top of page

Alban-Udi Kilsəsi

Tarixi

Alban-Udi kilsəsi bütün xristian dünyasının ən qədim kilsələrindən biridir. Bu kilsə “sirofil” və “yunan” dövrlərini keçmişdir. Qafqaz Albaniyasının dini rəhbəri 12 həvaridən biri olmuş Varfolemey hesab olunur. Qafqaz Albaniyası ərazisində xristianlığın yayılması eramızın II əsrinə təsadüf edir. Həvari Fadeyin şagirdi Yelisey ilk Qüds patriarxı Yakovun xeyir-duası ilə Kiş kəndində ilk kilsəni tikmişdir. Hazırda da Kiş kilsəsi öz qədimliyinə görə “Xrsitian kilsələrinin anası” hesab olunur.

Qafqaz Albaniyasında xristianlığın yayılmasının ikinci “yunan” mərhələsində xristianlıq dövlət dininə çevrilir. Başda Alban hökmdarı Urnayr olmaqla kübar təbəqələr 313-cü ildə xristianlığı qəbul etmişlər. Alban hökmdarları Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. Onların səyləri nəticəsində xristianlıq Albaniyanın hakim ideologiyası olmuşdur. Suriya və yunan dillərindən Bibliya və digər dini ədəbiyyat alban dilinə tərcümə edilmişdir. Bibliyanın belə tərcümələrindən biri artıq V əsrdə məlum idi. Lakin o tərcümə gəlib bizə çatmamışdır.

İyerarxiya baxımından Alban kilsəsi Roma kilsəsinə tabe idi, lakin xeyir-duanı Qüds iyerarxlarından alırdı və IV əsrin əvvələrində, təqribən 340-cı ildə Alban kilsəsi avtokefal kilsə olur. IV əsrin sonundan başlayaraq Alban kilsəsinə mənsub ruhanilər öz başçısını müstəqil qaydada seçməyə başladılar. Bu status 451-ci ildə keçirilmiş IV Ümumxalkidon məclisindən sonra qanuniləşdirildi. Alban çarı III Vaçaqan tərəfindən çağırılan 488-ci ildə keçirilmiş Aquen məclisi zamanı yerli kilsənin artıq öz arxiyepiskopu və 8 yeparxiyi var idi.

Alban kilsəsi 551-ci ildə erməni kilsəsi kimi Bizansla əlaqələrini kəsir və onun başçısı katolikos adlandırılmağa başlanır. Kilsənin mərkəzi IV əsrdə Qəbələ şəhəri, V əsrdə Bərdə olur. Bizans imperatoru Mavrikiy 590-cı ildə öz ərazisində ermənilər üçün Xalkidon katolikosluğuna alternativ olan katolikosluq təsis etdiyi zaman, Alban kilsəsi erməni kilsəsi ilə əlaqələrini kəsir. Bundan əlavə Sünik kilsəsi Alban katolikosluğunun tabeliyinə keçir. Albaniya ərazisində xristianlığın yayılması prosesi VII-VIII əsrlərdə İslamın yayılması ilə əlaqədar tamam dayanır.

Katolikos Bakurun (688-704) dövründə xalkidonçuluğa keçid uğursuzluğa uğradıqdan sonra Alban kilsəsi müstəqilliyini itirir və xəlifə Əbu-al-Malik Alban kilsəsini erməni kilsəsinə tabe edir. Buna səbəb erməni katolikosunun xəlifəyə “Partavda oturan Albaniyanın hazırki katolikosunun Roma imperatoru ilə sövdələşməyə girib, onun adına dua etməsi və ölkəni onun dini və himayəsini qəbul etməyə məcbur etməsi” xəbərini verməsi olur. Erməni katolikosluğuna tabeçilik Alban kilsəsinin zəifləməsinin başlanğıcını qoyur.

Udilərin qərb qrupunun ortodoksluğu (pravoslavlığı) qəbul etməsinin son mərhələsi XI-XIII əsrdə başlamışdır. XVII əsrdən Alban kilsəsinin katolikosları Xaçendə yerləşən Yerismankas məbədində otururdular. Cənubi Qafqazın Rusiya imperiyasına ilhaq edilməsindən sonra Rusiya dövlətinin əsas məqsədlərindən biri pravoslavlığın dirçəldilməsi idi. Bununla əlaqədar pravoslav udi Pyotr Silikov Oğuz rayonunda Həvari Yelisey monastırını inşa edir, lakin sonralar bu monastr çar Nikolayın fərmanı ilə erməni kilsəsinin tabeçiliyə keçir.

İqamətgahı Qandzasarda yerləşən Alban katolikosluğu formal olaraq 1836-cı ilə qədər mövcud olmuş və I Nikolayın və Sinodun qərarı ilə ləğv edilmişdir. Bu qərar  Alban kilsəsinin nominal mövcudluğuna son qoymuş və müvafiq prixodlar Eçmədzin katolikosluğuna tabe edilmişdir. 1853-cü ildə Eçimədzin kilsəsinin təşəbbüsü ilə udilər üçün xüsusi erməni kilsəsi tikilir, lakin udilər həvari Yeliseyin adını daşyan Alban kilsəsinə getməkdən məhrum olduqlarına görə erməni kilsəsinə getməkdən imtina edirlər və xristian dininə öz evlərində etiqat göstərməkdə davam edirlər. SSRİ-nin dağılması, müstəqil Azərbaycan dövlətinin yaranması Alban-Udi kilsəsinin bərpası üçün zəmin yaradır. Yalnız 10 aprel 2003-cü il tarixində Alban-Udi Xristian İcması Dini Qurumlarla İş üzrə Dövlət komitəsi tərəfindən qeydiyyata alındıqdan sonra öz hüquqlarını bərpa edir.

Təşkilatı

Alban-Udi kilsəsi udilərin milli məzhəbidir. Bu məzhəbin ardıcıllarının sayı 10 min nəfərdən artıqdır. Onların ən böyük hissəsi – 6 minə yaxını Azərbaycan ərazisində Nic qəsəbəsində kompakt, Oğuz rayonu və Bakıda pərakənda halda yaşayırlar.Udilərin həmçinin kiçik qrupu Gürcüstanın Kvareli rayonunun Zinobiani kəndində kompakt halda yaşayır. Udilərin qalan hissəsi isə pərakəndə halda Rusiyanın böyük şəhərlərində (Moskva, Sankt-Peterburq, Həştərxan, Yekaterinburq, İvanovo və s.) və Krasnodar, Rostov, Volqoqrad, Kaluqa, Tver və başqa vilayətlərində məskunlaşmışlar. Rostov vilayətinin Şaxta və Taqanroq şəhərlərində udilər qismən kompakt halda yaşayırlar. 800-ə yaxın üzvi olan udi diasporu Qazaxıstanın Aktau şəhərində yerləşir.

Teoloji Əsasları

Erməni kilsəsindən fərqli olaraq Alban –Udi kilsəsi öz mənşəyinə görə əzəldə Yerusəlim kilsəsi və patriarxlığı ilə birbaşa bağlı olmuşdur. Bu baxımdan Alban-Udi kilsəsi Gürcü pravoslav kilsəsi ilə oxşarlıq təşkil edir. Gürcü kilsəsinin də mənşəyi Yerusəlim kilsəsinə bağlıdır. Cüzi fərqlərə baxmayaraq, dünyada mövcud olan bütün pravoslav kilsələri eyni teoloji əsaslar üzərində təşəkkül tapmışlar. Ona görə də bu kitabda pravoslavlıqla bağlı olan məzhəblərin, o cümlədən Alban-Udi kilsəsinin (məzhəbinin) teoloji əsasları növbəti bölmədə Rus pravoslav kilsəsinin nümunəsində nəzərdən keçirilmişdir.

bottom of page