Katolisizm
Katolisizm (yunan. katolikos, latın. cactholicismus – ümumdünya, ümumi) xristianlığın üç əsas cərəyanından biridir. Katolisizm provaslavlıqla eyni vaxtda, rəsmi dinin iki qola parçalanması nəticəsində yaranmışdır. Parçalanma IX əsrin 60-cı illəri ilə XI əsrin 50-ci illəri arasında baş vermiş, 1054-cü ildə başa çataraq, nəticədə Qərbi Avropada katolisizm adlı məzhəb yaranmışdır. Lakin bu məzhəbin kilsə ehkamlarının və ruhani dəyərlərinin formalaşması daha qədim dövrləri əhatə edir. Burada ilahiyyatçı Avqust Avrelinin (354-430) insanın Allahla daxili ünsiyyəti olması və Allahın irrasional yolla dərk edilməsi haqqında fəlsəfəsinin - avqustinizimin, həmçinin Foma Akvinskinin (1225-1274) ilahi başlanğıcı ən ali reallıq hesab edən dini-fəlsəfi təliminin – tomizmin böyük rolu olmuşdur. XIX əsrdə katolik kilsəsi tomizin möhkəmləndirilməsi və modernləşdirilməsi üçün yollar axtarmağa başlamışdır. XX əsrdə yenidən dirçəldilmiş tomizim (neotomizm) katolisizmin fəlsəfi əsasına çevrilir.
Tarixi məlumat
Katolisizmin tarixində səkkiz əsas tarixi dövrə ayırmaq mümkündür:
Birinci dövr - 1095-ci ildə papa II Urbanın möminləri “Müqəddəs Torpağı” (Fələstini) və “Rəbbin Məzarını” (Yerusəlimi) “kafirlərdən” (müsəlmanlardan) azad etmək məqsədilə səlib yürüşünə başlamaq çağırışı ilə başlamışdır. Birinci yürüş 1096-cı ildə, sonuncu, səkkizinci yürüş isə 1270-ci ildə qurtarmışdır. Şərqə səlib yürüşləri bütövlükdə 175 il davam etmişdir.
İkinci dövr - 1229-cu ildə papa IX Qriqorinin bulla (fərman) imzalaması ilə inkvizisiya təsis edilmişdir. İnkvizisiya 600 il fəaliyyət göstərmişdir. O, Avropada 1808-ci ildə, Amerikada 1826-cı ildə ləğv edilmişdir. İnkvizisiyadan bütövlükdə təqribi hesablamalara görə 500 min insan əziyyət çəkmişdir. Onlardan 35 min nəfəri tonqalda diri-diri yandırılmışdır.
Üçüncü dövr -1484-cü ildə papa VIII İnnokenti ifritələrin təqib edilməsinə sərəncam verir. XV əsrin sonlarından XVII əsrin sonuna kimi Avropa ölkələrində “ifritələrlə mübarizə” tədbirləri nəticəsində 100 min qadın öldürülür.
Dördüncü dövr – 1517-ci ildə papa X Levin dövründə Avropada Reformasiya hərəkatı başlayır. Reformasiya hərəkatı nəticəsində katolisizmdən protestantlıq xüsusi dini istiqamət kimi ayrılır.
Beşinci dövr -1559-cu ildə papa IV Pavelin göstərişi ilə katolisizmin tarixində ilk dəfə olaraq, qadağan olunmuş kitabların siyahısı (indeksi) nəşr olunur. Möminlərə bu kitabları oxumaq qəti qadağan edilir. Bu siyahıya ayrı-ayrı dövrlərdə Kopernik, Bruno, Qaliley, Volter, Didro, Russo, Stendal, Hüqo, Balzak, Frans, Heyne, Tolstoy və digər alim, filosof və yazıçıların əsərləri daxil edilmişdir. Siyahı axırıncı dəfə 1966-cı ildə nəşr olunmuşdur. Siyahının sonrakı nəşrləri VI Pavelin göstərişi ilə dayandırlımışdır.
Altıncı dövr – 1572-ci il avqustun 24-də Varfolomey gecəsi papa XIII Qriqorinin xeyir-duası ilə Parisdə kalvinistlər (huqenotlar) kütləvi şəkildə qətlə yetirilirlər. Kütləvi qırğınlar iki həftə ərzində bütün Fransada tüğyan edir. Ümumilikdə 30 min kalvinist məhv edilir.
Yeddinci dövr – 1870-ci ildə papa IX Piyin dövründə Harribaldinin komandanlığı altında İtaliya ordusu hücumla Roma şəhərini alır, bununla da İtaliyanın birləşdirilməsi başa çatdırılır və Papa dövləti ləğv edilir. Bu hadisədən kədərlənən IX Piy Vatikan sarayına çəkilərək, özünü Vatikan məhbusu elan edir. Dünyəvi hakimiyyəti qaytarılmayınca saraydan çıxmayacağına and içir. Sonrakı üç papa – XIII Lev (1878-1903), X Piy (1903-1914) və XV Benedikt (1914-1922) də saraydan çıxmırlar. Yalnız XV Piy saraydan çıxdıqdan sonra papaların məhbusluq dövrü başa çatır.
Səkkizinci dövr – 1929-cu ildə XI Piylə İtaliya dövlətinin başçısı Mussolina arasında papanın dünyəvi hakimiyyətinin bərpası haqda müqavilə bağlanır. Romanın mərkəzində Papa dövləti üçün yer ayrılır. Bununla da şəhər-dövlət Vatikan yaradılır.
Təşkilatı
Dünyada 900 milyon katolik vardır ki, bunlar da bütün xristianların 48%-ni təşkil edir. Amerikada Latın Amerikası ölkələri (Braziliya, Argentina, Meksika, Peru, Kolumbiya və s.), Avropada İtaliya, İspaniya, İrlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya, Polşa, Fransa, Xorvatiya, Litva, həmçinin Vatikan, Asiyada Filippin katolik ölkələri hesab olunur. ABŞ, Kanada, Almaniya və digər bir sıra ölkələrdə katoliklər əhalinin müəyyən hissəsini təşkil edir.
Katolisizm – dünyada ən iri və ən mərkəzləşdirilmiş xristian məzhəbidir. Katoliklər Roma-katolik kilsəsi adlanan və vahid mərkəzdən idarə olunan təşkilatda (kilsədə) birləşmişlər. Bu mərkəz Vatikanda yerləşsə də, onu ənənəvi olaraq Roma kuriyası adlandırırlar. Vahid kilsə, struktur baxımdan milli katolik kilsələrdən ibarətdir. Milli katolik kilsələr Roma kuriyasına tabedirlər. Vahid kilsənin başında Roma Papası adlanan ruhani lider (mütləq monarx) durur. Papanın tam titulu aşağıdakı kimidir: Romanın yepiskopu, Həzrət İsa Məsihin canişini, həvarilər knyazının (yəni həvari Peterin) varisi, dünya kilsəsinin ali pontifiki, Qərbin patriarxı, İtaliyanın baş ruhanisi, Roma əyalətinin arxiyepiskopu və mitropoliti, şəhər-dövlət Vatikanın monarxı, Allah qullarının qulu. Papa kardinallar toplantısı (konklav) tərəfindən tutduğu vəzifəyə səsvermə (səslərin 2\3-i və əlavə 1 səs) yolu ilə ömürlük seçilir. Roma katolik kilsəsinin tarixi ərzində 283 papa olmuşdur. Birinci Papa İsa Məsihin həvarisi və canişini Peter hesab olunur. Roma papası eyni vaxtda şəhər-dövlət Vatikanın başçısı (monarxı) hesab olunur.
Vatikan dövlətinin konstitusiyasına uyğun olaraq, dövlətin Ali qanunvericilik, İcra və məhkəmə hakimiyyəti Papaya məxsusdur. Vatikan dövləti Roma şəhərinin Mərkəzində yerləşmişdir. Sahəsi 44 hektardır. Onun öz himni, bayrağı, gerbi, hərbiləşdirilmiş qvardiyası, poçtu, teleqrafı və digər atributları, həmçinin dünyanın 100 ölkəsi ilə diplomatik əlaqəsi vardır. O, radio, televiziya, kino, mətbuat kimi kütləvi informasiya vasitələrinə malikdir. Onun dünyanın müxtəlif yerlərində universitetləri, məktəbləri, xəstəxanaları və xeyriyyə müəssisələri vardır. Vatikan dövləti bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmuşdur. Onun YUNESKO, MAQATE və Avropa Şurası və digər qurumlarda nümayəndələri vardır. Bütün bunlar Vatikana yalnız dindarlara deyil, eyni zamanda bütövlükdə cəmiyyətin müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı verir.
Vatikan uniyançılıq (lat.union – ittifaq) hərəkatına, yəni katolik kilsəsi ilə ittifaq (uniya) bağlamış, Roma papasının Ali hakimiyyətinə tabe olan, katolisizmin ehkamlarını qəbul edən, öz ənənəvi ibadət və ayin praktikasını saxlayan bir sıra xristian məzhəblərinə (maronit, erməni, kopt və s.) rəhbərlik edir.
Azərbaycanda Roma katolik kilsəsinin missiyası XIX əsrdən fəaliyyət göstərir. 1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanmışdır. 2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. 2003-cü ilin aprel ayında Roma patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul olunmuşdur.
Teoloji Əsasları
Katolisizm dini təliminin teololi əsaslarını üç qata bölmək mümkündür:
antik xristianlıq;
pravoslav-katolik;
katolik
Yuxarıda qeyd edildiyi kimi, antik xristianlıq dövründə bu dinin doqquz əsas təlimi formalaşmışdır. Bu doqquz təlimdən səkkizi katolisizmə daxil olmuşdur. Bunlar aşağıdakılardır:
• Bibliya haqqında təlim;
• Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında;
• Ruh haqqında təlim;
• Peyğəmbərlər haqqında təlim;
• İsa Məsihin təbiəti haqqında təlim;
• İsa Məsihin birinci zühuru (gəlişi) haqqında təlim;
• İsa Məsihin ikinci zühuru (gəlişi) haqqında təlim;
• Günahların satın alınması haqqında təlim;
Katolisizmə daxil olmayan doqquzuncu təlim – axirət həyatı haqqında təlimdir. Axirət həyatı haqqında katolisizmdə fərqli baxış formalaşmışdır.
Pravoslavlıq bölməsində qeyd edildi ki, Pravoslavlıq-katolisizm qatında beş təlim var ki, onlar həm pravoslavlıqda, həm də katolisizmdə qəbul edilmişdir. Bunlar aşağıdakılardır:
• ruhanilərin vasitəçiliyi haqqında təlim;
• tövbə haqqında təlim;
• xilasolmanın əsas amilləri haqqında təlim;
• dini təlimin mənbələri haqqında təlim;
• sıravi möminlərin Bibliyaya münasibəti haqında təlim;
• müqəddəslərə ehtiram haqqında təlim;
• xaçın müqəddəsləşdirilməsi haqqında təlim.
Sırf katolisizmə məxsus qatların sayı səkkizdir.Bunlar aşağıdakılardır:
• Allah – Müqəddəs Ruhun nəşət etməsi haqda təlim;
• Axirət həyatı haqqında təlim;
• Ruhanilərin nigaha münasibəti haqqında təlim;
• Müqəddəs Rəvayətin tərkibi haqqında təlim;
• Çörək və şərabdadma ayini haqqında təlim;
• Allahanası Məryəmə etiqat haqqında təlim;
• Papanın ali hakimiyyəti haqqında təlim;
• Papanın qüsursuzluğu haqqında təlim.
Allah – Müqəddəs Ruhun nəşət etməsi haqda təlim (xüsusi qat)
Əgər pravoslavlıqda Allah-Müqəddəs Ruhun yalnız Allah-Atadan nəşət etməsi deyilirsə, katoliklər əmindirlər ki, Allah-Müqəddəs Ruh həm Allah-Ata, həm də Allah-Oğuldan nəşət edir.
Axirət Həyatı Haqqında Təlim (Xüsusi Qat)
Katolisizm təliminə görə, axirət həyatında Cənnət və Cəhənnəmdən başqa, Məhşər deyilən yer də vardır. Cəhənnəmə qatı günahkarların ruhu, Cənnətə müqəddəslərin ruhu, Məşhərə isə qalan insanların ruhu düşür. Məhşər Cəhənnəmin bir forması olub, insanlar orada müvəqqəti qalırlar. Məhşərdə qalma vaxtı insanın sağlığında etdiyi günahların sayından və onların ağırlığından asılıdır. Onlar üçün təyin olunmuş vaxt ərzində Məhşərdə qaldıqdan sonra, günahlardan təmizlənmiş ruhlar Cənnətə göndərilir. Ruhların Məhşərdə qalma müddətini həm möminlərin özü (hələ sağ ikən), həm də onların yaxınları qısalda bilərlər. Möminlərin özləri gələcəkdə Məhşərdə qalma müddətlərini indulgensiya (lat.“mərhəmət”) əldə etməklə qısalda bilərlər. İndulgensiya Roma papasının öz dəsti-xətti ilə imzaladığı sənəd olub, orada şəxsin günahlarının bir hissəsindən azad olma hüququ verilir. Elə indulgesiya sənədləri də var ki, o fərdi Məhşər əzabından tamam azad edir. Katolik kilsəsi bu sənədləri satmaq və bağışlamaq hüququna malikdir. Orta əsrlərdə indulgensiyanı həm satır, həm də bağışlayırdılar. Bizim dövrdə indulgensiyanı daha satmır, lakin nadir hallarda bağışlayırlar.Mərhumun qohumları və dostları onun ruhunun Məşhərdə qalma müddətini dualar vasitəsilə qısalda bilərlər. Qohum və əzizləri bundan ötrü həm özləri dualar oxumalı, həm də kilsələrdə təziyyələr sifariş etməlidirlər.
Ruhanilərin Nigaha Münasibəti Haqqında Təlim (xüsusi qat)
Katolik kilsəsində keşişlərin sayı dünya üzrə 400 min nəfərdir. Katolik kilsəsinin təliminə uyğun olaraq, bütün təbəqələrdən olan katolik ruhanilərin nigaha girmək hüquqları yoxdur. Bu qanun “selibat” adlanır (lat. “ismətlilik”). Pravoslavlıqdan fərqli olaraq, katolisizmdə diakonlar ruhani şəxslər hesab olunmurlar. Bununla belə diakonlar da selibat qanununu gözləməlidirlər.Selibat qanunu IV əsrdən tətbiq olunur. 1965-ci ilə kimi o dəyişilməz qalmışdır.Lakin katolik kilsəsinin XXI Ümumdünya məclisində (1961-1965) bəzi evli kişilərin diakon rütbəsinə keçməsinə icazə verilmişdir. Bu yeni qanun yalnız ruhanilərin çatışmadığı ölkələrdə tətbiq olunur.
Müqəddəs Rəvayətin Tərkibi Haqqında Təlim (Xüsusi Qat)
Bu təlimə görə, Müqəddəs Rəvayətin tərkibinə pravoslavlıqda olduğu kimi, ümumdünya kilsə məclislərinin qərarları, “kilsə atalarının” əsərləri və keçmiş ibadət kitabları daxildir. Lakin katolik kilsəsi daha iki qrup sənədləri Müqəddəs Rəvayətə daxil etmişdir:
-
Bütün katolik kilsə məclislərinin qərarları;
-
Roma papasının rəsmi müraciətləri.
Beləliklə, pravoslavlıq kilsəsində Müqəddəs Rəvayət bağlanmış hesab olunursa, katolik kilsəsində Müqəddəs Rəvayət həmişə açıqdır və yeni sənədlərlə daim zənginləşir.
Çörək və Şərabdadma Ayini Haqqında Təlim (Xüsusi Qat)
Pravoslavlıqda olduğu kimi katolisizmdə də, həmin ayin priçaşeniye və ya yevxaristiye adlanır. Təlimin əsas ideyası – çevrilmədir, yəni ayin zamanı çörək Məsihin bədəninə, şərab Məsihin qanına çevrilir. Lakin pravoslavlıqdan fərqli olaraq katolisizmdə priçaşeniye zamanı ruhanilərlə sıravi möminlərin bərabərliyi qəbul olunmur. Bu o deməkdir ki, bu ayini icra edən ruhanilər priçaşeniyanın iki növündən (bədən və qan), sıravi möminlər isə yalnız bir növündən (yalnız Məsihin bədənindən) istifadə edirlər. Pravoslavlıqda kvaslı çörəkdən, katolik təlimində mayasız çörəkdən istifadə olunur. Yaş məsələsinə gəldikdə isə pravoslavlıqdan fərqli olaraq katolisizmdə südəmər uşaqların priçaşeniya ayinində iştirakı qəbul olunmur. İştirak həddi 7 yaşından götürülür.
Allahanası Məryəmə Etiqad Haqqında Təlim (Xüsusi Qat)
Katolisizm üçün Allahanası –Məryəm anaya yüksək etiqad səciyyəvidir. 1854-cü ildə Məryəm ananın günahsız hamiləliyi, 1950-ci ildə isə Allahanasının göyə cismani yüksəlməsi haqqında ehkam qəbul edilmişdir. Bununla əlaqədar 1954-cü ildə, “göylər kraliçası”na həsr olunmuş xüsusi bayram da təsis edilmişdir.
Papanın ali hakimiyyəti haqqında təlim (xüsusi təlim). Katolik təlimi öyrədir ki, papa təkcə katoliklərin deyil, bütün xristianların başçısıdır.
Bu təlimdə papanın üç əsas titulunun olduğu göstərilir:
həvari Peterin canişi;
İsa Məsihin vikarisi;
Allahla insan arasında birinci vasitəçi
İsa Məsih bütün xristianlar üzərində hakimiyyəti həvari Peterə vermişdir. “Vikariy”, “müavin”, “canişin” mənasında işlədilir. Papa, İsa Məsihin vikarisi kimi, bu gün təkcə xristianların başçısı vəzifəsini tutmur, O həmçinin İsa Məsihin fikir və iradəsini insanlara çatdırır. Pravoslavlıqda olduğu kimi, katolisizimdə də ruhanilər Allahla insanlar arasında vasitəçi hesab olunurlar. Bununla belə, pravoslavlıqdan fərqli olaraq, bir nəfərin, yəni Roma papasının Allahla insanlar arasında vasitəçiliyi daha çox qabardılmışdır. Papanın hakimiyyəti kilsə məclislərinin hakimiyyətindən yüksəkdə durur. Ona görə də məclislərin bütün qərarları papa tərəfindən təsdiq edilməlidir.
Papanın qüsursuzluğu haqqında təlim (xüsusi qat). I Vatikan Məclisinin 1870-ci ildə qəbul etdiyi ehkam əsasında Roma papası qüsursuz hesab olunur. Papanın qüsursuzluğunun iki cəhəti vardır:
Papa yalnız iki məsələdə qüsursuz hesab olunur: din və mənəviyyat. Qalan məsələlərdə onun səhvə yol verməsi mümkün hesab olunur;
Papa moizələrində (söhbətlərində) və ya yazılarında qüsursuzdur, davranışında və əməllərində qüsursuz deyildir. Bu o deməkdir ki, Onun dediyi və ya yazdığı sözlər tənqid oluna bilməz, lakin onun ayrı-ayrı hərəkətlərinə irad tutmaq olar.