmışdır. XVI əsrdə Martin Lüterin Roma –katolik kilsəsini tənqid etməsi və xristianlığın Məsih zamanındakı “saflıq” dövrünə qaytarmaq haqda çağırışları Lüteranlığın, XVI əsrdə Con Smitin bu cür çağırışları Baptizmin, XIX əsrdə Vilyam Millerin vaizçiliyi Adventizmin, Çarlz Rasselin moi­zələri “Yahova şəhidləri” təliminin yaranması ilə nəticələn­mişdir. Vəhhabilik və sələfilik İslamda, Krişna Şüuru hərəkatı (Veda təliminə qayıdış) isə Hinduizmdə dini təlimlərin “saf” və insanlar tərəfindən “korlanmamış” ilkin variantlarına qayıtmaq cəhdi, yəni təməlçilik kimi qiymətləndirilə bilər.

bottom of page