top of page
Şübhəsizdir ki, bir gün Həqiqət Parlayacaq
Həqiqət bu gün Günəş kimi Parlayır. Axtarın!!

Teizm və ya

“İman Vadisi”

 

Havada Söz, Mətbuat, Əqidə Azadlığının Qoxusu Gəlirdi

Sovet dövləti dağılırdı. Ortaya “Perestroyka” (Yenidənqurma), “Qlastnost” (Aşkarlıq), “Uskareniya” (Sürətlənmə) kimi sözlər atıb, sistemi birtəhər saxlamaq istəyirdilər, amma alınmadı, dağıldı. Respublikamız müstəqillik əldə etdi. 

Havada söz, mətbuat, əqidə azadlığının qoxusu gəlirdi. Din haqqında açıq danışmağa başlamışdılar. Kitab dükanlarında  hər dinə və məzhəbə məxsus dini kitablar satılırdı və ya ictimai yerlərdə pullu və pulsuz paylanırdı, o vaxt indiki kimi din üzərində dövlətin ciddi nəzarəti yox idi. 

Astroloqlar, ekstrasenslər, falçılar, cinçıxaranlar, şəfavericilər həyatımıza və televiziya ekranlarına daxil olurdular. Cəhalət, xurafatlar və mövhumatlar xərçəng xəstəliyi kimi Azərbaycan cəmiyyətində metastaz verməyə başlamışdı. Eşidirdik ki, hansısa öncəgörənin, falçının qəbuluna düşməkdən ötrü adamlar saatlarla onun evinin qapısında növbələr tuturlar və s. 

 

“Krişna Şüuru” cəmiyyətinin fədailəri, “Yahova şahidləri” və digər dini cəmiyyətlər küçədə adamları saxlayıb, kitablar və ya panfiletlər təklif edirdilər. Divarlarda insanın diqqətini özünə cəlb edən elanlar vururdular, “Ölümdən sonra həyat varmı?” “Ölümsüzlüyə gedən yol”, “Allahla söhbət etmək istəyirsənmi?” və s. Gedib görürdün ki, hansısa xristian məzhəbinin təbliğat xarakterli tədbiridir. Şəhərdə qısa balaq, uzunsaqqalı şəxslər görünməyə başlamışdı. Kimlərsə Türkiyədən gəlib, evlərdə dini qruplar yaradırdılar, kurslar, məktəblər açırdılar. İran mollaları və ya həmin dövlətə xidmət edən bizim mollalar gəncləri tovlayıb, Quma və İranın digər şəhərlərinə dini təhsil almağa göndərirdilər. Evlərdə (deyilənə görə bəzi məscidlərdə) Xomeynin və Xamneyinin şəkilləri asılırdı. Pirlər, ocaqlar, müxtəlif məzhəblərə məxsus məscidlər yağışdan sonra göbələk kimi ildırım sürəti ilə çoxalırdı. Bir sözlə Azərbaycan cəmiyyəti alabəzək cəmiyyətə çevrilməkdə idi. Sovet vaxtı hər şey “boz rəngdə” idi. Bir ideologiya var idi – Kommunist ideologiyası və hər şey də onun ətrafında fırlanırdı. İndi vəziyyət başqa idi. 

Bu informasiya axını içində itib batmaq olardı. Mən bunu özüm üçün demirəm.  Artıq xeyli vaxt idi ki, müxtəlif dinlərin və məzhəblərin teoloji əsaslarını əsaslı şəkildə öyrənirdim. Yarı teist (Allah Kəs kimi varlığına inanan), yarı “dinşünas” idim. Müqəddəs Yazıları - “Bhaqavat-Qita”, “Müqəddəs Kitab” (Bibliya), “Quran”ı diqqətlə oxuyub, müqayisəli şəkildə təhlil edir, fikirlərimi konspektləşdirirdim. Dinləri və Müqəddəs  Yazıları təhlil edən ədəbiyyatlar da kifayət qədər idi. Bəziləri bir-birini inkar etsə də oxumağa dəyərdi. Din haqqında kitab yazmağa hazırlaşırdım, ona görə də əlimə nə keçirdisə oxuyurdum. Allahın varlığı şübhəsiz idi. Bu mənim düşüncəmdə özünə yer eləmişdi. Mənim nəzərimcə, Allah təkcə materiyanın yaradıcısı, hərəkətəgətirəni, “təkanverici substansiyası” deyildi, O həm də insan cəmiyyətini sonu yalnız özünə məlum olan Plan üzrə harasa istiqamətləndirən (mənim nəzərimcə Kardaşovun dördüncü tip sivilizasiyaya doğru aparan) Kəs idi. Bəs Peyğəmbərlər kimdir? Allahın Özü (Krişna, İsa) və ya Onunla canlı danışığa girmiş, Ondan müxtəlif yollarla informasiya, Vəhy almış kəslər (Musa, Məhəmməd, Zərdüşt və s.). Aşkar görünürdü ki, bütün mədəniyyətlərin əsasında din dururdu. Din iqtisadiyyatdan, elm və texnologiyalardan da öncə idi. 

 

Bütün Müqəddəs Yazılar eyni zamanda təsdiq edirdi ki, Allah vaxtaşırı insanlar arasında zühur edib, onlara öz iradəsini çatdırıb. Araşdırmalar göstərirdi ki, insan sivilizasiyaları (Avropa, Yaxın Şərq, Uzaq Şərq, Hindistan və s.) konkret hansısa dindən qaynaqlanırdı, hətta sonradan dindən imtina etsələr də, məsələn, bəzi Avropa ölkələri kimi, Çin və ya Kuba kimi, yenə də dolayısı ilə ona bağlı idilər. Belə çıxırdı ki, mədəniyyətlər, əxlaq, etika, estetika, incəsənət, adi insan davranışları da dinə bağlı idi.  

Pyer de Şarden haqlı imiş, Allah təkcə substansiya deyildi, o həm də “Kəs” idi. Onun həm bütöv insan cəmiyyətləri, həm də hər bir konkret insanla münasibətlər sistemi var idi. Əgər Allah Kəsdirsə, demək onda hansısa sifətlər, məziyyətlər, atributlar olmalı idi. İslam bu məsələni “Allahın adları və sifətləri” altında izahını yaxşı verirdi. Bu sifətləri haradasa göydə axtarmaq lazım deyildi, Xristianların dediyi kimi, onların bəziləri bizim özümüzdə, daxilimizdə idi. İnsan Allahın oxşarında və bənzərində yaradılmış yeganə varlıq idi. Əgər Allah öz sifətlərini və məziyyətlərini insanda cəmləşdiribsə, bunun bir vasitəsi olmalı idi. Bu məni insan ruhunun varlığı anlayışına gətib çıxartdı. Bütün dinlər təsdiq edirdilər ki, bizdə Allahın cövhəri, mənim sözümlə desək, “orqanı” var. Məntiqlə götürsək, əgər Allah əbədi, əzəli və ölməzdirsə, demək, insanın ruhu da, yəni həmin zərrəcik də əbədi və ölməz olmalı idi. Belə bir perspektiv ürəyimcə idi.

 

Əgər Allah bəşəriyyət ilə Peyğəmbərlər vasitəsilə danışıbsa, bu söhbətin əvvəlini tapmaq lazım idi. Əlbəttə, bütün dinlər arasında ən qədim Allah Kəlamı “Krişna Şüuru” cəmiyyətinin əlində olan Veda ədəbiyyatı, o cümlədən “Bhaqavat-Qita” idi. Bunu həm özləri, həm də Hinduizmin köklərini tədqiq edən dinşünas alimlər deyirdilər. Allahın həm “Kəs”, həm də hər varlığın içində olan substansiya kimi təsviri həmin kitabda ətraflı açıqlanıbdır. 

Din xadimləri Allaha Gedən Yolda Maneədir

Mənim nəzərimcə, Müqəddəs Yazıların mətnlərində çoxlu ziddiyyətli məqamlar var idi. İnsan əlavələri və artırılmalar da həmçinin həddən çox idi. Bu mənim gəldiyim qənaət idi. Görən Müqəddəs Yazlardakı Allah Kəlamını insan əlavələrindən necə ayırmaq olardı? Dinlər və onların Peyğəmbərlərinin yazıları arasında da kəskin ziddiyyətlər var idi. Veda təlimi ət yeməyi qadağan edir, inəyi az qala müqəddəslik məqamına qaldırır, Quranı –Kərimin əl-Bəqərə surəsində əksinə qurbanlıq dananın əlmətlərinə (rəngi, yaşı və s.), necə kəsilməsinə dair tövsiyələr verilirdi. İncil İsanın çarmıxa çəkildiyini və öləndən sonra dirilib, Göyə qalxdığını söyləyirdi, Quranı-Kərim isə İsanın ümumiyyətlə çarmıxa çəkilmədiyini, onun yerinə başqasının öldürüldüyünü iddia edirdi. Dinlər arasında bu cür ziddiyyətlər yüzlərlə idi. Hamı da Allahdan olduğunu, hamı da öz Yazılarını həqiqətin ən son instansiyası olduğunu söyləyirdi. Düşünürdüm ki, bütün bəlaların, müharibələrin, münaqişələrin, fanatizm və cəhalətlərin kökü bunda idi. Şübhəsiz ki, bütün təqsirlər din xadimlərində idi. Çünki qədimlərdə Müqəddəs Yazılar və dini təlimlər onların əlində olub. Yazılardakı bu dolaşıqlıqları da onlar törətmişdi. 

 

Qiyamətdə Hər Şey Məhv Olar

Bütün dinlər bir ağızdan deyirdilər ki, Allah bəşəriyyəti “Qiyamətə”, “Zamanın sonuna doğru”, yəni məhvə doğru aparır. Qeyri-müəyyən vaxtda “Günəş qaralacaq”, “Ay işığını verməyəcək”, “ulduzlar yerə töküləcək” və “ölülər yatdıqları qəbirlərdən ayağa qalxacaqlar”. Mən əlbəttə bununla razı deyildim. Çünki hiss edirdim ki, insan cəmiyyəti daha böyük məqsədlərdən ötrü yaradılıb, o Kainat miqyasında hansısa əhəmiyyətli missiyanı yerinə yetirməlidir. Onun gələcəyə doğru sürətli inkişafı beləcə qəfildən qırıla bilməz. Şübhəsiz ki, akademik N.S.Kardaşev, K.E.Siolkovski, V.İ.Vernadski kimi alimlərin nəzəriyyələri düşüncələrimdə özünə möhkəm yer etmişdi....

Bibliya Dərsləri və “Ölülərin Dirilməsi”

Müxtəlif xristian icmalarının tədbirlərində iştirak edirdim. Adi vətəndaşlara bütün xristian təriqətləri bir sifətdə görünsə də, qarşımdakı həmsöhbətim ağzını açan kimi onun pravoslav, lüteran, katolik, babtist, əllinci, adventist və ya yahovaçı olduğunu o dəqiqə müəyyən edirdim. Bu təriqətlər arasındakı fərqləri yaxşı öyrənmişdim. Roma-katolik kilsəsinin kitabxanasına üzv olmuşdum. Vaxtaşırı, onların xidmətindən istifadə edirdim. Bir xristian icmasının Bibliya kurslarına yazılmışdım. Dərslərdə o qədər canfəşanlıq etdim ki, məni artıq xristian hesab edib, icma üzvlərinin siyahısına yazmışdılar. Pastora dedim  ki, etiraz etmirəm, İsanı sevirəm və bütün dediklərini qəbul edirəm, insan ruhunun ölməzliyinə inanıram. Amma İsanın ölüləri diriltməyinə inanmıram, ölü dirilə bilməz. Soruşdu nəyə inanmırsan?: “İsanın ölünü diriltməyinə”, yoxsa “ölünün dirilməyinə”? Axı hamı görüb ki, İsa məqbərəyə girdi və 40 gün əvvəl ölmüş Lazarı oradan sağ-salamat çıxartdı. Quranda da yüzlərlə ayədə ölülərin dirilməsindən söz açılır (pastor savadlı adam idi). Dedim Quranda yazılanlarla tanışam, dediklərinizi təsdiq edirəm. Orada da yazılan bəzi şeyləri, o cümlədən ölülərin dirilməsini qəbul etmirəm. Pastora “Qiyamət”lə və “Zamanının sonu” ilə bağlı fikirlərimi bildirdim...

 

Müasir İnsanların “Nağıllara” və “İbrətəmiz Hekayələrə” Ehtiyacı Yoxdur

İnsafla deyim ki, həm xristianlar, həm də krişnaçılar (onlarla da söhbətlərim çox olub) mədəni, tolerant insanlar idi. Səbirlə iradları dinləyib, nəzakətlə izahat verməyə çalışırdılar. Öz-özümə düşünürdüm ki, Müqəddəs Yazılardakı bu “qorxunc səhnələri” bəlkə də təbii qəbul etmək lazımdır. O dövrün insanlarına nəyisə başa salmaqdan ötrü, görünür Peyğəmbərlər tərəfindən bu cür ibrətamiz qorxunc hekayələrin Müqqəddəs Yazılara daxil edilməsinə ehtiyac var idi. Həm də insanlar “möcüzəyə” inanmağa meyillidirlər. Məgər biz az yaşlı uşaqlara hansısa həyat həqiqətlərini başa salmaq istəyəndə qorxunc nağıllardan və ya əsatirlərdən istifadə etmirikmi? Əgər bu gün Allah bəşəriyyətlə danışmaq istəsə, məncə, daha ənənəvi metodlardan istifadə etməyəcəkdi. Çünki insan cəmiyyəti kifayət qədər kamildir. Bu günki insanlığın “nağıllara” və “ibrətamiz hekayələrə” ehtiyacı yoxdur.

Növbəti Bölmə 

“İman Vadisi”ndə Ağsaqqal Alim

bottom of page