top of page

Baptizm

Tarixi Məlumat

İlk baptist icmasının əsası 1609-cu ildə Hollandiyanın Amsterdam şəhərində İngiltərədən mühacirət etmiş kalvinistlər tərəfindən qoyulmuşdur. Baptist icmasını yaradan və onun ilk rəhbəri Con Smit olmuşdur. Üç il sonra, 1612-ci ildə İngiltərədə ikinci baptist icması yaradılır. Məhz İngiltərədə bu yeni məzhəbin dini təlimləri və ayinləri formalaşır. Məhz bu ölkədə onlar özlərini baptist (“baptist” yunan dilində “vəftiz edən”) adlandırmağa başlamışlar. Yarandığı vaxtdan baptizmdə iki istiqamət fərqlənmişdir: ümumi baptistlər və xüsusi baptistlər. Onları bir-birindən “günahlardan təmizlənmə” anlayışına münasibət ayırır. Ümumi baptistlər hesab edir ki, İsa Məsih bütün insanları, xüsusi baptistlər isə İsa Məsihin bəşəriyyətin yalnız seçilmiş hissəsini günahlardan təmizləmişdir.

Con Smitin icması ümumi baptistlərə aid idi. İlk xüsusi baptistlər icması 1638-ci ildə İngiltərənin Sosvork şəhərində, bir il sonra 1639-cu ildə ABŞ-da yaradılmışdır. XVIII əsrin sonlarından etibarən, bir sıra Avropa ölkələrində, xüsusən də ən iri baptist kilsəsinin təşəkkül tapdığı ABŞ-da, bu məzhəbin coşğun inkişafı başlayır.

Rusiyada ilk baptistlər icmasının əsası 1863-cü il Tiflis şəhərində mühacir almanlar tərəfindən qoyulur. Bu icma xüsusi baptistlərdən ibarət idi. XIX əsrin 60-cı illərində xüsusi baptist icmaları Cənubi və Şimali Qafqaz və Ukraynada yaranır. Həmin əsrin 70-ci illərinin sonunda Sankt-Peterburqda ümumi baptist icmasının əsası qoyulur. Ümumi baptistlər 1884-cü ildə “Rus baptistləri İttifaqında”, xüsusi baptistlər isə 1909-cu ildə “Yevangel xristianları İttifaqında” birləşirlər. 1944-cü ilin oktyabrında SSRİ daxilində bütün baptist və yevangel xristianlar vahid qurumda “Yevangel xristian-baptistlər İttifaqı”nda (YXB) birləşirlər. “Günahlardan təmizlənmə” məsələsində yevangel xristianlar və baptistlər arasında bir müddət anlayış fərqi qorunub saxlanılır. Lakin sonralar bütün icmalar İsa Məshin günahı ümumi təmizləməsi fikrinə gəlirlər. Bu müddəa yevangel xristian baptistlərin 43-cü qurultayında (1985) öz ümumi təsdiqini tapır.

Təşkilatı

Baptistlər ən böyük protestant məzhəbidir. Təqribi hesablamalara görə dünyada baptistlərin ümumi sayı 100 milyon nəfərə qədərdir. Baptist icmalarının 80%-i Amerika Birləşmiş Ştatlarındadır. Dünya üzrə əksər milli baptist kilsələri “Baptistlərin ümumdünya  İttifaqında” birləşmişdir. İttifaqın mərkəzi – Ümumdünya Şurası – Vaşinqtonda yerləşmişdir. Ümumdünya Şurasının qərarları tövsiyə xarakteri daşıyır. Ona görə də bütün milli baptist dini təşkilatları tam müstəqil hesab olunurlar.

SSRİ–nin dağılması ilə YXB İttifaqı öz fəaliyyətini dayandırmışdır. Lakin 1996-cı ildə 10 ölkənin – Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Orta Asiyanın baptist kilsələri “Yevangel xristian – baptistlər İttifaqının Avro-Asiya Federasiyasında” birləşirlər.

Azərbaycana baptist məzhəbi “Yevangel xristian baptist icması” və müxtəlif adda başqa icmalarla təmsil olunmuşdur.

 

Teoloji Əsasları

Baptist dini təlimində teoloji qatların sayı üçdür. Birinci qat antik dövrün xristianları tərəfindən formalaşdırılmış qatdır. Bu qata daxildir:

  • Bibliya haqqında təlim;

  • Fövqəltəbiii qüvvələr (Üçlük, mələklər, şeytanlar – murdar ruhlar) haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim;

  • Ruh haqqında təlim;

  • Axirət həyatı haqqında təlim;

  • İsa Məsihin təbiəti haqqında təlim;

  • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • İsa Məsihin ikinci gəlişi haqqında təlim;

  • Günahların satın alınması haqqında təlim.

Baptist dini təlimində ikinci teoloji qat protestantlıq (lüteranlıq) qatıdır. Bu qatda lüteranlıqdan dörd təlim qalmışdır:

  • ümumi ruhanilik haqqında təlim;

  • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • Bibliyanı oxumaq vəzifəsi və onu şərh etmək hüququ haqqında təlim.

Üçuncü qat spesifik, baptistlərə məxsus qatdır ki, bura baptistlərə məxsus üç dini təlim daxildir: 

  • vəftiz haqqında təlim;

  • Allah haqqında təlim;

  • çörəkbölmə haqqında təlim.

Vəftiz Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimin əsas ideyası vəftiz olunmanın üç vacib şərtindən ibarətdir:

Birinci vacib şərt, uşaqların vəftiz olunması qəbul edilmir. Yalnız yaşlılar vəftiz oluna bilərlər. Bəzi ölkələrdə bu 18 yaş, Rusiya və Azərbaycanda 16 yaşdan götürülür.

İkinci vacib şərt, yalnız könüllü razılıq vermiş şəxs, vəftiz oluna bilər. Bu şərti baptistlər “imanın şüurlu qəbulu” adlandırırlar.

Üçüncü vacib şərt, vəftiz olunmaqdan ötrü şəxsin imanlı olmasıdır. Çünki vəftiz imanlı olmayan şəxsi möminə çevirmir. Vəftiz olunmaqdan ötrü öncədən imanlı olmaq gərəkdir. Vəftiz həm də möminin dini təşkilata, yəni icmaya rəsmən qəbul edilməsi deməkdir.

 

Vəftiz ya təbii su mənbələrində (göl, çay, su anbarı), ya da xüsusi hovuzlarda həyata keçirilə bilər. Vəftiz olunan adamın bədəni bütünlüklə suyun altına salınır, sonra sudan çıxardılır. Bunun rəmzi mənası odur ki, o indiyə qədər özü üçün yaşadığı həyatının üstündən suyun içinə bütünlüklə girməklə xətt çəkir. Bu həm də Məsihin çarmıxa çəkilməsinin, öldürülməsinin, basdırılmasının və təzədən dirilməsinin rəmzidir.

Allah Haqqında Təlim (Xüsusi Qat)

Allah haqqında xüsusi baptist təlimi Üçlük haqqında ümumxristian təliminə əlavədir. Üçlüyü qəbul edən bütün xristianlar, eyni zamanda üç mahiyyətli Allahın ruh və Hər yerdə Var olmasını da qəbul edirlər. Lakin baptistlər bu iki xassəni başqa xristian məzhəblərindən fərqli şəkildə izah edirlər. Pravoslav, katolik, lüteran və digər xristian məzhəblərindən fərqli olaraq, baptistlər hesab edir ki, Allah-Ata yalnız ruhani mahiyyətə malikdir və O, insanlara heç vaxt insan qiyafəsində görünməyib. Allah-Oğulu (insan qiyafəsində) və Allah-Müqəddəs Ruhu (göyərçin qiyafəsində) fiziki bədəndə təsvir etməyin mümkünlüyünü inkar etməyən baptistlər Allah-Atanın istənilən təsvirinə qəti şəkildə etiraz edirlər. Pravoslavlar və katoliklərdə Allah-Atanın ikonalarda təsviri verilirsə, baptist kilsələrində və dini kitablarda bu cür təsvirləri görmək mümkün deyildir.

Başqa dini məzhəblərdə Allah ruhani mahiyyət kimi qəbul edilsə də müəyyən məkana bağlı kimi təsvir edilir, lakin baptistlərə görə Allah hər yerdədir, yəni Hər yerdə Varolandır.

Çörəkbölmə Haqqında Təlim (Xüsusi Qat)

Baptistlər çörək və çaxırdadma ayinini həm “Rəbbin Axşamı”, həm də “çörəkbölmə” adlandırırlar. Lakin şifahi ünsiyyətdə onlar çox vaxt “çörəkbölmə” terminindən də istifadə edirlər.

Matta Müjdəsi 26-cı fəsildə İsa Məsihin həvariləri birgə keçirdiyi vida şam məclisindən söhbət açılır. Həmin fəsildə bir hadisə var ki, xristian məzhəbləri onu müxtəlif cür yozurlar. “Onlar yemək yedikləri vaxt, İsa çörək götürdü, şükran duası edib onu parçaladı, şagirdlərə verib dedi: “Alın yeyin. Bu Mənim bədənimdir. Bir kasa götürüb şükr etdi və onlara verərək dedi: “Bundan hamınız için, çünki bu, Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır” (Matta, 26, 26-28). Luka Müjdəsində İsa Məsihin sözlərinə çox əhəmiyyətli əlavələr vardır. Əvvəlcə içində şərab olan kasanı, sonra çörəyi həvarilərinə uzadaraq, O, buyurur “...bunu, Məni yada salmaq üçün edin..” (Luka 22:19).

Bütün xristianlar Luka Müjdəsindəki sözlərə çörək və şərabdadma ayinin keçirilməsinə göstəriş kimi qəbul edirlər. Lakin Məsihin, “çörək – Onun bədəni, şərab Onun qanıdır” sözlərini necə anlamaq olar? Pravoslavlara və katoliklərə görə bu sözlər “çevrilməyə” işarədir, yəni ayin zamanı çörək Məsihin bədəninə, şərab isə Məsihin Qanına çevrilir. Lüteranlara görə isə bu sözlər “iştiraketməni” göstərir, yəni ayin zamanı çörəkdə Məsihin bədəni, şərabda Məsihin qanı iştirak edir.

Baptistlərin irəli sürdüyü üçüncü versiyada isə “yadasalma” ideyası irəli sürülür, yəni çörəyi dadarkən möminlər Məsihin bədənini, şərabı dadarkən Məsihin qanını xatırlamalıdırlar. Baptistlər çörəkbölmə ayinini ildə 13 dəfə, hər ayın birinci həftəsi və pasxa ərəfəsi cümə axşamları icra edirlər.

bottom of page