© 2016 Azər Cəfərov yazıçı 

Yeddinci Günün Adventistləri

Tarixi Məlumat

Adventizm XIX əsrin  30-40-cı illərində ABŞ –da yaranmışdır. O, baptizmdən  ilk iri  ayrılma hesab olunur. Adventizmin banisi keçmiş baptist keşişi Vilyam Miller (1782-1849) Bibliyanın tədqiqi əsasında 1831-ci ildə belə bir  nəticəyə gəlir ki, İsa Məsihin ikinci zühuru və Dünyanın Sonu tezliklə baş verəcəkdir. O bildirirdi ki, özü ilə bacarmır və səmadan gələn səs ona rahatlıq vermir. O səs deyir: “get və dünyaya çatdır”. 1832-ci ildə o yazmışdır: “ Bu haqda dəlillər hər tərəfdən daxil olur...Budur Xilaskar gəlməkdədir!” Bundan əlavə, o hesab edirdi ki, İsa Məsihin zühuru və Dünyanın Sonu hadisəsi, konkret vaxtda, yəni 21 mart 1843-cü ildə baş verməlidir. Vilyam Miller araşdırmalar nəticəsində gəldiyi nəticəni 1831-ci ilin yayında Nyu-York ştatının Aşağı Xempton şəhərciyində baptistlərin toplantısında bəyan edir. Lakin vaxtın tamam olması və zühurun baş verməməsi Vilyam Millerin ardıcılları arasında narahatçılığa səbəb olur. 

Bundan sonra Vilyam Millerin sədaqətli ardıcıllarından biri Yelena Uayt (1827-1915) möminlərə (dünyanın bütün adventistləri onu gələcəkdən xəbər verən dahi öncəgörən hesab edir) izah edir ki, Vilyam Miller əsas məsələdə haqlıdır, yəni İsa Məsih tezliklə gələcək, lakin o, ikinci dərəcəli məsələdə yanılmışdır, - insanlar Onun ikinci zühurunun vaxtını bilə bilməzlər. Keşiş Ceyms Uaytın həyat yoldaşı olan Yelena Uayt din xadimi deyildi. Lakin bununla belə, XIX əsrin 40-cı illərinin adventistləri Onu özlərinin qeyd-şərtsiz ruhani rəhbəri hesab edirdilər.Yelena Uayt ardıcıllarına Allahdan aldığı görmələr vasitəsilə ruhani həqiqətlər aşkarladığını söyləyir və Öz görmələrini çoxsaylı əsərlərində təsvir edirdi. Onun görmələri adventistlər tərəfindən Bibliyanın həqiqi şərhinə rəhbərlik kimi qəbul edilirdi. Y.Uayt bu ruhani vergi ilə 1844-cü ildən 1915-ci ilə kimi 70 il ərzində xidmət etmiş, Onun vasitəsilə Allahdan 2000-ə qədər görmələr alınmışdır. Y.Uayt 80 kitabın, 200 traktat və kitabçanın, 4600 məqalənin müəllifidir.

1863-cü ildə Betl-Krik şəhərində ABŞ adventistlərinin birinci qurultayı keçirilir. Həmin qurultayda onlar öz məzhəblərinin adını-“Yeddinci günün adventistləri” (YGA) adını, nizamnaməsini, ehkamlarını qəbul edirlər. “Yeddinci günün adventistləri” adı adventistlərin həftənin şənbə adlanan yeddinci gününə xüsusi əhəmiyyət verməsini özündə əks etdirirdi. Qurultay başa çatdıqdan sonra ABŞ adventistləri öz təlimlərini dünya xalqlarına çatdırmaqdan ötrü Avropa, Asiya və Afrika ölkələrinə müəllimlər göndərirlər.

Rusiyada YGA birinci icması Berdebulat (Krım) kəndində 1886-cı il iyulun axırında təşkil olunur. Bu icmanın təşkilatçıları Lui Konradi (ABŞ-dan gəlmiş keşiş) və Qerxard Perk (alman mənşəli Rusiya vətəndaşı) idi. Azərbaycan ərazisində də ilk adventist icması XIX əsrin sonlarında yaranmışdır. Bu icmanın da 1886-cı ildə yaradıldığı güman edilir.

Təşkilatı

Yeddinci günün adventistləri, katoliklər və yahova şahidləri kimi təşkilatı baxımdan dünya miqyasında birləşmişlər. Onların Beynəlxalq təşkilatı “Yeddinci Gün Adventistlərinin Ümumdünya Kilsəsi”, onun mərkəzi isə Yeddinci Gün Adventistlərinin Baş Konfransı adlanır. Güman edilir ki, dünyada 13 milyon nəfərə qədər adventist vardır. Adventist icmaları 206 ölkədə mövcuddur. Adventistlər 4598 ibtidai, 1153 orta məktəbə, 95 kollec və universitetə, həmçinin 3283 radiostansiyaya və 1681 telekanala nəzarət edirlər.

Adventist icmaları keçmiş SSRİ ərazisində 1933-1947 və 1960-1985-ci illər ərzində təşkilatlanmamış şəkildə fəaliyyət göstərmişlər. Buna səbəb sovet hakimiyyətinin qoyduğu qadağalar idi. Yalnız 1985-ci ildə Adventistlərin Tula konfransında ölkə müqyasında məzhəbin Ali qurumu formalaşdırılır. Yeddinci Gün adventistlərinin 1990-cı ildə keçirilən Beynəlxalq qurultayında SSRİ YGA kilsəsinə dünya divizionu statusu verilir. Sovet divizionu o zaman beş uniondan ibarət idi: Rusiya, Baltikyanı, Ukrayna, Moldova və Cənub. SSRİ dağıldıqdan sonra YGA təşkilatında dəyişikliklər baş verdi. Belə ki, 1994-cü ildən Rusiyada iki union təşkil edilib: Qərbi-Rusiya və Şərqi-Rusiya.  Hər iki union Avro-Aziya diviziona daxildir. Bu divizionun tərkibində Ukrayna, Moldovo və həmçinin Belarus və Cənubi Qafqaz (o cümlədən Azərbaycan) missiyaları da vardır. Missiya uniondan onunla fərqlənir ki, onun rəhbərliyi seçilmir, təyin edilir. Güman edilir ki, Rusiyada adventistlərin sayı 60 min nəfər, Azərbaycanda isə təqribən 600 nəfərdir. Respublikamızda yeddinci günün adventistləri Bakı, Gəncə, Naxçıvan məntəqələrində icma və kiçik qruplar şəklində təmsil olunmuşlar.

Teoloji Əsasları

Adventist dini təliminin əsas müddəalarını üç teoloji qata bölmək mümkündür. Birinci teoloji qata – adventistləri başqa xristian məzhəbləri ilə birləşdirən antik xristian qata aşağıdakı təlimlər daxildir:

  • • Bibliya haqqında təlim;

  • • Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında təlim;

  • • Peyğəmbərlər haqqında təlim;

  • • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • • Günahların satın alınması haqqında təlim.

 

Qeyd edək ki, fövqəltəbii varlıqlar haqqında təlimdə, təşəkkül tapmış ənənəyə uyğun olaraq, adventistlər İblisin xidmətçilərini ifadə etməkdən ötrü nadir hallarda “şeytan”, “murdar ruh” anlayışlarından istifadə edirlər, onlar tərəfindən çox vaxt “yıxılmış mələklər”, “İblisin mələkləri” və s. ifadələrdən istifadə olunur. 

Adventislər təlimində ikinci qat protestantlıq qatıdır. Bu qat onları digər protestant məzhəbləri ilə birləşdirir. Bu qata aşağıdakı təlimlər daxildir:

  • • ümumi ruhanilik haqqında təlim;

  • • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • • Bibliyanı oxumaq vəzifəsi və onu şərh etmək hüququ haqqında təlim.

 

Üçüncü qat xüsusi adventist təlimlərindən ibarət qatdır. Bu qata daxil olan təlimlər Vilyam Miller, Yelena Uayt və digər tanınmış adventist din xadimləri tərəfindən işlənmişdir. Bu təlimlərin ümumi sayı yeddidir: 

  • • İsa Məsihin ikinci gəlişi (zühuru) haqqında təlim; 

  • • vəftiz haqqında təlim;

  • • ruh haqqında təlim; 

  • • axirət həyatı haqqında təlim; 

  • • şənbə haqqında təlim; 

  • • sanitar islahatı haqqında təlim;

  • • Rəbbin süfrəsi haqqında təlim;

  • • İctimai xidmət haqqında təlim.

 

İsa Məsihin İkinci Gəlişi (Zühuru) Haqqında Təlim (Xüsusi Qat)

Başqa xristian məzhəblərindən fərqli olaraq, adventizmdə İsa Məsihin ikinci gəlişi və ya zühuru haqqında fərqli baxışlar vardır. Pravoslav, katolik, lüteran və başqa xristian məzhəbləri hesab edir ki, İkinci Zühurun baş verəcəyi zaman bəlli deyil, nəinki Gəlişin baş verəcəyi il, ay gün və ya saat. Onun hətta tezliklə və ya milyon ildən sonra baş verəcəyi insanlar üçün Allahın yanında saxlanılan sirdir. Adventistlər İsa Məsihin gəlişinin baş verəcəyi gün və saatın insanlar üçün qapalı olması fikri ilə razılaşsalar da, onlar əmindirlər ki, insan cəmiyyəti özünün “son günlərini”, yəni “axır-zamanı” yaşamaqdadır. Dünyada baş verən proseslər bəşəriyyətin son günlərinə yaxınlaşmasından xəbər verir. Başqa sözlə, adventistlərin əqidəsincə, İsa Məsihin İkinci Zühuru tezliklə baş verməlidir. Təlimin xüsusiyyətindən irəli gələrək, məzhəbin adının birinci hissəsi yaranmışdır. “Adventus” latınca “Zühur” deməkdir. 

Vəftiz Haqqında Təlim (Xüsusi Qat)

Bu təlim bir çox cəhətlərinə görə baptizm təlimi ilə üst-üstə düşür: 1) iman şüurlu şəkildə qəbul edilməlidir; 2) yalnız mömin şəxs vəftiz oluna bilər; 3) vəftiz suya tam batırılmaqla həyata keçirilir. Lakin baptistlər vəftiz üçün yaş həddini 16 -18 yaşından götürürlərsə, adventistlər yeniyetmələrin (12 yaşından) vəftiz olunmasını mümkün hesab edirlər. Bu xüsusiyyət bu təlimi xüsusi adventist qatı kimi ayırmağa imkan verir. Baptistlərdə olduğu kimi, burada da vəftizi həyata keçirməkdən ötrü təbii su mənbələrindən və ya bundan ötrü xüsusi hovuzlardan istifadə olunur.

Ruh Haqqında Təlim (Xüsusi Qat)

Bu təlim bir çox xristian məzhəblərində ruh haqqında mövcud təlimə alternativdir. Əgər pravoslavlıq, katolisizm, lüteranlıq, baptizm və digər məzhəblərdə ruh bədəndən ayrı sərbəst substansiya hesab olunursa, adventistlər əmindirlər ki, ruh bədəndən asılıdır və bədənsiz mövcud ola bilməz. Əgər başqa məzhəblərdə ruh ölməz hesab olunursa, adventistlər inanırlar ki, bədənlə birgə ruh da ölür. Ruh və bədən Dirilmə Günü bir vaxtda diriləcəklər.

Axirət Həyatı Haqqında Təlim (Xüsusi Qat)

Adventizmdə axirət həyatı haqqında təlim digər xristian məzhəblərinin analoji təlimindən kəskin şəkildə fərqlənir və özünün orjinallığı ilə seçilir. Onu dörd hissəyə bölmək olar: 

  • Təlimin birinci hissəsində söhbət axirət həyatının başlanma vaxtından gedir. Başqa xristian məzhəblərində axirət həyatının Adəm və Həvvanın oğlu Avelin (Habilin) ölümü ilə başladığını düşünürlər. Avel (Habil) ilk bəşər övladıdır ki, ölmüş (qardaşı tərəfindən öldürülmüş) və ruhunu Allaha təslim etmişdir (yəni ruhu bədənindən ayrılmışdır). Adventizm təliminə görə axirət həyatı yalnız İsa Məsihin ikinci zühuru ilə başlayacaqdır.

  • Təlimin ikinci hissəsində söhbət axirət həyatının hissələrindən gedir. Əksər xristianlar (pravoslavlar, lüteranlar, baptistlər, əllincilər və s.) əmindirlər ki, axirət həyatı iki hissəyə bölünür: Cənnət və Cəhənnəm. Katoliklərin əqidəsinə görə bu iki hissə arasında hətta üçüncü hissə, Məhşər (Əraf) deyilən hissə də vardır. Adventistlərə görə axirət həyatında yalnız Cənnət vardır. “Cəhənnəm”ə gəldikdə bu sözün mənası ivrit dilində “şeol” və ya yunanca “qades” , qəbir deməkdir. Lakin bu o demək deyildir ki, Allah hamını Cənnətdə yerləşdirəcəkdir. Əlbəttə, Allah günahkarları cəzalandıracaqdır. Əgər Cəhənnəm yoxdursa, bu cəzalandırma necə baş verəcək? Bu sualın cavabı təlimin dördüncü hissəsindədir.

  • Təlimin üçüncü hissəsində söhbət möminləri gözləyən mükafatdan gedir. İsa Məsihin İkinci zühuru zamanı əvvəlki zamanlarda ölmüş möminlər dirildiləcək, Məsihin yolunu gözləyən dirilər isə ölümdən azad ediləcək. Əvvəlcə bütün möminlər səmaya qaldırılacaq və onlar orada min il ərzində Səma Cənnətində xoşbəxtlik içində olacaqlar. Sonra cənnət xoşbəxtliyi Yerdə - Yer Cənnətində əbədi davam edəcək.

  • Təlimin dördüncü hissəsində İblis, onun mələkləri və islah olunmaz günahkarları gözləyən cəzadan söhbət açılır. Onlar əvvəlcə min il ərzində boş və kimsəsiz Yerdə məhbus ediləcək, sonra isə məhv ediləcəklər. İsa Məsihin ikinci zühuruna kimi ölmüş günahkarlar ayağa qaldırılmayacaqlar, qalan günahkarlar isə zühur anında öləcəklər. Min ildən sonra bütün günahkarlar dirildiləcək və onlara əbədi həyata layiq olmadıqları elan ediləcək. Onlar ikinci dəfə, lakin bu dəfə əbədi olaraq öləcəklər.

Şənbə Haqqında Təlim (Xüsusi Qat)

Adventist təliminə görə şənbə Allahla ünsiyyət günüdür. Həmin gün işləmək Allah qarşısında böyük günah hesab olunur. Bu qat adventist təlimini Yəhudi təliminə yaxınlaşdırır. Başqa xristian məzhəblərində bu qat yoxdur.

Sanitar İslahatı Haqqında Təlim (Xüsusi Qat)

Bu təlimi Yelena Uayt işləmişdir. Bu təlim çərçivəsində adventistlərə fəal fiziki işlə məşğul olmaq, təmiz havada olmaq, tez-tez yuyunmaq, narkotik maddələrdən, tütün və alkoqollu içkilərdən istifadə etməmək tövsiyə olunur, qəhvə, pulcuqsuz balıq və donuz ətindən istifadəyə icazə verilmir. Dindarlardan bir desyatin torpaq sahəsi (və ya gəlirlərinin onda birini kilsənin xeyrinə)  ayırmaq və faydalı əmək fəaliyyəti ilə məşğul olmaq tələb olunur.

Rəbbin Süfrəsi Haqqında Təlim (Xüsusi Qat)

Bu xüsusi ayin olub, bəzi xristian məzhəbləri onu “priçaşeniye”, bəziləri isə “çörəkbölmə” adlandırırlar. Bu ayinin əsas ideyası, yeddinci günün adventistlərində, baptistlərdə olduğu kimi, yada salmadır. Bununla belə adventistlərdə bu ayinin keçirilməsinin özünəməxsus cəhətləri vardır: birincisi, adventistlər şərab yerinə üzüm şirəsindən istifadə edirlər; ikincisi, adventistlərdə çörək və şirədadma mərasimi baptistlərdə olduğu kimi ildə 13 dəfə deyil, 4 dəfə həyata keçirilir; üçüncüsü, adventistlərdə çörək və şirədadma ayinindən əvvəl ayaqlar yuyulur. Bəzən möminlər ehtiram və məhəbbət ifadəsi olaraq bir-birilərinin ayaqlarını yuyurlar.

İctimai Xidmət Haqqında Təlim

Digər xristian məzhəbləri kimi adventistlər də ictimai xidmətə böyük diqqət yetirirlər. Bu özünü iki istiqamətdə göstərir: birincisi, xeyriyyəçilikdə (kimsəsizlərə yardım göstərilməsi, pulsuz yeməkxanaların və xəstəxanaların təşkili və s). Hazırda planet üzrə adventistlərin nəzarəti altında 7 tibbi mərkəz, 700 xəstəxana və klinika fəaliyyət göstərir; ikincisi, dünyanın bir çox ölkələrində adventistlər, kənd təsərrüfatı fermaları, kooperativlər, kənd təsərrüfatı mütəxəssislərini hazırlamaqdan ötrü kurslar təşkil etməklə yaşadıqları ölkələrin ərzaq problemlərinə kömək etməyə çalışırlar.