© 2016 Azər Cəfərov yazıçı 

Əllincilər

“Əllincilər” termini altında bir sıra xristian dini təriqətləri anlaşılır. Bu təriqətlər arasında bəzən kəskin fərqlərin olmasına baxmayaraq, onları bir ümumi inam birləşdirir ki, “hər bir mömin su ilə vəftiz olunmaqla yanaşı, Müqəddəs Ruhla da vəftiz olmalıdır”. Bu da həmin təriqətləri “əllincilər” xristian dini məzhəbində birləşdirməyə imkan verir.Məzhəbin möminləri özlərini “Pentikostçular” adlandırırlar, bu da yunan dilindən tərcümədə “Əllinci gün” deməkdir.

Tarixi Məlumat

Əllincilik XIX əsrin sonlarında ABŞ-da baptizm daxilində ikinci böyük ayrılma nəticəsində yaranmışdır (yada salaq ki, baptizm daxilində birinci parçalanmadan adventizm ortaya çıxmışdır). Tenessi ştatında 1896-cı ildə keşiş Spellinqin başçılıq etdiyi baptist icmalarının birində sürəkli və gərgin dualardan sonra möminlər, özlərinə də məlum olmayan dildə, anlaşılmayan sözlər söyləyirlər. Onlar bunu Müqədəs Ruhla vəftizin möcüzəsi kimi qəbul edirlər. Çünki oxşar hadisə İsa Məsihin həvariləri ilə yəhudilərin “əllinci gün” bayramında baş vermişdi. Yəhudilər həmin gün Tövrətin Musa peyğəmbərə nazil olmasının ildönümünü qeyd edirlər. Həvarilərin möcüzəsi baş verən zaman yəhudilərin əllinci günü ilə Məsihin dirilməsindən keçən əllinci gün üst-üstə düşübmüş. İncildə bu hadisə aşağıdakı kimi təsvir olunmuşdur:

“PENTİKOST günü gəldikdə, onların hamısı bir yerə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi göydən bir səs gəldi və oturduqları evin hər tərəfini doldurdu. Və atəşdənmiş kimi bölünən dillər onlara görünüb hər birinin üzərinə qondular. Hamısı Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq başqa-başqa dillərdə danışmağa başladılar” (Həvarilərin əməlləri, 2:1-4)

 

Spellinqin icmasındakı “möcüzə” xəbəri ölkəyə yayılır və əllincilər hərəkatının əsasını qoyur. Əllinciliyin tarixi formal olaraq 1 yanvar 1901-ci ildən başlayır. Həmin gün Tonekedəki (Kanzas) Bibliya məktəbində dua məclislərinin birində keşiş Parxemin şagirdlərindən biri Aqnessa Ozman “üçüncü xeyir- duanı” alaraq, çin dilində danışmağa başlayır. Aqnessanın ardınca məktəbin qalan şagirdləri də “xarici dillərdə” danışmağa başlayırlar. Bu hadisədən sonra Parxem öz şagirdləri ilə birlikdə ABŞ-ın cənub ştatlarında əllinciliyi təbliğ etməyə başlayır. Parxemin şagirdlərindən biri qara dərili C.Seymur Los-Ancelesdə üç il ərzində fasiləsiz dua məclisləri təşkil edərək, minlərlə insanı hərəkata cəlb edir. Bu insanların çoxu təkcə ABŞ-da deyil, Skandinaviya ölkələrində, İngiltərə, Hindistan və Çilidə əllincilər kilsələrini yaradırlar.

Keçmiş SSRİ ərazisində ilk əllincilər icması 1921-ci ildə İ.Y.Voronayev tərəfindən Odessa şəhərində yaradılıb. Sonrakı illər bütün ölkə ərazisində belə icmaların əsası qoyulur. XX əsrin 30-cu illərində ölkə miqyasında dini icmalara qarşı təqib kampaniyası əllinciləri də qeyri-leqal fəaliyyətə keçməyə məcbur edir. 1944-cü ildə əllincilər və baptist icmaları “yevangelist məsihçiləri-baptistlər İttifaqında” birləşirlər. Əllincilər icmalarının baptist birliklərinə daxil olması onlara leqal fəaliyyət göstərmək imkanı yaradır. 1990-cı ildə sərt sovet rejiminin zəifləməsi və dini icmaların açıq fəaliyyətinə icazə verilməsi əllincilərə baptist birliklərindən çıxmaq və sərbəst fəaliyyət göstərmək imkanı verir.

Təşkilatı

Təqribi hesablamalara görə hazırda dünyada əllincilərin ümumi sayı 55 milyondur. Əllincilər mütəmadi olaraq hər 2-3 ildən bir beynəlxalq konfranslarını keçirirlər. Əllincilərin vahid mərkəzi yoxdur və onlar çoxlu qrup və cərəyanlara bölünmüşlər. Bunlardan ən böyükləri ABŞ-dadır (“Allah kilsəsi”, “Allahın məclisi”, “Birləşmiş əllincilər kilsəsi” və s.). Ayrı-ayrı ölkələrdə əllincilər icmaları ittifaqlarda birləşmişlər. Məsələn, Rusiyada əllincilərin iki ittifaqı mövcuddur: “Rusiya yevangelist-əllinci məsihçilərin Rusiya İttifaqı” və “Yevangelist-əllinci məsihçilərin Rusiya İttifaqı”. Hər bir İttifaqa 1000 icma daxildir.

Azərbaycanda da əllincilər müxtəlif adlar altında yaradılmış icmalarda birləşmişlər. Onlardan ən tanınmışları “Şərqdə ulduz”, “Nehemiya”, “Mədh kilsəsi”, “Yeni həyat”, “Diri daşlar”, “Rəbbin cəmiyyəti”dir.

Teoloji Əsasları

Əllincilərin dini təlimində dörd teoloji qat müşahidə edilir. Birinci qat – antik xristian qatıdır. Bu qatda antik dövr xristianlarının formalaşdırdığı bütün doqquz dini təlim vardır. Bunlar aşağıdakılardır: 

  • • Bibliya haqqında təlim;

  • • Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, şeytanlar) haqqında təlim;

  • • Peyğəmbərlər haqqında təlim;

  • • Ruh haqqında təlim;

  • • Axirət həyatı haqqında təlim;

  • • İsa Məsihin təbiəti haqqında təlim;

  • • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • • İsa Məsihin ikinci gəlişi haqqında təlim;

  • • Günahların satın alınması haqqında təlim.

 

Əllincilik təlimində ikinci qat – protestantlıq (lüteranlıq) qatıdır. Bu qatda lüteranlıqdan qalma dörd dini təlim vardır: 

  • • ümumi ruhanilik haqqında təlim;

  • • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • • Bibliyanı oxumaq vəzifəsi və onu şərh etmək hüququ haqqında təlim.

 

Üçüncü qat baptist qatıdır ki, ora baptistlərə məxsus üç dini təlim daxil olmuşdur:

  • •   vəftiz haqqında təlim;

  • •   Allah haqqında təlim;

  • •   Çörəkbölmə haqqında təlim.

 

Buradan görünür ki, baptistlərə məxsus bütün dini təlimlər əllincilərdə də vardır. Lakin əllincilərdə digər protestant cərəyanlarında müşahidə edilməyən, yalnız onlara məxsus olan iki təlim vardır. Bu təlim əllincilikdə xüsusi teoloji qat əmələ gətirir. Bunlar aşağıdakılardır:

  • •   Müqəddəs Ruhun bədənə daxil olması haqqında təlim;

  • •   Müqəddəs Ruhun ənamları haqqında təlim.

 

Müqəddəs Ruhun Bədənə Daxil Olması Haqqında Təlim (Xüsusi Qat)

Müqəddəs Ruhun bədənə daxil olması haqqında təlimin əsas ideyası aşağıdakılardan ibarətdir: hər bir mömin öz bədəninə Müqəddəs Ruhu daxil edə bilər və etməlidir. Bundan ötrü o, sadəcə əllinci gün İsa Məsihin həvariləri etdiyi kimi şövq və inadla dualar oxumalıdır. Müqəddəs Ruhun həyatda ilk dəfə bədənə daxil olmasını əllincilər Müqəddəs Ruhla vəftiz olunma adlandırırlar. Beləliklə, əllincilər hesab edir ki, möminlər öz xilaslarından ötrü iki cür vəftizdən – su vəftizindən (onu Yəhya vəftizi də adlandırırlar) və Müqəddəs Ruhla vəftiz olunmadan keçməlidirlər. Su vəftizi gününü (iman gətirdiyi gün) insanlar, Müqəddəs Ruhla vəftizin gün və anını Allah müəyyən edir. İnsanlar isə inadla dualar oxumalı və Müqəddəs Ruhdan onlara daxil olmalarını xahiş etməlidirlər. Müqəddəs Ruhla vəftiz fərdin xilasından ötrü vacib ayinlərdən biri hesab olunur. Ona görə də əllincilərin dini baxışlarına görə Müqəddəs Ruhun həyatda azı bir dəfə insana daxil olması xilasolmanın əsas şərtidir. Lakin mömin Müqəddəs Ruhun onun bədəninə daxil olub və ya olmadığını necə müəyyən edə bilər? Bu suala əllincilərə məxsus ikinci xüsusi təlim cavab verir.

Müqəddəs Ruhun Ənamları Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimin əsas ideyasına görə, möminin bədəninə daxil olmuş Müqəddəs Ruh öz ənamlarını onun bədəninə qoyur. Bu ənamlar eyni zamanda Müqəddəs Ruhun bədənə daxil olmasına sübut kimi qiymətləndirilir. Bu ənamlar aşağıdakılardır (I.Korinflilərə 12:8-10):

  • - hikmət və bilik;

  • - iman;

  • - şəfavericilik;

  • - möcüzələr yaratmaq məharəti;

  • - peyğəmbərlik;

  • - ruhları ayırd etmək məharəti;

  • - müxtəlif dillərdə danışmaq;

  • - dilləri izah etmək məharəti.

 

Bu ənamlar içərisində başqa dillərdə danışmaq (qlossolaliya) daha əhəmiyyətlisi (arzuolunanı) hesab olunur. Başqa dillərdə danışmaq dedikdə nə anlaşılır? Əllincilərin nəzərincə, bu Yerdə analoqu olmayan və yalnız Allahla söhbət etməkdən ötrü bir neçə saat gərgin və inadlı duaların nəticəsi kimi möminin qeyri-ixtiyari çıxardığı səslər Allahın ona verdiyi möcüzəli psixi vəziyyətdir. Möminin ekstaz halında danışdıqlarının Yerdəki hansısa dillərə uyğun olması fikirləri də vardır. 

Müqəddəs Ruhun möminin bədəninə qoyduğu əhəmiyyətli ənamlardan biri də peyğəmbərlikdir. “Peyğəmbərlik” adı altında ilk növbədə gələcəkdən xəbərvermə qabiliyyəti anlaşılır. Lakin bununla onun qabiliyyəti bitmir. Bu ənamı almış kəs keçmiş və indiki dövrün hadisələrini izah edir, insanların gizli qüsurlarını üzə çıxarır.

 

Şəfavericilik ənamı almış mömin o kəsdir ki, dərman və digər müalicə üsullarından istifadə etmədən, yalnız duaların köməyi ilə xəstələri sağaldır.

Müqəddəs Ruhun möminin bədəninə qoyduğu digər ənam dilləri izah etmək məharətidir. Bu ənamı qazanmış kəs çətinlik çəkmədən möminlərin ekstaz halında danışdığı “xarici dilləri” və gördükləri “görüntüləri” izah edir.