Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!
Deizm və ya
“Axtarış Vadisi”nə
daxil oluram
Hegel, Mütləq İdeya, Allah
Orduya Ateist-leninçi kimi getmişdim, oradan 1984-cü ildə DEİST kimi qayıtdım (siyasi baxışlarım hələ dumanlı idi). Tam səmimiyyətlə bildirirəm ki, içimdə Allahın varlığına inamın yaranması mənim Kommunizmə olan inamımın sarsılması ilə bağlı deyildi. Bu mənim son yeddi ildə təbiətşünaslığı daha dərindən öyrənməyimin məntiqi nəticəsi idi.
Təkamülçü materialist dünyagörüşüm yerində idi, lakin onun yanında “Allah” deyilən varlıq da var idi. Allah anlayışı, dinlərin inandığı Allahdan çox, alman filosofu Hegelin “Mütləq İdeya”, “Mütləq Şüur” anlayışına daha çox oxşayırdı. Mənim nəzərimcə, Allah materiyanın canına “hopmuş” fövqəlqüvvə idi. Allah maddi dünyanı sistemə salır və təkamül yolu ilə inkişaf etdirirdi. Kvant zərrəciklərindən tutmuş sonsuz Kainata kimi nizama salınmış materiya öz-özünə yarana bilməzdi.
Həmçinin təkhüceyrəli orqanizmdən, məsələn, amöbdan insana kimi canlıların təkamül yolu ilə inkişafı öz-özünə baş verə bilməzdi. Hətta hüceyrə kimi ən “bəsit” canlı struktur, o qədər nizamlı və mürəkkəb strukturlu idi ki, onun nə vaxtsa kimyəvi elementlərin mexaniki birləşməsi nəticəsində öz-özünə yaranması ehtimalı olduqca az idi, demək olar ki, mümkünsüz idi.
Özümü Peyğəmbər Sayıram
Allah bəlkə də o ilkin substansiya idi ki, maddi dünyanın özəyində oturmuşdu. Təkamülçü idim, lakin artıq dialektik materializmin, yəni “öz-özünə yaranmanın” tərəfdarı deyildim. Kainat, həyat, insan öz-özünə, təkcə əksiklərin vəhdəti və mübarizəsi və ya təbii seçmə yolu ilə əmələ gələ bilməzdi. Əlbəttə kainatda, biosferdə və insan cəmiyyətində qeyri-üzvi, bioloji və sosial hərəkətləri törədən hansısa dialektik mexanizmlər mövcud idi, lakin bu mexanizmlərin arxasında Mütləq Şüur - Allah var idi. Mən Allaha materiyanın ideya müəllifi, memarı, layihəçisi, təkanvericisi kimi baxırdım. Mənim düşüncəmdəki Allah heç bir dinə bağlı deyildi. Elmdə buna DEİZM deyilir. Mən belə düşünürdüm.
Bəs onda Din nə idi? Din - Allahın varlığını intuitiv şəkildə duyan insanın həmin gerçəkliyi ifadəetmə formasıdır. Bəs “Müqəddəs Yazılar”, Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Quran nə idi? Allahın varlığından ilhamlanmış insanların (peyğəmbərlərin) öz şəxsi yazıları idi. Necə ki, şairlər təbiətin gözəlliyindən ilhama gəlib gözəl sözlər uydurduğu kimi, peyğəmbərlər də Allahı duyub, Onun qüdrətindən ilhama gəlib, Onu uyğun sözlərlə vəsf etməyi bacaran şəxslər idi. Şairin təbiətlə fiziki bağlılığı, rabitəsi olmadığı kimi, peyğəmbərlərin də Allahla heç bir əlaqəsi ola bilməzdi. Əgər mən də Allahın ətrafda yaratdıqlarını görüb, duya bilmişəmsə və bundan heyrətlənmişəmsə demək mən də özümü Peyğəmbər saya bilərəm.
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
İmadəddin Nəsimi
Allah Materiyanı Yaradıb
O zaman P.T.Şardenin və V.İ.Vernadskinin noosfer nəzəriyyəsini araşdırırdım. Katolik keşiş Pyer Teyar de Şarden və əsərləri haqqında hərbidə olarkən kitabxanada “Voprosu filisofii” jurnalından oxumuşdum. Onun “Fenomen çeloveka” əsəri ilə 1989-cu ildə, başqa əsərləri ilə 90-cı illərin əvvələrində tanış oldum. Mən də Pyer kimi təkamül nəzəriyyəsini qəbul edirdim, lakin onun arxasında Mütləq Şüurun, Allahın durduğuna inanırdım. Pyer katolizmdən, yəni teizmdə təkamülçülüyə gəlmişdi, mən isə əksinə materializmdən, təkamülçülükdən teizmə doğru hərəkət edirdim (hələ yolda idim). Ona görə də baxışlarımız tam üst-üstə düşməyəcəkdi. Pyerə görə Allah materiyanı yaradıb, onu təkamül yolu ilə inkişaf etdirir, sonda bu proses İsa Məsihin – “Kəsin” (insanda təcəlli olmuş Allahın) varlığında özünün ən yüksək səviyyəsinə çatırdı. Mənim nəzərimcə Allah “Kəs” deyil, sadəcə varlıq dünyasının əsasında oturmuş “Mütləq İdeya” və ya “substansiya” idi.
Ivan Antonovich Yefremov Pyer Teyer de Şarden Nikolai Semenovich Kardashev
Leninizmə və Kommunizmə artıq inanmırdım. Bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərim hələ dumanlı idi. Bu da məni narahat edirdi. Düşüncələrimi, futuroloji baxışlarımı qaydaya salmaq istəyirdim. Ona görə də gecə-gündüz kitabların içindən çıxmırdım. Fantastik əsərlərin böyük həvəskarı olduğuma görə Bəşəriyyətin gələcəyini elmi-texniki tərəqqi ilə əlaqələndirirdim. Lakin mənim düşüncələrimin elmi nəzəriyyələr vasitəsilə təsdiqinə ehtiyac var idi. Fantastların deyil, ciddi alimlərin fikirlərini bilmək istəyirdim. Düşdüyüm vəziyyətdən məni akademik N.S.Kardaşev, daha doğrusu onun “Sivilizasiyaların tipi” nəzəriyyəsi çıxartdı.
Akademik Kardaşev və Dördüncü tip Sivilizasiya
Müəllifin ideyası ondan ibarət idi ki, insan cəmiyyəti Kainatda sonsuz inkişaf perspektivinə malikdir. Müəllif, təbii resurslardan istifadənin səviyyəsinə və enerjinin həcminə görə sivilizasiyanın dörd tipini ayırırdı (o bunu Kainatdakı bütün güman olunan bütün sivilizasiyalara aid edirdi): birinci tip sivilizasiya - yalnız Yer planetinin təbii və enerji resurslarından istifadə edən sivilizasiya, o bizim indiki XX əsr insan cəmiyyətinə daha çox uyğun idi; ikinci tip sivilizasiya - Günəş sisteminin başqa planetlərində və fəzada məskunlaşmaqla onların təbii resurslarından istifadə edirdi (çox güman ki, XXI əsrdə); üçüncü tip sivilizasiya - bizim Qalaktikanın (“Süd yolu”nun) maddi və enerji resurslarından istifadə etmək qüdrətində olan sivilizasiya idi. Bu sivilizasiya “hipotetik xarakter” daşıyırdı, yəni müəllifin sözlərinə görə onun sosial quruluşunu, texnoloji imkanlarını və mənəvi mədəniyyətini insanlığın indiki mövqeyindən görmək mümkün deyildi; dördüncü tip sivilizasiya – bütün Kainatın maddi və enerji resurslarından istifadə edir və o da hipotetik xarakter daşıyırdı. Müəllifin nəzərincə O, Kainatdakı proseslərə müdaxilə etmək qüdrətində (yəni Günəşləri yandırıb – söndürmək, yaşayış üçün əlverişli olan planetlər sistemi yaratmaq, məkan və zamanı idarə etmək və s.) olmalı idi.
Bu çox cəzbedici və gözəl nəzəriyyə idi, çünki burada bəşəriyyətin gələcəyini Kommunizm deyil, ELM müəyyən edirdi. Heç bir siyasi ideologiya deyil, ELM və TEXNOLOGİYALAR insanlığı BƏRABƏRLİK, AZADLIQ və QARDAŞLIQ cəmiyyətinə gətirəcəkdi. Bu bəlkə də Allah dediyimiz həmin Mütləq Şüurun, Mütləq İdeyanın insan cəmiyyəti üçün böyük layihəsi idi. Kardaşov nəzəriyyəsi məndə belə bir fikir yaratdı ki, əgər Allah qüdrətli “Kosmik Sivilizasiyaların” yaradılması mexanizmini törədirsə, o təkcə “substansiya” ola bilməzdi. “Allah” deyilən varlığını mahiyyətində sifətləri, atributları və məziyyətləri olan dərkedilməz “Kəs” durur. Bu artıq TEİZM idi.