
Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!

Tələbəlik illəri,
İran inqilabı və ya “çaşqınlıq vadisi”


İmam Xomeyni 1979-də Şahənşah Məhəmməd Rza Pəhləvi
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin III kursunda oxuyurdum. 19 yaşım var idi. O dövrün əksər gəncləri kimi beynəlxalq vəziyyətlə çox maraqlanırdım. “Pravda”, “Zarubejom”, “Komsolskaya Pravda” qəzetlərinin bir nömrəsini belə buraxmırdım. 1979-cu ilin fevral -mart ayları idi. İranda xalq ayağa qalxıb, şahənşahı taxtdan salmışdı. İranda baş verənləri diqqətlə izləyirdim. Sovet KİV-lərinin məlumatları məni qane etmirdi. Gecələr “Azadlıq”, “Amerikanın səsi” radiostansiyalarına qulaq asırdım.
Düşünürdüm ki, İran xalqı monarxiyanı devirib, imperialistləri ölkədən qovubsa, atacağı növbəti addım sosialist ölkələrinin (yaxşı olardı ki, Sovetlər İttifaqının) modelində dövlət yaratmaqdır. Bir qədər əvvəl Əfqanıstanda da belə olmuşdu. Yoldaş Nur Məhəmməd Tərəqinin rəhbərlik etdiyi Əfqanıstan Kommunist Partiyası çevriliş edib, ölkədə “sovet hakimiyyətini” qurmuşdu, indi də ölkədə sosializm cəmiyyətini yaratmaqla məşğul idi. Başqa cür ola da bilməzdi. Axı dünyada inkişafın bir yolu var – bütün ölkələrin tədricən kapitalizmdən sosializmə keçməsi və sosializm bütün dünyada qələbə çaldıqdan sonra bütün planetdə KOMMUNİZMİN qələbə çalması. Marks da, Lenin də bu haqda yazmışdılar. Amma indi gözlədiyimin əksinə olaraq, İranda deyəsən MOLLA HÖKUMƏTİ qurmaq, ölkəni orta əsrlərin İSLAM ŞƏRİƏTİ əsasında idarə etmək istəyirdilər. Bu əsl cəhalət, tənəzzül, orta əsrlərə qayıdış idi. Nə baş verirdi?...


İran İslam Dövləti İranın Kralı Şahənşah və Fərəh
İran İslam Dövləti
Bu sualın cavabını beynimdə formalaşdırmışdım. Bu məsələdə tarixi materializmi bilməyim mənə kömək etdi: insan cəmiyyətində inkişaf düz xətt üzrə deyil, spiral xətt (yəni qalxma-enmə ilə, amma hər qalxma əvvəlki qalxmadan daha yüksək nöqtəyə çatmaqla) üzrə baş verir. Əvvəllər də belə hallar olub. Avropada Antik mədəniyyəti V əsrdə Orta Əsrlərin “tənəzzül mədəniyyəti” tutmuşdu. Amma bu geriləmə İntibah və sonradan sənayeləşmə dövrünün gəlişinin qarşısını ala bilmədi. Düzdür arada 1000 il itsə də, hər halda ictimai tərəqqi baş verdi.
Zənnimcə, İranda da belə olmalıydı. Mollaların hakimiyyətə gəlməsi, gələcəkdə bu ölkədə sosializmin qələbəsinin qarşısını ala bilməzdi. Düşünürdüm ki, yaxın 10-15 ildə xalq cəhalət yuxusundan ayılıb, mollaları hakimiyyətdən qovacaq və Tudə partiyasının (İran Kommunist Partiyasının) rəhbərliyi altında ölkədə sosializm cəmiyyətini quracaq. İnanırdım ki, planetimizdə sosializmin, sonda isə KOMMUNİZMİN qələbəsi qaçılmazdır, dünyada ictimai proseslər bu istiqamətdə inkişaf edir. Çünki cəmiyyətin obyektiv qanunları bunu tələb edir. Kommunizm ƏDALƏT, QARDAŞLIQ, BƏRABƏRLİK cəmiyyətidir, o sosial tərəqqinin son dayanacağıdır. Bu mütləq həqiqətdir. Heç kim bunu inklar edə bilməz....






Bəşəriyyətin Gələcəyi
Gələcək haqqında təsəvvürlərimdə elmi-fantastik elementlər güclü idi. Çünki elmi-fantastik əsərlərin fanatı idim. İ.V.Yefremovun “Andromeda dumanlığı” əsəri stolüstü kitabım idi. Kitab gələcək Kommunizm cəmiyyətindən bəhs edirdi. Orada hər şey necə də gözəl idi:... Artıq Kommunizm bütün dünyada qələbə çalıb... dövlətlər və sərhədlər mövcud deyil, pul, varlı-kasıb, xəstəliklər, müharibələr yox olub gedib, millətlər və irqlər də yoxdur. İnsanlar Vahid Kommunist millətində və irqində birləşiblər. Kommunizm cəmiyyətinin insanları nəhəng kosmik gəmilərdə (uçan şəhərlərdə) Qalaktikaları bir-birinin ardınca fəth edirlər. Onların yalnız bir problemi var: məkan və zaman. Artıq onu da həll etmək ərəfəsindədirlər...
O zaman mənim sosial baxışlarım, Bəşəriyyətin gələcəyi ilə bağlı dünyagörüşüm belə idi..
Tələbəlik illərində təbiət elmlərini də çox sevirdim. Astronomiya, biologiya, geologiya, paleontologiya, populyar fizikaya dair ədəbiyyatları çox böyük həvəslə oxuyurdum. Coğrafiyanın adını çəkmirəm, çünki o öz ixtisasım idi. Bu həvəs orta məktəbdə məni içinə almışdı və tələbəlik dövründə daha da güclənmişdi. Fəlsəfə, xüsusən də “Tarixi materializm”in, “Elmi ateizm”, “Siyasi iqtisad”, “Etika” və “Estetika” fənlərinin aşiqi idim.
Allaha Yer Yoxdur
Kainat, canlı aləm və insanın yaranması haqqında baxışlarım DİALEKTİK MATERİALİZMƏ və Təkamül Nəzəriyyəsinə - Darvinizmə əsaslanırdı. Burada hər şey tam məntiqə uyğun idi. Hərəkətin, inkişafın, təkamülün arxasında əsas hərəkətverici qüvvə - əksiklərin vəhdəti və mübarizəsi qanunu dururdu. Bu “mühərrik” hər mərhələdə materiyada kəmiyyətin keyfiyyətə keçməsini təmin edir, ibtidaidən aliyə, sadədən mürəkkəb doğru (məsələn, tək hüceyrəli orqanizmdən insana kimi) inkişafı törədirdi. Bu da sonda materiyanı inikas edən (əks etdirən), dərk edən və onu dəyişdirən ŞÜURUN yaranması ilə başa çatıbdır. Şüurun mövcudluğu materiyada yeni hərəkət formasını - sosial hərəkətin yaranmasına zəmin yaradırdı. Bu isə İbtidai icma quruluşundan (formasiyasından) Kommunizm cəmiyyətinə (formasiyasına) doğru təkamül deməkdir. Hər şey məntiqli, gözəl, mükəmməl və ağlabatan idi. Ən əsası isə orada Allaha yer yox idi...
Ateistin Məlumat Kitabı
İranda baş verənlər, bu ölkəyə olan marağımı daha da artırdı. Bu ölkə ilə bağlı ədəbiyyat mənbələrini araşdırmağa başladım. Paralel olaraq İslamı da öyrənmək istəyirdim. 1980-ci ildə A.Massenin “İslam”, “Ateistin məlumat kitabı”, “İslam (qısa məlumat kitabı) ”, sovet tədqiqatçısı M.S.İvanovun “Oçerki istorii İrana” və başqa kitablar əlimə keçdi.
A.Massenin kitabı Azərbaycan dilində, qalanları rus dilində idi. İlk dəfə Bab və babilər hərəkatı haqqında A.Massenin kitabından məlumat aldım. 250-300 səhifəlik kitabda cəmi yarım səhifə ona həsr olunmuşdu. Sonra M.S.İvanovun kitabını oxudum, orada hərəkat haqqında daha ətraflı yazılmışdı. Babın İslamın ehkamlarını sarsıdan cəsarətli ideyaları, xüsusən də Onun yeganə qadın şagirdi Tahirənin 1848-ci ildə çadrasını atması və qadın –kişi bərabərliyini bəyan etməsi məni yaman heyrətləndirdi. Hərəkat mənə çox mütərəqqi göründü. Dini hərəkat olsa da özümdə ona qarşı böyük rəğbət hiss etdim.



Həmin İnsanların Nəvə-nəticələri
Qəribə də olsa, o zaman yüz minlərlə insan Babın arxasınca getmişdi. Hərəkat qan içində boğulmuşdu. İran kimi güclü İslam ənənələri olan ölkədə, özü də XIX əsrin ortalarında, özündən din uydurub, yüz minlərlə insanları necə aldatmaq olardı? Çünki TV-də İranda milyonlarla insanın imam Xomeyninin şəkilləri əllərində “Allah-Əkbər” deyib, yürüş etmələrini, özlərini tankın, topun-tüfəngin qabağına atmalarını göstərən kadrları görmüşdüm. Məgər bu insanların 140 il əvvəl yaşamış ulu babalarını aldatmaq olardımı?
Belə görünürdü ki, İranda babilər hərəkatı zamanı (1844-1852) insanlar inqilab edib, mollalara və rəsmi dini qaydalara qarşı çıxdıqları halda, 140 il sonra həmin insanların nəvə-nəticələri üsyan edib, əksinə mollaları hakimiyyətə gətirirdilər. Paradoks bunda idi ki, İslam inqilabından sonra dini qaydalar daha ağır formada Yaxın Şərqin ən müasir, ən Avropasayağı ölkəsi olan İran cəmiyyətinə daxil olmaqda idi. Nə baş verirdi: insan cəmiyyətinin tənəzzülü? Təbiətdən fərqli olaraq, insan cəmiyyətində təkamülün əks istiqamətdə hərəkəti mümkün idi.
Haşiyə: 2011-ci ildə mən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Yasəmən Qaraqoyunluya Nəbil Zərəndinin babilər hərəkatının tarixindən bəhs edən “Dan Yerinin Şəfəqləri” kitabını hədiyyə etdim. Bir ay sonra Yasəmən xanımı Akademiyanın qarşısında gördüm və ondan soruşdum: “Yasəmən xanım, kitabı oxuduzmu?”... Onun cavabı doğrudan da filosofa yaraşan bir cavab idi: “Babilər hərəkatı o zaman İranda qələbə çalsa idi, dünya indikindən dəfələrlə fərqli və dəfələrlə yaxşı bir dünya olardı... Heyf ki, hərəkat qan içində boğuldu”.....

Allah Olmasa da Onu Uydurmaq Lazımdır
“İslam (qısa məlumat kitabı)” nı 1980-ci ildə oxudum, qəribə də olsa, bu kitab mənim kommunist-ateist dünyagörüşümü möhkəmləndirmək əvəzinə, əksinə sınağa çəkdi, hətta bir balaca silkələdi. Orada ilk dəfə olaraq “Bəhailik” ifadəsinə rast gəldim. Kitabda Bəhai dini “bəşəri birlik”, “dinlərin birliyi”, “dünya dövləti”, “dünya vətəndaşlığı”, “tərki-silah və dünya sülhü” kimi “qosmopolit mürtəce ideyaların daşıyıcısı” kimi göstərilirdi. Deyilirdi ki, “bəhailik – çürüməkdə olan kapitalizm cəmiyyəti şəraitində ölməkdə olan Dini yaşatmaqdan ötrü onu rasional ideyalarla gözəlləşdirmək, müasir cəmiyyətin tələblərinə uyğunlaşdırmaq cəhdindən başqa bir şey deyildir”.
- Axı Bəhailikdəki bu ideyaların nəyi pisdir?” – deyə özümə sual verirdim.. -Məgər bu dinin prinsipləri kommunizmin məqsədləri ilə eyni deyilmi?.. Orta əsrlərin və daha qədim dövrlərin ideologiyaları olan İslam, Xristianlıq, Yəhudilik, Buddizm və s. kimi “xalq üçün tiryək” olan mürtəce dinlərdənsə Bəhailik kimi müasir din daha çox məqsədə uyğundur, onsuz da Allah yoxdur, qoy insanlar normal, ziyansız, təhlükəsiz və ən əsası isə gözəl ideyalarla bəzədilmiş dinə inansınlar. Onsuz da dinlərdən bu tezlikdə canımızı qurtaran deyilik.
Deyəsən, J.Jak Russo demişdi: “Allah olmasa da onu uydurmaq lazımdır, din yoxdursa onu yaratmaq lazımdır”....