top of page

Pravoslavlıq

Tarixi

Roma imperiyası V əsrin əvvəlində iki hissəyə parçalanır.Şərqi Roma (Bizans)  imperiyası mərkəzləşdirilmiş güclü dövlət olduğu halda, Qərbi Roma imperiyası (Roma) sonralar alman tayfaları tərəfindən zəbt olunmuş və kiçik knyazlıqlardan ibarət ərazi idi. Konstantipol imperatoru VI əsrdə Romanı barbarlardan azad edir. Nəticədə Roma Bizans imperatorundan asılılığa düşür. Konstantinopol patriarxı özünü hətta şərq və qərb kilsələrinin başçısı elan edir. Lakin Roma papası kilsəni güclü iqtisadi qüvvəyə çevirməyə və onun siyasi nüfuzu artırmağa nail olur. VII əsrdə Bizans Ərəb xilafətinin hücumlarına məruz qalır. Xilafətin orduları Antioxiya, İsgəndəriyyə, Yerusəlim, Suriyanı, slavyanlar isə Balkan yarımadasını zəbt edirlər. Bu vəziyyət İtaliyanı Bizansın asılılığından azad edir. VIII əsrdə Roma kilsəsi Bizansın təsiri altından çıxır və müstəqil Papa vilayətini yaradır. Bu dövrdən başlayaraq, Papanın hakimiyyəti artmağa başlayır. Bu hadisələr xristianlığın iki məzhəbə - pravoslavlıq və katolisizmə bölünməsinin əsasını qoyur. Bu prosesdə Bizans imperiyasında güclü imperator hakimiyyətinin olması da mühüm rol oynamışdır. İmperator hakimiyyəti xristianlığa dövlət ideologiyası, kilsəyə isə dövlət aparatının tərkib hissəsi kimi baxırdı.

Parçalanma IX əsrin 60-cı illəri ilə XI əsrin 50-ci illəri arasında baş vermişdir. Parçalanma nəticəsində keçmiş Roma imperiyasının şərqində məzhəb yaranır ki, onu yunan dilində “ortodoksiya” (yun. “ortos” - “düz”, düzgün”; “doksos” – nəzər”, “baxış”, təlim”) və ya rus dilində “provoslavlıq” adlandırırlar.

IX əsrdə rəsmi xristian kilsəsi beş patriarxlığa bölünürdü: Roma, Konstantinopol, İsgəndəriyyə, Antioxiya və Yerusəlim. Onların hər birinin başında patriarx dururdu. V əsrin sonlarından etibarən Roma patriarxı özünü “Papa” adlandırırdı. Patriarx kilsə strukturunda ən yüksək vəzifə idi. Ondan yüksəkdə Ümumdünya kilsə məclisi dururdu. Yalnız Ümumdünya kilsə məclisi patriarxı adi kilsə xidmətçisi statusuna sala bilərdi. Məclislər isə çox gec-gec keçirilirdi. Məclislərarası dövrdə patriarxlar üzərində Allahın hakimiyyətindən başqa heç bir hakimiyyət yox idi. Rəsmi kilsənin bu cür idarəetmə sistemi pentarxiya (beş hakimiyyətlilik) adlanırdı.

Ümumdünya kilsə məclislərinin keçirildiyi vaxt və yer haqqında məlumatlar aşağıdakılardır:

  • Birinci: 325-ci il, Nikeya şəhəri;

  • İkinci: 381-ci il, Konstantinopol şəhəri;

  • Üçüncü: 413-cü il, Efes şəhəri;

  • Dördüncü: 451-ci il, Halkidon şəhəri;

  • Beşinci: 553-cü il, Konstantinopol şəhəri;

  • Altıncı: 680-681-ci illər, Konstantinopol şəhəri;

  • Beş-altıncı: 691-692-ci illər, Konstantinopol şəhəri (məclis beşinci və altıncı məclislərin qərarlarına əlavələr etdiyinə görə bu cür qəribə sıra nömrəsi almışdır).

  • Yeddinci: 787-ci il, Nikeya və Konstantinopol şəhərləri. Bu məclis xristianlıq tarixində sonuncu Ümumdünya kilsə məclisi olmuşdur.

 

IX əsrin 60-cı illərində Roma papası I Nikolay və Konstantinopol patriarxı Foti arasında iki məsələ ilə bağlı mübahisə yaranır. Birinci məsələ Müqəddəs Ruhun kimdən nəşət etməsi sualı ilə əlaqədar idi. Roma Papası müqəddəs Ruhun Ata və Oğuldan nəşət etdiyini, patriarx isə yalnız Atadan nəşət etdiyini söyləyirdi. Mübahisə tərəflərin öz fikirlərində qalması ilə bitir.

İkinci məsələ sosial xarakterli idi. IX əsrdə Bolqarıstanın xristianlaşdırılması prosesi gedirdi. Bolqarıstan xristianlarının– Roma papasına, yoxsa Konstantinopol patriarxına tabe olması məsələsi imperatorun köməkliyi ilə sonuncunun xeyrinə həll olunur.

863-cü ildə yerli Roma kilsə məclisi Fotinin patriarx vəzifəsindən uzaqlaşdırılması və anafemaya (yun. “lənət”) məhkum edilməsi qərarını çıxarır. Cavab olaraq Foti 867-ci ildə yerli Konstantinopol kilsə məclisini toplayaraq I Nikolay barəsində oxşar qərar qəbul edir. Bu hadisə kilsənin rəsmi parçalanmasının əsasını qoyur.

Rəsmi parçalanma və hər cür əlaqənin kəsilməsi XI əsrdə baş verir. Bu dəfə mübahisə papa IX Lev və patriarx Mixail arasında qızışır. Əvvəlcə, IX Lev Cənubi İtaliyadakı torpaqların ona verilməsini Bizans imperatorundan tələb edir. İmperator bu tələbi rədd edir. Konstantinopol patriarxı Mixail imperotoru dəstəkləyir. Sonra Roma papası Mixaildən onu bütün xristian dünyasının başçısı kimi tanımağı tələb edir. Cavabında Mixail pentarxiya sisteminin saxlanmasını müdafiə edir. Bu dəfə mübahisə kilsənin rəsmən parçalanması ilə bitir. Belə ki, 16 iyul 1054-cü ildə Mixail və onun tərəfdarları Roma papası IX Lev tərəfindən anafemaya məhkum edilir. Nəticədə Mixail və onun tərəfdarları özlərini pravoslav adlandıraraq, Roma ilə bütün əlaqələri kəsirlər. Lakin bununla kifayətlənməyən Mixail 20 iyul 1054-cü ildə IX Lev üçün anafema hökmünü çıxarır.

Bu hadisədən sonra papa və onun tərəfdarları özlərini katolik adlandırmağa başlayırlar.Hər iki kilsə arasında əlaqə yalnız XX əsrdə bərpa olunur. 1965-ci il dekabrın 7-də papa IV Pavel və Konstantinopol patriarxı Afinaqor – birincisi Romada, ikincisi isə İstanbulda eyni vaxtda 1054-cü il anafemasının qarşılıqlı götürülməsi haqqında bəyanat verirlər.

Bizans imperiyası dağıldıqca, Konstantinopol, İsgəndəriyyə, Antioxiya və Yerusəlim patriarxlarından hər biri müstəqil (abtokefal) yerli pravoslav kilsəsinə başçılıq etməyə başlayır. Nəticədə başqa ölkələrdə də müstəqil pravoslav kilsələri əmələ gəlir. İndiyədək pravoslavlıqda mövcud olan pərakəndəlik bununla izah edilir.

Təşkilatı. Pravoslavların dünyada ümumi sayı 150 milyon ətrafındadır. Onlar Rusiya, Ukrayna, Belarus, Moldovo, Bolqarıstan, Serbiya, Yunanıstan, Rumıniya, Gürcüstan və Kipr əhalisinin böyük əksəriyyətini təşkil edirlər. Pravoslav məzhəbi yerli (regional) dini təşkilatlarla təmsil olunmuşdur. Onları həmçinin pravoslav kilsələri də adlandırırlar. Qeyd edək ki, bəzi kilsələr ölkənin adı ilə, digərləri isə yerləşdikləri şəhərlərin adı ilə adlandırılırlar. Hazırda dünyada 15 avtokefal (müstəqil) kanonik (qanuni) pravoslav kilsəsi fəaliyyət göstərir: Konstantinopol (Türkiyə), İsgəndəriyyə (Misir), Antioxiya (Suriya və Livan), Yerusəlim (İsrail), Rus, Gürcü, Serb, Rumın, Bolqar, Kipr, Ellada (Yunanıstan), Alban, Polşa, Slovakiya və Amerika. Beş pravoslav kanonik kilsə (Sinay, Finlandiya, Yaponiya, Ukrayna və Belorus) muxtar statusa malikdir. Sinay kilsəsi Yerusəlim kilsəsindən, Finlandiya Konstantinopol kilsəsindən, Yapon, Ukrayna, Belarus kilsələri isə Rus kilsəsindən qismən asılıdır.

Rus pravoslav kilsəsinin ilk özəyini dindarların icması – prixod təşkil edir. Prixoda adi dindarlardan ibarət icraiyyə orqanı başçılıq edir. Prixodlar dairələrdə (blaqoçinlərdə), dairələr isə öz növbəsində, ərazi cəhətdən vilayətlərdə, ölkələrə uyğun gələn yeparxiyalarda  birləşdirilmişlər. Yeparxiyalara yepiskoplar, arxiyepiskoplar və ya mitropolitlər başçılıq edirlər. Yeparxiya başçılar patriarxa tabedirlər. Patriarx kilsə məclisi tərəfindən seçilir. Rus pravoslav kilsəsi patriarxlığı nəzdində daimi və müvəqqəti üzvlərdən ibarət “Müqəddəs sinod” vardır.

Hələ xristianlığın parçalanmasından əvvəl işlənib hazırlanmış etiqad simvolunun və ehkamların ümumiliyi baxımından bütün pravoslav kilsələri bir-birilə əlaqəlidir. Kilsə həyatının əsas normaları (ibadətin keçirilməsinin xarakteri və ardıcıllığı, din xadimlərinin xarici görkəmi və s.), həmçinin kultun mühüm ünsürləri (məbədlər, ayinlər, nəğmələrin musiqinin müşayiəti olmadan oxunması və s.) bunların hamısında ümumidir. Pravoslav məbədlərində ibadət milli dildə aparılır. Həmçinin ölü dillər adlanan dillərdən də (məsələn, rus pravoslav kilsəsində slavyan kilsə dilindən) istifadə olunur. Siyasi yönüm, sosial doktrinalar və müasir dövrün əsas faktlarının qiymətləndirilməsi məsələlərinə gəldikdə isə pravoslav kilsələrinin mövqeləri fəaliyyət göstərdikləri sosial şəraitdən asılı olaraq tamamilə müxtəlifdir. Avtokefal pravoslav kilsələri ümumkilsə əhəmiyyətli olan dini məsələlərin həllində razılığa gələrək, əlaqə saxlayırlar.

Azərbaycanda Rus Pravoslav kilsəsinin fəaliyyətə başlaması XIX əsrdə rus əhalisinin bura köç etməsi ilə əlaqədar idi. Gəncə, Şamaxı və Bakıda rus pravoslav kilsələri inşa edilir. 1905-ci ildə Bakı yeparxiyası təşkil olunur. Sonralar Yeparxiya “Bakı və Xəzəryanı” titulunu alır. Yeparxiya 11 prixodu özündə birləşdirirdi. 1998-ci ildən etibarən “Bakı və Xəzəryanı” Yeparxiyasına Azərbaycan Respublikası, Dağıstan və Çeçen Respublikaları ərazisində yerləşmiş prixodlar daxildir. 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

Teoloji əsasları. Pravoslavlığın teoloji əsaslarını üç teoloji qata bölmək mümkündür:

1. Antik xristianlıq qatı. Antik xristianlığa aid edilən bütün doqquz dini təlim pravoslavlıq dini təliminə daxil olmuşdur. Bunlar aşağıdakılardır:

  • Bibliya haqqında təlim;

  • fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında təlim;

  • peyğəmbərlər haqqında təlim (bu təlim müqəddəslərə ehtiram təliminin birhissəsinə çevrilmişdir);

  • ruh haqqında təlim;

  • axirət həyatı haqqında təlim;

  • İsa Məsihin təbiəti haqqında təlim;

  • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • İsa Məsihin ikinci gəlişi haqqında təlim;

  • Günahların satın  alınması haqqında təlim.

 

2. Pravoslav-katolik qat. Bu qata ilkin orta əsrlərdə formalaşmış, həm provaslav, həm də katolisizmin teoloji əsaslarına daxil olmuş dini təlimlər daxildir. Bunlar aşağıdakılardır:

  • ruhanilərin vasitəçiliyi haqqında təlim;

  • tövbə haqqında təlim;

  • xilasolmanın əsas şərtləri haqqında təlim;

  • dini təlimin mənbələri haqqında təlim;

  • sıravi möminlərin Bibliyaya münasibəti haqqında təlim;

  • müqəddəslərə ehtiram göstərilməsi haqqında təlim;

  • xaçın müqəddəsləşdirlməsi haqqında təlim.

 

Ruhanilərin Vasitəçiliyi Haqqında Təlim

Bu təlimin əsas ideyasına görə, ruhani təbəqənin nümayəndələri Allahla sıravi möminlər arasında vasitəçidirlər. Təlimə görə, sıravi möminləri Allaha bağlayan iki əsas proses vardır: dualarla müraciət və Allahdan hidayətin alınması (İlahi gücün hissəciyi). Sıravi insanların dualarının Allaha çatmasından ötrü bu dualar ruhanilərin duaları vasitəsilə  dəstəklənməlidir. Bu dəstəyi almaqdan ötrü sıravi möminlər mütləq kilsələrə getməlidirlər. Duaların cavabında möminlər Allahdan hidayət alırlar. Hidayət hər bir möminə onun xilasından ötrü lazımdır. Lakin Allahın hidayəti yalnız ruhanilərə çatdığından, sıravi möminlər onu ruhanilərin icra etdiyi ayinlər zamanı əldə edə bilərlər.

Tövbə Haqqında Təlim

Katolik və pravoslav kilsələrində həyata keçirilir. Tövbə dindar şəxsin keşiş qarşısında öz günahlarını açıq şəkildə etiraf etməsindən və ya  tövbə etməsindən (yəni günahını boynuna almaq) ibarətdir. Bundan sonra keşiş Allah adından bu günahları ona bağışlayır. Kilsə öyrədir ki, Məsih öz keşişinin vasitəsilə xristiana bağışlanma mükafatı paylayır və buna görə də tövbədən sonra ən cinayətkar adam belə xaç suyuna salındıqdan sonra körpə pak olan kimi günahlarından azad olur. Bu təlimə görə ruhun azad olması üçün (bu da xristian həyatının məqsədini təşkil edir) əxlaqi saflığa nisbətən tövbə daha əhəmiyyətlidir. İncildə deyilir:

“Sizə deyirəm ki, beləcə də göydə, tövbə edən bir günahkar üçün, tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaqdır” (Luka, 15:7).

Xilasolmanın Əsas Şərtləri Haqqında Təlim

Xilas olmadan ötrü, insan bir sıra şərtləri yerinə yetirməlidir. Onlar arasında iki şərt əsas hesab olunur: Allaha şəxsi inamın olması və xeyirxah işlərin görülməsi.

Dini Təlimin Mənbələri Haqqında Təlim

Bu təlimə görə, dini təlimin iki mənbəyi vardır. Birinci mənbə - Bibliya, ikinci mənbə isə - dini sənədlərdir. Bu təlim ruhanilərə dini məsələlərdə təkcə Bibliyaya deyil, başqa sənədlərə də müraciət etmək hüququ verir. Belə bir hüququn olması protestant məzhəbləri tərəfindən inkar edilir.

Sıravi Möminlərin Bibliyaya Müraciəti Haqqında Təlim

Bu təlim çərçivəsində  möminlərdən Bibliyaya ehtiramla yanaşmaq tələb olunur. Sıravi möminlərə həmçinin Bibliyanı oxumaq icazəsi verilir. Lakin Bibliyanı oxumaq icazəsi katolik kilsəsində XVI əsrdə, pravoslavlıqda yalnız XIX əsrin sonlarında verilmişdir. Həmin dövrə kimi bu hüquq ruhanilərin əlində olmuşdur. Bununla belə, sıravi möminlərə Bibliyanı sərbəst şərh etmək icazəsi verilmir. Bibliyanı şərh etmək hüququ yalnız ruhanilərə məxsusdur. Sıravi möminlər isə ruhanilərin onlara öz məqalə, kitab, moizə və şifahi söhbətlərində təklif etdiyi şərhlərdən istifadə edə bilərlər.

Müqəddəslərə Ehtiram Göstərilməsi Haqqında Təlim

Müqəddəslər Allah yolunda xüsusi xidmətləri, xeyirxah işləri və keyfiyyətləri ilə adi möminlərdən fərqlənən şəxslər olmuşlar. Müqəddəslər möminlərin Allah qarşısında şəfaətçiləri – himayədarlarıdır. Cənnətdə onlar Allahın yanındadırlar və Allah ilk növbədə onların xahişlərinə qulaq asır. Ona görə də Allaha bilavasitə müraciətlə (ruhanilərin vasitəçiliyi ilə) yanaşı, Müqəddəslərə də müraciət etmək, onların himayədarlığına ümid bağlamaq vacib hesab olunur.

Müasir pravoslavlıq və katolisizmdə müqəddəslərin sayı artıq 150 mindən çoxdur. Müqəddəslərin bəziləri hər iki məzhəbdə, bəziləri isə yalnız pravoslavlıq və ya yalnız katolisizmdə müqəddəs hesab olunurlar. Çoxsaylı müqəddəslərdən kimə müraciət etmək lazımdır? Bunun cavabı belədir: birincisi, bütün müqəddəslərə eyni vaxtda müraciət etmək olar. Pravoslavlıqda bu adətən, Üçlük bayramından sonrakı birinci bazar günü edilir; ikincisi, xüsusi ehtiram olunan müqəddəslərə  müraciət olunmalıdır. Bunlar Məryəm ana, Vəftizçi Yəhya və başqalarıdır; üçüncüsü, möminlər yaşadıqları ərazinin (regionun) müqəddəslərinə - himayədarlarına müraciət etməlidirlər. Möminlər yerli müqəddəslərə daha tez-tez müraciət etməlidirlər; dördüncüsü, hər bir mömin özünün şəxsi himayədarlarına müraciət etməlidir. Bu himayədar vəftiz zamanı möminə Allah tərəfindən təyin edilir.

 

Bundan əlavə, müqəddəslər arasında elələri də vardır ki, onlara xüsusi hallarda, bu və ya digər xəstəlik zamanı və ya bəlaları (yanğın, quraqlıq, zəlzələ və s.) dəf edən zaman, bu və ya digər sahədə (ticarət, balıqçılıq, əkinçilik və s.) uğur qazanmaqdan ötrü müraciət olunur.

 

Xaçın Müqəddəsləşdirilməsi Haqqında Təlim

Bu təlimə görə, İsa Məsih  insanların günahlarını satın almaqdan ötrü xaç üzərində  əzabla öldürülməsinə razı olmuşdur. Xaç müqəddəs simvol kimi pravoslavlıq, katolisizm və lüteranlıqda  qəbul edilmişdir. Bəzi xristian məzhəbləri, baptistlər, adventistlər, əllincilər, Yahova şahidləri xaçın müqəddəsliyini qəbul etmirlər.

3. Pravoslavlığa məxsus xüsusi qat. Bura yalnız pravoslavlığa məxsus təlimlər daxildir. Bunlar aşağıdakılardır:

  • Müqəddəs Ruhun  nəşət etməsi haqqında təlim;

  • axirət həyatı haqqında təlim;

  • ruhanilərin nigaha münasibəti haqqında təlim;

  • Müqəddəs Rəvayətin tərkibi haqqında təlim;

  • Çörək və şərab dadma haqqında təlim;

 

Allah-Müqəddəs Ruhun Nəşət Etməsi Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimin əsas qayəsi odur ki, Allah-Müqəddəs–Ruh Allahdan nəşət edir. “Nəşət” dedikdə Üçlüyün üçüncü sifətinin birinci sifətdən insan üçün sirli olan asılılığı başa düşülür.Katolisizimdə yuxarıda qeyd edildiyi kimi,  Allah-Müqəddəs Ruhun Allah-Ata və Allah-Oğuldan nəşət etməsi qəbul edilmişdir.

Axirət Həyatı Haqqında Təlim

Pravoslavlıq antik xristianlığın axirət həyatı haqqında təlimini tam şəkildə qəbul etmiş və ona üç ideya əlavə etmişdir. Bu ideyalar pravoslavlıqda xüsusi qat əmələ gətirir:

Birinci əlavə ideya – ruhun əzabları haqqındadır. Pravoslav təlimi öyrədir ki, insanların ölümündən sonra onların ruhu Allahın Taxtına doğru uçan zaman murdar ruhların qoruduğu keşikçi məntəqələrindən keçir. Bu cür məntəqələrin sayı iyirmidən çoxdur. Ruhun səyahəti zamanı murdar ruhlar onlara mənəvi və fiziki əzablar verirlər. Lakin bu əzablar qısa müddətlidir və sonda ruhlar Allahın Taxtına çatırlar.

İkinci əlavə ideya – Allaha üç səcdə haqqındadır. Bədənin ölümündən və Cənnət və ya Cəhənnəmə göndərilməmişdən əvvəl dünyası dəyişmiş insanın ruhu üç dəfə Allahın Taxtına yaxınlaşır. Bu yaxınlaşma pravoslavlıqda səcdə adlandırılmışdır. Çünki o, Allah qarşısında səcdə və günahların etiraf edilməsinin zəruriliyi ilə bağlıdır. Səcdə ölümdən üç, doqquz və qırx gün sonra icra olunur. Birinci və ikinci səcdə arasında Allah möminin ruhunu Cənnətə, ikinci və üçüncü səcdə arasında Cəhənnəmə baxmaqdan ötrü göndərir. Üçüncü səcdə zamanı ruhun üzərində birinci məhkəmə prosesi həyata keçirilir. Bundan sonra həyatdakı əməllərindən asılı olaraq, o Cənnnətə və ya Cəhənnəmə göndərilir. Səcdə günlərində qohumları və yaxınları mərhum üçün xatırlama məclisləri təşkil etməli və orada onun ruhunun rahatlığından ötrü dualar oxumalı və onun xeyirxah işlərini xatırlamalıdırlar.

Üçüncü əlavə ideya – İsanın İkinci zühuru zamanı qatı günahkarların bəzilərinin Cəhənnəm əzabından qurtulub, Cənnətə keçməsinin mümkünlüyüdür. Bundan ötrü iki şərt yerinə yetirilməlidir: birincisi, ölmüş insan pravoslav olmalıdır; ikincisi, ondan ötrü ruhanilər, qohumları və yaxınları dua oxumalıdırlar.

Ruhanilərin Nigaha Münasibəti Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimdən irəli gələrək, ali ruhani təbəqənin nümayəndələri (yepiskoplar, arxiyepiskoplar, mitropolitlər, patriarxlar) rahib olmalıdırlar. Bu zaman hər bir manax nigahsızlıq əhdini  üzərinə götürməlidir. Bu o deməkdir ki, pravoslavlıqda ali ruhani təbəqədən olan din xadimləri ailə həyatı qura bilməzlər. Orta təbəqənin (protoiyerilər və iyerilər)  və aşağı təbəqənin (protodiakonlar və diakonlar) nümayəndələri isə həm ailəli, həm də ailəsiz ola bilərlər. Bu onların öz seçimindən asılıdır. Pravoslavlıqda ruhanilik iki qrupa bölünür: qara ruhanilik və ağ ruhanilik. Qara ruhanilik (rahiblik) özünü bütövlükdə Allaha xidmətə həsr etmək üçün bir növ dünyəvi həyatdan ayrılır. Ağ ruhanilik özünə bu qədər ciddi əhd-peyman götürmür.

 

 

Müqəddəs Rəvayətin Tərkibi Haqqında Təlim

Pravoslavlıq dini təliminə uyğun olaraq, Müqəddəs Rəvayətə üç qrup sənədlər daxildir. Birinci qrup Ümudünya kilsə məclislərinin (IV-VII əsrlər) qərarlarından ibarətdir. Ikinci qrup – “kilsə atalarının” əsərləridir. “Kilsə ataları” dedikdə keçmişdə, II-VII əsrlərdə yaşamış tanınmış din xadimləridir. Üçüncü qrupa qədim ibadət kitabları daxildir. Bura VIII əsrdən sonra yazılmış kitablar aid edilir.

Çörək və şərab dadma haqqında təlim. Bu ayin pravoslavlıqda priçaşeniya adlanır. Ona görə də bu təlimi priçaşeniye haqqında təlim də adlandıra bilərik. Onun başqa adı da var: yevxaristiya (yunanca: şükranlıq). Bir sıra başqa xristian məzhəblərində bu ayin “çörəkbölmə”, “Rəbbin süfrəsi” adlanır. Çörək və şərabdadma təlimində dörd ideya ayırmaq mümkündür. Onlardan biri katolik təliminə uyğun gəlir, qalan üçü isə pravoslavlığa aiddir.

Bu ayində əsas ideya – çevrilmə ideyasıdır. Məhz o katolik təlimi ilə eyniyyət təşkil edir. Ayinin məqsədi – çörəyi Məsihin bədəninə və şərabı Məsihin qanına çevirmək vasitəsilə Allahın hissəsini dadmaqdır. Ayin keşişin xüsusi qurulmuş stolun (o qurbangah adlanır) üstünə çörək və şərab qoyması ilə başlayır. Keşiş çörək və şərabın üstündə dualar oxuyur və ayini hərəkətlər icra edir. Hesab olunur ki, bu dualar və ayini hərəkətlər nəticəsində öz xarici görünüşlərini dəyişmədən çörək Məsihin bədəninə, şərab Məsihin qanına çevrilir. Ayinin sonunda möminlər bu təamları daddıqda, onlar çörək vasitəsilə Məsihin bədənini yeyir, şərab vasitəsilə Məsihin qanını içirlər.

Birinci əlavə ideya – priçaşeniya ayinində ruhanilərlə sıravi möminlərin bərabərliyi ideyasıdır. Hesab olunur ki, Məsihin bədənindən və qanından dadmaqla onlar bərabərləşirlər.

İkinci əlavə ideya – kvaslı çörək ideyasıdır. Belə çörəyi hazırlamaqdan ötrü xəmirə maya qatılmalıdır. 

Üçüncü əlavə ideya – ayində iştirak edənlərin yaşı ideyasıdır. Pravoslavlıqda bu ayində hətta südəmər uşaqların, əgər onlar vəftiz olunubsa, iştirakı mümkün hesab olunur. Lakin 7-8 yaşından etibarən priçaşeniye bütün möminlər üçün vacibat hesab olunur.

bottom of page