Lüteranlıq
Tarixi Məlumat
Lüteranlığın yananma tarixi dəqiq məlumdur. Bu, 31 oktyabr 1517 –ci ildə baş vermişdir. Həmin gün AlmaniyanınVittenberq şəhərində katolik kilsəsinin baş keşişi Martin Lüter (1483-1546) katolik kilsəsinə qarşı “95 tezis” adlı sənədi öz kilsəsinin qapısına yapışdırır. Həmin sənəddə Martin Lüter katolik kilsəsini tənqid edərək, kilsə islahatı təşəbbüsü ilə çıxış edir. Həmin tezislərdə Martin Lüter papalığın və katolik ruhaniliyin etiqada və vicdana nəzarət etməkdə Allahla insanlar arasında vasitəçilik hüququna malik olmaları iddialarına qarşı çıxırdı. O, göstərirdi ki, insan öz ruhunu yalnız Allahın bilavasitə ona bəxş etdiyi öz şəxsi etiqadı vasitəsi ilə xilas edə bilər.
Bu Reformasiya Hərəkatının başlanması idi. Martin Lüter və onun tərəfdarları İncil (Yevangeliya) üzərində yeni kilsənin əsasını qoyduqlarını (onun adı öz başlanğıcını buradan götürüb – “Yevangel”) bəyan edirlər. İlkin xristian Kilsəsi prinsiplərini bərpa etmək şüarı altında ruhaniliyin silki imtiyazının ləğv edilməsi, rahibliyin və Roma kuriyasının, yəni baha başa gələn bütün kilsə iyerarxiyalarının aradan qaldırılması tələbləri irəli sürülürdü. Katolik iyerarxiyası ilə birlikdə papanın dekret və məktublarının, dini məclis qərarlarının da (“ Müqəddəs Rəvayətlər”) nüfuzu rədd edilirdi. İlk əvvəl yevangel imanı alman şəhərlərində və ayrı-ayrı knyazlıq torpaqlarında yayılır. 1530-cu ildə Auqsburq şəhərinin reyxstağında Martin Lüterin ən yaxın silahdaşı Filip Melanxton tərəfindən hazırlanmış və Martin Lüter tərəfindən bəyənilmiş yeni məzhəbin dini təlimlərini rəsmən formalaşdıran müddəalardan ibarət sənəd oxunur. Bu sənəd tarixə “Auqsburq məzhəbi” adlı sənəd kimi daxil olmuşdur. Belə bir sənədin ortaya çıxması Lüteranlığın katolisizmdən rəsmən ayrıldığını göstərirdi. Papanın yeni təlimi aradan qaldırmağa yönəlmiş bütün cəhdləri boşa çıxır. 25 sentyabr 1555-ci ildə Auqsburq şəhərində tərəflər arasında razılaşma əldə edilir. Bağlanmış müqavilə əsasında Lüteranlıq izin verilmiş, qanuni din elan edilir. Bu müqaviləyə Avropada dini dözümlülüklə bağlı qəbul olunmuş ilk sənəd kimi də baxmaq mümkündür.
Reformasiya hərəkatının düşmənləri Martin Lüterin tərəfdarlarını “lüteranlar”, hərəkatın tərəfdarları isə özlərini “məsihçilər” və “yevangelistlər” adlandırırdılar. Martin Lüter sağlığında yeni dini istiqamətin öz adı ilə adlandırılmasınının əleyhinə olmuşdur. Yalnız Reformasiya hərəkatının başlanmasından 100 il sonra, XVII əsrdə “lüteranlar” adı lüteranların özləri tərəfindən rəsmən qəbul edilmişdir.
Təşkilatı
Dünyada 75 mln. lüteran və 192 lüteran kilsəsi vardır. 59 kilsə Ümumdünya Lüteran Federasiyasına (ÜLF) daxildir. ÜLF lüteran kilsələrinin beynəlxalq təşkilatıdır. Onun qərargahı Cenevrə şəhərində yerləşmişdir. Lakin bu qurumun qərarları kilsələr üçün tövsiyə xarakteri daşıyır. Lüteranlar altı ölkədə əhalinin böyük əksəriyyətini təşkil edir: İslandiya, Danimarka, Norveç, İsveç, Finlandiya və Estoniya. Rusiyada iki Lüteran kilsəsi fəaliyyət göstərir: Yevangelist – Lüteran kilsə (YLK) və İnqriya Yevangelist-Lüteran kilsəsi (İYLK). İnqriya şimal müharibəsi zamanı (XVIII əsr) Rusiyanın İsveçdən ayırdığı ərazidir. İndi İnqriyaya Sankt-Peterburq və onu əhatə edən ərazilər daxildir. Hazırda YLK öz sıralarında 120 min, İYLK isə 10 min nəfər mömini birləşdirir.
Azərbaycana Lüteranlıq XIX əsrin ortalarında daxil olmağa başlamışdır. Lüteranların ilk nəsli alman mənşəli mühacirlər olmuşdur. Alman məskənlərinin ləğv edilməsi ilə bu məzhəbin tərəfdarlarının sayı azalmışdır. Bakının mərkəzi küçələrinin birində vaxtilə Lüteran kilsəsi ucaldılmışdır ki, bu kilsə hazırda da möminlərin həftədə bir gün 2 saat ərzində xidmətindədir. Müasir Azərbaycanda məzhəbin rəsmi adı “Xilaskar Yevangelik-Lüteran kilsəsi” olub, Bakı və Sumqayıtda kiçik icmalar şəklində təmsil olunmuşlar.
Teoloji Əsasları
Lüteranlığın teoloji əsasları bir neçə tarixi sənədə Martin Lüterin “95 tezis” (1517), “Qısa Katexizis”, “Böyük Katexizis”, “Şmalkalden məqalələri” və Filip Melanxtonun “Auqsburq məzhəbi” sənədinə (1530) əsaslanır. Lüteranlığın teoloji əsaslarını da pravoslavlıq və katolisizmdə olduğu kimi üç qata ayırmaq mümkündür.
Birinci qat antik xristianlıq qatıdır. Bu qata antik xristianların formalaşdırdığı bütün doqquz əsas dini təlim daxildir:
-
Bibliya haqqında təlim;
-
Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında təlim;
-
Peyğəmbərlər haqqında təlim (bu təlim pravoslavlıq və katolisizmdə olduğu kimi müqəddəslərə ehtiramın bir hissəsinə çevrilmişdir);
-
Ruh haqqında təlim;
-
Axirət həyatı haqqında təlim;
-
İsa Məsihin təbiəti haqqında təlim;
-
İsa Məsihin birinci gəlişi haqqında təlim;
-
İsa Məsihin ikinci gəlişi haqqında təlim;
-
Günahların satın alınması haqqında təlim.
Lakin qeyd etmək lazımdır ki, Lüteranlıqda axirət həyatı, ruhun neçənci gün Cənnət və ya Cəhənnəmə düşməsi haqda baxışlar pravoslavlıq və katolisizmdən fərqlənir. Pravoslavlar hesab edir ki, Allah bu qərarı insanın ölümündən 40 gün sonra qəbul edir, katoliklər bu qərarın həmin gün qəbul olunduğunu düşünürlər. Lüteranlıq təliminə görə Allah tərəfindən belə bir qərarın qəbul olunduğu vaxt insanlara məlum deyildir.
İkinci qat – katolik qatdır. Bu qatda yalnız iki dini təlim vardır: birincisi, Müqəddəs Ruhun təkcə Allah-Atadan deyil, Allah -Oğuldan da nəşət etməsi; ikincisi, xaçın müqəddəsləşdirilməsi.
Üçüncü qat – xüsusi Lüteran qatdır. Lüteranlıq dini təlimində xüsusi qata o dini təlimlər daxil edilmişdir ki, onlar nə antik-xristianlıq (V əsr), nə də katolisizmdə yoxdur. Bu təlimlər lüteran din xadimləri, ilk növbədə Martin Lüter tərəfindən işlənmişdir. Lakin Martin Lüterdən başlayaraq, bizim günlərin ruhanilərinə kimi, lüteran din xadimləri lüteranlığa həvarilərin dini təliminə qayıdış kimi baxırlar.
Lüteranlığın xüsusi teoloji qatında 7 əsas dini təlim ayırmaq mümkündür:
-
ümumi ruhanilik haqqında təlim;
-
tək imanla bəraət qazanmaq haqqında təlim;;
-
dini təlimin yeganə mənbəyi haqqında təlim;
-
çörək və şərabdadma ayini haqqında təlim;
-
müqəddəslərə ehtiram haqqında təlim;
-
əlqoyma haqqında təlim.
Bu təlimlərin bəziləri (xüsusən də birinci dördü) sonralar yaranmış xristian məzhəbləri tərəfindən qəbul edilmişdir. Məhz bu məzhəblər protestant məzhəbləri adlandırılmışlar. Lakin həmin dini təlimlər xristianlığın inkişafı prosesində ilk dəfə məhz lüteranlar tərəfindən əsaslandırıldığına görə onlar Lüteranlığın xüsusi teoloji qatına aid edilmişlər.
Xüsusi qatın birinci beş təlimi pravoslavlıq və katolisizimdəki pravoslavlıq-katolik qatın beş təlimi ilə ziddiyyət təşkil edir. Bunları nəzərdən keçirək.
Ümumi Ruhanilik Haqqında Təlim (Xüsusi Qat)
Bu təlim ruhanilərin vasitəçiliyi haqda pravoslavlıq-katolik təlimi ilə ziddiyyət təşkil edir. Pravoslav-katolik təlimində, yuxarıda qeyd edildiyi kimi, əsas ideya ondan ibarətdir ki, ruhanilər və sıravi möminlər Allahla münasibətdə qeyri-bərabər vəziyyətdədirlər: ruhanilər ən yüksək – ruhaniyyət məqamında (yəni Allahla bilavasitə rabitədə), sıravi möminlər isə aşağı – qeyri-ruhaniyyət məqamdadırlar (yəni Allahla bilavasitə deyil, ruhanilərin vasitəçiliyi ilə rabitədədirlər).
Ümumi ruhanilik haqda Lüteran təliminin əsas ideyası odur ki, ruhanilər və sıravi möminlər Allahla bərabər hüquqlu rabitədədirlər, yəni hər ikisi ruhaniyyət məqamdadırlar. Bu səbəbdən, ruhani vəzifənin alınması ilə bağlı ayin lüteranlıqda, pravoslavlıq və katolisizmdə olduğu kimi “ruhanilik” adlanmır. Pravoslavlar və katoliklər hesab edirlər ki, ayin zamanı insan qeyri-ruhani məqamdan ruhani məqama qədəm qoyur. Lakin lüteranların əqidəsinə görə, istənilən mömin vəftizolunma anında ruhani məqama qədəm qoyur. Ona görə həmin ayini onlar “əlqoyma” (yepiskop əlini ruhani təbəqəyə qoşulmaq istəyən şəxsin başına qoyur) adlandırırlar.
Tək İmanla Bəraət Qazanmaq Haqqında Təlim (Xüsusi Qat)
Bu təlim xilasolmanın iki amili haqqında pravoslav-katolik təlimi ilə ziddiyyət təşkil edir. Pravoslav-katolik təlimə görə, Allaha inam və xeyirxah işlər xilasolmanın amilləridir. Bu zaman xeyirxah işlər içərisindən ruhani xeyirxah işlərə daha çox üstünlük verilir. Bunlar aşağıdakılardır: kilsə ibadətlərində, tövbə, priçaseniyada iştirak və s.
Xilasolmanın yeganə amili haqqında lüteran təliminin əsas ideyası ondan ibarətdir ki, insanları yeganə amil – Allaha inam xilas edir. Ona görə də Lüteran kilsə terminologiyasında “xilasolmaya” sinonim kimi “bəraət qazanma” anlayışından istifadə olunur. Xilasolmanın yeganə amil olması ideyası, adətən, belə ifadə olunur: “insan tək imanla bəraət qazanır”. Bu anlayış xeyirxah işlərin görülməsini inkar etmir. Sadəcə, ona Allaha inamın zəruri davamı kimi baxılır, yəni Allaha həqiqi inam varsa, xeyirxah işlər özü-özlüyündə yaranacaqdır. İnsan həyatında xeyirxah işlərin olub – olmaması, onun ruhunda Allaha inamın olub-olmamasını göstərir. İnam özünü təkcə Allaha (məhəbbət, heyrət, qorxu və s.) və fövqəltəbii dünyaya (Cənnət həyatının intizarından doğan sevinc, İblis və murdar ruhlara nifrət) yönəlmiş hisslərdə və ayinlərin səylə icrasında deyil, insanların xeyirxah işlərində də göstərir. Allaha inam dar mənada dərk ediləndə - o, Allaha inamın nəticəsidir, geniş mənada dərk ediləndə isə o Allaha inamın bir hissəsidir.
Dini Təlimin Yeganə Mənbəyi Haqqında Təlim (Xüsusi Qat)
Bu təlim dini təlimin iki mənbəyi haqqında pravoslavlıq-katolik təlimi ilə ziddiyyət təşkil edir. Həm pravoslavlıq, həm də katolisizimdə Bibliya və Müqəddəs Rəvayət xristian dini təliminin mənbəyi kimi götürülür. Lakin Lüteranlıq bu cür yanaşmanı inkar edir. Bu dini təlimə görə, Bibliyadan başqa dini təlimin başqa mənbələri yoxdur və ola da bilməz.
Sıravi Möminlərin Bibliyaya Münasibəti Haqqında Təlim (Xüsusi Qat)
Bu təlim pravoslavlıq və katolisizmdəki eyni təlimlə ziddiyyət təşkil edir. XVI əsrdə Lüteranlıq yarananda həm pravoslavlıq, həm də katolisizmdə hələ də sıravi möminlərə Bibliyanı oxumaq və ona şərh vermək qadağan idi. Lüteranlığın təsiri altında hər iki məzhəb möminlərə Bibliyanı oxumaq icazəsini verməli olur. Lakin oxuduqlarını şərh etmək qadağası indi də qalmaqdadır. Lüteranlıq nəinki sıravi möminlərə Bibliyanı oxumaq icazəsini vermişdir, bunu onlara hətta vacibat etmişdir. Lüteranlıq möminlərə oxuduqları Bibliya mətnlərini şərh etmək hüququnu da vermişdir.
Müqəddəslərə Ehtiram Haqqında Təlim (Xüsusi Qat)
Bu təlim pravoslavlıq və katolisizmdəki eyni təlimlə ziddiyyət təşkil edir. Pravoslavlar və katoliklər hesab edir ki, müqəddəslərə ehtiram onların şərəfinə ucadılmış kilsə və taxtın adının çəkilməsi ilə bitməməlidir. Müqəddəslərə mütləq müraciət olunmalı, onların şəkilləri və ikonaları qarşısında şamlar yandırılmalıdır. Lüteranların əqidəsinə görə, müqəddəslərə ehtiram onların şərəfinə ucaldılmış məbədlərin adının çəkilməsi ilə bitməlidir. Dua və müraciətlər yalnız Allaha yönəlməlidir. İkonalara gəldikdə isə, lüteranlar onları qəbul etmirlər, yəni müqəddəslərin ikonalarını rədd edirlər.
Çörək və Şərabdadma Ayini (Priçaşeniye) Haqqında Təlim (Xüsusi Qat)
Pravoslavlıq və katolisizmdə priçaşeniya ayini bir-birindən fərqlənir. Lüteran təlimi onların hər ikisi ilə ziddiyyət təşkil edir. Lüteranlıq çörək və şərabın İsa Məsihin bədəninə və qanına çevrilməsi ideyasını inkar edir. Bu təlimə görə, çörək və şərabdadma ayinində İsa Məsihin yalnız iştirakından söhbət gedə bilər. Bununla belə, Lüteranlıq pravoslavlığın o təlimi ilə razıdır ki, sıravi möminlər və ruhanilər priçaşeniya məsələsində bərabərdirlər. Eyni zamanda katolisizmin o təlimi ilə razıdırlar ki, priçaşeniyada mayasız çörəkdən istifadə olunmalıdır. Priçaşeniya məshsürtmə ayinindən sonra 13-14 yaşından etibarən həyata keçirilməlidir.
Əlqoyma Ayini Haqqında Təlim (Xüsusi Qat)
Bu təlim XX əsrin ikinci yarısında yaranmışdır. Bu təlimin Lüteranlıqda mahiyyəti ondan ibarətdir ki, əlqoymanı tək kişilər deyil, qadınlar da həyata keçirə bilər. Lakin bu təlimlə bütün Lüteran kilsələri razı deyildir.