top of page
Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!

“İman Vadisi”ndə

Ağsaqqal Alim

Ağsaqqal Alim

İslamçılarla nəyisə müzakirə etmək müəyyən çətinliklərlə bağlı idi. Bəziləri yad fikirliliyə qarşı hədsiz dərəcədə dözümsüz idi. Ona görə də mən qatı dindarlarla deyil, islamı öyrənən filosoflarla, tədqiqatçılarla diskusiya aparmağa çalışırdım. 90-cı illərdə dəfələrlə belə söhbətlərdə iştirak etmişəm. Əlbəttə, onlara da “Qiyamət”, “Zamanın sonu”, “ölülərin dirilməsi” və ümumiyyətlə, İslamın bütün ehkamları ilə bağlı şübhələrimi bildirirdim. Bir gün həmsöhbətim ağsaqqal alim (AMEA-nın işçisi idi) mənə dedi:

 

-Bilirsənmi, İslam bir fəlsəfədir, Məhəmməd ə.s. Allahın sonuncu peyğəmbəri, Quran da Allahın sonuncu kitabıdır. Qiyamətin və ölülərin dirilməsinin elmi izahı yoxdur. Bu bir mənalıdır. Biz onu Allahın mütləq həqiqəti kimi qəbul etməliyik. İmanlı ilə imansızın fərqi elə bundadır. İslamın gözəlliyi də elə bundadır.

Mən ona: 

-Mən bəşəriyyət üçün belə bir perspektivlə razı deyiləm, çünki insan cəmiyyəti öz inkişafında məntiqi sonluğuna gəlib çatmayıb, Kainatın hələ çox açılmamış sirləri var, dünya hələ birləşməyib, dünya qlobal problemlər içində əziyyət çəkir.. –yumşaq şəkildə etiraz etmək istədim. – dünya birləşib, bu qlobal problemləri həll etməli, Kainatı fəth etməlidir...

Ağsaqqal alim:  

-Qlobal problemlər – Qiyamətin əlamətləridir. O getdikcə kəskinləşəcək, sonda Qiyamətlə, dünyanın dağılması ilə başa çatacaq. Məad hadisəsi baş verəcək, ruhlarla bədənlər birləşəcək. Adəmdən bəri bütün ölmüş insanlar əllərində əməl kitabları qəbirlərdən qalxacaq, kimi Cənnətə gedəcək, kimisi də Cəhənnəmə vasil olacaq. İslamın digər gözəlliklərindən biri də budur...

 

Alim Dostum Qəti Şəkildə Təkamülü İnkar Edir

Sonra söhbətimiz təkamüldən və insanın yaranmasından getdi. Alim dostum qəti şəkildə təkamülü inkar edir, insanın meymunabənzər varlıqlardan yaranmasını qəti şəkildə rədd edirdi. Onun sözlərinə görə əksinə meymunlar insandan əmələ gəlibdir və Qurani –Kərimdə bir ümmətin itaətsizlik etdiyinə görə Allahın onları meymuna  çevirməsinə dair faktlar var.

Ona dedim ki, o yazıdan xəbərim var.. Lakin o ayəni meymunun insandan əmələ gəlməsini göstərən elmi fakt kimi qəbul edə bilmərik, biz əsl elmin gəldiyi nəticələrə əsaslanmalıyıq.. O əlbəttə mənimlə razı olmadı və əsil elmin Quran olduğunu söylədi və Quran ayələrinin möcüzələrindən danışdı. “İki dənizin birləşməməsi möcücəsindən və fransız alimin bundan təsirlənib, İslamı qəbul etməsindən”, “amerikalı astronavtın Ayda azan eşitməsindən”, “Avropa və Amerika alimlərinin Quranı oxuyub, bütün elmi kəşfləri oradan götürdüklərini” söylədi....

 

İmansızlığın Əlamətləri

Sonra deyəsən mənim sifətimdə “inamsızlığın” əlamətlərini görüb, “Cəhənnəm əzabının” dəhşətlərindən və İslamı qəbul etməyənləri gözləyən dəhşətlərdən danışdı. Axırda dözməyib ona bu sözləri dedim:

-Mən şəxsən Allah olsaydım dünyanı Quranda yazılanlar kimi yaratmazdım. Həyatı təkamül əsasında yaradardım, elə insanı da təkamül vasitəsilə ortaya gətirərdim. Bəşəriyyətin inkişafını yarımçıq qoymazdım, “ölüləri qəbirlərdən qaldırmazdım”. Bəşəriyyəti əbədi edərdim, insanlara birləşməyin yollarını göstərərdim. Onlara elm və texnologiyaların köməyi ilə qlobal problemləri həll etmək və sonsuz Kainatı fəth etmək imkanı verərdim. Hətta bizim günəş sistemi dağılsa belə, insanlara nəhəng kosmik gəmilərdə başqa qalaktikalara uçub, oralarda məskunlaşmaq imkanı yaradardım. Tibbin və sağlamlığın sirlərini açardım, insan ömrünü 2000 il edərdim. Günahkarların milyon illər ərzində qır qazanında bişdiyi “Cəhənnəmi” yaratmazdım. Bu cür cəza metodları Allaha yaraşan bir iş deyil. “Cənnəti” huri-qılmanların “diskotekası” deyil, böyük kitabxanaya çevirərdim. Dünyanı məhəbbət, birlik, mərhəmət və biliklərlə doldurardım. İnsanlara dinindən, irqindən, millətindən asılı olmayaraq, başqalarını sevməyi, ümumiyyətlə təbiəti, kainatı sevməyi öyrədərdim. Ruhani və elmi biliklərin qabağını kəsməzdim. Peyğəmbərlərin daimi gəlişi sistemini yaradardım ki, insanlara bu dünyanı cənnətə çevirməyin yollarını  öyrətsinlər..”

 

Həmin alimlə daha bir-iki dəfə görüşüb söhbət etdik. Kəskin fikir ayrılıqlarımıza baxmayaraq, biz dost kimi ayrıldıq. Hər halda Azərbaycan alimi idi, İran mollası deyildi.

Dini Təlimlərdə Çoxlu Dolaşıq və Məntiqə Sığmaz Ehkamlar Vardır

Müxtəlif dinlərin tədqiqi və İslamçı alim dostumla vaxtaşırı söhbətlərimiz məndə belə bir fikir yaratdı ki, dini təlimlərdə çoxlu dolaşıq və məntiqə sığmaz ehkamlar vardır və mən onları heç cür qəbul edə bilmərəm. Tam əmin idim ki, həmin dolaşıq məsələlər din xadimlərinin bilərəkdən və ya bilmədən Yazılara etdikləri əlavələr idi. Lakin 35 yaşım vardı və artıq Allah, dünya, həyat və insan haqqında düşüncələrimi bu mərhələdə yekunlaşdırmalıydım. Gəldiyim bəzi nəticələr rəsmi dini konsepsiyalara uyğun olmasa da aşağıdakılardan ibarət idi:

Müxtəlif Dini Kitablarından Nəticələr

  1. Allah materiyanın layihəçisi və qurucusudur, hətta məkan, zaman kimi anlayışların yaradıcısı da Odur. Təkamül, hətta dialektikanın qanunları da Allahın yaratdığı mexanizmlərdir;

  2. Allah biosferi və insanı milyon illər ərzində təkamül vasitəsilə indiki formaya salıb. İnsan ruhu Allahın oxşarında və ya bənzərində yaradılıb. Hər bir insan öz ruhunun keyfiyyətlərinə görə sanki Allahın kiçildilmiş modelidir;  

  3. Allahın hər bir insan üçün ayrılıqda və bəşəriyyət üçün bütövlükdə planı vardır. 

  4. Allah Yerə Peyğəmbərlər göndərir, insanlara Öz Böyük Planının müəyyən dövr üçün məqsəd və vəzifələrini açıqlayır. Sivilizasiyanın inkişafı Peyğəmbərlərin gəlişi ilə bağlıdır. Allah Peyğəmbərlər silsiləsi vasitəsi ilə Bəşəriyyəti gələcəyə doğru aparır. Bu sonsuz bir prosesdir. Peyğəmbərlər həmişə gəlib və həmişə də gələcəklər.

  5. Tərəqqinin və insan sivilizasiyasının inkişafının sonu yoxdur. İnsan Qalaktikaların həqiqi sahibi kimi yaradılıbdır.

  6. Növbəti Peyğəmbər mütləq gəlməlidir. Onun təlimi əsasında İnsanlıq birləşməlidir: sərhədlər, dövlətlər yox olmaldır, dünya tərki-silah olmalıdır. Millətlər, dinlər və irqlər birləşməlidir. Dünyada Ədalət, Qardaşlıq və Məhəbbət bərqərar olmalıdır. Mərhəmət Erası gəlməlidir və insan Sivilizasiyası ilə birgə bütün Kainata yayılmalıdır.

Bu mənim 1995-ci ildə gəldiyim son nəticə idi.

bottom of page