top of page
Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!

Əkka Məhbusu və mən

“Heyranlıq Vadisinə”

daxil oluram

 

Əkka Məhbusu

Bütün dinlərin təlimlərində “Zamanın sonu”nda, yəni “Qiyamət”dən əvvəl Bəşəriyyəti bəlalardan (qlobal problemlərdən) qurtaracaq, millətləri və dinləri birləşdirəcək və Yerdə 1000 illik İlahi Səltənət quracaq “Xilaskarın” gəlişindən danışılırdı. Hətta deyirdilər ki, həmin Kəsin zamanında qurdla quzu, şahinlə bildirçin, aslanla cüyür bir yerdə, əmin amanlıqda yaşacaqlar. 

Veda təlimində bu Krişnanın yeni avatarı, Buddizmdə Buddanın, Xristianlıqda İsanın yeni zühuru, Zərdüştülükdə Bəhramşahın, Yəhudilikdə Maşiaxın, İslamda qoşa zühurun Mehdinin (sahib- əz-zamanın) və İsanın gəlişi idi. Mən isə düşünürdüm ki, həmin Kəs heç bir dinə bağlı olmamalıdır, yəni o nə müsəlmandır, nə xristian, nə də buddist. Ümumiyyətlə, O, din adamı, molla, keşiş, kahin və s. deyil. O, tam başqa bir mühitdən gəlməlidir. Güman edirdim ki, o ya alim, ya da müəllimdir. Bəs Vədolunmuş Kəs nə vaxt gələcək? Bu sualın cavabını bilmirdim. O gələndə biz onu tanıya biləcəyikmi? Bu sualın da cavabı yox idi. 

Həzrət Krişna “Bhaqavat-Qita”da buyururdu: “Din tənəzzülə uğrayanda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm nazil oluram. Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm.” 

Krişna deyir ki, O, 1000 ildən bir zühur edir. Amma Məhəmməd Peyğəmbərin zühurundan 1400 ildən çox keçirdi, amma gələn yox idi. Bəs nə oldu, niyə O – Vədolunmuş Kəs gəlib çıxmadı?.  Nənələrim-Səkinəxanım və Leylan hər dəfə namazın sonunda “Fərəc” duasını oxuyub, Allahdan Vədolunmuş  Kəsin gəlişini sürətləndirməyi xahiş edərdi...

 

İsa Məsih deyirdi ki, “o gecə gələn oğru kimi gələcək”, yəni adamlar bundan xəbərsiz olacaq. Quranı-Kərimin “Ət-Tariq” – “Gecə gələn” surəsində deyilirdi: “And olsun göyə və gecə gələnə! Sən nə bilirsən ki, gecə gələn nədir?!”

Bəlkə Vədolunmuş Kəs gəlib, heç xəbərimiz olmayıb?.Əgər gəlibsə, O kimdir?... İmadəddin Nəsimi, Qandi, Mandela...? Lakin onların öz xalqları üçün etdikləri böyük işlərə baxmayaraq, bəşəriyyət üçün qeyri-adi nəsə etməmişdilər, dünyanın gələcəyi və qlobal problemlərin həlli ilə onların bağlı proqramları yox idi, həm də öz dinlərinə bağlı idilər. Ən əsası isə Yeni İlahi Təlimi gətirməmişdilər və buna iddialı deyildilər.

 

“Siz ağacı meyvəsindən tanıyacaqsınız” – İsa Məsih deyirdi.

1995-ci ilin may-iyun aylarında Elmlər Akademiyasının kitabxanasında C.B.Esslemontun “Bəhaullah və Yeni Era” kitabını tapdım. Kitabı sifariş edib, götürdüm. Metroda kitabın gah əvvəlindən, gah axırından bəzi yerləri nəzərdən keçirməyə başladım. Əvvəlində “Əkka məhbusundan” danışılırdı. Həmin Kəs həbsdə ikən dünyanın hökmdarlarına məktub yazıb, onları  nazil etdiyi Yeni Dinə iman gətirməyə çağırırdı. “Bu kimdir belə? Hansı dindən söhbət gedir?” –deyə özümə sual verdim.  Növbəti səhifələrdə söhbətin “Bəhai Dinindən” getdiyini başa düşdüm. 

 

“Bilirəm, onun haqqında oxumuşam” – özlüyümdə fikirləşdim.

Amma həmin Kəsin adını birinci dəfə idi ki, oxuyurdum: “Bəhaullah” (ərəb. “Allahın Cəlalı”). Bəhai dininin Babiliklə əlaqəsini bilirdim. Bu haqda həm A.Masse, həm də başqaları yazmışdı. Amma həmin mənbələrdə Babın (ərəbcə “Qapı”) şiələrin gözlədiyi Mehdi olduğu göstərilirdi. Babiliyin sonradan Bəhai dininə necə çevrilməsi haqqında açıqlama verilmirdi. C.E.Esslemont isə ingilis şərqşünaslarına məxsus səliqə-sahmanla aram-aram hər şeyin izahatını verirdi. Kitab məni əməlli-başlı çaş-baş saldı...

Axı mən niyə 18 il əvvəl “Bəhai dini”nə rast gələndə o zaman onu niyə axıra kimi araşdırmadım?. Bu qədər vaxt itirməyə dəyərdimi? Birinci oxunuşu iki günə başa vurdum, desəm ki, kitabı su kimi içdim, səhv etmərəm. Sonra isə onu ikinci dəfə oxudum və tərcüməsinə başladım. Mən uzun illərdən sonra ilk dəfə bu sözləri dedim: “axtardığımı tapmışam”. Məni narahat edən bütün sualların cavabı burada, yəni Həzrət Bəhaullahın gətirdiyi yeni İlahiTəlimdə -Bəhai dinində idi.

Bab və Bəhaullah – Bəhai Dinini nazil etmiş Qoşa zühur idi. Bab həm  Bəhaullahın  Müjdəçisi, həm də Babi Dininin Peyğəmbəri idi (A.Massenin dediyindən fərqli olaraq). Onlar İlahi Vəhy prosesində (9 il zaman kəsimində) ardıcıl silsilə  və Vahid Vəhy prosesinin mərhələləri idilər. “Görən bu nə dindir ki, Allah onu İKİ QOŞA PEYĞƏMBƏR vasitəsilə insanlara çatdırmışdır?” –özlüyümdə fikirləşirdim. Həzrət Bəhaullah yazırdı: Bu ali vә fövqәladә Vәhyi Mәnim әvvәlki Vәhyimdәn (Babın Vəhyindən) ayıran qısa zaman mәsafәsi bir sirdir; belә ki, onu heç bir insan açıqlaya bilmәz; o elә gizlidir ki, heç bir ağıl onu dәrk edә bilmәz. Onun müddәti qabaqcadan müәyyәnlәşdirilmişdi vә heç kim onun sәbәbini dәrk edә bilmәz, ancaq Mәnim Gizli Kitabımın mәzmununu anladıqdan sonra onu başa düşә bilәr.

 

Əlbəttə, XIX əsr bəşər tarixində dönüş əsri idi. Bəşəriyyət yeni ideyaların axtarışına çıxmışdı. Elmi biliklər və texnologiyalar sürətlə yayılırdı. Böyük coğrafi kəşflərdən sonra dünyada inteqrasiya prosesləri başlamışdı. Mədəniyyətlərin toqquşması və dialoqu özünə yer edirdi. Qlobal problemlər – dünya müharibələrinin başlanması təhlükəsi, aclıq, dini, milli, irqi zəmində parçalanmalar, ekoloji fəlakətlər, fanatizm, pandemiyalar və s. dünyanı bürüməkdə idi. Getdikcə mürəkkəbləşən insan cəmiyyətinə qüdrətli İlahi Vəhy lazım idi ki, onu düşdüyü vəziyyətdən çıxartsın, parçalanıb dağılamaqda olan insan sivilizasiyasını birləşdirsin və onu Kainatı idarəetmək qüdrətində olan İlahi Sivilizasiyaya çevirsin (burada yadıma fantast-alim İ.Yefremov və akademik N.S.Kardaşev düşdü). Bunu yalnız Qoşa Zühurun gətirdiyi İlahi Təlim edə bilərdi.

Belə çıxırdı ki, XIX əsrin ortlarında İranda baş vermiş babilər hərəkatı adi dini hərəkat deyildi. O, İnsan cəmiyyətinin milyon illik tarixində dönüş nöqtəsi idi. 124 min peyğəmbər və əlavə olaraq Həzrət Bab bəşəriyyəti “Allahın aşkar edəcəyi Kəsi”- Həzrət Bəhaullahı qarşılamağa hazırlamaqdan ötrü gəlmişdilər. O isə gecə gələn oğru kimi gəlməli idi, yəni insanların bundan xəbəri olmamalı idi. Doğrudan da “And olsun göyə və gecə gələnə! Sən nə bilirsən ki, gecə gələn nədir?!”

 

İnanılmazdır!! Bəşəriyyət min illərdir Həzrət Bəhaullahın gəlişinə hazırlaşırdı. O gələndə isə Onu döydülər, söydülər, zəncirlədilər... sürgün olundu və 42 il həbsdə qaldı. Həzrət Bəhaullah yazırdı: Əzəli Camal zəncirlərlə qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki,  bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsunlar və şadlıqla dolsunlar. Bu, sənin Rəhman və Rəhim Rəbbinin mərhəmətindədir. Ey tövhid əhli, Biz zilləti qəbul etdik ki, siz izzətə çatasınız və hər cür məşəqqətlərə razı olduq ki, siz rifaha yetişəsiniz. Baxın, bütün dünyanı yenidən qurmaq üçün gəlmiş Kəsi müşrüklər ən xaraba şəhərdə necə məskun etmişlər.

Həzrət Bəhaullah məni çoxdan narahat edən bütün sualların cavabını verirdi: “Qiyamət”, “Zamanının sonu”, “Ulduzların tökülməsi” və “ ölülərin qəbirlərdən qalxması”..Bunlar rəmzi anlayışlardır. Qiyamətdə “Günəşin qaralması”, əslində həqiqət günəşlərinin – İlahi Təlimlərin “sönməsi”dir, “ulduzların tökülməsi” – dini rəhbərlərin nüfuzdan düşməsi, cəmiyyətdə mövqelərinin itirməsidir. “Ölülərin qəbirlərdən qalxması”- insanların cəhalət və materializm qəbirlərindən qalxması, imana gəlməsi, dövrünün Peyğəmbərini qəbul etməsi anlamındadır, burada fiziki dirilmədən söhbət getmir. Qısası, hər dəfə din xurafatlarla yüklənəndə, mövhumatlara və cəhalətə qərq olanda ilahi gücünü itirir, işıq saçmır və insanlara yol göstərmir. Belə bir “dinə” xidmət edən ruhanilər – mollalar, keşişlər, kahinlər və s. maddiyyata bağlanır, siyasətə qoşulur, dinin ruhani əsaslarını unudub, dövrünü başa vurmuş ayin və mərasimlərindən yapışırlar və nəticədə nüfuzdan düşüb, “yerə tökülürlər”. 

 

“Zamanın sonu” bütün zamanların sonu deyil – bir zühur dövrünün sonu deməkdir. Hər bir peyğəmbər “Axır zaman Peyğəmbəridir”, çünki onunla müəyyən dövr üçün Vəhy tsikli başa çatır.  Yeni peyğəmbərin gəlişi ilə “Yeni Zaman”, yeni Vəhy tsikli başlayır.  Başqa dinlərdə, mənim qəbul etmədiyim, “şeytan”, “ibliz”, “cin” kimi varlıqların mövcudluğuna inam var...Bəhai təliminə görə Kainatda bir fövqəlqüvvə var, o da Allahdır.  “şeytan”, “iblis”, “cin”  rəmzi məna daşıyır, insanın nəfsi və fiziki istəkləri  ilə bağlı anlayışlardır. Cənnət və cəhənnəm nədir? cənnət Allaha yaxınlıq, cəhənnəm – ondan uzaq düşməkdir. Bu hal həm bu dünyada insana, həm də həm də ölümdən sonra ruhun o dünyadakı halına aiddir. 

İnsan necə yaranıb? Bunun da cavabı var idi. Təbiətdəki digər canlılar kimi insan növü də Allahın İradəsi ilə milyon-milyon illər ərzində çox bəsit formadan inkişaf edərək mürəkkəbləşib və müasir insan formasına düşüb. İnsan embrionu ana bətnində, özünün ilkin inkişaf mərhələlərində balıq və ya sürünən canlının əlamətlərini daşısa da, o, balıq və ya sürünən deyil, insan olduğu kimi, insan növü də milyon-milyon illər ərzində inkişafının müxtəlif dövrlərində zahirən başqa canlılara, o cümlədən meymuna bənzəsə də, Allahın İradəsi ilə anlaşılmaz gizli qüvvəyə malik xüsusi növ idi. Bəhai təlimindəki bu müddəa Darvinin insanın təbii seçmə yolu ilə meymundan yaranması nəzəriyyəsindən əsaslı şəkildə fərqlənir.

bottom of page