top of page

Krişna Şüuru Cəmiyyəti

Krişna şüuru Cəmiyyəti yaşı min illərlə ölçülən Veda təliminə bilavasitə bağlıdır. Sanskrit dilinə mənsub olan veda sözünün mənası bilik deməkdir. Bu Dinin (bundan sonra Krişna Şüuru Cəmiyyətinə müstəqil din kimi baxılacaq) istinad etdiyi bir neçə yazılı mənbə vardır ki, onlar içərisində “Bhaqavat – Qita olduğu kimi” daha nüfuzlu hesab olunur. Kitaba “Bhaqavat – Qita” adlanan Müqəddəs Yazı və bu mətnə şərh daxil edilmişdir. “Bhaqavat – Qita” nın müəllifi Alllah, şərhin müəllifi isə Svami Prabxupadadır. Bu kitab Rus dilinə 1986-cı il, Azərbaycan dilinə isə 1991-ci ildə tərcümə edilmişdir.

Tarixi Məlumat

Vayşnavların birinci icması 1966-cı ildə Nyu-Yorkda yaranmışdır. Həmin il bu Dinin yaranması tarixi kimi də götürülə bilər. Bəzi mənbələrdə Krişna təliminin bir neçə min il tarixinin olması göstərilir (biz də bu fikirlə razıyıq). Düzdür, həmin mənbələrdə bu  təlimdə hələ qədim “Veda” ədəbiyyatında adları çəkilmiş allahlarla əlaqələndirilir. Lakin “Veda” ədəbiyyatına müxtəlif dinlər Veda Dini, Brahmanizm, sonralar Hinduizm istinad etmişdir. Elə Buddizm dini də Veda təliminə istinad edən Brahmanizmin (Hinduizmin) teoloji əsaslarında formalaşmışdır. Bu dinlərin heç birini Krişnaizmlə eyniləşdirmək olmaz. Digər tərəfdən, Krişnaizm təlimi “Veda”nın ilkin təliminə daha çox yaxındır, sonrakı təlimlərdə (Brahmanizm, Hinduizm, Buddizm) bu, ciddi şəkildə təhrif olunmuşdur. “Veda”nın monoteizmi politeizmlə (çoxallahlılıq) əvəz olunmuşdur. “Veda”larda adları çəkilən tanrıçalar, sonrakı təlimlərdə “allahlara” çevrilmişlər.

Belə bir fikir də vardır ki, Krişnaizmin tarixi XV-XVI əsrdən, Çaytanya adlı din xadiminin Krişna adlı Tək Allahın olması ideyasını vaizçilik etdiyi dövrdən götürülməlidir. Şübhəsiz, Çaytanyanın fəlsəfəsi də Krişnaizmin ideya mənbəyidir. Lakin ədəbiyyatlarda onun vaizçiliyi nəticəsində kütləvi hərəkatın yaranması və Krişnaizmin din kimi ortaya çıxması haqqında məlumat yoxdur. Ona görə də bir sıra tədqiqatçıların nəzərincə, XVI əsrdə Krişnaizmin Din kimi formalaşmasından söhbət gedə bilməz. Lakin Krişna Şüuru Cəmiyyətinin istinad etdiyi Veda dini Yazılarının qədimliyini nəzərə alaraq, oxucuların müzakirəsinə verilmiş bu kitabda Krişna Şüuru təlimi tarixi baxımdan qədim dövrə aid edilmişdir. Əlbəttə, bu məsələdə başqa fikirlər də ola bilər.

Bu qədim təlimin yeni “təqdimatının” banisi Onun İlahi Mərhəməti A.Ç.Bhaktivedanta Svami Prabhupadadır. Svami Prabhupada 1896-cı ildə Hindistanın Kəlküttə şəhərində anadan olmuşdur. Nyu-York şəhərində birinci krişna icmasını yaradan zaman onun artıq 70 yaşı var idi. Svami Prabhupada 1977-ci ildə dünyasını dəyişmişdir. Dünyanın hər yerində vayşnavlar Ona özlərinin dahi müəllimi kimi ehtiram göstərirlər. Bütün aşramlarda (vayşnavlar öz məbədlərini belə adlandırırlar) Svami Prabhupadanın şəkli və ya skulpturu vardır.

Təşkilatı

Vayşnav icmaları dünyanın 200-dən çox ölkəsində mövcuddur. Bu icmalar vahid təşkilatda, yuxarıda qeyd edildiyi kimi, “Beynəlxalq Krişna Şüuru Cəmiyyəti”ndə birləşmişlər. Beynəlxalq Krişna Şüuru cəmiyyətinin başında tərkibi 45 nəfərdən ibarət Ali Şura durur. Ali Şuranın (AŞ) üzvləri ildə bir dəfə mart ayında bir yerə toplanırlar. İlin qalan vaxtı AŞ üzvləri məktublaşma vasitəsilə əlaqə saxlayırlar. Ali Şuranın iqamətgahında AŞ-nın İcraiyyə Komitəsinin üzvləri qalırlar. İqamətgah isə Hindistanda, Qərbi Benqaliyada Mayyapuri adlı yerdə (Qanq çayındakı adaların birində) yerləşmişdir.

Azərbaycanda vayşnav icması keçən əsrin 80-ci illərində yaranmışdır. Hazırda bu dinin ardıcıllarının sayı 300 nəfərə qə­dərdir. İcma şəklində yalnız Bakı şəhərində fəaliyyət göstərirlər. Respublikamızın qalan yerlərində ayrı-ayrı fərdlərdən ibarət ardı­cılları vardır.

Teoloji Əsasları 

Bu Dində yeddi təlim  ayırmaq mümkündür:

  1. Allah Ali şəxs Krişna haqqında təlim;

  2. Fövqəltəbii varlıqlar haqqında təlim;

  3. Ruh haqqında təlim;

  4. Axirət həyatı haqqında təlim;

  5. İbadət haqqında təlim;  

  6. Davranış haqqında təlim;

  7. Qida haqqında təlim.

 

Allah Ali Şəxs – Krişna Haqqında Təlim

Krişna təliminə görə dünyada üç qrup fövqəltəbii varlıqlar mövcuddur: Allah, tanrıçalar və iblislər. Hinduizmdən fərqli olaraq, Krişnaizm monoteist din olub, Allahın Təkliyini qəbul edir. Onun çox sayda adları vardır. Onun əsas adı – Krişnadır (sanskrit dilində “Hər şeyi cəzbedən”). Onun başqa adı Ramadır.

Krişna əbədi və əzəli Allahdır. O, iki növ enerjinin sahibidir: ruhani və maddi. Krişna bütün səbəblərin səbəbidir. O, həm hərə­kətdədir, həm də hərəkətsizdir. O, həm uzaqda, həm də yaxındadır, o, hər şeyin daxilində, həm də xaricindədir. Kainatdakı bütün can­lılar və cansızlar Allahın nəzarəti altındadır və Ona məxsusdurlar.

Krişna rəsmlərdə fleyta çalan qarayanız yeniyetmə şəklində təsvir edilir. Krişna fövqəltəbii dünyanın Krişna-loka planetindəki mənzilində yaşayır. Lakin, öz enerjiləri vasitəsilə O, dünyanın istənilən nöqtəsindədir. “Bhaqavat – Qita” da Allah Ali Şəxs-Krişna Öz Mahiyyətini belə təsvir edir:

“Mən bu dünyadakı həm maddi, həm də ruhi şeylərin hamısının əvvəli və sonuyam. Məndən yüksək həqiqət yoxdur. Sapa düzülmüş mirvarilər kimi hər şey Mənim üzərimdə durur. Mən - suyun dadı, Günəşin və Ayın işığı, Mən-torpağın ilkin ətiriyəm, Mən-odun istisiyəm. Mən yaşayanların həyatıyam, Mən bütün canlıların ilkin toxumuyam, dərrakəli adamların dərrakəsi, qüdrətli insanların şücaətiyəm. Mən hər şeyəm, lakin eyni zamanda heç nədən asılı deyiləm. Bu maddi dünyanın keyfiyyətləri Mənə heç vaxt təsir etmir, əksinə onları Mən idarə edirəm. Mən təzahür etməmiş formada bütün Kainata nüfuz edirəm. Bütün varlıqlar Mənim daxilimdə olsalar da, Mən onların daxilində deyiləm. Mən hər yerdəyəm, lakin Mən bu Kainatın hissəsi yox, Mən onun mənbəyiyəm. Həm ruh, həm də materiya Mənim daxilimdədir. Hər şey məndən törəyir. Eləcə də Mən hüdudsuz zamanam. Mən hər şeyi məhv edən ölüməm və Mən bütün gələcək şeylərin yaradıcısıyam. Sənə söylədiklərim Mənim sonsuz Əzəmətimin yalnız cüzi bir hissəsidir”.

Krişnanın çoxlu sayda avatarı vardır. Avatar Allahın başqa vücududur, Onun başqa şəklə düşməsi, yeni forma qəbul etməsidir. Avatar ideyası Hinduizmdə də vardır. Hinduizn təliminə görə allahların ruhani mahiyyəti yalnız ölümə məhkum bədənlərdə təcəllə edir. Krişna təliminə görə isə avatar həm ölümə məhkum bədən, həm də Allahın ölümsüz bədəni ola bilər. Allah başqa fani bədənlə birgə başqa ad da alır. Bu təlimə görə Krişnanın başqa avatarı Vişna və İsa Məsihdir. Burada Vişna Allah kimi, Məsih isə insan kimi başa düşülür.

Krişna öz əsas adı altında sonuncu dəfə 5000 il əvvəl zühur edib. O, Devaki adlı qadının övladı kimi dünyaya gəlib. Bu dünya həyatında O, şahzadə, çoban, sonra isə Arcuna adlı döyüşçünün gərdunəsinin sürücüsü olub. Krişna “Bhaqavat-Qita”da zaman-zaman zühur edəcəyini vəd etmişdir:

“Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm nazil oluram...Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm”.

Fövqəltəbii Varlıqlar Haqqında Təlim

Fövqəltəbii varlıqların ikinci qrupu tanrıçalardır. Tanrıçaları Krişna xəlq etmişdir. Bu tanrıçalardan biri Brahmadır. Brahma Krişnanın göstərişi ilə materiyanı, Kainatı yaratmışdır. Krişna təliminə görə Brahma ikinci dərəcəli xaliqdir. Çünki O Allahın yaratdığı xaliqdir. Brahmanın adı Yaradılış ilə bilavasitə bağlıdır. Maddi Kainatın yaranması, saxlanması və məhv olması Allah –Ali Şəxsin (Krişnanın) ali iradəsindən asılıdır. Krişna təlimində “Zamanın Sonu” ifadəsi Brahmanın ölümündən sonra deməkdir. Brahma yüz il ömür sürür və onun ömrünün bir günü yer üzündəki 4 milyard 300 milyon ilə bərabərdir. Yüz il, yəni 311 trilyon 40 milyard ildən sonra Brahma öləndə Kainat dağılır; bu o deməkdir ki, Allahın təzahür etdirdiyi enerji yenidən Onun Özünə qayıdır. Sonra yenidən maddi kainata ehtiyac olduqda, o, Allahın -Krişnanın hökmü ilə yenidən təzahür etdirilir.

Hinduizmdə tanrıçaları səhvən allahlar hesab edirlər. Krişna təliminə görə isə tanrıçalar canlı varlıqlar olub, eyni zamanda Krişnanın qulluqçuları və Onun bədəninin (Kainat formasının) ayrı-ayrı hissələridir. Onların sayı 33 milyondur. Onlar içərisində ən məşhuru Brahma (Kainatın Xaliqi və Brahma-lokedəki cənnətin hökmdarı), Şiva (kainatın dağıdıcısı), Varuni (su tanrıçası), Kama (məhəbbət tanrıçası), İndra (şimşək və ildırım tanrıçası, İndra-lokedəki cənnətin hökmdarı), Yama (ölüm tanrıçası) və s. Tanrıçalara maddi işlər aparmaq vəkaləti verilmişdir. Hər bir canlı məxluqun bədənini və ruhunu saxlamaq üçün onun hava, işıq, su və digər nemətlərlə təchiz olunması Allah-Ali Şəxs Krişnanın bədəninin müxtəlif hissələrində yerləşən və Onun köməkçiləri olan tanrıçalara həvalə edilmişdir. Tanrıçalar qüdrət sahibi olsalar da (məsələn, Brahman Kainatı xəlq etmişdir) Krişna təlimində onlara sitayiş qadağandır. “Bhaqavat – qita”da buyurulur:“ Tanrıçalara sitayiş edənlər ən qatı cəhalət məskəninə düşəcəklər...”. Krişnaya sitayiş edən insan Onun bədəninin müxtəlif hissələri olan tanrıçalara da sitayiş etmiş olur; ona görə də tanrıçalara ayrıca sitayiş etməyə ehtiyac yoxdur.

Üçüncü qrup fövqəltəbii varlıqlar iblislərdir (şeytanlar). Onlar şər törətməklə məşğuldurlar. İblislər müxtəlif görkəmdə, gözəl döyüşçü və ya əjdaha ola bilərlər. İblislərin bədəni fanidir, ruhları isə ölümsüzdür. Ölümdən sonra onların ruhu başqa bədən əldə edir. Krişna təlimində mənəviyyatsız ömür keçirən, maddi bağlılıqlarda yaşayan, Allahı inkar edən insan da “iblis” adlanır.

Ruh  Haqqında Təlim 

Ruhla bağlı Krişna təlimində altı əsas anlayışı ayırmaq mümkündür:

  1. ruh (civa) insanın fövqəltəbii hissəsidir;

  2. ruh bədəndən asılı deyil;

  3. ruh tam törəmədir (buddizm təliminin öyrətdiyi kimi, xırda hissəciklərdən ibarət deyildir);

  4. ruhlar həmişə mövcud olmuşdur;

  5. ruhlar ölümsüzdür, əbədidir;

  6. ruhun ölçüsü tükün ucunun on mində biri qədərdir.

 

Axirət Həyatı Haqqında Təlim 

Krişna təliminə görə axirət həyatı iki mərhələdən ibarətdir. Birinci mərhələ samsara – ruhun bir bədəndən digərinə köçməsidir. Bir bədəni tərk edib, başqa bədən alma prosesi müəyyən qanuna əsaslanır. Sonrakı həyatında hansı bədən alacağı hökmü verildikdən sonra insan ölür. İnsanın ucalıb – enməsi həyatda etdiyi əməllərdən asılıdır. Onun İlahi Mərhəməti A.Ç.Bhaktivedanta Svami Prabhupada buyurur:

“Bədən paltara bənzəyir. Paltarı dəyişərkən kədərlənmək nəyə gərək? Əbədi ruhla müqayisədə maddi bədənin həqiqi mövcudiyyəti yoxdur. Onun mövcudluğu yuxuya bənzəyir. Yuxuda göydə uçduğumuzu, yaxud da şah kimi taxtda əyləşdiyimizi görə bilərik, lakin oyandıqda, aydın olur ki, nə göydəyik, nə də taxtda. Beləliklə, insan ruhunun mövcudluğuna inanıb-inanmamağından asılı olmayaraq, bədənin itirilməsindən ötrü kədərlənməməlidir”.

Bu ömür sonrakı ömrə hazırlıqdır. Əgər insan bu ömürdə Allahın səltənətinə qayıtmağa hazır olsa, ikinci mərhələdə, bu maddi bədəni tərk etdikdən sonra Allahın bədəninə bənzər ruhi bədən alacaqdır. Bədəninin dəyişikliyə uğraması insanın özündən asılıdır. Həyatı boyu yaratdığı təsəvvürü onu ölüm anında başqa bədənə keçirir. Əgər onun şüuru it, donuz, yaxud pişik şüuruna bənzəyirsə və yaxud ölüm anında onlar haqqında fikirləşirsə o hökmən it, donuz və ya pişik bədəni alacaq. Maharaca Bharata adlı bir nəfər böyük şəxsiyyət olsa da, ölüm anında ceyran haqqında fikirləşmiş və buna görə də növbəti həyatında o, ceyran bədəninə keçmişdi. Ceyran olarkən öz keçmiş fəaliyyətini xatırlasa da, o, bu heyvan bədənini qəbul etməli olmuşdu. Lakin, insan diqqətini ilahi keyfiyyətlərə yönəldərsə, hazırki bədənini tanrıça bədəninə dəyi­şəcək. Əgər o, Krişna Şüurundadırsa, ruhi dünyadakı Krişna­lokaya köçəcək və Krişna ilə ünsiyyətdə olacaqdır. İnsan oraya yetişdikdə bir daha maddi dünyaya qayıtmır.

Krişna Şüurunun Əxlaq Kodeksi (Davranış Haqqında) 

Kriş­nanı tanımış və ona xidmətə qalxmış şəxs Onun İlahi Mər­həməti A.Ç. Bhaktivedanta Svami Prabhupadanın sözlərinə görə aşağıdakı əxlaq qaydalarını gözləməlidir:

  • insan alicənab olmalı və başqalarına lazımi ehtiram göstərməyi öyrənməlidir;

  • dindarlığı şan-şöhrət qazanmaq naminə etməməlidir;

  • öz hərəkətləri və sözlərilə başqalarını narahat etməməlidir;

  • başqaları fitnəkarlıq etdikdə səbirli olmağı öyrənməlidir;

  • başqaları ilə münasibətdə ikiüzlülük etməməyi öyrənməlidir;

  • onu tədricən ruhi gerçəkləşdirmə səviyyəsinə qaldıra bilən ruhani ustad tapmalı, ona xidmət etməli, ağıllı suallar verməli və onun dediklərinə əməl etməlidir;

  • özünügerçəkləşdirmə səviyyəsinə çatmaq üçün müqəddəs kitablarda göstərilmiş nizamlayıcı prinsiplərə əməl etməlidir;

  • Müqəddəs kitablarda göstərilən prinsipləri pozmamalıdır;

  • özünügerçəkləşdirməyə mane olan hərəkətlərdən imtina etməlidir;

  • bədəni üçün zəruri olan şeylərdən başqa heç nə qəbul etməməlidir;

  • özünü qaba maddi bədənlə eyniləşdirməməli, qan qohumlarını şəxsən özününkü hesab etməməlidir;

  • nə qədər ki, maddi bədəndədir, doğuluş, qocalıq, xəstəlik və ölüm iztirabları ilə rastlaşacağını unutmamalıdır;

  • ruhi inkişafa lazım olan işlərdən savayı heç nəyə bağlanmamalıdır;

  • arvad-uşağa, ev-eşiyə müqəddəs kitablarda deyiləndən artıq bağlanmamalıdır;

  • arzuladığı, yaxud arzulamadığı şeylərə görə özünü nə xoşbəxt, nə də bədbəxt hesab etməməlidir;

  • Allah-Ali Şəxs Krişnanın pak fədaisi olmalı, bütün diqqətini Ona xidmətə yönəltməlidir;

  • ruhi inkişaf üçün əlverişli olan sakit və tənha yerdə yaşamağa meyl etməli, materialistlərin yaşadığı yerdən gen durmalıdır; alim və filosof olmalı, ruhi biliyi tədqiq etməli, ruhi biliyin əbədi olduğunu, maddi biliyin bədənlə birgə öldüyünü dərk etməlidir.

 

Başqa dinlərdə olduğu kimi Krişna şüurunda da öldürmək (təkcə insanı deyil, ümumiyyətlə bütün canlıları), oğurluq, yalan danışmaq, zina, siqaret çəkmək, spirtli içkilərdən və narkotik maddələrdən istifadə qadağandır. Lakin burada iki spesifik cəhət vardır ki, bu yalnız Krişna şüuruna məxsusdur. Birincisi: krişna şüurunun əxlaq kodeksinə görə ər və arvad intim münasibətə yalnız dünyaya uşaq gətirmək məqsədi ilə girə bilər, yəni əksər hallarda bütün həyatları boyu yalnız 3-4 dəfə. Bu qaydanın pozulması əxlaqsızlıq hesab olunur. İkincisi: azart oyunlarda iştirak etməmək, bura müasir kinofilmlər, teatr tamaşaları, konsertlər, həmçinin idman yarışları və s. da aid edilir.

Qida Haqqında Hökmlər 

Krişna təliminə görə ət, balıq və yumurtadan, tərkibində heyvan mənşəli yağlardan istifadə olunmuş qidadan, həmçinin çay, kofe, sarımsaq, şokoladdan istifadə qadağandır. Ərzaq məhsulları kimi süd məhsullarına, qənd, düyü, buğda, paxlalılar və meyvə-tərəvəzdən istifadə olunur. Qidanı yalnız o vaxt yemək olar ki, o əvvəlcə Allah-Ali Şəxs Krişnaya təklif edilmiş, yaxud ilk növbədə müqəddəs şəxslər, xüsusilə, ruhani ustad tərəfindən yeyilmiş qidanın qalığı olsun. Əks tədqirdə, qidanın qalıqları zülmət qunasına mənsub hesab edilir və xəstəliklərə gətirib çıxarır.

bottom of page