top of page

İslam

Həzrət Məhəmməd (s) Məkkə şəhərində, Qüreyş qəbiləsinin Haşim soyunda doğulmuşdur. Valideynləri o hələ uşaq ikən vəfat etdiyindən əvvəlcə babası Əbdülmüttəllibin, sonra isə əmisi Əbu Talibin himayəsi altında böyümüşdür. On iki yaşına çatanda əmisi ilə Suriyaya ticarət səfərinə getmişdir. Bu səfər zamanı xristian rahibi Bəhirə onu görüb peyğəmbər olacağını xəbər vermişdir. Həzrət Məhəmməd (s) peyğəmbər 610-cu ildən etibarən Allahdan göstərişlər, yəni Vəhylər almağa başlamışdır. Cəbrail vasitəsi ilə Allahdan aldığı ilk ayədə deyilirdi: 

“Yoxdan  yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə öyrətdi. İnsana bilmədiklərini öyrətdi” (əl-Ələq, 1-5).

Qeybdən gələn səs 23 il ərzində Ona Müqəddəs Kitabın – Quranın məzmununu çatdırmışdır. 632-ci ildə Peyğəmbər Məkkəyə “vida həccinə” yollanır. Bu səfər zamanı Ona Quranın sonuncu ayəsi nazil olur. Orada deyilirdi:

“Bu gün dininizi sizin üçün tamamladım və sizin üçün bir din olaraq İslamı bəyənib seçdim” (əl-Maidə, 3).

Ziyarətdən qayıtdıqdan bir müddət sonra Həzrət Məhəmməd (s) peyğəmbər 63 yaşında vəfat edir. Onun vəfatından sonra ərəb ordularının hərbi yürüşləri nəticəsində İslam dini Afrikanın şimalından Çinin şərqinə kimi böyük ərazilərə yayılır.

İslamda VII əsrin ikinci yarısında ilk ayrılma baş verir. Bu ayrılma nəticəsində  İslam iki məzhəbə bölünür: sünnilik və şiəlik. VIII əsrdə bu dəfə şiəlikdə məzhəb ayrılması İsmailiyin yaranmasına gətirib çıxarır. Hazırda İslam daxilində onlarca məzhəb və təriqətlərin olmasına baxmayaraq, İsmailik istisna olmaqla, onların arasında dini təlimlərin teoloji əsaslarında xristianlıqda müşahidə edilən kəskin fərqlər yoxdur. Beləliklə, İslam daxilində üç məzhəb – sünnilik, şiəlik və İsmailik mövcuddur.  Bunlar içərisində ən geniş yayılmış sünnilikdir (80%).

Təşkilatı

Dünyada İslam ölkələrinin sayı 44-dür: Avropada 1 (Albaniya), Afrikada 16 (Misir, Əlcəzair, Sudan, Mərakeş və s), Asiyada 26 (İran, İraq, Əfqanıstan və s.). Bir ölkə həm Asiyada, həm də Avropada yerləşmişdir. Bu Türkiyədir. Qırx müsəlman ölkəsində sünnilər, yalnız dördündə (İran, İraq, Azərbaycan, Bəhreyn) şiələr əhalinin böyük hissəsini təşkil edir. Təqribi hesablamalara görə müsəlmanların sayı 1,2 milyarddan çoxdur. Qitələr üzrə bu göstərici aşağıdakı kimidir:Asiya - 800 milyon; Afrika - 350 milyon; Avropa - 40 milyon; Amerika - 7,5 milyon; Avstraliya və Okeaniya - 500 min nəfər.

Teoloji Əsasları

Biz burada İslamın teoloji əsaslarını ümumi şəkildə, əvvəlki dinlərə tətbiq etdiyimiz metodlardan istifadə etməklə, lakin sünnilik və şiəlikdəki məzhəb fərqlərini xüsusi vurğulamadan nəzərdən keçirəcəyik. İslamda yalnız İsmailik məzhəbinin teoloji əsasları qalan iki məzhəbdən fərqli cəhətlərə (məsələn, Allahdan başqa dünyada “dünya zəkasının olması” haqqında təlim, ruhun bir bədəndən başqasına köçürülməsi və s.) malikdir. Azərbaycanda İsmailik məzhəbinin ardıcılları olmadığına görə bu bölmədə onun teoloji əsasları təhlil edilməyəcək.

 

İslamın (sünnilik və şiəlik) teoloji əsaslarını təşkil edən təlimlər aşağıdakılardan ibarətdir:

  • Allah haqqında təlim;

  • Fövqəltəbii varlıqlar (mələklər, hurilər, cinlər, İblis, Bürak)  haqqında təlim;

  • Müqəddəs kitablar haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim; 

  • Ruh haqqında təlim;

  • Axirət həyatı haqqında təlim;

  • Dua haqqında təlim;

  • Oruc haqqında təlim;

  • Cihad haqqında təlim;

  • Həcc haqqında təlim;

  • İmamət haqqında təlim;

  • Mehdinin gəlişi haqqında təlim.

Allah Haqqında Təlim

İslam təlimində Allah Tək, Şəriksiz, Birinci, Axırıncı, Gözə görünməyən, Misilsiz və Tayı olmayan bir zat kimi qəbul edilir. Allah haqqında bu baxış Tövhid adlanır. Tövhid – vahidlik, təklik, bir olmaq deməkdir. Xristianlıq təlimindən fərqli olaraq, İslamda Allah bir sifətli zat kimi qəbul edilir. Allah dünyanı, canlıları, insanı, Cənnət və Cəhənnəmi xəlq etmişdir. Ən gözəl 99 ad Allaha məxsusdur: Vahid, Əbədi, Əzəli, Böyük, Qüdrətli, Aqil, Adil, Rəhman və s. Qurani-Kərimdə deyilir: 

 

“Ən gözəl adlar Allahındır, onu bu adlarla çağırın, onun adlarını dananlardan əl çəkin; tezliklə öz əməllərinin cəzasına yetəcəklər” (Əraf, 180).

 

İnsanın məhdud düşüncəsi Allahın zatını (vücudunu) anlamağa qadir deyildir. Allah elə mücərrəd və mütləq sifətlərə malikdir ki, ya insan  ümumiyyətlə bu sifətlərə malik ola bilməz, yaxud da bu sifətlər insanda, Allahda olduğu səviyyədə mövcud ola bilməz. Deməli, insan Allahın özünü deyil, onun sifətlərini tanımağa çalışmalı, bu sifətlər əsasında özündə Allah barədə təsəvvür yaratmalıdır.  Allahın sifətləri Onun zatı ilə eynidir və onunla vəhdət əmələ gətirir. Sifətlər Allahdan ayrılmazdır. Allah heç zaman bu sifətlərsiz olmayıb və olmayacaq. Allahın sifətləri iki qrupa ayrılır:

1.Səlbiyyə sifətləri – onların Allahda olması qeyri- mümkündür, yəni bu sifətlər (məsələn, mürəkkəb, cisim, görünən və s.) Allaha əskiklik və nöqsan gətirir, buna görə də onlar Allahda yoxdur.

2. Sübutiyyə sifətləri – onların Allahda olması vacibdir; Allah sübutiyyə sifətlərsiz (məsələn, qadır, alim, qədim və əzəli və s.) mövcud ola bilməz.

 

Fövqəltəbii Varlıqlar Haqqında Təlim (Mələklər)

Mələklərin əsas funksiyası Allaha köməkçi olmaq və xeyirxah işlər görməkdir. Onların sayı milyardlarladır. Allah onları işıqdan yaratmışdır. Onlar ölümsüz, bədənsiz və cinssiz varlıqlardır. Mələklər içində dörd mələk Allaha daha yaxın hesab olunurlar:

  • Cəbrail

  • İsrafil

  • Mikayıl

  • Əzrail

 

Cəbrail – Allahla peyğəmbərlər arasında, İsrafil – Allahla mələklər arasında vasitəçidirlər. İsrafilin ikinci funksiyası Qiyamətin carçısı olmaqdır. O, əlində sur hazır vəziyyətdə duraraq, Allahın təyin etdiyi gündə onu çalmalı və dünyaya Qiyamətin gəldiyini çatdırmalıdır. Mikayıl Kainatda nizamın saxlanmasına cavabdehdir. Əzrail – ölüm mələyidir. O, insanların ruhunu ölüm anında bədənlərindən ayırır. Allaha yaxın bu mələklərdən başqa hər bir insanı qoruyan iki mələk (katib mələklər) vardır ki, bunlar insanın yaxşı və pis əməllərini yazırlar. Nəkir və Münkər qəbirdə ölüləri sorğu-suala tutacaq iki mələkdir. Rizvan cənnətin, Malik isə Cəhənnəmin keşiyini çəkən mələklərin adıdır. 

Fövqəltəbii Varlıqlar Haqqında Təlim (Cinlər)

Cinlər Allahın oddan xəlq etdiyi xüsusi fövqəltəbii varlıqlardır. Onlar iki qrupa bölünürlər: şər cinlər və xeyirxah cinlər. Şər cinlərin funksiyası adlarından göründüyü kimi şər işlər törətmək, xeyirxah cinlərin funksiyası isə xeyirxah işlər görməkdir. Allah tərəfindən xəlq ediləndə onların hamısı şər cinlərdən ibarət idi. Lakin Məhəmməd (s) peyğəmbərin gəlişi ilə vəziyyət dəyişmişdir. Quranda həm insanlar, həm də cinlər haqq dinə dəvət olunurlar. İlahi Vəhyin təsiri altında cinlərin bir hissəsi İslamı qəbul etmiş, Məhəmməd (s) peyğəmbərin ardıcıllarına çevrilmiş və İslamın yayılmasında iştirak etmişlər.

Bütün şər cinlər insanlara ziyan vurmağa çalışırlar. Onlar arasında ən qəddarları “şeytanlar” adlanır. Cinlərin sayı haqda məlumat yoxdur. Lakin onların çox olması məlumdur. Cinlərin bədəni vardır. Görkəminə görə onlar çox eybəcərdirlər, amma onlar insan görkəminə də girə bilirlər. Cinlər cinsə malikdir və öz aralarında və insanlarla intim münasibətə girə bilirlər. Onlar ölümsüzdürlər. 

Şər cinlər içərisində, İslam təlimində Şeytan və ya İblis adlanan cinə xüsusi yer verilmişdir. O, Allah tərəfindən mələk kimi yaradılmışdır. Lakin Allahın insana səcdə etmək əmrini yerinə yetirməkdən imtina etmiş və bu səbəbdən də şər cinə çevrilmişdir. Əgər xristianlıq təlimində bütün cinlərin (murdar ruhların) əvvəlcə mələk olması iddia edilirsə, İslamda yalnız bir cin, yəni İblis və ya Şeytan keçmişdə mələk olmuşdur.

Fövqəltəbii Varlıqlar Haqqında Təlim (Hurilər)

Hurilər (ərəb. “qaragöz”) Allahın xəlq etdiyi xüsusi Cənnət qadınlarıdır. Onların əsas vəzifəsi Cənnətdə yerləşmiş möminlərə intim və digər xidmətlər göstərməkdir. Ona görə də hurilər haqqında təlim axirət həyatı haqqında təlimin bir hissəsi kimi çıxış  edir.

İslam təliminə görə, hər bir mömin kişi Cənnətdə iki qrup qadına sahib olacaq. Birinci qrup qadınlar onun yerdəki həyat yoldaşlarıdır ki, Cənnətdə də onun yanında olacaq; ikinci qrup qadınlar hurilərdir ki, onlar möminlərə mükafat olaraq verilir.

Fövqəltəbii Varlıqlar Haqqında Təlim (Büraq)

“Büraq” ərəb dilində “İldırım”, “Şimşək” mənasındadır. Büraq at bədənli, insan başlı, qartal qanadlı xüsusi fövqəltəbii varlıq kimi Həzrət Məhəmməd (s) peyğəmbər haqqında təlimin hissəsi kimi çıxış edir. O, bir gecə, dəqiq desək, peyğəmbərliyin 10-cu ilində (619-cu il) rəcəb ayının 27-də Həzrət Məhəmməd (s) peyğəmbəri bir göz qırpımında Məkkədən Yerusəlimə, oradan da Allahla söhbətdən ötrü göyün yeddinci qatına qaldırmışdır. Bu hadisə İslam mənbələrinə Merac hadisəsi adı altında daxil olmuşdur.

 

Müqəddəs Kitablar Haqqında Təlim

İslamda Müqəddəs Kitablar üç qrupa bölünür: birinci qrupa, yalnız bir kitab daxildir – Allahın mələk Cəbrail vasitəsilə Həzrət Məhəmməd (s) peyğəmbərə çatdırdığı “Qurani-Kərim”. Quranın müəllifi Allahdır. Ərəb dilindən tərcümədə “Quran” – “qiraət olunan, oxunan kitab” mənasını verir. Quranda 114 surə vardır. Bunlardan ən uzunu 286 ayədən ibarət əl-Bəqərə surəsi, ən qısaları isə 3 ayədən ibarət əl-Kəusər, ən-Nəsr və əl-Əsr surələridir. 90 surə Məkkədə, 24 surə Mədinədə nazil olmuşdur; ikinci qrupa, “Sünnə” adı altında Həzrət Məhəmməd (s) peyğəmbərin nitqlərindən, Onun həyatı, davranışı və hərəkətləri haqqında söhbətlərdən (hədislərdən) ibarət toplum daxildir. Bütün hədislər uzun illər şifahi şəkildə ötürülmüşdür. IX-X əsrlərdə onlar tanınmış din xadimləri tərəfindən qələmə alınmışdır. Həmin xadimlərdən ən məşhurları Buxari, Nişapuri, Tirmizi və digərləri olmuşdur. Əbu Abdullah əl- Buxari 600 min hədisi tədqiq edib, onlardan yalnız 7250 hədisin səhih (düz) olduğunu müəyyən etmişdir; üçüncü qrupa, Qurani-Kərim mətnlərində adı çəkilən və müsəlmanların ehtiramla yanaşdığı Kitablar daxildir. Xronologiya üzrə bunlar aşağıdakılardır:

  • Davudun Zəburu

  • Musanın Tövrəti

  • İsanın İncili

 

Lakin İslam təliminə görə, hazırda yəhudilərin və xristianların əlində olan həmin kitabların mətnləri insan əli ilə o qədər dəyişdirilmiş və təhrif olunmuşdur ki, öz ilahi mahiyyətini itirmişdir. Bu səbəbdən Allah Qurani-Kərimi yerə endirmiş və bütün həqiqətləri orada açıqlamışdır. 

Peyğəmbərlər haqqında təlim. Bu təlimin əsas ideyası Yəhudilik və Xristianlıqda olduğu kimidir. İslam təliminə görə, Peyğəmbər Allahın adından və Onun xüsusi göstərişi ilə göndərilmiş şəxslərdir. Onların əsas funksiyası İlahi həqiqətləri insanlara çatdırmaqdır. Onların gətirdikləri həqiqətlər üç hissədən ibarətdir:

  • Haqq din haqqında həqiqət (Allaha necə inanmaq);

  • Mömin həyatı haqqında həqiqət (necə yaşamalı);

  • Gələcək haqqında həqiqət (insanları gələcəkdə nələr gözləyir).

 

“Peyğəmbər” fars sözüdür. Qurani-Kərimdə “nəbi” və “rəsul” ifadələrindən istifadə olunur. Nəbi Allahdan xəbər gətirən, Rəsul isə Allahın elçisidir. Nəbilərin sayı 124 mindir. Nəbilər arasında 313 nəfər ayrılır ki, onlar həm də “rəsuldurlar”. Bu Allah Elçiləri Allahdan həm şifahi, həm də yazılı Vəhylər almışlar. Beləliklə, bütün rəsullar həm də nəbilərdir, amma bütün nəbilər rəsul deyillər. Quranda cəmi 27 peyğəmbərin (nəbi və rəsulun) adı çəkilmişdir. Peyğəmbərlər içərisində 9 peyğəmbərin məqamı daha yüksək tutulur. Bunlar aşağıdakılardır: Nuh, İbrahim, Yaqub, Yusif, Musa, Əyyub, Davud, İsa Məsih, Məhəmməd (s). Həzrət İsa Məsih Allahın böyük nəbisi və rəsuludur. Lakin xristianların iddia etdiyi kimi, O Allah deyildir. Bu haqda bir qədər sonra.

Peyğəmbərlər Haqqında Təlim (İsa Məsih)

Həzrət İsa Məsih məqamına görə Məhəmməddən (s) sonra ikinci hesab olunur. Qurani-Kərimdə O, “Məryəm oğlu İsa” adı ilə verilmişdir. O, Allahın rəsulu olub, insanlara İncili nazil etmişdir. O, Allaha daha yaxın peyğəmbərlərdəndir. Ona görə də Allah Ona gildən quş yaratmaq, xəstələrə şəfa vermək və hətta ölüləri diriltmək qabliyyəti vermişdir.

İsanın anası Məryəm, atası Allahın İradəsi olmuşdur. Quranda deyilir ki, Məryəm insanlardan uzaqlaşıb səhraya çəkiləndə ona mələk nazil olur və ona bildirir ki, o, dünyaya oğlan uşağı gətirəcək ki, həmin uşaq insanlara “əlamət” olacaq. Sonra Qurani-Kərim buyurur:

“O, dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm” dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən tədqir olunmuş bir hökmdür!” Artıq hamilə oldu və onunla birlikdə bir yerə çəkildi” (Məryəm, 19/20-21).

 

Məryəm yeni doğulmuş körpəsi ilə insanların yanına qayıdır, onlar onu zinakarlıqda ittiham edirlər. Bu zaman beşikdə uzanmış İsa şəhadət verir:

“...İsa dedi: “Mən həqiqətən Allahın quluyam. O, mənə Kitab verdi, özümü də peyğəmbər etdi...” (Məryəm, 19/29-33).

Müsəlmanlar xristianların Həzrət İsa Məsihin çarmıxda ölməsi fikrini səhv hesab edirlər. Onların nəzərincə, hadisələr başqa cür cərəyan etmişdir: düşmənləri Həzrət İsa Məsihi öldürmək istəyəndə, Allah Onu sağ ikən səmaya, Öz yanına aparmışdır. Səmada Allah Ondan soruşmuşdur:

 “...Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin” – demişdin?” (Maidə, 166).

 

Cavabında Həzrət İsa Məsih Allahı əmin edir ki, o insanları yalnız Tək olan Allaha ibadət etməyi öyrətmişdir.

İslam təliminə görə, Həzrət İsa Məsih ikinci dəfə Yerə Həzrət Mehdi ilə birgə qayıdacaq və Ona Yerdə Ədalət cəmiyyətini qurmaqda yardımçı olacaqdır. Sonra Həzrət İsa Məsih öləcək. O, Mədinə şəhərində Həzrət Məhəmməd (s) peyğəmbərin yanında dəfn olunacaqdır. O,  bir də Qiyamət Günü bütün ölülərlə bir yerdə diriləcək.

Peyğəmbərlər Haqqında Təlim (Həzrət Məhəmməd (s))

Yalnız Həzrət Məhəmməd (s) peyğəmbər  “Peyğəmbərlərin möhürü” titulunu daşıyır. Bu o deməkdir ki, Həzrət Məhəmməd (s) peyğəmbərlərin ən böyüyü və sonuncusu hesab olunur. Qurani-Kərimdə deyilir:

“Məhəmməd sizlərdən heç kimin atası deyildir. O, Allahın rəsulu, nəbilərin sonuncusudur” (Əhzab, 40).

Allah məhz Həzrət Məhəmmədə (s) əsas və tamamlanmış yazılı Vəhyini – Qurani Kərimi nazil etmişdir. İki müsəlman bayramı – Mövlud (Peyğəmbərin ad günü) və  Merac (Peyğəmbərin Büraqın belində göyə qalxıb Allahla söhbət etdiyi gün) bayramları Onun həyatı ilə bağlıdır.

Ruh Haqqında Təlim 

Ruh haqqında İslam təlimi antik xristianların, həmçinin müasir pravoslavlıq, katolisizm, lüteranlıq, baptizm və digər xristian məzhəblərin təliminə tamamilə uyğundur.İslam təlimində də ruha – insanın fövqəltəbii hissəsi kimi baxılır. Ruh bədəndən asılı deyildir, yəni o, bədəndən kənarda da yaşamağa qabildir və o tam törəmədir. Bütün insanların ruhunu Allah xəlq etmişdir və bütün  insanların ruhu ölməzdir. Bununla belə, İslam təliminə görə, ruhun əsil mahiyyəti barədə dəqiq məlumatı bəşəriyyət hələ əldə etməmişdir. Çünki Allah özü ruh haqqında ətraflı məlumat verməyi məsləhət görməmişdir.

 “Səndən ruh barəsində soruşurlar. Onlara de ki, ruh Allaha aid olan şeylərdəndir. Onun barəsində sizə çox az bilgi verilmişdir” (İsra, 85).

 

Axirət Həyatı Haqqında Təlim 

Axirət dünyası iki hissədən ibarətdir: Cənnət və Cəhənnəm. Mömin müsəlmanlar Cənnətə, günahkarlar Cəhənnəmə göndərilir. Xristianlıqdan fərqli olaraq insanların möminlərə və günahkarlara bölünməsi başqa meyarlar əsasında aparılır. Əgər xristianlıqda bütün insanlar (Həzrət İsa Məsihin anası Məryəmdən başqa) günahkar, möminlər isə günahkarların xüsusi hissəsidirsə, İslamda möminlər və günahkarlar tam əks tərəflərdir. Möminlərin həyatında xeyirxah işlər, günahkarların həyatında pis işlər üstünlük təşkil edir. Əgər antik xristianlıq təlimində Cənnət və ya Cəhənnəm həyatı ora düşənlər üçün əbədi məskən yeri sayılırsa, İslamda bu baxış bir qədər fərqlidir. Belə ki, Cənnətdə hamı əbədi qalır, lakin Cəhənnəm əhli iki qrupa - əbədi və müvəqqəti qalanlara bölünürlər. Cəhənnəmdə müvəqqəti qalanlar günahkar müsəlmanlardır: bu dünyada törətdikləri cinayətdən asılı olmayaraq, Allah əvvəl-axır onları Cəhənnəmdən çıxarıb Cənnətdə yerləşdirir. Əgər xristianlıq təlimində Cənnətdə intim münasibətlərin olması inkar edilirsə, İslamda bu cür münasibətlər mümkün hesab olunur. Yuxarıda qeyd edildiyi kimi, hurilərin mövcudluğu və onların mömin müsəlmanları seksual həzzlərlə təmin etməsi bunu təsdiq edir.

Axirət həyatı iki mərhələdən ibarətdir:

  • Qiyamət Gününə kimi olan mərhələ (bu mərhələdə ruhlar Bərzəx deyilən yerdə bədənsiz qalırlar);

  • Qiyamətdən sonrakı mərhələ - Məad hadisəsi (bu mərhələdə ruhlar bədənləri ilə birləşib, Cənnət və Cəhənnəmdə bədənləri ilə bir yerdə olurlar).

Qiyamət Günü İsrafil mələyin sur çalması ilə başlayacaq. Onun səsinin dəhşətindən bütün canlılar həlak olacaq. Sur ikinci dəfə çalınanda dünyanın əvvəlindən Qiyamətə qədər dünyaya gəlmiş adamların hamısı diriləcək, ruhlar bədənləri ilə qovuşacaq və Allah qarşısında cəm olub, dünyada etdikləri işlər barəsində hesabat verəcəklər. Qiyamət Günü qurtardıqdan sonra insanlar iki qrupa bölünəcək: kafirlər, yəni İslam dinini qəbul etməyənlər Cəhənnəmdə əbədi yanacaq, lakin yanıb ölməyəcək, çünki ölüm insan üçün bir dəfədir, ondan sonra ölüm yoxdur. Günahkar müsəlmanlar da günahları qədər Cəhənnəmdə yanıb əzab çəkəndən sonra Cənnətə göndəriləcəklər. Bu aşağıdakı şəkildə baş verəcək: bütün insanlar Cəhənnəmin üstündən salınmış və Cənnətə uzanmış tük kimi nazik və ülgüc kimi iti Sirat körpüsündən keçməli olacaqlar. Möminlər uğurla Cənnətə çatacaq, günahkarlar isə körpüdən keçə bilməyib Cəhənnəmə düşəcəklər.

 

Dua Haqqında Təlim

Duanın üç forması vardır:

  • Kəlmeyi-Şəhadət;

  • Namaz;

  • Əlavə dualar;

 

Kəlmeyi-Şəhadət duanın ən qısa formasıdır: “La ilahə illəllah, Mühəmmədün rəsulullah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın rəsuludur). Şiələr bu formula daha bir sətir əlavə edirlər: “Əliyyən vəliyullah” (yəni Əli Allahın vəlisi, peyğəmbərin naibidir). Müsəlmanlar bu sətirləri gün ərzində bir neçə dəfə təkrar edə bilərlər.

Kəlmeyi –Şəhadətin dua funksiyası ilə yanaşı, onun insanı İslama mənsub etmə funksiyası da vardır. Belə ki, əgər qeyri-müsəlman onu iki müsəlman (kişi) qarşısında təkrar edirsə, o, İslam dinini qəbul etmiş hesab olunur.

 

Namaz- gündəlik beş dəfə oxunan (qılınan) duadır. Namazların qılınma vaxtı və rükətlərin sayı aşağıdakı kimidir:

  • Sübh namazı – iki rükət

  • Zühr namazı – dörd rükət

  • Əsr namazı – dörd rükət

  • Şam namazı – üç rükət

  • Xüftəm namazı – dörd rükət

 

Namaz kollektiv və fərdi şəkildə, məsciddə və ya ondan kənarda qılına bilər. Namazdan əvvəl dəstəmaz alınması vacib hesab olunur. İslam təliminə görə, namaz insanın hər cür halında ona vacibdir; mümkün olarsa, ayaq üstə, olmasa oturan yerdə (xəstəlik və ya digər hallarda), olmasa uzanan halda, o da olmasa işarə ilə hətta ürəyindən keçirməklə namazı qılmaq lazım və vacibdir. Namazı qılmaq, Allahın varlığını etiraf və təsdiq etmək, onu qılmamaq, Allahı saymamaq, Onu inkar etmək deməkdir.

 

Kəlmeyi-Şəhadət və namaz ərəb dilində oxunur. Əlavə dualar müsəlmanların öz ana dillərində və günün istənilən vaxtı oxuna bilər.

 

Oruc Haqqında Təlim

Ay təqviminin doqquzuncu ayı (ayın adı – ramazan) həddi-buluğa çatmış müsəlmanlara  oruc tutmaq vacib hesab olunur. Oruc tutmaqdan aşağıdakı adamlar azad olunurlar: əqildən məhrum olanlar, həddi-buluğa çatmamışlar, səfərdə olanlar, naxoşlar, heyz və nifas halında olan qadınlar.

 

Oruc müddətində möminlər özlərini aşağıdakı şeylərdən saxlayırlar: yemək və içməkdən, siqarət çəkməkdən, yalan danışmaqdan, suya baş vurmaqdan, cinsi əlaqədə olmaqdan, qusmaqdan, imalə etməkdən, özündən məni çıxarmaqdan. Əgər bu işlər qəsdən baş verərsə, oruc batil hesab olunur, lakin qeyri-ixtiyarı olarsa, batil hesab olunmaz.

 

Həcc Haqqında Təlim

Bu təlimin əsas ideyası odur ki,  həddi-buluğa çatmış, özünün və ailəsinin 1 illik dolanacağı olan, fiziki cəhətdən sağlam və ağlı başında olan, mənəvi cəhətdən həcc etməyə hazır olan hər bir müsəlmana vacibdir ki, ömründə bir dəfə Məkkə şəhərindəki Kəbənin ziyarətinə getsin və bu ziyarət əsnasında müəyyən əməlləri yerinə yetirsin. Qurani-Kərimdə həccin vacibliyi barəsində buyurulur:

“Getməyə imkanı olan şəxslərə Allahın evini həcc etmək Allah tərəfindən vacib bilinmişdir” (Ali-İmran, 97).

Kəbəyə ziyarətin iki növü məlumdur: həcc (böyük ziyarət) və ümrə (kiçik ziyarət). Kiçik ziyarəti ilboyu etmək olar, həcc ziyarəti isə ancaq həcc aylarında (şəvval, zilqədə və zilhiccənin əvvəli) yerinə yetirilməlidir: hacı ehram  bağlayır, Məkkəyə yetişir, Məscidül-hərama gəlir, Kəbəni yeddi dəfə təvaf edir - ətrafına dövrə vurur, məqami-İbrahimdə iki rəkət təvaf namazı qılır, Zəmzəm quyusunun suyundan içir, Səfa ilə Mərvə təpələri arasında səy edir – yeddi dəfə iti addımlarla o baş-bu başa gedib-gəlir, saçını-saqqalını qısaldır. Bununla ümrəni başa vurmuş olur və ehramdan çıxır. Zilhiccə ayının 8-də yenidən həcc ziyarəti üçün ehram bağlayır, gün batandan sonra Mina vadisinə gedir, gecəni orada qalır, zilhiccənin 9-da Ərafat dağına yollanır, orada vüquf edir, yəni Allahın qarşısında durur, dua edir, namaz qılır, gün batandan sonra Müzdəlifə vadisinə enir, gecəni Məşərülhəramda keçirir, şeytana daş atmaq üçün 49 ədəd xırda daş yığır. Zilhiccənin 10-da Minaya gedir, cəmrətül-əqəbədə şeytana yeddi daş atır.

Həccin əsas ayini – qurban kəsilməsi – həccin son üç günü yerinə yetirilir. Bu gün bayram günləri hesab olunur və dünyanın bütün müsəlmanları tərəfindən qeyd edilir.

Şiə məzhəbində Məkkə və Mədinə şəhərlərinə həcc ziyarətilə yanaşı imamların məqamlarına ziyarət də savab əməllərdən hesab olunur. Bu yerlər aşağıdakılardır:

  • Nəcəf (imam Əlinin məqamı);

  • Kərbala (İmam Hüseynin məqamı);

  • Kazimeyn (7 və 8-ci imamların məqamları);

  • Samirə (10, 11, 12-ci imamların məqamları);

  • Məşhəd (İmam Rzanın məqamı);

  • Qum (İmam Rzanın bacısı Fatimənin məqamı).

 

Cihad haqqında təlim

İslam təlimində cihadın iki növü fərqləndirilir:

  • Kiçik cihad;

  • Böyük cihad;

Kiçik cihad İslamın düşmənlərinə və ya kafirlərə qarşı silahlı mübarizəni nəzərdə tutur. Müsəlman şəxsin borcudur ki, dini dəyərlər, müsəlman torpaqları düşmən təcavüzünə məruz qalarsa, silaha sarılıb, müqəddəs müharibəyə - cihada getsin. Yetkinlik yaşına çatmış kəs cihada getməkdən qaçarsa, yaxud cihad meydanını buraxıb fərarilik edərsə, Allahın qəzəbini qazanar. Quranda deyilir:

“Allah möminlərin canını və malını cənnətə əvəz olaraq almışdır. Bu möminlər Allah yolunda vuruşurlar ki, ya düşməni məhv etsinlər, ya da özləri şəhid olsunlar” (Tövbə, 111).

Böyük cihad isə insanın öz nəfsi ilə mübarizəsidir. İnsanın nəfsi həmişə onu müxtəlif günahlara, pis əməllərə dəvət edir. İnsan öz nəfsini cilovlayıb, belə günahlardan özünü saxlasa Böyük cihad etmiş olur.

İmamət haqqında təlim. Bu təlim sırf şiəliyə məxsus qatdır. Həzrət Məhəmməd (s) peyğəmbərin vəfatından dərhal sonra müsəlmanlara kimin başçılıq etməsi məsələsi qaldırıldı. Bu barədə müsəlmanlar arasında iki baxış ortaya çıxdı. Birinci baxışa görə,  Peyğəmbərin canişini və İslam ümmətinin rəhbəri camaat arasından seçilə bilər. O biri baxışa görə insanlar bu səlahiyyətə malik deyillər, canişin mütləq Allahın əmri və Peyğəmbərin elanı ilə təyin olunmalıdır.  Bu gün “əhli-sünnə” adlanan müsəlmanlar birinci nəzəriyyəni, “şiə” adlanan müsəlmanlar isə ikinci nəzəriyyəni müdafiə edirlər.

Şiə məzhəbində imamların sayı 12-dir. Bunların hamısı Həzrət Məhəmməd peyğəmbərin (s) qızı Fatimənin nəslindəndir. Şiə əqidəsinə görə, 12 imamın hər biri Allah tərəfindən imamlığa təyin olunmuşdur. Həzrət Məhəmməd peyğəmbər (s) 23 illik peyğəmbərlik fəaliyyəti boyunca dəfələrlə Həzrət Əlinin (ə) üstünlüyünü bəyan etmiş, müsəlmanları Əlini sevməyə çağırmışdır.  Ona görə də şiələr Həzrət Əlini ilk imam və Məhəmməd peyğəmbərin canişini hesab edirlər. Onlar bunun sübutu üçün Peyğəmbərin buyurduğu “Qədir-Xum”, “Səqəleyn”, “Məzilət” hədislərini əsas götürürlər.  On iki imamın adları belədir:

  1. İmam Həzrət Əli (ə)

  2. İmam Həsən (ə)

  3. İmam Hüseyn (ə)

  4. İmam Əli Zeynül-Abidin (ə)

  5. İmam Məhəmməd Baqir (ə)

  6. İmam Cəfər Sadiq (ə)

  7. mam Musa Kazim (ə)

  8. İmam Əli Rza (ə)

  9. İmam Məhəmməd Təqi (ə)

  10. İmam Əli Nəqi (ə)

  11. İmam Həsən Əsgəri (ə)

  12. İmam Mehdi Sahib -əz- Zaman (ə).

Mehdinin Gəlişi Haqqında Təlim 

İslam dini İslamı sonuncu din və Həzrət Məhəmməd (s) peyğəmbəri “peyğəmbərlərin möhürü”, yəni sonuncusu hesab etsə də, Allah tərəfindən “axır-zamanda” Xilaskarın – Mehdinin (şiələrdə Mehdi Sahib -əz-Zaman) göndəriləcəyini inkar etmir. Mehdi qarşısına qoyduğu vəzifələrinə görə bizə yəhudilərin Maşiahını xatırladır. Həm Mehdi, həm də Maşiax qüdrətli fövqəltəbii imkanları olan və Allahın adından və Allahın xüsusi göstərişi ilə Yerə göndərilmiş Kəslərdir. Həm Mehdinin, həm də Maşiahın bir əsas vəzifəsi vardır: Yerdə Ədalət Səltənətini qurmaq və Ona rəhbərlik etmək. Bununla belə Mehdi ilə Maşiahın fərqli cəhətləri də vardır. Yəhudilikdə Maşiahın digər vəzifəsi “Dünyanın Sonu”nun həyata keçirilməsidir. İslam təliminə görə, Dünyanın Sonunu Allah həyata keçirəcəkdir. Allahın təyin etdiyi vaxtda Mehdi və İsa Yerə gələcək və İblisin köməkçisi Dəccəlin qurduğu ədalətsizlik cəmiyyətini və onun özünü məhv edəcəklər. Mehdinin Ədalət Səltənəti Qiyamatə qədər davam edəcəkdir. Ondan sonra Axirət aləminin ikinci mərhələsi (İsrafilin sur çalması, ölülərin qəbirlərdən qalxması, ruhların bədənlərinə qovuşması, Günəşin sönməsi, Ayın parçalanması ulduzların yerə tökülməsi və s.) başlayacaqdır. 

Mehdi haqqında təlim şiələrdə sünnilərdən bir qədər fərqli şəkildədir. Şiələrdə Mehdi Sahib-əz Zaman on ikinci İmamdır. O, İmam Həsən Əsgərinin (ə) oğludur. Samirə şəhərində doğulmuşdur. Hələ Həzrət Məhəmməd peyğəmbər (s) tərəfindən xəbər verilmişdi ki, imamların sonuncusu uzun müddət gözlərdən qeyb olaraq, gizli yerdə yaşayacaq. Dünyanın sonuna yaxın bir dövrdə, zülm çoxalıb hər yeri bürüyəndə İmam zühür edib, zalımları məğlubiyyətə uğradacaq və ədalətli hökumət quracaq. On birinci İmamın şəhadətindən dərhal sonra 5 yaşlı İmam Mehdi (ə) qeyb olur. O, təqribən 70 il ərzində bəzi şəxslər vasitəsilə müsəlmanlarla əlaqə saxlayır (həmin dövrə “kiçik qeybolma” dövrü deyilir). Bundan sonra  İmam Mehdi (ə) vasitəçilərdən imtina edərək, hicri təqvimi ilə 260-cı ildə  tamam qeybə çəkilir (həmin dövr “böyük qeybolma” dövrü deyilir). Şiələr qəti olaraq inanırlar ki, O, hal-hazırda sağ və diridir, lakin insanların nəzərlərində qaibdir. Yalnız Allaha məlum olan bir gündə İmam Mehdi (ə) bir qrup silahdaşı ilə zühur edəcək, zalımlarla mübarizəyə başlayıb, ədaləti dirildəcək. Dünya əhli başdan –başa müsəlman olacaq, zülm və fəsaddan Yer üzündə əsər qalmayacaq.

bottom of page