top of page
Azərbaycanda Dinlər
Bir Vahid Din İşığında
Kitabın Ön Sözü

İstənilən cəmiyyətdə Dinə münasibət bir mənalı deyildir. İnsanlar çox qədimdən Dinin nə olması sualına cavab verməyə çalışmışlar. Müasir dövrdə bəziləri onun tərəqqiyə zidd oldu­ğunu sayır, digərləri isə əksinə, onu tərəqqinin və bütövlükdə sivilizasiyanın əsası hesab edirlər. İnkar olunmaz həqiqətdir ki, Din Yerdə mövcud olmuş mədəniyyətlərin əsasını təşkil etmişdir. Dünya xalqlarının tarixi sübut edir ki, Böyük Dinlər hər zaman sivilizasiya prosesinin əsas hərəkətetdirici qüvvəsi kimi çıxış etmiş, cəmiyyətin və fərdin ruhani aləmini, əxlaqi-mənəvi dəyərlərini formalaşdırmışdır. Həzrət Əbdül-Bəha buyurur:

 

“Din – iman toplusu, adətlər yığını deyildir; din Allahın təlimidir, elə bir təlim ki, bəşər həyatının əsas təməlini təşkil edir, çünki o yüksək düşüncələr törədir, xasiyyəti təkmilləşdirir və insanın əbədi şərəfi üçün təməl qoyur”.

Din hər bir əsrdə xeyirxahlıq tərbiyə etmiş, şəri pisləmiş və həqiqəti görmək istəyənlərin nəzərinə indiyədək görün­məmiş imkanların mənzərəsini açmışdır. Xarakterin nəcibləş­dirilməsi və insanlararası münasibətlərin ahəngdar edilməsi baxımından Din bütün tarix boyunca həyata məna verən əsas qüvvə olmuşdur. Din ictimai şüurun ən ali formasıdır. O, insanın mənəvi həyatının substansiyası və əsasıdır. O, mə­dəniy­yəti qidalandırır və ona məna verir. Dinin məsləhəti ilə düşü­nən insan qəlbi dünyanın onun üzərinə qoyduğu məh­dudiyyəti aşmaq və öz potensialını açmaq üçün ilham almışdır. Uca Ədalət Evinin “Bir ümumi din” kitabında deyilir:

 

“Bütün tarix boyu din fərdin və cəmiyyətin ruhani in­ki­şafının əsas hərəkət­ver­icisi olmuşdur. Minilliklər boyu İlahinin göstərişlərinə cavab verən insanlar musi­qidə, memarlıqda və başqa incəsənət növlərində heyrə­tamiz nailiyyətlər qazanmağa ilhamlanmışlar.Dünyada baş­qa elə bir güc insanlarda mü­qayisə olunan qəhrəma­n­lıq, fə­dakarlıq və pəhrizkarlıq keyfiyyətlərini üzə çıxarmağa qabil deyil. Sosial sahədə, dindən çıxan mənəvi prinsiplər dəfələrlə universal qanunlar kodeksinə çevrilərək insani münasibətləri tənzimləmiş və kamilləşdirmişdir”.

Bu gün müasir cəmiyyətdə mənəviyyatın sarsılması, ailə ənənələrinin zəifləməsi, hədsiz varlanma və yoxsulluğun qütbləşməsi, cinayətkarlığın, HİV\AİDS və digər qorxunc xəstəliklərin, narkomaniya və əxlaqsızlığın yayılması dini dəyərlərin ictimai, siyasi, iqtisadi münasibətlər sistemindən sıxışdırılıb çıxarılması ilə əlaqədardır.

Ötən 80-90 ildə dinsizləşmənin törətdiyi ictimai-psixoloji mühit, son illər isə din adı altında mövhumatlar və xurafatlar toplusundan ibarət “ilahi biliklərin” insanlara təqdim olunması geniş hal almışdır. Dinə dönüş adı altında orta əsrlərin ictimai, iqtisadi, sosial qaydaların bərpasına çağırışlar eşidilməkdədir. Dinin ruhani və əxlaqi əsasları kənara atılaraq, onun zahiri cəhətləri, geyim qaydaları, mərasim və ayinləri, dövrünü keçir­miş sosial qanunları ön plana çəkilir və məhz bu məsə­lələrin “Din” olması vətəndaşların düşüncəsinə aşılanır. Bu da Azər­baycan xalqını tərəqqi yolu ilə deyil, əksinə, tənəzzül yolu ilə aparmağa xidmət edir.  

Bu gün dini dözümsüzlük, fanatizm, və onun təzahürü ki­mi ortaya çıxan terrorizm bir xəstəlik kimi dəhşətli nəticələrlə bəşəriyyəti bürüməkdədir. Vaxtilə İnsanlığa ziyan vuran irqi, siyasi, etnik təəssübkeşliklərə münasibətdə olduğu kimi, din­lərarası bu böhrana bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi yanaşılmalıdır. Bundan ötrü mövcud dinlər və dini məzhəblər ilk növbədə özlərində cəsarət tapıb uzaq keçmişdən miras qalan ətalətə batmış köhnə ilahiyyat sistemlərindən kənara çıxmalı, dini liderlər səmimiyyətlə o faktı etiraf etməlidirlər ki, Allah birdir və mədəniyyətdəki təzahürlərinə və insan şərhlərinə, həmçinin ayin, mərasim, qanunlarında və digər zahiri cəhətlərindəki fərqlərə baxmayaraq, Din də birdir. Məhz bu həqiqətin dərk edilməsi XIX əsrin sonlarında dünya miqyasında insanları dinlərarası hərəkata başlamağa ruhlan­dırmış və sonrakı yüz illiyin məşəqqətindən keçirərək onu sax­lamışdı. Allahın nazil etdiyi böyük dinlərdən heç birinin səla­hiyyətliliyini şübhə altına almadan, Dinin bir olması prinsipi, onların reallığa da­vamlı uyğunluğunu təmin etmək poten­si­alına malikdir. Bə­şə­riyyətin bu­­­gün­ki reallığı isə dün­­yanın böyük dinlərinin bir-birilə münasi­bət­lərində fundamental dəyi­şik­liklər etməsini tələb edir. Həzrət Bəhaullah xəbərdarlıq edir:

“Ey Yer kürəsinin əda­vət aparan xalqları və insan­ları! Öz nəzərlərinizi birliyə tərəf  çevirin və qoy onun işığı sizi nurlandırsın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Ey insanlar, oyanın! İnam qüdrəti ilə silahlanaraq sizin aranızda didişmələr salan təsəvvürlərinizin mənasız bütlərini sındırın. Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi  olsunlar”.

XX əsrin Bəşəriyyətə mirası budur ki, o, dünya xalqlarını, özlərini vahid insan nəslinin üzvləri kimi görməyə və yer kürəsinin bütün insanların Ümumi Evi olduğunu anlamağa məcbur etdi. Həmin əsrdə Dünyanı lərzəyə gətirən davamlı mü­naqişələrə və zorakılıqlara baxmayaraq, nə vaxtsa insan tə­biətinin ayrılmaz xüsusiyyəti kimi təsəvvür olunan dini, irqi, milli təəssübkeşliklər artıq hər yerdə geriyə çəkilməkdədir. Faciə burasındadır ki, mövcudluğunun səbəbi məhz qardaşlıq və sülh olan dinlər çox vaxt bu yolda çox çətin aşılan ma­ne­ələrə çevrilirlər. Lakin formalaşmaqda olan Qlobal Təfəkkürün təsiri altında XX əsrdə onlar da öz mövqelərini nəzərdən keçirməyə və zaman-zaman əldən verməyə məcbur olmuşlar. Nəticədə xalqların tərbiyələndirilməsi mühafizəkar və fanatik ruhanilərin, “din xadimlərinin”əlindən çıxmağa başlamışdır. İndi liberal ideyaların hətta ən mühafizəkar dini və teokratik dairələrə daxil olmasına heç nə mane ola bilmir.

Artıq XIX əsrin sonları və XX əsrin başlanğıcında dini təəssübkeşliyin də digər təəssübkeşliklər kimi geri çəkilməsi müşahidə olunurdu. 1893-cü ildə Çikaqoda keçirilən Ümum­dünya Sərgisi məşhur “Dinlərin Parlamenti”nin yaranmasına səbəb oldu. Parlamentdə xristian məzhəbləri, İslam, Buddizm, Hinduizm, Konfuziaçılıq, Caynizm, Zərdüşti və Bəhai dininin ardıcılları təmsil olunmuşdu. Din sahəsində nüfuzlu tədqi­qat­çıların fikrincə, bu toplantı “dünya tarixində bərabəri olma­yan”, misilsiz bir toplantı idi. Parlament, onun təşkilatçısının sözlərinə görə, “dünyanı kor-koranə dini təəssübkeşlikdən, dözümsüzlükdən azad etmişdi”. Beləliklə, bu dövrdən etibarən bu cür müxtəlif növ dinlərarası hərəkatlar kök atmağa və çiçəklənməyə başladı. Müxtəlif dillərdə ədəbiyyat geniş icti­maiyyətə böyük dinlərin prinsiplərini təqdim edir, dünyanın bir çox ölkələrində ali təhsil müəssisələri dinləri müqayisəli öyrənmək üçün akademik proqramlar hazırlayıb tətbiq edirdi. Əlbəttə, dünyanın əsas dini cərəyanlarının sosial qanunları və ibadət formaları arasında geniş fərqlər açıqca görünürdü. Min illər ərzində İlahi Vəhylərin ardıcıl olaraq həmişə inkişafda olan sivilizasiyanın dəyişən tələblərinə ünvanlandıqları nəzərə alınarsa, bu, çətin ki, başqa cür ola bilərdi. Bununla belə, getdikcə insanlar daha çox bu fikrə gəlirdilər ki, bütün dinlərin əsasında duran həqiqət mahiyyətcə birdir və araşdırmalar dinlərin Vahid Mənbədən qaynaqlandığını və ruhani əsaslarının bir olmasını göstərirdi. Bu isə dinlərarası hərəkatın yeni inkişaf mərhələsinə qalxmasına kömək etməyə bilməzdi.

1993-cü ildə Çikaqoda, sonra isə 1999-cu ildə Cənubi Afrikada dünya dinlərinin nü­mayəndələrinin iştirakı ilə “Dün­ya Dinlərinin Parlamenti” növ­bəti dəfə toplanır. Bu görüş 1893-cü il Çikaqo toplantısının bir əsrlik yubileyinə həsr olunsa da, Parlamentdə Dinlərarası mü­na­sibətlərlə bağlı geniş prob­lem­lər nəzərdən keçirilmişdi. Cənubi Afrika toplantısından bir il sonra Dünyanın dini liderlərinin 2000-ci il Nyu-York sammitində dinlərarası münasibətlərin dərinləşdirilməsinin zəruriliyi bir daha təsdiq olundu. Göründüyü kimi, dinlərarası hərəkatın böyüyüb genişlənməsində, şübhəsiz ki, əsas amil müasir reallıqların təsiri altında dünya dinlərinin mühafizəkar mövqelərdən geri çəkilb, dinlərarası dialoq və əməkdaşlığa can atması olsa da, dinlərin Əzəli Birliyini sübuta yetirən baxışların və akademik araşdırmaların da burada rolu kifayət qədər idi.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da Dinlər­arası hərəkata son illər həm dövlətin, həm də müxtəlif dini icmaların böyük həssaslıqla yanaşması öz bəhrəsini vermək­dədir. Lakin bu gün bu sahədə daha çox işlərin görülməsi tələb olunur. Çünki İslam, müxtəlif Xristian, Yəhudi, Bəhai, Krişna Şüuru dini icmalarının bir araya gəlib, dostluq və əməkdaşlıq istiqamətində konkret addımlar atmaq istəyi Azərbaycan cəmiyyətinin ənənəvi baxışlı insanları tərəfindən bir mənalı şəkildə qarşılanmır. Söhbət burada dinlərarası hərəkatın  inkar edilməsindən deyil, onun “ən­ənə­vi” dinlərlə (İslam, Rus pro­voslav, yəhudi) məhdudlaşdırıl­masından gedir. Halbuki dinlər­arası hərəkatın fəlsəfəsi bu məsələyə daha geniş aspektdə yanaşılmasını tələb edir. Bu sahədə dinşünaslığın köməyi ilə maarifləndirmə işlərinin aparılmasına daha çox ehtiyac vardır. Lakin bu gün Azərbaycanda müasir dinşünaslığın dinlərarası əməkdaşlıq və dostluğa xidmət edən konsepsiya irəli sürmək imkanında olması şübhə doğurur. İlahiyyat elmlərinin arxa­sınca addımlayan, “son həqiqət”ə iddia edən dini təlimlərin müstəsnalığa olan iddiasını bəzən açıq, bəzən isə örtülü şəkildə dəstəkləyən bu təlim bu cür məsul missiyanın öhdəsindən gəlmək iqtidarında deyildir. Halbuki bu günün reallıqları müasir dinşünaslıqdan dar məqsədlərə xidmət edən dini dünyagörüşlərdən uzaq olub, Bəşəriyyətin Birliyi və Dinlərin Əzəli Birliyi konsep­siyasına xidmət etməyi tələb edir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitabçada müəlliflərin əsas məqsədi Azərbaycanda mövcud dinlərin teoloji əsaslarını Dinlərin Əzəli Birliyi – Bir Ümumi Din priz­masından keçirməklə, onların bir İlahi Mənbədən olmasını göstərməkdır. Eyni zamanda Azərbaycanda mövcud dinlər və dini məzhəblərin Müqəddəs Yazılarına və digər obyektiv mənbələrə istinadən onlar haqda düzgün məlumat vermək və uzun illər bu məsələdə mövcud olmuş məlumat­sızlığa son qoymaqdır.

Müəlliflər əmindirlər ki, Azərbaycan xalqının birliyi onun mövcudluğunun, milli təhlükəsizliyinin və tərəqqisinin yeganə şərtidir. Dinlər və dini məzhəblər arasında mövcud ayrılma və yadlaşmanın aradan götürülməsi, onlar arasında Bir Ümumi Din konsepsiyası əsasında əməkdaşlıq və birliyin yaradılması Azər­baycan xalqının milli birliyinin əsaslarından biridir.  Həzrət Əbdül-Bəha yazır:

 

“Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”.

Azərbaycanda vətəndaş cəmiyyəti ildən - ilə möh­kəm­lənməkdədir. Bununla əlaqədar müxtəlif dini əqidəli insanlar arasında, həmçinin onların cəmiyyət və dövlətlə qarşılıqlı müna­sibətlərində normal sivil münasibətlərin yaradılması aktuallıq kəsb edir. Azərbaycanda vicdan azadlığı prinsipinin əsas götürülməsi bu problemlərin həllinin əsasını təşkil edir. Ən ümumi şəkildə vicdan azadlığı prinsipi insanın sərbəst əqidə və dini etiqad forması seçmək və onu insanlara və bütövlükdə cəmiyyətə ziyan vurmadan hərəkət və davranışda göstərmək hüququnun tanınmasıdır. Buradan belə görünür ki, vicdan azadlığının tanınması insanın ruhani azad­lığının tanınması deməkdir. Bu insan varlığının elə bir hissə­sidir ki, heç bir şəxsin, bütövlükdə cəmiyyətin və dövlətin ora müdaxilə etməyə ixtiyarı yoxdur. Vicdan azadlığı prinsipinin reallaşdırılması müxtəlif əqidəli və dini etiqadlı insanlar, həmçinin dövlət və cəmiyyətin müxtəlif əqidəli insanlarla qarşılıqlı münasibətində tolerantlıq (dözümlülük) prinsipinin tətbiqini tələb edir. Bundan ötrü etiqad azadlığının təminatçısı olan aşağıdakı prinsiplərin gözlənilməsi tələb olunur:

  • Dinə münasibətindən asılı olmayaraq, vətəndaşların hüquq bərabərliyi;

  • Dini və ateist birliklərin dövlətdən ayrı olması;

  • Dövlət təhsil sisteminin dünyəviliyi;

  • Dini birliklərin qanun qarşısında bərabərliyi;

  • Əqidə azadlıqlarının reallaşdırılmasını  və onların pozul­masına görə məsuliyyətləri təyin edən xüsusi qanun­veri­cilik aktların mövcudluğu.


Yalnız bu prinsipləri gözləmək və Bir Ümumi Din kon­sepsiyası əsasında dinlərin və dini məzhəblərin qarşılıqlı mü­nasi­bətlərini, həmçinin onların dövlət və cəmiyyətlə sivil müna­sibətlərini yaratmaqla Azərbaycan cəmiyyətində həqiqi birlik və harmonik münasibətlər formalaşdırmaq mümkündür.

bottom of page