top of page
Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!

Hərbi xidmət

“ümidsizlik vadisi”

Böyük İtkilər

1982-ci ildə Bakı Dövlət Universitetini bitirib, sovet ordusunun zabiti qismində Sibir hərbi dairəsində iki illik hərbi xidmətə yollandım. Əsl imtahanlarım, həm həyatı, həm də ideoloji, o zaman başladı. Həyatımda ilk dəfə idi ki, sovet həyatının, dövlətinin və ordusunun həqiqi reallıqları ilə üzləşirdim: dedovşina, əsgərlər arasında milli zəmində qruplaşmalar (ruslar, çeçenlər, orta asiyalılar, pribaltikalılar, azərbaycanlılar, gürcülər və ermənilər), ordu əmlakının talan edilməsi, rüşvətxorluq, əyyaşlıq və s. Əkbər müəllim deyəsən haqlı idi. Sovet quruluşu çökməkdə idi. Gördüklərim kitablarda oxuduqlarım ilə uyğun gəlmirdi. “Andromeda dumanlığının” qoxusu belə yox idi. 

Xidmətimin ikinci ili baş leytinant rütbəsində batolyonda siyasi dərslərin aparılması mənə həvalə olundu. O zaman ilk dəfə hiss etdim ki, öz danışdıqlarıma özüm də inanmıram. Sovet quruluşu və onun şanlı ordusunu tərifləyən hazır yazıları əsgərlərə boğazdan yuxarı oxuyurdum. Həmin dövrdə Əfqanıstanda şiddətli döyüşlər gedirdi. Sovet ordusu böyük itkilər verirdi. Zabit dostlarımızı və praporşikləri təmtaraqla Əfqanıstana yola salır, 1-2 həftə sonra metal tabutlarda meyidlərini qarşılayırdıq. İçimdə hiss edirdim ki, dünyagörüşümlə reallıq arasında böyük ziddiyyət var və o getdikcə uçuruma çevrilməkdədir. Daxili aləmimdə boşluq hiss edirdim. Sanki mənə məlum olmayan, anlaya bilmədiyim hal ilə üzləşmişdim. Bütün ideallarım gözümün qabağında alt-üst olurdu. Sovet quruluşunun perspektivliyə, təkcə ona yox, “müqəddəslər müqəddəsi” Kommunizmin haqq olmasına şübhələr yaranmışdı. 

 

Kökündən Səhv İdeologiya

Uşaq vaxtı Allaha, cinlərə və şeytana inanlara gülürdüm və onları elmsiz, avam və sadəlövh hesab edirdim. İndi özümü, vaxtilə nağıllara inanmış, lakin günlərin bir günü bunların yalan olduğunu aşkar etmiş bir uşaq kimi hiss edirdim. Bəlkə Əkbər müəllimin dediyi kimi bizi doğrudan da “saxta sovet hökuməti” idarə edirdi. Əgər problem Sovetlər İttifaqında və onun Kommunist Partiyasındadırsa, bəs Çin nə üçün sosializmdən uzaqlaşdı və sürətlə kapitalizmin elmentlərini iqtisadiyyatına daxil edirdi. Nə üçün Əfqanıstanda xalq “Kommunist Partiyasına” qarşı üsyan edir və bizim əsgər və zabitləri öldürürlər. 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslavakiyada sovetləşməyə qarşı üsyanlar nə idi? Demək, marksizm-leninizm ideologiyası kökündən səhv idi. 

Ey Allah, Əgər Varsansa...

Hərbi təlimlər çox ağır keçirdi, xüsusən də qışda mənfi 10-15 dərəcə şaxtada gecə təlimləri bəzən dözülməz olurdu. Əsgərləri itaətdə saxlamaq, idarə etmək, texnika və silahlardan istifadəni nəzarətdə saxlamaq çətinliklə başa gəlirdi. Batalyon və polk komandirləri həmin vaxtlarda adətən bütün vaxtı içkili və kobud olurdular, işlər lazımi qaydada getməyəndə əsgərləri və kiçik rütbəli zabitləri nalayiq ana söyüşlərilə yaxşıca bəzəyirdilər. Belə anlarda nənələrim yadıma düşür və özümdən asılı olmayaraq deyirdim: “Ey Allah əgər varsansa, özün mənə kömək ol ki, bütün bunlara dözə bilim”...

bottom of page