© 2016 Azər Cəfərov yazıçı 

Sən Ey Mehriban Allah! Bütün insanları birləşdir. Qoy dinlər razılığa nail olsunlar,

millətləri bir millət eylə, ta ki, onlar bir-birlərinə bir ailə kimi baxsınlar

və bütün yer üzünü bir vətən saysınlar. Qoy onların hamısı ən mükəmməl

uyğunluq içərisində birgə yaşasınlar. Ey Allah! Bəşərin birlik bayrağını

ucalt. Ey Allah! Ən Böyük Sülhü bərqərar elə. Ey Allah!

Ürəkləri bir-birinə möhkəm bağla.

 

-Həzrət  Əbdül-Bəha

Bu kitab 2011-ci ildə Təhsil Çapxanada çap olunmuşdu!

Bakı -2011

Elmi redaktor:                  

Robert Mobili (Alban-Udi kilsəsi)

Məsləhətçilər:               

Ramil Əliyev (Krişna Şüuru cəmiyyəti)

Şahlar Quliyev (“Nehemiya” əllincilər xristian icması)

Dilarə Əliyeva (xilaskar Evangelik- Lüteran icması)

Yazan:  Azər Cəfərov.

Kitabın Adı: Azərbaycanda dinlər və məzhəblər Bir ümumi din işığında.

Bakı, «Тəhsil» НПМ, 2011,  184 сящ.   

Writer:  Azer Jafarov.

Name of the book: Azerbijan's Religions and Sect all under One Common Faith

Baku, Tahsil HTM, 2011, 184 CYS

Kitabda ilahiyyat, elmi ateizm və  dinşünaslığın əsasları təhlil edilmiş, “Bir Ümumi Din” konsepsiyasına əsaslanan müasir dinşünaslığın prinsipləri irəli sürülmüşdür.Dinlərin mövcud təsnifat sistemi təhlil edilmiş,  Azərbaycanda fəaliyyət göstərən dinlər və məzhəblər haqqında ətraflı məlumat verilmişdir. Kitabda həmçinin Bir Ümumi Din konsepsiyası açıqlanmış, onun “tolerantlıq” anlayışından daha yüksəkdə durduğu və bu konsepsiyanın dövlət və cəmiyyət tərəfindən qəbulunun vacibliyi vurğulanmışdır.

© «Тəhsil» НПМ, 2011.

 

Bu İlahi Təlimin

Başqa “Meyvələri”

nə idi?

 

Birinci meyvə - Bəşəriyyətin Birliyi. Həzrət Bəhaullah deyir ki, insanlar “hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar”. Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, sonradan bu qruplar tayfa və qəbilələrə çevrilmiş, daha sonralar şəhər-dövlətlər və xalqlar,  nəhayət XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Həzrət Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi insan cəmiyyətinin kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd insanların bu birliyini yaratmaqdır. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik.” İndi bəşəriyyət birləşmək və qlobal problemləri birlikdə aradan qaldırmaqdan ötrü lazımi imkanlara malikdir. 

Həzrət Əbdül-Bəha (Bəhaullahın varisi, Bəhai dinində üçüncü böyük şəxs) yazır: “Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur...” 

 

Bəhaullaha görə Bəşəri Birlik insan Sivilizasiyanın inkişafı üçün ağlagəlməz imkanlar açacaqdı. Əbdül-Bəha buyurur: “Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və  ədavət aparan millətlər  bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.

Bəşəri Birliyin əsası ruhani olsa da, Bəhai təlimində dünya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da göstərilmişdir. Bunlar aşağıdakılardır:

  1. Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların ümumi mənafeyini qorumaq, planetdə əmin-amanlığı və sülhü təmin etmək məqsədilə Dünya Parlamentinin və Dünya Federativ Dövlətinin yaradılması, Dünya vətəndaşlığının təsis edilməsi;

  2. Dünyanın təbii sərvətlərindən Dünya Federativ Dövlətinin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;

  3. Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;

  4. Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;

  5. Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.    

 

Əvvəlki dinlərdən fərqli olaraq, Bəhai Dini bəşəriyyətə sonsuz tərəqqi və əbədi kamilləşmə perspektivi vəd edirdi. Həzrət Bəhaullah yazırdı: “Əbədi, əzəli və qədim Səltənətə sahib olacaqsan... Kainatı başdan-başa gəzəcəksən..”. Bu lap mənim ürəyimdən oldu....!!!!

İkinci meyvə - Dinlərin əzəli birliyi. İlahi Dinlərin hamısı müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Allahın Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır və Bəşəriyyət durduqca bu rəhbərlik də davam edəcəkdir. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani –Kərim, Bəyan, Kitabi-Əqdəs və s.) isə bir İlahi Kitabın səhifələridir. Həzrət Musanın təlimində tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Həzrət Bəhaullah yazır: “Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur...” 

Peyğəmbərlərin gətirdikləri təlimlərin xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir. Allah bəşəriyyəti Peyğəmbərlərin gətirdikləri İlahi Təlimlər  vasitəsilə istiqamətləndirir. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Bütün Peyğəmbərlər bir Dinə xidmət etmiş və  Bir İlahi Planı mərhələ-mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir. 

 

Allah Kainatı Nəhəng Vəhy Tsiklləri vasitəsilə idarə edir. Artıq bir tsikl (“Adəm” tsikli) başa çatmış, ikinci tsikl  (“Bəha” tsikli) Həzrət Bəhaullahın zühuru ilə Öz tarixi missiyasına başlamışdır. “Adəm” tsikli Adəm Peyğəmbərin zühuru ilə başlamış və Həzrət Məhəmməd (s) ilə sona yetmişdir. Bu dövr ərzində Yerə çoxlu sayda (124 min) Peyğəmbərlər (nəbilər və rəsullar) göndərilmiş, Müqəddəs Kitablar nazil  olmuşdur. Bu tsikl dövründə Bəşəriyyət bir-birilə rəqabət aparan dinlərə, millətlərə, dövlətlərə parçalanmışdır. 

“Bəha” tsikli Həzrət Bab və Bəhaullahın zühuru ilə başlamışdır.  Bu tsikldə, 500 min il ərzində çoxlu sayda Peyğəmbərlərin gəlişi gözlənilir. Həzrət Bəhaullah Ondan sonrakı növbəti Peyğəmbərin 1000 ildən tez olmayaraq gələcəyini müjdələyir. “Bəha” tsiklinda  Yerdə İlahi Sivilizasiya – ƏDALƏT, QARDAŞLIQ VƏ MƏHƏBBƏT cəmiyyəti qurulacaq. İnsan cəmiyyətində dərin ruhani, ictimai, siyasi, iqtisadi, mədəni və psixoloji dəyişikliklər baş verəcək. 

Üçüncü meyvə - Elm və Dinin vəhdəti. Həzrət Bəhaullah öyrədir ki, dinlə elm arasında vəhdət mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir. "Din və elm – insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o sürətlə xurafat bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir."   Həqiqi sivilizasiya yalnız insanlar tərəfindən həm dinin, həm də elmin zəruriliyi dərk edildikdən sonra mümkün olacaqdır. Həzrət Əbdül-Bəha yazır: “Din və elm birlikdə addımlayır və elmə zidd olan istənilən din həqiqi deyildir”. 

Həzrət Bəhaullahın “səbətində” başqa meyvələr də var idi: qadın-kişi bərabərliyi, həqiqətin müstəqil axtarışı, icbari təhsil və s. Mən artıq bilirdim ki, mən kiməm və nə istəyirəm: Mən Bəhai idim və Kainat miqyasında fəaliyyət göstərəcək - İlahi Sivilizasiyanın qurulmasında mən də iştirak etmək istəyirdim. 

Siz mənim ruhumun bu dünyada keçdiyi yol ilə tanış oldunuz. Düşünürəm ki, hekayəm hələ bitməyib. Məni qarşıda daha hansı “vadilər” gözləyir? Məlum deyil.  Yalnız onu bilirəm ki, Allaha doğru gedən yol bitməzdir, idrak prosesi və ruhun inkişafı isə sonsuz və əbədidir....   

-Azər Cəfərov

Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!
Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq