top of page

Yəhudilik

Tarixi məlumat

Yəhudi ilahiyyatçıların fikirincə, artıq ilk insanlar, Adəm və Həvva yəhudiliyə etiqad edirdilər. Tarixçilərin fikrincə, yəhudilərin rəsmən yəhudiliyi qəbul etməsi miladdan əvvəl 621-ci ildə baş vermişdir. Həmin il yəhudilərin çarı İosinin fərmanı ilə Fələstin torpağında Tək Allahdan, başqa qalan tanrılara sitayiş qadağan edilmiş, çoxallahlılığın bütün atributları, bütlər, tanrıların təsviri, məbədlər dağıdılmışdır. “Yəhudilik” (ivrit dilində “yaadut”) sözü Tövrətdə adı çəkilən “Yəhuda” Yaqub peyğəmbərin 12 oğlundan birinin nəslindən olan yəhudi qəbilə birləşməsinin adından götürülmüşdür. Tarixi dövrlər ərzində Yəhudilik yəhudilərin milli dini kimi tanınmışdır. 

Yəhudiliyin yalnız bir etnik qrupu - yəhudiləri əhatə etməsinin səbəbləri vardır. Hələ bizim eradan əvvəl 444-cü ildə yəhudi ruhaniləri yəhudilərin başqa xalqlarla nigaha girməsini qadağan edən “dini qanun”un qəbuluna nail olurlar. Artıq həmin vaxt bu qadağa Babil əsirliyi dövründə (e.ə.586-538) başqa xalqlarla qaynayıb-qarışmış, lakin öz dinlərini qoruyub saxlamış samarilərin yəhudilərdən ayrılmasına səbəb olur. Ortodoksal yəhudilikdə indi də yəhudilərin qeyri-yəhudilərlə nigahı qanunsuz sayılır. Yəhudi dininin tarixi ərzində yalnız Cənubi Ərəbistanda yaranmış əhalisi etnik yəhudilər olmayan Himyar padşahlığı (517-525) və VIII əsrdə Xəzər xaqanlığı Yəhudiliyi özlərinin dövlət dini elan etmişlər. 

Digər tərəfdən Yəhudiliyin etnik qapalılığı onun yaşama qabiliyyətinin əsas amillərindən biri olmuşdur. Yəhudilərin dini təliminə görə, bu din yəhudiləri sadəcə Tək Allahlılığa çağırmamışdır, onları həmçinin başqa xalqlardan ayırmış, onları yerdə sülh və ədalət səltənətini qurmaq missiyasını yerinə yetirən Allahın seçilmiş xalqı elan etmişdir. Müasir dövrdə də yəhudilərin böyük əksəriyyəti özlərinin seçilmiş xalq olduğuna inanırlar.

Təşkilatı 

Məlumata görə dünyanın 125 ölkəsində 14 milyon Yəhudiliyə etiqad edən insan yaşayır. Lakin yəhudilərin 83 faizi altı ölkədə yaşayır: ABŞ (40%), İsrail (30%), Fransa (4,5%), Rusiya (4,5%), İngiltərə (2%), Kanada (2%).  Qalan 17% kiçik qruplar şəklində dünyanın hər yerinə səpələnmişlər. 

İsrail rəsmən dünyəvi dövlət olub, Yəhudilik bu ölkədə dövlətin rəsmi dini kimi sənədlərdə öz əksini tapmasa da, bu dinin təsisatları dövlət büdcəsindən maliyyələşdirilir. Ali Ravvinlər məclisi təkcə dini müəssisələrə nəzarət etmir, eyni zamanda dövlətin dünyəvi işlərində də fəal şəkildə iştirak edir: İsrailin şəhər və qəsəbələrində 200-ə qədər dini şura fəaliyyət göstərir; dövlət qulluqçusu hesab olunan 450 ravvin ölkə miqyasında kaşrutaya (qidanın hazırlanması və saxlanmasının dini qaydalar sisteminə) nəzarət edirlər. Ölkədə 24 Ali ravvinlər məhkəməsi fəaliyyət göstərir. Ali ravvinlər məclisinin İsrailin təhsil sisteminə təsiri daha böyükdür. Dini məktəblər (yeşibot) ümumtəhsil məktəblərinin 17%-ni təşkil etməsinə baxmayaraq, bütün məktəblərdə dini dərslərin keçirilməsi məcburidir.

Yəhudi dinində dörd əsas məzhəb vardır: Ortodoksal yəhudilik, Karaimlik, Xasidizm, İslahedilmiş Yəhudilik. Ortodoksal yəhudiliyin tarixi Yəhudi dininin tarixi ilə eynidir. Sonrakı bölmələrdə yəhudilik deyəndə “ortodoksal yəhudilik” nəzərdə tutulacaq.

Karaimlik VIII əsrdə İraqda yaranmışdır. Hazırda karaimlər İsrail, Polşa, Litva və Ukraynada yaşayırlar. “Karaim” sözünün mənası “qiraətçi” deməkdir. Karamliyin əsas əlaməti – Talmutu müqəddəs saymaqdan imtinadır.

Xasidizm Polşada XVIII əsrin əvvəllərində yaranmışdır. Xasidlər yəhudilərin olduğu hər yerdə vardır. “Xasid” sözü “mömin”, “nümunəvi” deməkdir. Xasidlər sidqi-ürəklə, göz yaşları ilə müşahidə olunan ibadətə daha çox diqqət verirlər. 

İslahedilmiş Yəhudilik XIX əsrin əvvəllərində Almaniyada yaranmışdır. İslahedilmiş Yəhudiliyin də tərəfdarları dünyanın hər yerində, yəhudilərin yaşadığı ölkələrdə vardır. Azərbaycanda onlar “Əskinazi yəhudiləri” adı altında tanınırlar. Ortodoksal yəhudilikdən fərqli olaraq islaholunmuş yəhudilikdə mərasimlərin  keçirilməsi qaydası islah edilmişdir. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:

1) ravvinlərin mərasim geyimlərini adi vətəndaş geyimləri ilə əvəz edilmiş; 

 

2) mərasimlər zamanı ibadətlər ortodoksal yəhudilikdə olduğu kimi ivrit dilində deyil, yerli dillərdə (İngiltərədə ingilis, Fransada fransız) keçirilir; 

 

3) ortodoksal yəhudilikdə ravvin olmaq hüququ yalnız kişilərə məxsusdursa, İslahedilmiş Yəhudilikdə bu vəzifəni qadınlar da daşımaq hüququna malikdirlər.

 

Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16000 nəfərdir. Bunlardan 11000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində yaşayırlar. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri vardır. 

Dini əqidələrinə görə, dağ yəhudiləri ortodoksdurlar. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır. Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. 

Azərbaycanda müstəqillik bərpa etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məsələn, yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məsələn, Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məsələn, Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məsələn, Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. 

 

Teoloji Əsasları 

Bu Dini təlimdə yeddi əsas  təlim  ayırmaq mümkündür: 

  1. Allah haqqında təlim;

  2. Fövqəltəbii varlıqlar haqqında təlim;

  3. Müqəddəs Kitablar haqqında təlim;

  4. Peyğəmbərlər haqqında təlim;

  5. On nəsihət haqqında təlim;

  6. Ruh haqqında təlim;

  7. Axirət həyatı haqqında təlim;

  8. Maşiax haqqında təlim;

  9. Qida qadağaları haqqında təlim;

  10. Şənbə haqqında təlim

 

Allah Haqqında Təlim

Yəhudi təliminə görə Allahın adı Yahvedir (mənası “Öz-özünə var olan”, “Mövcud olan”). Lakin dini ədəbiyyatlarda bu ada təsadüf olunmur. Əslində Allahın adı Maşiaxın zühuruna və Yerusəlim məbədinin bərpasına kimi insanlardan gizlədilmişdir. Yalnız zamanın sonunda Allahın adı insanlara nazil ediləcəkdir. Ona görə də Yəhudilikdə Allaha –Rəbb, Xaliq, Qüdrətli və s. adlarla və yaxud “qa-Şem” (mənası “bu ad”) deyə müraciət olunur.

Yəhudi təliminə görə, Allah bütün ilahi atributlara malikdir. O, dünyanı yaratmışdır; O, dünyanı idarə edir; O, Hər şeyi Biləndir, Ona keçmiş, indiki və gələcək bəllidir. Allah cisimsiz olduğuna görə onun şəkli yoxdur və ola da bilməz. Tövrət, Tanah və Talmudda Allahın antropomorf təsvirləri rəmzidir. 

Fövqəltəbii Varlıqlar

Yəhudi təliminə görə dünyada Allahın xəlq etdiyi üç qrup fövqəltəbii varlıqlar mövcuddur: mələklər, iblislər (şeytanlar) və fövqəltəbii heyvanlar. Fövqəltəbii varlıqların birinci qrupu, Allahın xəlq etdiyi mələklərdir. Onlar fiziki bədəni və cinsi olmayan varlıqlar olub, əsas funksiyası Allaha köməkçi olmaq və xeyir işlər görməkdir. Onların bir qismi əbədi, digər qismi isə müvəqqəti həyata malikdir. Mələklər içərisində Metatron (mənası “taxtın yanında duran”) adlı mələk daha yüksək məqama malikdir. O, Musa peyğəmbərə dağın zirvəsindən Kənan torpağını göstərmiş, 40 illik səfər zamanı səhrada yəhudilərin önündə hərəkət etmişdir.

İlk mələklər Xəlqetmənin ikinci günü işıqdan yaradılmışlar. Mələklər daşıyacaqları vəzifədən asılı olaraq təkcə işıqdan deyil, sudan, küləkdən, oddan və başqa şeylərdən də törədilir. Məsələn, xəbər çatdıran mələklər küləkdən, dənizlərə sahib mələklər isə sudan yaradılmışlar. Talmudda deyilir ki, Allahın nazil etdiyi hər kəlamla yüzlərlə mələk törəyir, yerdə elə ot, elə bir yarpaq yoxdur ki, onun göydə öz mələyi olmasın. Heyvanların, quşların, balıqların, hətta dərmanların belə öz mələkləri vardır. Allah hər gün minlərlə mələk yaradır. Onlar Allahı mədh edir və bir anın içində yox olurlar.

İkinci qrup fövqəltəbii varlıqlar iblislərdir (şeytanlar və ya cinlər). Onların əsas funksiyası Allaha müxalif olmaq və şər törətməkdir. Mələklər kimi iblislərin də sayı yüz minlərlədir. Onların fiziki bədəni olmasa da, cinsləri vardır. Mənşəyinə görə iblislər üç qrupa bölünür. Birinci qrup iblislər Allah tərəfindən xəlq edilmişlər. İblislərin ikinci qrupu onların öz aralarındakı seksual əlaqədən törəmişlər. İblislərin üçüncü qrupu insanların iblislərlə əlaqəsindən yaranmışdır, belə ki, Talmudda deyilir ki, Həvva iblislərlə cinsi əlaqəyə girmiş ilk insan olmuş, bu əlaqədən iblis-qızlar dünyaya gəlmişdir. Sonra Adəm Lilit adlı iblis qadınla əlaqədə olmuş, bu əlaqədən iblis –oğlanlar törəmişdir. İblislər də insanlar kimi ölümə məhkumdurlar. Mələklər kimi iblislərin də dərəcəsi vardır. Şeytan (İblis) onlar içərisində ən qüdrətlisi hesab olunur.

Üçüncü qrup fövqəltəbii varlıqlar fövqəltəbii quşlar, buğalar və balıqlardır. Bunlar xüsusi cənnət heyvanlarıdır. Onlar adi heyvanlardan qeyri-adi dadlı əti ilə seçilirlər. Allah onları cənnətdə möminləri yedirtməkdən ötrü yaratmışdır. Onlar içərisində uzunluğu 500 kilometr olan Leviafan adlı balıq haqqında Talmudda daha ətraflı məlumat verilir. Bu balığın dişisi Allah tərəfindən öldürülmüş, əti duzlanmışdır. Erkəyi isə iri su hövzəsində qalmışdır. 

Müqəddəs kitablar

İudaizmdə müqqəddəs kitablar üç qrupa bölünür. Birinci qrup yalnız bir kitabdan –Tövrətdən (ivrit dilində “Qanun”) ibarətdir. Tövrət yəhudiliyin birinci ən Müqəddəs Kitabı hesab olunur. Tövrətin bütün nüsxələri qədimlərdən bizim dövrə qədər yalnız əllə dəri üzərinə yazılır. Yəhudi ilahiyyatına görə Tövrət Allah tərəfindən Musa peyğəmbərə diktə edilmişdir. Tövrət beş kitabdan ibarətdir: Bereşit (“başlanğıc”), Veelle Şemot (“budur adlar”), Vayikra, Bemidbar (“budur çağırdı”), Elle –qadebarim (“budur sözlər”). Bu kitablar Bibliyaya başqa adlar (“Yaradılış”, “Cıxış”, “Levililər”, “Saylar”, “Qanunun Təkrarı”) altında daxil edilmişlər.

 

İkinci qrup da yalnız bir kitabdan – Tanahdan ibarətdir. Tanaha 24 kitab- əsər daxildir. Tanah üç hissədən ibarətdir. Tanahın birinci hissəsinə beş kitab daxildir və bu hissə Tövrət adlanır. Beləliklə, Yəhudiliyin birinci kitabı Tövrət həm də ikinci müqəddəs kitab, Tanahın birinci hissəsini təşkil edir. Tanahın ikinci hissəsinə yeddi kitab daxildir və bu hissə Neviim (“Nəbilər”) adlanır. Tanahın üçüncü hissəsi – Xtuvim (“Yazılar”) on iki kitabdan ibarətdir. 

Tanah da xristian Bibiliyasına daxil edilmişdir. Lakin bu, dəyişikliklərlə edilmişdir: birincisi, xristianlar Tanahı Əhdi-Ətiq adlandırmışlar; ikincisi, xristianlar Tanahın 24 kitabını 39 kitab etmişlər və nəhayət üçüncüsü, bəzi xristian məzhəbləri, o cümlədən pravoslavlar 39 kitaba daha 11 kitab (onlar Tanahın daha qədim variantlarına daxil idi) əlavə etmişlər. 

Üçüncü qrupa müqəddəs kitablar toplusu “Talmud” daxildir. Talmudun da müəllifi Allah hesab olunur. Yəhudi təliminə görə, Talmud Allah tərəfindən  Musa peyğəmbər vasitəsilə insanlara çatdırılmışdır.Talmud Qemara və Mişna olmaqla iki hissədən və 19 cild kitabdan ibarətdir. Məzmununa görə Mişna (mənası “təkrar etmə”) Tanahın şərhindən ibarətdir. Belə hesab edilir ki, Mişnanı ilk dəfə III əsrdə Tiveriada şəhərində yaşamış İyehuda Hanasi adlı baş kahin qələmə almışdır.

Qemara Mişnaya şərh olub, “tamamlama”, “qurtarma” mənasını bildirir. Burada Tövrət və Tanaha şərhlərin bitdiyi nəzərdə tutulur.

Peyğəmbərlər haqqında təlim. Bu təlimin hökmünə görə möminlər Peyğəmbərlərə ehtiram göstərməlidirlər. Peyğəmbərlər Allahın göstərişi ilə insanlara həqiqəti çatdıran Kəslərdir. Onların insanlara çatdırdığı həqiqət isə üç hissədən ibarətdir: düzgün din haqqında həqiqət (Allaha necə inanmaq), düzgün həyat haqqında həqiqət (necə yaşamaq) və gələcək haqqında həqiqət (insanları gələcəkdə nə gözləyir). Tanahda 78 peyğəmbər və 7 öncəgörənin adı çəkilir. Peyğəmbərlər içərisində böyük peyğəmbər İlyas və ən böyük peyğəmbər Musa xüsusilə seçilir.

Peyğəmbər kimi İlyas insanlara həqiqəti çatdırmaqla yanaşı bir sıra möcüzələr də göstərmişdir. Bu təlimə görə zamanın sonunda yenidən İlyas zühur edərək, Maşiahın – Xilaskarın gəlişı müjdəsini insanlara çatdıracaqdır. 

Yəhudi təlimində Musa peyğəmbərə xüsusi ehtiram göstərilir. Hesab edilir ki, Allah Musa peyğəmbər vasitəsi ilə yəhudi xalqına Tövrəti vermiş, Misir əsirliyindən xilas etmiş, onları Kənan torpağına çatdırmışdır. Bu hadisənin xatirəsi Pesax (“Pasxa”) bayramı adı altında xüsusi təmtəraqla qeyd edilir.

On Nəsihət Haqqında Təlim

Bu təlimə görə, Kənan torpağına səfəri zamanı Musa dağa qalxır və orada Allah onunla danışır. Orada Allah ona On Nəsihət vəhy edir. Bu On Nəsihət yəhudi həyat tərzinin və dünyagörüşünün məhək daşıdır. Orada deyilir:

  1. Məndən başqa sənin özgə tanrıların olmasın;

  2. Özünə büt götürmə;

  3. Rəbbin Allahın adını boş yerə çəkmə, zira Rəbb Onun adını boş yerə çəkəni cəzasız qoymaz;

  4. Şənbə gününü yadda saxla. Altı gün işlə, bütün işlərini gör; yeddinci gün isə heç bir iş görmə - şənbə günü Rəbbin Allah üçündür;

  5. Atanın və ananın hörmətini saxla;

  6. Öldürmə;

  7. Zinakarlıq etmə;

  8. Oğurluq etmə;

  9. Öz yaxın adamlarına qarşı yalan şahidlik etmə;

  10. Öz yaxın adamının evini istəmə; öz yaxın adamının arvadını, köləsini, kənizini, qatırını, ulağını istəmə; öz yaxın adamında olan bir şeyi istəmə.

 

Ruh Haqqında Təlim

Ruhla bağlı yəhudi təlimində altı əsas anlayışı ayırmaq mümkündür: 

  • birincisi, ruh insanın fövqəltəbii hissəsidir, yəni bədəndən fərqli olaraq ruh təbiət qanunlarına tabe deyildir; 

  • ikincisi, ruh bədəndən asılı deyil, yəni ruh bədənsiz də yaşaya bilər;

  • üçüncüsi, ruh tam törəmə və xırda hissəciklərin vəhdətidir; 

  • dördüncüsi, ruh (hər bir insanın ruhu) Allah tərəfindən xəlq edilmişdir;

  • beşincisi, ruhlar ölümsüzdür, əbədidir; 

  • altıncısı, ruhlar insanlar yuxuda olarkən Allah tərəfindən səmaya aparılır, səhər bəzi adamlara ruhu qaytarılır, bəzilərinə isə yox. Ruhu qaytarılmayanlar ölmüş hesab olunur. Ona görə də yuxudan durarakən, yəhudilər xüsusi dualar vasitəsi ilə Allaha qaytarılmış ruhlarına görə təşəkkür edirlər.

 

Axirət həyatı haqqında təlim.Yəhudi təliminə görə, möminlərin ruhu bədəndən ayrıldıqdan sonra Allahın rizası ilə səma cənnətinə (“qan eden”), günahkarların ruhu isə əzab yerinə cəhənnəmə (“şeol”) düşür. Bədəni tərk etmiş ruh həmin an axirət dünyasına düşmür. Birinci yeddi gün ərzində o, əvvəlki yaşayış yerinin ətrafında dolanır. Yeddi günün tamamında bədəndən ayrı düşmüş ruh yeraltı səltənətin hökmdarı mələk Dumanın sərəncamına keçir. Mələk Duma möminin ruhunu İlahi səltənətə, günahkarın ruhunu isə cəhənnəmə göndərir. 

Səma cənnətini təkcə yəhudiliyi qəbul etmiş şəxs deyil, başqa din və millətdən olan şəxslər də qazana bilər. Bundan ötrü onların düzgün mənəvi həyat yaşaması kifayətdir. Yəhudilərin səma cənnətinə daxil olmasından ötrü düzgün mənəvi həyat yaşaması kifayət deyildir. Bundan ötrü onlar Yəhudi dininin bütün qaydalarıına tam ciddiliyi ilə əməl etməlidirlər. Başqa din və millətdən olan şəxslərin cəhənnəm həyatı əbədi olduğu halda, yəhudilər üçün bu müvəqqəti xarakter daşıyır. Nadir hallarda bu 12 aydan çox olur. Yəhudilər əvvəl-axır yenə də cənnətə daxil olurlar. İnsanı cəhənnəm əzabından xilas etməkdən ötrü yəhudiliyi qəbul etməsi vacib deyildir. Bundan ötrü Allahın yeddi ən vacib Qanununa əməl etməsi kifayətdir. Bu qanunlar bütün bəşəriyyət üçündür:

  • bütpərəstliyə yol verməmək;

  • küfrə yol verməmək;

  • qan axıdılmasına yol verməmək;

  • oğurluq etməmək;

  • əxlaqsızlığa yol verməmək;

  • heyvanlara qarşı qəddar münasibətə yol verməmək;

  • məhkəmədə ədaləti və insanların qanun qarşısında bərabərliyini gözləmək.

 

Maşiah Haqqında Təlim

Maşiah (“Messiya”, “Xilaskar”, “Mehdi”) Allah tərəfindən gələcəkdə yerə göndəriləcək, xüsusi qüdrətə malik Şəxsdir. Yəhudi təliminə görə, Maşiahın vəzifəsi dünyanın sonunda zühur etmək və Yerdə Ədalət səltənətini qurmaqdır. Yəhudi təlimində “Dünyanın Sonu” həyatın sonu deyil, zamanın sonu, şərin sonu kimi başa düşülür. Maşiahın gəlişi ilə ölülər qəbirlərdən qalxmalı, yəhudilər Fələstin torpağına toplanmalı, Yerusəlim məbədi bərpa olunmalı, İom-Kipur bayramında ölülərdən qalxmış Birinci Kahin bu ana kimi insanlardan gizli qalmış Allahın adını dilə gətirməlidir. Yəhudi təliminə görə, Maşiahın gəlişi təkcə İsrailin nicat tapması deyil, bütün dünyanın mənəvi-ruhani dirçəlişinə, xilasına səbəb olacaqdır. Maşiahın zühur edəcəyi vaxt ilə bağlı Yəhudi təlimində iki nöqteyi-nəzər mövcuddur:

  • birinci nöqteyi-nəzərə görə, o artıq insanlar arasındadır və hələ Özünü aşkarlamır və bu tezliklə baş verəcəkdir;

  • ikinci nöqteyi-nəzərə görə, Onun gəliş vaxtı yalnız Allaha məlumdur.

 

Qida Qadağaları Haqqında Təlim

  1. Yəhudilərdən dinin tələblərindən irəli gələrək müəyyən qida qadağalarını gözləmək tələb olunur. Onlar içərisində üçü əsasdır: 

  2. birincisi, Tövrətdə murdar hesab edilən heyvanların (donuz, dovşan, at, dəvə, yengəc, omar və s.) ətini yemək qadağandır;

  3.  ikincisi, qidaya qan qatmaq olmaz;

  4.  üçüncüsü, ət və süd məhsullarını eyni vaxtda qəbul etmək  qadağandır. 

 

Şənbə Haqqında Təlim

Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir. Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir.

bottom of page